Xocavənd rayonunun Qarakənd kəndi üzərində ermənilər tərəfindən vurulan Mİ-8 vertolyotunda həlak olan Azərbaycanın dəyərli dövlət adamlarından biri baş prokuror İsmət Qayıbovun oğlu çox maraqlı açıqlamalar verib. Hazırda prokuror işləyən İsmayıl Qayıbov modern.az saytına müsahibəsində 1991-ci il noyabrın 13-də Bakı Şəhər Prokurorluğu İstintaq şöbəsinin prokuroru Şükür Rzayevin Xankəndində silahlı ermənilər tərəfindən girov götürülməsindən bəhs edib.
“İsmət Qayıbov xarakterli bir prokuror, azərbaycanlı kişi təbii ki, öz isti kabinetində rahat otura bilməzdi. 18 noyabrda artıq o özü Xankəndinə danışıqlara gedir. Noyabrın 19-20-də isə Xocavənddə də ara qarışır”- İ.Qayıbov bildirib. Onun sözlərinə görə, Azərbaycanın o vaxtkı rəhbərliyi Rusiya ilə danışıqlar aparırdı. “1991-ci il noyabrın 18-də Mixail Qorbaçovun şəxsi köməkçisi Kremldən Bakıya zəng vurur və Azərbaycan Respublikasının Dağlıq Qarabağ rəhbərliyindən xahiş edir ki, Təhlükəsizlik Şurasının növbəti iclasını Dağlıq Qarabağda keçirsin. Çünki ərazidəki torpaq iddiasında olan erməni liderlərinin və Moskva nümayəndələrinin də bu iclasda iştirakı nəzərdə tutulur. Güc nazirliklərindən və Təhlükəsizlik Şurasının rəhbər orqanlarından ibarət heyət olmalıydı. Rəsmi Moskva iclasda dövlət katibi Tofiq İsmayılov və baş prokuror İsmət Qayıbovun iştirakını xahiş edir”.
Qarakənd üzərində üç yüz metr yüksəklikdə uçan Mİ-8 N72 vertolyotu 1991-ci il noyabrın 20-də saat 14:42 dəqiqədə vurulur və 22 nəfər həlak olur. İ.Qayıbov deyib ki, hadisələrdən bir neçə həftə keçəndən sonra, dekabrın 7-də Şükür Rzayev azad olunur… Bütün bunlar isə ortaya xeyli suallar çıxardığından o zaman Azərbaycanın prezidenti vəzifəsini tutan eks-prezident Ayaz Mütəllibova müraciət etdik.
-Ayaz müəllim, İsmət Qayıbovun oğlunun açıqladığı məqamlarla bağlı siz nə deyə bilərsiniz?
-Mənim dəqiq yadımda deyil. Onu bilirəm ki, bu hadisənin sonadək araşdırılması ilə bağlı lazımi səviyyədə istintaq aparılmadı. Biz o zaman hələ SSRİ-nin tərkibindəydik. Onlar bu işi görmədilər. Bu hadisələr bizdə bir növ inamsızlıq yaratdı. O qədər bədbin hadisələr baş verirdi ki, biz bilmirdik bunun hansını başlayaq, hansını qurtaraq. Ancaq istintaqın axıra çatdırılmaması mənim özümçün müəmmalı məsələdir. Mən Təhlükəsizlik Şurası adlı qurumun olduğunu xatırlamıram. Bu, müstəqillik qazanılandan sonra yaranıb. O zaman Qorbaçovun yanında müşavirəsi var idi, belə məsələlərlə məşğul olan bir qurumdan söhbət gedir. Biz orada vaxtaşırı görüşürdük, SSRİ-nin yeni sazişindən söhbət aparırdıq. Ona görə də bilmirəm belə bir təşkilat olub, ya olmayıb. Məncə, yox idi.
-Qorbaçovun nə vaxtsa Qarabağ məsələsi ilə bağlı Azərbaycan, Ermənistan, yaxud elə Xankəndinə gəlmək niyyəti olmuşdumu?
-Yox, olmayıb.
-Bu hadisələrin baş verməsində Qorbaçovun iştirakı, maraqlı olması, həyat yoldaşına bağışlanan brilyantlar və sairlə bağlı nə demək olar?
-Eşitmişəm ki, bu barədə o, öz kitabında da yazıb. Düzdür, mən oxumamışam. Hər halda, o, özünə sərf edən formada yazıb.
-Qarabağ münaqişəsi olmasaydı, SSRİ dağılmazdı kimi yanaşmalar var və bu yaxınlarda rus ekspertlərdən biri də bunu təkrarladı. Razılaşırsınızmı?
-Artıq 25 il keçib və bütün kölgələr çəkilib. O zaman SSRİ-nin çökməsi Qarabağdan başladı. Düşünülmüş şəkildə. Özü də o zamankı rəhbərliyin hamısının xəbəri var idi. Qorbaçov işin içindəydi, 2-3 nəfər də ətrafındakılar… Əslində onlar gözləmirdilər ki, Azərbaycan belə bir hay-küy qaldıracaq, bu cür reaksiya verəcək. Etirazlar eşidiləndən sonra çaş-baş qaldılar və bilmədilər ki, nə etsinlər. Ermənilərə, bizə lazımsız təkliflər verməklə, xahişlər etməklə məsələni ilbəil bu həddə qədər uzatdılar. O zaman Siyasi Büro səviyyəsində Qorbaçova məndən acı münasibət bəsləyən ikinci adam yox idi. Hətta kommunistlərin qurultayında dediklərimlə mən bunu isbat edə bilərəm. Orda dedim ki, görərsiniz, Qarabağ məsələsinin acı nəticələrinin siz qısa bir müddətdə şahidi olacaqsınız! Niyə bu qondarma davanı saxlamırsınız? Qarabağdakı hadisələrin demokratikləşdirməyə nə aidiyyəti var? Boş-boş sözlər deyirdilər ki, “keçib gedəcək” və s. Amma arxada müəyyən dairələr var idi ki, onlar çoxdan SSRİ-nin dağılması üçün çalışırdılar.
-Sizin Qorbaçovla mübahisəniz nə vaxt olub?
-1991-ci ilin avqustunda.
-Bu mübahisədən üç ay sonra sizin komanda üzvləriniz terrorun qurbanı oldu. Hesab etmək olarmı ki, bu, Qarabağın ermənilərə verilməsi üçün hazırlanmış ssenarinin tərkib hissəsi, bir qəsd idi? Özü də həlak olanların bir çoxu Qarabağ məsələsinin həllinə çox yaxın idilər, onların bölgədə nüfuzu da böyük…
-Hər şey ola bilərdi. Aydın məsələdir ki, vertolyot öz-özündən qəzaya uğramayıb. Bu, təsadüfi məsələ deyildi. Məktəbli də deyə bilər ki, necə oldu birdən-birə prezidentin bu qədər adamı eyni vaxtda həlak oldu? Heç vaxt təsadüfi ola bilməz.
-İsmət Qayıbovun oğlu müsahibəsində deyib ki, rəsmi Moskva Qarabağda keçiriləcək iclasda dövlət katibi Tofiq İsmayılov və baş prokuror İsmət Qayıbovun iştirakını xahiş edibmiş…
-Mən onu bilmirəm. Bu işlə əvvəldən-axıradək rəhmətlik Tofiq İsmayılov, dövlət katibi məşğul idi.
-Bu toplantı ilə bağlı siz Moskva ilə danışdınızmı?
-Yox, elə şey olmayıb. Toplantı söhbəti olmayıb. KQB, DİN vasitəsilə müəyyən rütbəli zabitlər gəlmişdilər. Onlar da ənənəvi qaydada daim işləyirdilər, fövqəladə bir məsələ deyildi. Qazaxıstandan general rütbəsində adam var idi, həmçinin Qarabağda öz vəzifəsini icra edən rus generalları var idi. Nəsə hazırlansaydı, mən işin işində olardım.
-Vertolyotun heyəti uçmazdan əvvəl sizin qəbulunuzda oldumu?
-Yox. Mən Kiyevdə səfərdəydim. Biz SSRİ-nin yeni sazişi ilə əlaqədar vaxtaşırı görüşüb layihə ilə bağlı müzakirələr aparırdıq. 19 noyabrda axşam saat 11-ə işləmiş Bakıya qayıtdım. Protokola görə hava limanında məni qarşıladılar. Tofiq İsmayılov, Bakı şəhər rəhbərliyi və digər rəhbər şəxslər idi. Görüşdük, daha gec idi, dedim birisi gün görüşərik, dəqiq deyərəm işimizin adı nədir, nə etməliyik. Ancaq indi çox sağ olun, gedin istirahət edin. Bu məqamda rəhmətlik Tofiq İsmayılov, indi olmasın, yaxınlaşdı ki, bəs mən sabah Ağdama uçuram. Ağdamda da biz dairə bölgüsünə bənzər bir şura yaratmışıq. Qarabağın ətraf rayonlarını bir yerə toplayıb Ağdamda iclas keçirirdik. Mənə məlum idi, çünki bir-iki dəfə özüm də olmuşam, Viktor Polyaniçko (Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin ikinci katibi-E.P.) ilə bərabər iclas keçirmişik. Düşündüm ki, Tofiq İsmayılov dövlət katibi postuna yeni gəlib, ona görə də Qarabağ məsələsi ilə yerində tanış olmaq, sanballı vəzifə sahibi kimi camaatla şəxsən görüşmək istəyir. Dedim, yaxşı, sən gedirsən, orda müşavirəni keçirirsən və qayıdırsan Bakıya, çünki mənim Kiyevlə əlaqədar iclasım olacaq, gəl, müzakirə edək. Qayıtdı ki, mən istəyirəm Dağlıq Qarabağa uçam.
-Xankəndinə?
–Hə… Burda mən diksindim, dedim, bura bax, sən zarafat edirsən, ancaq mən sənə ciddi şəkildə deyirəm, bu fikri başından at! Ola bilməz! Belə olsa, mən deyərəm heç Ağdama da getmə! Sən başa düşmürsənmi orda vəziyyət necədir? Mən bir neçə dəfə Xankəndidə olmuşam. Mən bilirəm ki, nə hazırlamaq lazımdır ki, bədbəxtliklə üzləşməyək. Ona görə də dedim, qəti şəkildə belə bir addım atma, qayıt gəl!
-Siz son dəfə Xankəndidə nə vaxt olmuşdunuz?
-1991-ci ildə. Ayı yadımda deyil. Vaqif Hüseynov, Məhəmməd Əsədov, Polyaniçko ilə birlikdə gecə ilə ora gedib ermənilərin “başbilənləri” ilə də görüşdük, vəziyyəti müzakirə etdik.
-Təsadüfən o görüşdə Serj Sərkisyan, ya Robert Köçəryan iştirak etmirdi?
-Yox. Onlar hələ o zaman yox idi. Onda Mkrıtıçyan var idi… Amma o gəlməmişdi, yox. Daha sonra, 1991-ci ilin iyul ayında bir qrup erməni Bakıya, mənimlə görüşə gəldi. Gəlib görüşdülər, dedilər ki, bəs “eyibdir, bizə yaraşmaz, biz burda yaşayırıq, ona görə də bu işi qurtarmaq lazımdır”. 5 nəfər gəlmişdi, qrupun rəhbəri də, deyəsən, Vladimir Qriqoryan idi. Deyilənə görə, ciddi adam idi, yəni “başıxatalı” deyildi. 1988-ci ildən bəri ilk dəfəydi ki, mən belə bir hadisəyə rast gəlirdim. Mən də dedim ki, ermənilər artıq ağ bayraqla Bakıya gəldilər. Söhbətləşdik, müzakirə etdik, dedim, gedin Ter-Petrosyanla da görüşün, ona da çatdırın ki, mən etiraz etmirəm. Əksinə, hesab edirəm ki, ümumi komissiya yaradıb bir qərara gəlmək olar. Ancaq səhəri gün Qriqoryanı Xankəndində küçənin ortasında millətçi ermənilər avtomatla güllələyib öldürdülər.
-Siz bilirdinizmi ki, Tofiq İsmayılov Xankəndinə girovluqda saxlanılan Şükür Rzayevi azad etmək üçün getmək istəyirdi?
-Yox, mənə deməmişdilər ki, Xankəndinə nə üçün getmək istəyirlər. Ancaq mən belə düşündüm ki, vəziyyətlə yerində tanış olmaq niyyətilə getmək istəyir. Bircə onu deyib ki, ermənilərin yaşadığı kəndləri gəzmək, tanış olmaq istəyirəm. Mən də özümdən çıxdım, dedim qətiyyən elə şeyə yol vermək olmaz!
-Bəs sizə demişdimi kimlərlə bərabər gedəcək?
-Siyahını rəhmətlik özü tutmuşdu. Amma kimlərin gedəcəyini deməmişdi. Hətta mənim mətbuat üzrə köməkçimi özü ilə götürüb siyahıya yazdı. Halbuki o, mənim mətbuat xidmətim idi. Mən özümdən çox Tofiqin xətrini istəyirdim.
-Yəni siz siyahı ilə tanış olsaydınız, bu qədər rəhbər şəxsin Ağdama uçmasına icazə verməzdiniz?
-Əlbəttə ki, qoymazdım. Mən axı orda vəziyyəti görmüşəm. Bir dəfə Polyaniçko mənə yaxınlaşıb dedi ki, həyəcanlanma, biz Xankəndini tərk edəndən 10-15 dəqiqə sonra qaldığımız yerə güllə atdılar. Biz “obkom”un qonaq evində qalmışdıq. Dağın ətəyində, qaranlıq bir yer idi, orda nə istəsən baş verə bilərdi. Ona görə mən vəziyyəti bildiyim üçün özümdən çıxdım ki, “sən nə danışırsan?” İndi olmasın, Tofiq əlini qoydu çiynimə… Biz bir-birimizə adla müraciət edirdik. Mən ona “Tofiq”, o da mənə sadəcə “Ayaz” deyirdi. Əlini qoydu çiynimə, dedi “Ayaz, nigaran qalma, hər şey yaxşı olacaq” (“Vsyo budet normalno”). Qayıtdım ki, mən sənə sözümü dedim, o tərəfə getmə! Gələrsən, danışarıq, məsləhətləşərik, hazırlaşarıq, ondan sonra baxarıq. İndi olmaz, qətiyyən! Mən sonradan belə bir söhbət eşitdim ki, orada Qarabağda komendaturanı icra edən adamlarla mübahisə yaranıb, azərbaycanlılar yaşayan məntəqələrdən şikayətlər gəlib. Komendant da deyib ki, “istəyirsiniz gedək, yerində sizə göstərim ki, vəziyyət elə deyil”. İndi dəqiq belədir, ya yox, deyə bilmərəm. Vertolyota minib gediblər araşdırmağa… Heyf! Çox heyf! Biz bu komanda ilə çox işlər görə bilərdik… Ona görə də bir dəfə demişdim ki, mən o vertolyotda komandamı itirdim, xalqımız da – Qarabağı… /musavat.com/
Комментариев нет:
Отправить комментарий