16.10.2015

Kommunist Pariyasından qovulmuş Rauf Qurbanov partiyanın adından istifadə edərək deputat seçilmək istəyir

100 SAYLI ŞƏMKİR-DAŞKƏSƏN SEÇKİ DAİRƏSİNDƏ DEPUTATLIĞA NAMİZƏDLƏR ARASINDA RAUF QURBANOV ADLI SAXTA KOMMUNİST PARTİYASININ “SƏDRİ” PEYDA OLUB

Azərbaycan Kommunist Partiyasının saxta möhürünü düzəldib, özünü “sədr” kimi ictimaiyyətə sırıyan Rauf Qurbanov adlı kommunist cildinə girmiş birisi haqqında mətbuatda kifayət qədər məlumatlar yayılmışdır. Kimdir bu adam? Vaxtilə o öz yalançı vədləri, aldadıcı hərəkətləri ilə  yüksək kommunist adına layiq olmadığı halda partiya sıralarına soxula bilmişdi. Partiyanın Proqram və Nizamnaməsini sözdə qəbul edən bu riyakar, əməllərində isə çirkin mövqe tutmuş, uçotda durduğu ilk partiya təşkilatında dedi-qodu ilə məşğul olmuş, hətta üzvlük haqqı verməkdən belə boyun qaçırmışdır. Partiyanın baş xəttini və direktivlərini həyata keçirmək, partiyanın xalqla əlaqələrinin möhkəmlənməsinə və genişlənməsinə kömək etməyə borclu olduğu halda, öz cılız şəxsi maraqları naminə çanfəşanlıq göstərmişdir.
Öz fikrini, münasibətini asanlıqla və tez-tez dəyişən, dondan dona girən bu adam   partiya həyatında daim öz pis, xoşagəlməz əməlləri ilə nümunə olmuşdur. Siyasi həyatda və ictimai işlərin idarə olunmasında “fəallığını” mənsəbpərəstlikdə görmüş, vətəndaşlıq borcunun yerinə yetirilməsi onun üçün önəmli olmamışdır. Guya ki, solçu olan bu kəs burjua ideologiyasının və xüsusi mülkiyyətçilik psixologiyasının təzahürlərinə rəğbətini də gizlətməmişdir.
Partiyanın ideya və təşkilat birliyinin möhkəmlənməsində cüzi əməyi belə olmayan Rauf Qurbanov kommunist əxlaqı normalarına riayət etməmiş, şəxsi mənafeyini ictimai mənafeyindən daim üstün tutmuş, təvazökarlıq və düzlük göstərməmiş, kommunist kimi adamlara həssas və diqqətli yanaşmamış, partiya qarşısında doğruçu və səmimi olmamışdır. Yalançı hay-küyçülük, lovğalıq, gözdən pərdə salmaq, yerliçilik kimi bəd xüsusiyyətləri ilə partiyaya zərər vurmuşdu. Partiya üzvü üçün məcburi olan partiya intizamını öz nalayiq hərəkətləri ilə açıq-aşkar pozmuşdu.
Partiya iclaslarında, bürolarında, plenumlarında, konfranslarında, partiya mətbuatında Rauf Qurbanovun antikommunist naqis əməlləri dəfələrlə ifşa olunmuş, onun ciddi partiya məsuliyyətinə cəlb olunması təklifi səslənmişdir. Sıravi kommunistlərin ona qarşı irəli sürdüyü ittihamlar hər dəfə öz təsdiqini tapmışdır.  
22 sentyabr 2007-ci ildə Azərbaycan Kommunits Partiyası Mərkəzi İcraiyyə Komitəsinin və AKP Nəzarət-Təftiş Komissiyasının birgə birinci plenumunda partiyadaxili pozuculuq işlərinə görə Rauf  Qurbanovun  şəxsi məsələsi qoyularaq müzakirə edilmiş, partiyadaxili qruplaşma yaratdığına, opportunist mövqeyinə və s. partiya üzvünə yaraşmayan hərəkətlərinə görə tutduğu ictimai vəzifələrdən azad olunaraq, partiya sıralarından xaric olunmasına dair qərar verilmişdir.
 Azərbaycan Kommunist Partiyası 2 mart 1994-cü ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində siyasi partiya kimi qeydiyyatdan keçərək, 20 saylı şəhadətnamə almışdır. 1noyabr 2015-ci il tarixə təyin olunan Azərbaycan Respublikasının Milli Məclisinə deputat seçkilərində kommunist sıralarında qovulmuş Rauf Qurbanov Azərbaycan Kommunist  Partiyasının adından istifadə edə bilməz. Azərbaycan Respublikası Milli Məclisinə Seçkilər haqqında “Təlimat, qayda və izahlar”in 1-ci təlimatının 2-ci bölməsinin 2.4 bəndində öz təşəbbüsü ilə namizədliyini irəli sürənlərə aid açıq göstərilib ki, partiya sıralarından xaric olanlar partiyanın adından istifadə edə bilməzlər. Rauf Qurbanov  isə  “sədri” olduğu “Azərbaycan Kommunist Partiyası” qeydiyyatdan keçmədiyi, “partiyanın” saxta möhürdən başqa heç bir sənədi olmadığı halda Azərbaycan Kommunist Partiyasının adından sui-istifadə edir.  
Milli Məclisə deputatlığa namizədliyini vermək hər Azərbaycan vətəndaşının, o cümlədən Rauf Qurbanovun hüququdur. Ancaq nüfuz və etimadını itirib Kommunist Pariyasından biabırcasına qovulduğuna görə onun bu partiyanın adından danışmaq səlahiyyəti yoxdur. Buna baxmayaraq Rauf Qurbanov növbəti dəfə saxtakarlıq edərək təbliğat-təşviqat plakatında özünü Azərbaycan Kommunist Partiyasının namizədi kimi seçicilərə sırıyır. Deputatlığa namizəd kimi bu ciddi prosesdə əgər o, köhnə şakəri kimi indidən  saxtakarlıq, fırıldaq əmələ yol verirsə, sabah təsadüfən deputat seçilsə, öz vəzifələrini icra edərkən vətəndaşların hüquqlarını və azadlıqlarını, Azərbaycan Respublikasının mənafelərini necə qoruyacaq, Azərbaycan Respublikasının Konstitusiyasını və qaydalarını necə rəhbər tutacaq, deputat etikasını necə gözləyəcək? 
Bu vacib sualın cavabı ilk öncə 100 saylı Şəmkir-Daşkəsən seçki dairəsinin seçicilərini düşündürməlidir.
                                                                           
Hacı Hacıyev, Azərbaycan Kommunist Partiyası Mərkəzi İcraiyyə Komitəsinin sədri

Комментариев нет:

Отправить комментарий