Sevgilim, dəymə gəlmənim xətrimə,
Sevənlər çox həssas, çox incə olur.
Əlini verəndə mənim əlimə,
Biləydin əllərdə illər qovuşur.
Sevgi birləşəndə coşan çay olur,
Hicran, intizar da görünmız olur,
Əlinlə əlimi sıxanda bil ki,
Yaranan bir yumruq bir dünya olur.
Qoyma bu dünyamız qara geyinsin,
Qırmızı var ikən onu qoruyaq,
Soyuq bir baxışın alt-üst eyləsin,
Qıyma sevgimizə, o göynəməsin.
Mənə sevənlərdən gətirmə sitat,
Hər sevən ürəyin öz dünyası var.
Ürəkdə qurular hər gün toy-büsat,
Qurulan büsatda öz dünyamız var.
Qarışıb
Bağışla, sevgilim, səni sevəndən
Yuxum da pozulub, dünyam qarışıb.
Bağışla, günahkar səni bilmirəm,
Günahkar özüməm, ruhum qarışıb.
Sinəmdə bir ocaq yanır çırtaçırt,
Tüstüsü gözünü heç yaşartmayır.
Eləsə sevgimi yadından çıxart,
Deyəsən sevgimə güman qarışıb.
Sinəmdə ocaqlar çatılıb yanır,
Şöləsi, istisi sənə çatmayır.
Cismimlə bərabər ruhum alışır,
Ruhuma deyəsən sevda qarışıb.
Günahı görürəm ancaq özümdə,
Gileyi axtarma hər bir sözümdə,
Dərdləşib, sözləşib sətirlərimdə,
Sevgi ucuzlaşıb, sözə qarışıb.
Bağışla, ürəyim, bağışla məni
Mən sevə bilmədim səni sevəni
Başqa birisində tapdım sevgini
Dolaşıb hisslərim yaman qarışıb.
Sevdaya yazıq...
Dəli bir sevdaya düçar olduq biz,
Deyəsən vədəsiz gəlib sevgimiz,
Sevgiyə tikandan bir çəpər çəkdik,
Baxmağa utandıq, gözə nə yazıq,
Sənsiz keçən aya, illərə yazıq.
Bir sevgi açmadı, qönçəyə yazıq,
Özümüz vüsala qəbir də qazdıq,
Sənsizlik odunda qızındıq, yandıq,
Bu yurdsuz-yuvasız sevdaya yazıq,
Sənsiz keçən günə, illərə yazıq.
Sevgini bölərəm lap qəlpələrə,
Səpərəm ömrümdən gedən illərə.
Hicran qovuşarsa mənfur həsrətlə,
Vüsalsız sevgiyə, sevdaya yazıq,
Sənsiz keçən ömrə, illərə yazıq.
Комментариев нет:
Отправить комментарий