27.10.2015

Şiələrin sair imamlardan (ə) nəql etdikləri hədislər

◘İmam Məhəmməd Baqir (ə) buyurub: “Hər kəsdə dörd xüsusiyyət olsa dini kamil, günahları bağışlanmış və ölüm zamanı da Allah ondan razı olar. Biri odur ki, camaatla əhd-peyman bağladığı zaman Allaha xatir ona riayət etsin. İkincisi, dili həmişə doğru söz danışsın. Üçüncüsü, Allah yanında və camaat nəzərində pis hesab olunan işdən çəkinsin. Dördüncüsü, ailəsi və övladlarına qarşı xoş xasiyyət olsun.”

◘İmam Məhəmməd Baqir (ə) buyurub: “Hər kəsdə dörd xüsusiyyət olsa Allah behiştdə ona bir ev əta edər: Yetimə qarşı nəvaziş göstərmək, zəiflərə qarşı mərhəmətli olmaq, ata-ana ilə mehriban davranmaq və qul ilə dostcasına rəftar etmək.

◘İmam Məhəmməd Təqi (ə) buyurub: “İşlərini yerinə yetirməkdə dörd şey insana kömək edər: Sağlam bədən, sərvət, elm və tövfiq.”

◘Həzrət Baqir (ə) uşaqların divar altında qalmış xəzinələri barəsində buyurub: And olsun Allaha! Orada qızıl-gümüş yox idi. Sadəcə olaraq, bir lövhə var idi ki, orada dörd cümlə yazılmışdı:
1. Mənəm Allah! Məndən başqa mə`bud yoxdur və Məhəmməd (s) mənim elçimdir.
2. Əcəba, qəza və qədərə inanan şəxs ruzi tələb etməkdə nəyə görə tələsir?
3. Təəccüblüdür ki, bir kəs dünyanın vəziyyətini görür, lakin axirəti inkar edir.
4. Ölümə yəqini olan şəxs necə fərəhlənir?


◘Dörd namazı istənilən vaxtda qılmaq olar: Qəza namazını, vacibi təvaf namazını, günəş tutulan zaman qılınan namazı və meyyit namazını. (Yə`ni, bunlar müəyyən səbəblərə bağlıdır, nəinki, məhdud saatlara).

◘Allah dörd peyğəmbərdən başqa heç kəsə padşahlıq verməyib: Nuh peyğəmbərdən (ə) sonra gəlmiş Zülqərneyn (ə), Davud (ə), Süleymana (ə) və Yusifə (ə). Zülqərneyn (ə) şərqdən qərbə qədər olan əraziyə padşahlıq edib. Davud (ə) və Süleyman (ə) keçmiş Şam və Fars körfəzinə qədər olan ərazidə padşahlıq etmişlər. Yusif (ə) isə Misirin hakimi olmuşdur.

◘Günəş doğan zaman dörd mələk onunla birlikdə olar. Onlardan biri fəryad edib deyər: “Ey xeyirxahlar, öz işlərinizi sona çatdırın və sevinc içində olun.” Digəri səslənər: “Ey şər insanlar, əl çəkin və tərk edin.” Üçüncüsü deyər: “İlahi, infaq edənlərin savabını ver, simiclik edənləri isə tələf et.” Dördüncü mələk isə günəşin istiliyindən azaldar. Çünki, əgər azaltmasa günəş yeri yandırar.

◘Dörd peyğəmbərdən (ə) dörd söz qalıb: Həzrət Musadan (ə) “Hər kim pis dostdan qırılsa, sanki Tövrata əməl edib”, həzrət Davuddan (ə) “Hər kəs nəfsani istəklərdən uzaq olsa sanki Zəbura əməl edib”, həzrət İsadan (ə) “Hər kəs Allahın qismətinə razı olsa sanki İncilə əməl edib”, həzrət Məhəmməddən (s) isə “Hər kəs dilinə hakim olsa sanki bütün Qur`ana əməl edib.”
ALTINCI FƏSİL
Alim və hikmət sahiblərinin dediklərindən
◘Hamid deyir: “Dörd şeyi dörd yerdə axtardıq tapmadıq, sonradan başqa dörd yerdə tapdıq: Ehtiyacsızlığı sərvətdə axtardıq, qənaətdə tapdıq, izzəti əsil-nəcabətdə axtardıq, təqvada tapdıq, rahatlığı var-dövlətdə axtardıq, az malda tapdıq, ne`məti paltar, yemək və s. istəklərdə axtardıq, bədənin sağlamlığında tapdıq.”

◘Alimlərdən biri deyib: “Dörd şeyi gizli saxlamaq yaxşılıq xəzinələrindəndir: Ehtiyacı, sədəqəni, ağrını və bəlanı” (yə`ni, onlardan şikayət edilməsin, nəinki çarə dalınca gedilməsin.)

◘Başqa birisi də deyib: “Dörd şey bədbəxtlik əlamətidir: Qəlbin bərkliyi, gözün quruluğu, simiclik və uzun-uzadı arzular.”

◘Başqa birisi deyib: “Dörd şey kərəm və böyüklük əlamətidir; bəxşiş, kimsəyə əziyyət etməmək, yaxşılığın əvəzini verməkdən ötrü tələsmək və cəza verməyi tə`xirə salmaq. Dörd şey dörd məqama çatmaq vasitəsidir; əql rəyasətə çatmaq, tədbir siyasətə çatmaq, elm üstünlük qazanmaq və helm isə vüqarlı olmaq vasitəsidir. Dörd kəsi dörd şey vasitəsi ilə tanıyarlar: Yazıçını yazısı vasitəsi ilə, alimi cavabı vasitəsi ilə, hikmət sahibini əməli vasitəsi ilə və hövsələli adamı səbr və dözümü vasitəsi ilə.”

◘Dörd şey xoşbəxtliyə dəlalət edir; elmi sevmək, həlim olmaq, düzgün cavab vermək və işlərində səhvə yol verməmək.”

◘Dörd şey zirəklik əlamətidir; qüssəni udmaq (yə`ni, qəm-qüssə zamanı dözümsüzlük göstərməmək), fürsətdən istifadə, camaatın tərəfdarlığından istifadə etmək və düşmənə qarşı mehriban və nəzakətli olmaq.

◘Dörd şey insanı dörd şeyə çatdırar; səbr arzu olunana, çalışmaq hədəfə, zahidlik təqvaya və qənaət var-dövlətə.

◘Əgər dörd xüsusiyyətə sahib olsan bir çox qəm-qüssə və danlaqları özündən uzaqlaşdırmış olarsan; xoş xasiyyət, qənaət, doğru danışmaq və əmanətdarlıq.

◘Bir arif deyib: “Dörd şeyi dörd şey vasitəsi ilə yuyun; üzü göz yaşı ilə (yə`ni, Allah xofu və günah qorxusundan), dili zikr vasitəsilə, qəlbi Allah qorxusu ilə və günahı da tövbə vasitəsi ilə.”

◘Bir alim deyib: “Elm ağacının meyvəsi dörd şeydir: 1. Allahdan qorxu. Bu alim və Pərvərdigar arasındadır. 2. Mehribanlıq. Bu alimlə camaat arasındadır. 3. Səbr. Bu alimlə özü arasındadır. 4. Zöhd. Bu isə alimlə dünya arasındadır.”

◘Bə`ziləri deyib: “Camaat dörd dəstədir: 1. Bə`ziləri bilir, lakin, bildiyini bilmir. Belələri unutqanlardır, onların yadına salın. 2. Bə`ziləri bilmir və bilir də ki, bilmir. Belələri cahillərdir, onlara tə`lim-tərbiyə verin. 3. Bə`ziləri bilmir və bilmir ki, bilmir (yə`ni, bilmədiyini də bilmir) bunlar nadanlardır, belələrini başlı-başına buraxın. 4. Bə`ziləri də ki, bilir və bildiyini də bilir. Bunların ardınca gedin, bunlar alimlərdir.”

◘Hippokrat deyib: “Bəla dörd şeydədir; ailənin çoxluğunda, malın azlığında, pis qonşuda və xəyanətkar qadında.”

◘Dörd şey ömrü xarab edər; yemək üstündən yemək, acqarına su içmək, hamamda cinsi yaxınlıq və qoca qadınla cinsi yaxınlıq.

◘Bir filosof deyib: “Dörd şey kimi heç nə hədərə getmir; vəfasıza qarşı məhəbbət, qanmayana yaxşılıq, ədəbdən faydası olmayana ədəb öyrətmək, sirr saxlamayana sirr vermək.”

◘Hər kəs dörd şey vasitəsilə dörd şey istəsə, mümkün olmayan şey tələb etmiş olacaq; riya vasitəsi ilə savab, düşmənçilik vasitəsi ilə dostluq, vəfasızlıq vasitəsi ilə vəfa və rahatlıq vasitəsi ilə elm.

◘Fars filosofları deyib: “Dörd şey dörd şeydən doymaz; göz gözəl üzdən, qulaq fəsih sözdən, qəlb nəsihətdən və müsafir sərin mehdən.”

◘Rum filosofları deyib: “Dörd şey dörd şeydən doymaz; göz baxmaqdan, qulaq xəbərdən, yer yağışdan və qadın kişidən.

◘Ərəb filosofları deyib: “Dörd kəs dörd şeydən doymaz; şücaətli kəs müharibədən, səxavətli kəs bəxşiş verməkdən, pəhrizkar şəxs duadan və xeyirxah mədhdən.”

◘Hikmət sahibləri dörd asimani kitabın hər birindən bir cümlə seçiblər. Tövratdan “Hər kəs Allahın verdiklərinə razı olsa dünyada da, axirətdə də rahat olar”, Zəburdan “Camaatdan uzaq gəzən kəs dünyada və axirətdə nicat tapar”, İncildən “Hər kəs istəklərindən əl çəksə hər iki dünyada əziz olar”, Qur`andan isə “Dilini saxlayan hər bir kəs hər iki dünyada salamat olar.” (Əlbəttə, bu məzmunda bir şey Qur`anda yoxdur, yə`qin ki, müxtəlif ayələrdən istifadə edilərək belə nəticəyə gəlmişlər.)

◘Bir filosof deyib: “Dörd kəsdən başqa heç kəslə dostluq etmə: 1. Xeyrinə ümidvar olduğun kəslə. 2. Şərindən amanda olduğun kəslə. 3. Əməlindən bəhrələndiyin kəslə. 4. Duasının bərəkətindən istifadə etdiyin kəslə.”

◘Bir hikmət sahibi deyib: “İslam filosoflarının şüarı dörd şeydir; təqva, həya, şükr və səbr.

◘Loğman öz oğluna deyib: “Oğul! Bil ki, Allah hüzurunda dayandığın zaman səndən dörd şey barəsində soruşacaqlar: 1. Cavanlığını hansı yolda keçirdin. 2. Ömrünü hansı yolda keçirdin. 3. Malını hansı yolla əldə etdin. 4. Malını harada sərf etdin. Bu suallara cavab hazırla.

◘Oğul! Bil ki, mən dörd yüz peyğəmbərlə görüşdüm, onların dediklərindən dörd cümləni seçdim: 1. Namaz halında qəlbini qoru, (yə`ni, hüzuri-qəlblə namaz qıl.) 2. Süfrə başında boğazına nəzarət et (yə`ni, nə yediyinə və nə qədər yediyinə diqqət et.) 3. Camaatın evində gözünə hakim ol. 4. Camaat arasında dilini qoru.

◘Hippokratdan soruşdular: “İnsaniyyət nədir?” Dedi: “Rifah zamanı təvazökarlıq, qüdrət zamanı əfv etmək, kasıbçılıq vaxtı səxavətli olmaq və minnətsiz bəxşiş.”

◘Əbu Əli Səqəfi deyib: “Ağıllı insan gərək dörd şeyə mütləq riayət etsin; əmanət, doğrudanışmaq, ləyaqətli dost, öz daxili aləminə.”

◘Bir alimdən soruşdular: “Giriftarçılıq anında nə edirsən?” Dedi: “Dörd şeyə e`timad edirəm, çətinlik asanlaşır. Öz-özümə deyirəm Allahın qəza və qədərinə çarə yoxdur, səbr etməyib nə edəcəyəm, bundan da pis hal mövcuddur və olsun ki, fərəc yaxındır.”

◘Bə`ziləri deyib: “İnsan dörd şeyi öz nəzərində bərabər bilməyincə kamil olmaz; vermək və verməmək (yə`ni, ona bir şey versələr də, verməsələr də onun üçün fərqi olmasın), izzət və zillət.”

◘Bilal ibn Səid deyib: “Ey Allahın bəndələri! Sizin günahkar olmağınıza baxmayaraq Allah dörd mərhəməti sizdən əsirgəməyib; ardıcıl olaraq sizə ruzi verir, Öz rəhmətini əsirgəmir, eyiblərinizin üzərindən pərdə götürmür, bu gün siz nə istəyirsiniz danışırsınız Allah sizə heç bir söz demir, elə bir gün də gələcək ki, Allah danışacaq və siz susacaqsınız.”

Ayətullah Meşkini, “Nəsihətlər” kitabı. 
Tərcümə edən: Xəlifə Həmidov
Nəşr edən: Şəhriyar

Комментариев нет:

Отправить комментарий