06.06.2014

Məhbuslardan İlham Əliyevə məktub: Bizi soyurlar!

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 12 saylı cəzaçəkmə müəssisəsindəki bir qrup məhbus dövlət başçısı İlham Əliyev başda olmaqla bir sıra vəzifəli şəxslərə müraciət ediblər. “Yeni Müsavat”ın məlumatına görə, müraciətin surətini “Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansına göndərən məhbuslar məktubun media vasitəsi ilə ünvanlarına çatdırılmasını xahiş ediblər. Müraciətdə deyilir:

“Biz məhkəmənin hökmü ilə məhkum edilib cəza çəkirik. Şəxsi maraqlarına görə cəzaçəkmə müəssisəsini acıq bazara döndərən rəis Rauf Məmmədov, onun müavini Qacay Aslanov, işgəncələr kralı Babək İsgəndərov cinayətkar şəbəkə yaradıblar. Bunun qarşısı alınmasa ağır nəticələri olacaq.
Bu cinayətkar şəbəkənin yaratdığı korrupsiya, özbaşınalıq, işgəncə, narkotik satışı nəticəsində 2 məhkum dünyasını dəyişib, xəsarətli məhkumlar hələ də işgəncədən əziyyət çəkirlər, imkanlı məhkumlara xüsusi şərait yaradılıb, imkansız məhkumlar alçaldılır”.
Məhbuslar prezidentə ünvanladıqları məktublarında qeyd edirlər ki, narkotik müəssisədə açıq-aşkar satılır: “Belə ki, 6 may 2014-cu il tarixdə məhkum Umudov Cavid Cavidan oğlu yüksək dozada narkotik qəbul etdikdən sonra dünyasını dəyişdi. Məhkumların həftədə 2 dəfə 15 dəqiqə olmaqla doğmaları ilə telefon əlaqəsi yaratması nəzərdə tutulur. Ancaq müəssisə rəhbərliyinin bazar qanunlarına və qiymətlərinə əsasən həftənin bütün günləri, günün bütün saatlarında 1 çağırışa 5 manat ödəməklə istənilən vaxt telefonla danışmaq olar.
Müəssisə rəhbərliyi tək telefondan hər ay 25 min manatdan çox pul qazanır. İdman zalında məşqə görə ayda 20 manat, hamamda çimmək 5 manat, çamaşırxanada paltar yudurtdmaq ayda 30 manatdır. CÇM-də 3 kafe fəaliyyət göstərir ki, yeməyin 1 porsiyası 3 manatdan 7 manata kimidir. 1 çaynik çay üçün 2 manat, filmə baxmaq üçün hər məhkum 1 manat, çarpayının 1-ci yarısında yer almaq üçün 150 manat, karantində məcburi əməyə cəlb edilməmək üçün 200 manat ödəməlisən. Əks halda işləməsən ağır işgəncələrə məruz qalıb karsa salınıb, haqqında tənbeh tədbiri tətbiq ediləcək”.
Məhkumlar məktublarında qeyd ediblər ki, 12 saylı CÇM-nin rəisi Rauf Məmmədov və onun müavini Qaçay Aslanov eyni gündə- 29 dekabr 2013-cu il tarixdə bu vəzifəyə təyin ediliblər: “Həmin vaxta qədər müəssisədə kompüter tədrisi üçün xüsusi otaq ayrılıb. 13 ədəd kompüterdə məhkumlara pulsuz dərs keçirilirdi. Bu cinayətkar cütlüyun təyinatından sonra dərslər ləğv edildi və kompüterdə saatı 5 manat olmaqla oyunlar oynamağa başladılar. Səhər saat 10-dan axşam saat 21-dək 13 ədəd kompüterdə saatı 5 manata oyun oynanılır ki, bu ayda 20-25 min manat edir”.
Onlar müraciətlərində bildiriblər ki, məhkumları tez-tez təxribata çəkib onlardan pul alırlar: “Cinayətkar cütlüyün verdiyi dözülməz işgəncələrin nəticəsində müəssisədə çoxlu sayda yaralı-xəsarətli məhkumlar var. Karsda qan su yerinə axır. Hər ay sac qırxımı keçirilir. Saç saxlamaq üçün 1 aya 10 manat pul ödəməlisən ki, buna görə ən azından 300 məhkum aylıq ödəyir. Müəssisəyə kənardan daxil olan hər bir kəs bunu aydın hiss edə bilər. Başında sacı olan və saçı qırxılmış məhkumları görmək kifayətdir. Mağazada hər şey 5 qat baha satılır.
Məhkumlara verilən qidalar çox yararsız, kalorisiz, keyfiyyətsizdir. Yeməkdən çox pis qoxu gəlir. Məhkumlara ayrılmış ərzaqları mağazada və əldə satırlar. Çürümüş kartof-soğandan, texniki yağdan, vaxtı ötmüş ərzaqlardan hazırlanan yeməyi daimi yeyib sağlam qalmaq mümkünsüzdür. Elə buna görədir ki, müayinədən keçirilən zaman 700-ə yaxın məhkumun ağ ciyərlərində ciddi xəstəliklər aşkar edilib.
Yataqxanalarda sıxlıq, antisanitariya, havasızlıq hökm sürür. Bir korpusda 130 nəfərə yaxın məhkum saxlanılsa da, 3 tualet, 3 su kranı var ki, bu da uzun-uzadı növbələr yaradır, buna görə mübahisələr dava-dalaşlar olur”.
Məhkumlar müraciətlərinin sonunda qeyd edirlər ki, ümumiyyətlə 12 saylı CÇM-də heç bir dövlət qanunları işləmir: “Burda korrupsiya şəbəkəsinin özəl qanunları işləyir. Biz mətbuat vasitəsi ilə prezident İlham Əliyevə, ədliyyə naziri Fikrət Məmmədova, Ombudsmana, milli təhlükəsizlik naziri Eldar Mahmudova, Baş Prokuror Zakir Qaralova, Pentensianar Xidmətinin rəisi Mədət Quliyevə, bütün millət vəkillərinə, İctimai Komitənin üzvlərinə beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəliklərinə, hüquq müdafiəçilərinə müraciətlə xahiş edirik, bizə kömək etsinlər. Həyat və sağlamlığımız çox ciddi təhlükə qarşısındadır”.

Qeyd edək ki, müraciəti Tofiq Baxşıyev, Bayram Abdullayev, Ceyhun Hüseynov, Ramil Abdullayev, Arzu Orucov, Tərlan Əliyev, Mübariz Cabbarov və digər məhkumlar imzalayıblar. /qafqazinfo.az/

Комментариев нет:

Отправить комментарий