16.05.2017

Dağlar boyda güman

Əfrahim Hüseynli

ÖLÜMÜN YERİ GİZLİ...

Üzü açılmır göyün,-
buludu düyün-düyün.
ölüb-dirilən üçün
ölümün yeri gizli.

Keçən sözündən keçir,-
keçir, özündən keçir...
İynə gözündən keçir,-
saxlayır biri gizli

Yolun yol yaddaşı var,
danışan yüz daşı var...
görünən göz yaşı var,
ağlayır biri gizli

Haqq deyən haqdan qaçdı,
açdı, sirrini açdı...
haqqa əlini açdı,-
uzanır əli gizli.

ƏSƏN KÜLƏYİN DƏ ÜZÜ DÖNÜBDÜ...

Əsən küləyin də üzü dönübdü,-
Deyirdim dumanı, çəni qovacaq.
Ağlıma gəlməzdi külü sovrula,-
Acı bir yuxuya dönə bu ocaq.

Göylər bulud-bulud yağışa döndü.
Göz yaşına döndü gül ləçəkləri.
Dumanın içində, çənin içində
Kim gözə gətirdi, kim çiçəkləri?

Sındırdı kolların qol-budağını,-
Uçurdu gör neçə quş yuvasını.
Çovğuna, borana, sazağa düşdüm,-
Bu yazın havası qış havasımı?

Çör-çöpdən zülümlə qurulan yuva
Gözümdə saraylar sarayı idi.
Budaqdan qırılıb düşən yarpaqlar
Ağacın göz yaşı, harayı idi...

Gizlətdi üzünü göyün üzü də,-
Qara çarşab oldu göy buludları.
Səmada  boş qaldı neçə quş yeri,
Qırıldı gör neçə quş qanadları.

...Bu gecə yol azdım fikir içində,
Yollar da uzandı qəhərə kimi.
Bu gecə çiynimdə dağ yükü vardı,
Dağ yükü daşıdım səhərə kimi...

İŞ İŞDƏN KEÇİB

Günlər dağlar boyda güman olardı,-
Biri qar-qış idi, beşi bahardı...
Hamını şah bilmək vərdişim vardı,
Şahlar şah olmadı... vərdişdən keçib.

Ay qalan günlərim, ay qalan ayım,
Başımın altına yastıq qoymayın.
Ömür saat-saat günləri sayıb,-
Yollar hamar ola, iş işdən keçib.

Hanı ağacların ağac görkəmi?-
Yerlə yeksan olub göyərən zəmi.
Hər günün gəlişi şaxta-qar kimi 
Biçənəkdən keçib, örüşdən keçib.

Uçulmaz qurmuşdu quran sarayı,
Günlər viran qoydu, viran sarayıı.
Gözü yolda qala güman sarayı,
Üz tutub getməkdən, görüşdən keçib.

Düzdüm arzuları səf-səfə, gəldim,-
Borana, çovğuna hədəfə gəldim.
Bəxtin ayağına yüz dəfə gəldim.
Bir də ayağına gəlişdən keçib.

Комментариев нет:

Отправить комментарий