15.04.2014

Kəmaləddin Heydərov özünü Prezident Ailəsi ilə bərabər səviyyədə tutur

Bu günlərdə Azərbaycan mətbuatını izləyərkən maraqlı bir yazı ilə qarşılaşdıq. Saytlardan birində işıq üzü görmüş yazıda Azərbaycanda harınlamış adlandırılan məmur övladlarından bəhs olunurdur. Etiraf edək, əslində müqayisə müəyyən qədər düzgün aparılırdı, həqiqətən də, bu gün cəmiyyətimizdə belə bir problem var - əlində kifayət qədər maliyyə imkanlarını cəmləşdirmiş məmur övladlarının cah-cəlallı həyat tərzi cəmiyyətin digər üzvlərində kifayət qədər haqlı narazılıq doğurur. Lakin məqalədə diqqəti çəkən digər bir məqam onun müqayisə əsasında qurulması idi. Yəni, bir tərəfdən pislər, digər tərəfdən yaxşılar. Bir tərəfdən müsbət obrazlar, digər tərəfdən mənfi şəxslər. Əslində müqayisə aparmaq çox faydalıdır. İki şəxsin arasında müqayisə apararaq, onlardan birində olan nöqsanların qarşılığında digərinin müsbət cəhətlərini təqdim etmək olar. 
Lakin hər bir məsələdə olduğu kimi, burada da bir “əmma” var. Kim kimlə müqayisə olunur?
Bu günlərdə mətbuatda qarşılaşdığımız yazılardan birində Azərbaycanın bugünkü gəncliyinin müqayisə olunduğu, bugünkü gənclərimizə nümunə kimi təqdim olunan bir şəxsin adın ilə qarşılaşdıq – Taleh Heydərov. Əslində çox maraqlı yanaşma və müqayisədir. Orta statistik Azərbaycan vətəndaşının, gəncinin özü bir tərəfə, atasının maaşı bir neçə min manatdan çox olmayan, lakin özünə dəyəri bir neçə yüz milyon dollarla ölçülən “Golfstream” tipli təyyarə almış Taleh Heydərovla müqayisəsi çox gülünc görünür. Görəsən orta statistik Azərbaycan gəncinin, belə deyək, atası müəyyən zəhmət çəkərək yaxşı təhsil almış, hazırda 2000-2500 manat maaş olan bir gəncin Böyük Britaniyada, Londonda Taleh Heydərovun rəhbərlik etdiyi “Avropa-Azərbaycan Cəmiyyəti” kimi bir qurum yaratması, ingiltərəfli parlamentarilərə dəyəri bir neçə yüz min dollarla ölçülən ziyafətlər verməsi – bu nə dərəcədə realdır? Xalqdan mənimsənilmiş vəsaitlər hesabına xaricdə özünə, mənsub olduğu ailəyə PR-menecerlik edən şəxs bu gün kimin üçün nümunə ola bilər? Yaxşı, bəs belə bir müqayisənin aparılması, Taleh Heydərovun adının ölkənin birinci şəxsləri ilə bir sırada çəkilməsi, digərlərinə nümunə göstərilməsi hansı məqsədə, amala xidmət edir? Bu PR-aksiyanın arxasında dayanan şəxslərin fikirləri nədir?
Əlbəttə, bu gün Azərbaycanın tanınmış ictimai xadimi, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın ölkə daxilində və xaricində apardığı fəaliyyət yalnız təqdirəlayiq hal kimi qiymətləndirilə bilər və qiymətləndirilir də. Onun xarici ölkələrdə Azərbaycanın nüfuzunun yüksəldilməsinə yönəlmiş fəaliyyəti, həyata keçirdiyi tədbirlər ölkə ictimaiyyəti tərəfindən daim alqışlanır. Lakin nədənsə, yazının müəllifi birdən birə Leyla Əliyeva ilə birgə Azərbaycan gənclərinə nümunə kimi, adı Britaniya mətbuatında atası Kəmaləddin Heydərovun biznes maraqlarının irəli çəkilməsi üçün Londonda “kürü diplomatiyası” siyasətini həyata keçirən Taleh Heydərovla yanaşı çəkilməsi – bu hansı məntiqə uyğundur?
Bəlkə artıq Kəmaləddin Heydərov və onun ailəsi özünü ölkənin 1-ci ailəsi – Prezident Ailəsi ilə bərabər səviyyədə tutulmağa hazırdır?

Rasim M.    marka.az

Комментариев нет:

Отправить комментарий