27.10.2015

Şirin Xanım Kərimbəyli Şadiman - VERİLİR HAQQA CƏZA

“İblis nədir - cümlə xəyanətlərə bais,
Ya hər kəsə xain olan insan nədir? -İblis?”
                                    Hüseyn Cavid

Verilir haqqa cəza,
Basıb hər yanı qəza,
Ağlayan gözlərə bax,
Maskalı üzlərə bax,
Hamı Allahlıq edir,
Haqq deyən haqqı didir.
Allahın səbri çoxdur,
Bəndənin rəhmi yoxdur.
Dünya utanır özü,
Yoxdu deməyə sözü.
Tökülən qanlarına,
Didilən canlarına,

Bəndənin içində şər,
Alışır, yanır bəşər!
Edib həlalı əsir,
Tikdirir haram qəsir.
Üzülür bədəndə can,
Haramdı damarda qan.
Bəndənin işlərinə,
O quduz dişlərinə-
Edir tamaşa fələk,
Görür haqq olur həlak.
Neyləsin göydə mələk?
Verdiyi canlarına,
Yazıq insanlarına-
Köməyi təkcə ölüm,
Bu da cisimə zülüm.
Tamah həddini aşıb,
Yerdə ara qarışıb.
Tazının tulası var,
Tulanın qalası var.
Bir deyən yoxdu, bəşər,
Nədir bu içində şər?
Səni insan eyləyən,
İşi asan eyləyən,
Hər şeyi düzüb-qoşan,
Başın üstə dolaşan,
Göydəkindən et həya,
Sal onu bircə saya.
Həm su, həm quru onun,
Gözünün nuru onun.
Göydə ki, o əndaza,
Dünya bir cismi-əza,
Başın üstə hər qəza,
Onun əmrinə əsir,
Yer ayağına həsir.
Edər çoxunu gəda,
Nədir bəs böylə əda?
Unudub haqqı-sayı,
Çəkmisiz başa vayı!
Canı qandan ayıran,
Cismi candan ayıran,
Əzrayılın işini,
Onun haqq gərdişini,
Kim edib əqlə əta
Ki, cahan yasa bata? 
Dağılan yurdlara bax,
Ulayan qurdlara bax,
Gözlərin yaşı dəniz,
Saralır böylə bəniz.
Uçur haqqın sarayı,  
Canın dildə harayı..!
Arar şeytanı gözü,
Şeytan insanın özü?!…

Комментариев нет:

Отправить комментарий