AMEA-nın Fəlsəfə İnistitunun doktorantı,
ADMİU-nun redaktoru
XX əsr Azərbaycan ədəbiyyatı tarixində Hüseyn Cavid (1882-1941) yaradıcılığının özünəməxsus bir mövqeyi vardır. Hüseyn Cavid yaradıcılığında xalqımızın çoxəsrlik ədəbi-bədii ənənələri öz əksini tapmışdır. Bu baxımdan Hüseyn Cavidin zəngin irsində hər zaman öz aktuallığını qoruyub saxlamağı bacaran tarixi və mifoloji qəhrəmanlar da ehtiva olunmuş, ədibin yaradıcılığında tarixi-mifoloji ünsürlər də öz əksini tapmışdır. Şair və dramaturq Hüseyn Cavid romantizm cərəyanın nəhəng nümayəndələrindən biri kimi ədəbiyyat tariximizdə parlaq bir səhifə yaratmışdır. Ümumiyyətlə, XVIII yüzilliyin sonlarında Avropada meydana gəlməyə başlayan romantizm cərəyanının nümayəndələri hər zaman çoxsaylı oxucu kütləsi tərəfindən böyük rəğbət görmüşdür. Azərbaycan ədəbiyyatında dahi ədib Hüseyn Cavidlə eyni dövrdə yaşayıb yaratmış romantizm cərəyanın davamçıları içərisində Məhəmməd Hadi (1879-1920), Abbas Səhət (1874-1918), Abdulla Şaiqin (1881-1959) də adını vurğulamaq yerinə düşərdi.
Ədəbi-bədii yaradıcılığa şeir yazmaqla başlayan Hüseyn Cavidin hələ ilk yaradıcılıq nümunələrində keçmişə və əfsanəfi obrazlara meyl etməsi müşahidə olunurdu. “Hələ şеir yaradıcılığı dövründə biz Cavidin kеçmişə mеyl еtdiyini, əsərlə- rinə kеçmişdən mövzu sеçdiyini görmüşdük. Onun romantik sənətkar kimi kеç- mişə marağının təsadüfi olmadığını, bütün romantiklərə хas kеyfiyyət olduğunu dеmişdik. Şairin kеçmişdən bəhs еdən şеirlərində hətta əfsanə əlamətlərinə rast gəlmişdik. Həmin əlamətlər onun dramaturgiyasına da kеçmişdir. Özü da daha gеniş, daha əsaslı şəkildə. Ümumiyyətlə, Cavid romantizmə yaхınlaşdıqca, bu sənətin dərinliklərinə vardıqca oradan əfsanələrə, sеhrə gəlib çıхır, əfsanələr aləminə dərindən bağlanırdı”. (1, səh.80)
Mənzum faciələrin müəllifi olan Hüseyn Cavid eyni zamanda ədəbiyyatımızda milli romantik nəzmin də banisidir. Şairin hələ 1913-cü ildə çap olunmuş “Keşmiş günlər” adlı ilk kitabında dini-mifoloji obrazlara rast gəlmək mümkün idi. Bu kitabda ehtiva olunmuş “Hübuti-Adəm” (“Adəmin (cənnətdən) еnməsi”), adlı poemasında şair Adəm və Həvva haqqında dini hekayələri nəzmə çəkir, Adəmin Həq tərəfindən cənnətdən qovulmasını təsvir ediridi.
Gəlib Həq canibindən əldə fərman,
Dеmiş: Çıq, еy səfalətpərvər insan!
Çıq, еy qafil bəşər!
Dəf ol, çəkil, gеt!
Bu lahuti təfərrücgahı tərk еt!
Dеgil layiq sana gülzari-cənnət...
O süfliyyətlə hissi-adəmiyyət
Bu ülviyyatı hiç еylərmi idrak? (2, səh.28)
Hüseyn Cavidin 1918-ci ildə qələmə aldığı “İblis” əsərindəki İblis, Mələk və Teyf kimi obrazlar da mifoloji zəmində hazırlanmışdır. Bununla yanaşı əsərdə Birinci Dünya Müharibəsinin içtirakçıları olan zabitlər və əsgərlər də tarixi obraz kimi əks olunmuşdur. Dörd pərdədən ibarət olan bu faciənin ilk pərdəsində ədib İblis və Mələk obrazlarının dilindən bəşəri problemlərdən, Adəm övladının törətdiyi dəhşətdən söbət açır, insanlar arasında zəlalətin baş alıb getdiyini vurğulayır. Əsərdə verilmiş Mələk obrazının insanların bir-birinə qarşı törətdiyi vəhşiliklərin, bütün bəşəriyyəti saran qırğınların səbəbini İblisdə görməsinə baxmayaraq, İblis bunu inkar edir və özünün da bir zamanlar mələk qismində yaradıldığını oxuculara xatırladır:
Bən şimdi bir atəş, fəqət əvvəlcə mələkdim,
Həp Xaliqə təsbih idi, təhlil idi virdim,
İlk öncə mələklər bəni təqdis ediyordu,
Adəm kibi bir sayğısız axır ləkə vurdu.
Alçalmadı, yüksəldi fəqət şöhrətü şanım,
Allah ilə bir zikr edilir namü nişanım. (3, səh.12)
Ədibin “İblis” əsərində toxunduğu tarixi obrazlardan da biri Zərdüşt (e.ə. 628-551) peyğəmbər obrazıdır, əsərdə atəşi mədh edən İblis Zərdüştün fəlsəfi sisteminin də əsasının atəş olduğuna işarə edir. Cavidin Zərdüştün atəşpərəstlik ideologiyasından bəhs etməsi onun fəlsəfi təfəkküründə Şərq mifologiyasının və Şərq etiqadının əsaslı mövqe tutmasından xəbər verir. Bildiyimiz kimi Zərdüştilik təliminə görə xeyir və şər arasında gedən mübarizə odu təmsil edən xeyir allahı Hörmüzdün (Ahura Məzda) qələbəsi ilə başa çatır. Ümumiyyətlə, xeyir və şər obrazlarının təzadlı bir biçimdə canlandırılması da Cavid yaradıcılığının mühüm qayələrindən birinin təşkil edir.
İblis insanların Allaha daha yaxın olan və ilahi qüdrətin əks olunduğu cəbərut (ibranicə "qüdrət") məqamından enməsinə də istehza ilə gülür, insanların mənəvi kamillik yolundan azmasına tənə edir. Ümumiyyətlə, əsası şifahı ədəbiyyatdan, mifologiyadan qaynaqlanan İblis obrazı yazılı ədəbiyyatda da olduqca çox işlənmiş bir mövzudur. Lakin Cavidin yaratdığı İblis obrazı bir sıra xüsusiyyətlərinə görə digərlərindən fərqlənir. “Qeyd edək ki, dünya ədəbiyyatında demonizm ideyasına istər Şərq, istərsə də Qərb müəllifləri tərəfindən dəfələrlə müraciət olunmuşdur. Dantenin “İlahi komediya”, Belmontun “Təbliğçi İblis”, Kalderonun “Ecazkar sehrbaz”, B.Cononun “Şeytan”, Marlonun “Doktor Faust”, Hötenin “Faust”, Bayronun “Qabil”, Lermontovun “Demon”, F.M. Klingerin “Faust, onun həyatı, fəaliyyəti və cəhənnəmə atılması” və b. əsərlərdə müəlliflər əzəli Xeyir-Şər mübarizəsi tematikasına müraciət etmiş, bir çox həyati həqiqətlərə cavab tapmağa çalışmışlar. Məhcər ədəbiyyatının digər görkəmli nümayəndəsi Cübran Xəlil də bu obraza müraciət etmişdir. Azərbaycan ədəbiyyatında bu mövzuya müraciət edən bir çox müəlliflər var: Ə.Haqverdiyev, M.Hadi, M.Sabir və b. Lakin onların əsərlərində yaradılan İblis surətlərinin heç biri sənətkarlıq və bədii təsir qüvvəsinə görə H.Cavidin İblisi ilə müqayisə edilə bilməz”. (4, səh.79)
Cavidin 1922-ci ildə ərsəyə gətirdiyi dörd pərdədən ibarət olan “Peyğəmbər” dramı da tarixi məzmunda yazılmışdır. İslam dinin banisi Məhəmməd (570-632) peyğəmbərə ithaf olunmuş bu əsərdə həm tarixi və həm də mifoloji personajlar öz əksini tapmışdır. Dramda Məhəmməd peyğəmbərlə yanaşı Əbu Taliboğlu yəni, Əli ibn Əbu Talib (599-661), Xəttaboğlu yəni, Ömər ibn Xəttab (581-644) kimi mühüm tarixi obrazlar da verilmişdir. Mifoloji personajlara isə Mələk, İskelet kimi obrazları misal göstərmək olar. Bəzi tədqiqatçılar Peyğəmbər, Mələk və İskelet obrazlarının eyni olduğunu iddia edilər. “Əslində bunların üçü də Peyğəmbərdir. Mələk və İskelet onun düşüncələridir. Mələk Peyğəmbərin Allah tərəfindən rəsul seçiləndən sonra onu İlahi ilə bağlayan ruhi aləmi, İskelet isə Məhəmmədi maddi aləmə bağlayan və son nəhayətdə təklifi, qərarı, fikri ilə razılaşmalı olan reallıqdır”. (5, səh. 294)
Əsərdə Cavid cəbərut, yəni mücərrədliklər aləmi və mələkut, yəni ruhlar aləminə də toxunur və onun şeirinin mələkut aləmində dinlənildiyini peyğəmbərin dilindən ifadə edir. Xarıtladaq ki, mələkut aləmi ruh və mələklərlə ehtiva olunan dördüncü səma qatıdır ki, dini əqidəyə görə bu aləm nurdan yaranmışdır.
Daima ruhumu oqşar cəbərut,
Şerü ilhamımı dinlər mələkut. (3, səh.161)
Hüseyn Cavid 1925-ci ildə qələmə aldığı “Topal Teymur” tarixi dramı ilə böyük türk hökmdarı, məğlubedilməz sərkərdə Əmir Teymuru (1336-1405) sonsuz bir rəğbətlə mədh edir. Dramaturqun “Topal Teymur” əsərində yaratdığı Əmir Teymur obrazı təkcə dövlət adamlarının qayğısına qalmaqla kifayətlənmir, eyni zamanda yazıçı və şairlərə də böyük qayğı göstərir. Əmir Teymur dövlətin rifahı və inkişafı üçün əlidən gələnləri əsirgəmir, sadə adamların da qəbul edir, onların şikayətlərini dinləyir və onun hüzuruna qəza hakimi Mamay xandan şikayətə gəlmiş kasıb rəncbərin halına da acıyır.
“Topal Teymur” əsərində verilmiş tarixi personajlardan biri də Osmanlı sultanı İldırım Bəyazid (1360-1403) obrazıdır. Öz soykökünə və Şərq ənənələrinə sadiq qalan Əmir Teymurdan fərqli olaraq İldırım Bəyazid şərab və qadın düşkünüdür. İldırım Bəyazidin sarayında türk kimliyindən, türk milli-mənəvi dəyərlərindən, Şərq mühitindən əsər-əlamət yoxdur. On iki qadınla ailə həyatı qurmuş İldırım Bəyazidin həyat yoldaşlarının əksəriyyəti serb və yunan mənşəli idilər. Ümumiyyətlə, Serbistan şərabının mədh edildiyi Osmanlı sarayında türk ruhundan çox xristian ruhu hiss olunur və sarayda xristian mənşəli qadınlar hökmranlıq edirdilər. Cavidin Əsərdə “Topal Teymur” əsərində verdiyi Meliça obrazında bu tam təfərrüatı ilə əks olunmuşdur.
Əmir Teymurun məktublarına istehzalı və təhqiramız cavablar yazan İldırım Bəyazidin bu lüzumsuz hərəkətini Meliçanın təhriki ilə etdiyi də göz qabağındadır. İldırım Bəyazidin təlxəyi Əmir Teymuru kinayəli sözlərlə gülünc bir vəziyyətdə təsvir edir. İldırım Bəyazidə “Tanrı qulu Teymurdan Sultani-Rum Yıldırım Bayazidə” deyə başlayan məktubunda Əmir Teymur Osmanlı sultanını sülhə və birliyə çağırır: “bən sizi bir türk xaqanı olaraq sayarım və zatınıza qarşı hörmət bəslərim, fəqət siz bəni saymazsanız aramız soğuyar və bu soğuqluğun nəticəsi pək acı olur”. (3, səh.290)
“Topal Teymur” əsərinin sonunda Əmir Teymur ilə İldırım arasında keçən dialoqda Osmanlı sultanı səhv etdiyini anlayır və Bəyazid qəribə də olsa Teymurun bu qələbəsi sayəsində artıq türk-islam dünyasının başsız qaldığını etiraf edir. Əmir Teymur isə Bəyazidə qalib gəlməsinə baxmayaraq təvazökarlıq nümayiş etdirir və Osmanlı sultanına hörmət göstərir. Bir zamanlar Abbasi xəlifəsinin “Sultan-ı İqlim-i Rum” (“Anadolu ölkəsi sultanı”) deyə müraciət etdiyi İldırım Bəyazid Əmir Teymurun ona verdiyi məktubu oxumaqdan imtina edir. Bu məktubda İldırım Bəyazid Əmirə təhqiramiz cavablar yazmışdı, Əmir yenə də adil davranaraq sultanı bağışladığını ifadə edir.
Ümumiyyətlə, Teymurilər imperiyasının (1370-1507) banisi olan Əmir Teymur əsərdə adil və müzəffər bir obraz kimi verilmişdir, o hökmranlığı altında olan kəndlilərə, əsgərlərə, zabitlərə qarşı mülayim davranır. Cavid heç şübhəsiz ki, Əmir Teymuru bu əsərdə ideallaşdırmışdır, bu isə ədibin romantizm cərəyanına meyl etməsi ilə həmahəngdir. Hər kəsə qarşı ədalətli davranan hökmdar minbaşı Orxana müraciət edərək vurğulayır ki, “Teymur şahmat oynarkən belə, taxtadan yapılmış küçük bir piyadayı qeyb etmək istəməz”. (3, səh.299)
“Topal Teymur”da eyni zamanda Əmir Teymurun hərəmi olan Dilşad ağa, “Teymurnamə” əsərinin müəllifi Kirmani, Əmir Teymurun vəziri Divanbəyi, Osmanlı sarayının sədrəzəmi Əli Paşa, Şeyx Buxari kimi obrazlar da verilmişdir. Əsərdə verilən Şeyx Buxari Məhəmməd ibn Abdulla (1368-143) islam və təsəvvüf fəlsəfəsi ilə məşğul olan bir din alimidir. Şeyx Buxari 1390-cı ildə Osmanlı sultanı İldırım Bəyazidin qızı Hundi Fatma Xatunla evləndikdən sonra Əmir Sultan kimi tanınmağa başlayır. İldırım Bəyazid müdrik və ağıllı Şeyx Buxarinin nəsihətlətini qulaqardına vuraraq müharibəyə can atır.
Çandaralı Əli Paşa 1387-1406-cı illərdə Osmanlı sarayında sədrəzəm kimi çalışmış real tarixi obrazlardan biridir. Osmanlılarla Teymurilər arasında 1402-ci ildə baş vermiş Ankara döyüşündə Çandaralı Əli Paşa da sol cinahda iştirak edirdi. Əli Paşa Osmanlı sultanına döyüşdən əvvəl bəzi məsləhətlər versə də, İldırım Bəyazid bu məsləhətlərə qətiyyən əhəmiyyət vermir. Ümumiyyətlə, Çandaralı Əli Paşanı alim, dəyərli və tədbirli bir vəzir, təşkilatçı bir sərkərdə, qüdrətli bir dövlət adami, mahir bir diplomat kimi xarakterizə edən Osmanlı tarixçiləri onun eyni zamanda eyş-işrət düşkünü olduğunu da qeyd edirlər. Çandaralı Əli Paşanın bu sonuncu mənfi keyfiyyəti isə Osmanlı sultanı İldırım Bəyazidin xüsusiyyətləri ilə üst-üstə düşürdü.
Ədib həmçinin əsərdə Əmir Teymurun oğlu Cəlaləddin Sultan Miranşah (1368-1408), Qaraqoyunlu dövlətinin banisi Qara Yusif (1389-1420) kimi tarixi şəxsiyyətləri ayrıca ədəbi obraz kimi verməsə də onların da fəaliyyətinə toxunur. Xüsusilə Əmir Teymur ilə Divanbəyi arasında gedən dialoqda bu iki şəxsin - Miranşahla Qara Yusifin ictimai-siyasi fəaliyyəti müzakirə edilir, İldırım Bəyazid ilə Qara Yusif arasındakı yaxınlaşmadan söhbət açılır.
Əmir Teymurun sarayında ictimai-siyasi vəziyyəti müzakirə edildiyi bir vaxtda İldırım Bəyazidin sarayında eyş-işrət hökm sürürdü. Osmanlı sarayında Cücə adlı təlxək də sultanın göstərişi ilə Əmir Teymuru kinayəli bir şəkildə istehza obyektinə çevirir. Əslində Cavid bu obrazın dilində Əmir Teymurun həyatının bəzi önəmli məqamlarını dramda qələmə alır: “Bən həqq və ədalət nümayəndəsiyim. Əgər bir məmləkətdə zülm və istibdad güclənirsə, kənardan baqıb duramam. Xəlqin əmniyyəti için zülmün kökünü qazımaq və o məmləkəti uslandırmaq istərim. İştə buna görədir ki, Xorasana girdim, bütün İranı devirdim, Moskof tərəflərini sardım, Hindistana vardım. Əvət, bənim böyük Teymur... Bənim sarsılmaz imperator!..” (3, səh.279)
Cavidin 1928-1929-cu illərdə qələmə aldığı “Knyaz” adlı beş pərdəli faciədə də tarixi məqamlar əks olunmuşdur. Tiflisdə və Berlində baş verən bu əsərdə 1920-ci ildən Gürcüstanda baş verən bolşevik inqilabından söhbət açır. Əsərdə real tarixi obrazlar verilməsinə baxmayaraq “Knyaz” faciəsinin mövzusu da tarixdən götürülmşüdür.
Müəllifin 1932-ci ildə yekunlaşdırdığı “Səyavuş” əsərinin epiqrafında ədib “Şərqin böyük dahilərindən Firdоvsinin min illiyinə ithaf” (6, səh. 119) etdiyini vurğulayırdı. Beş pərdəni özündə ehtiva edən bu mənzum faciə İran-Turan müharibələrinə həsr olunmuşdur. Əsərin mövzusu böyük fars-tacik şairi Əbülqasım Firdovsinin “Şahnamə” epopeyasından götürülmüşdür. Bu nöqteyi-nəzərdən də ədibin qələmə aldığı “Səyavuş” əsərindəki obrazlar yarı tarixi, yarı əfsanəvi surətlərdir.
Zaman etibarilə “Səyavuş” əsərində cərəyan edən hadisələr təxminən VII əsrin ortalarında baş verir. Əsərdə adı Şərq dünyasında dillərə dastan olan məşhur qəhrəman Zal oğlu Rüstəmdən, türk xaqanı Əfrasiyabdan, Səyavuşun atası Keykavusdan və ögey anası Südabədən də söhbət açılır. Zal oğlu Rüstəm kimi cəngavər böyüyən qorxmaz və mübariz Səyavuş tez bir zamanda saray çəkişmələrinin qurbanına çevrilir, saray intriqaları fonunda ona atılan iftiranı səbirlə qarşılaması əsərin baş qəhərəmanının mənəvi-psixoloji cəhətdən də kamil bir insan olmasına bariz nümunədir. Mənfi fonda verilmiş Suriya kralının qızı olan Südabənin günahsız və məsum Səyavuşa iftira atmasına baxmayaraq, Səyavuş bu əxlaqısız qadını bağışlayır. “Səyavuşdan rədd cavabı alan Südabə böhtana əl atır, yaxasını cırıb sinəsini çölə çıxarır və bunu Səyavuşun ona təcavüzü kimi qələmə verir.
Belə olanda ağıllı və hiyləgər Keykavus münəccimi çağırıb məsləhət istəyir. Burada H.Cavid atəşpərəstlikdən istifadə edir. Münəccim təklif edir ki, atəş çatılsın, hər ikisi atəşdən keçsin, günahkar yanacaq, günahsız qalacaq. Belə olduqda Südabənin fitnəsi açılır. Keykavus onun edamına sərəncam verir, fəqət humanist və xeyirxah Səyavuş atasından onu zindana salmağı xahiş edir”. (7, səh.26.)
Dramaturqun 1935-ci ildə yazdığı “Xəyyam” tragediyasında fars şairi, riyyaziyatçı və filosof Ömər Xəyyam (1048-1131), Böyük Səlcuq imperiyasının sultanları Alparslan (1029-1072) və Məlikşah (1055-1092), Səlcuqluların vəziri Nizamülmülk (1018-1092), İsmaililərin lideri Həssan Sabbah (1055-1124), iyirmi yeddinci Abbasi xəlifəsi Müqtədirbillah (1056-1094) və s. kimi real tarixi obrazlar əks olunmuşdur. Bu baxımdan “Xəyyam” əsərində verilən real tarixi obrazlar say nisbət ilə digər əsərlərdən üstünlük təşkil edir, desək daha doğru olar. “Xəyyam” əsərində verilən dramatik konfilikt xəlifə və şair arasında öz zirvəsinə çatır, xəlifə şairdəki cəsarətə heyran qalsa da onun edam olunması barədə fərman verir. Əsərdə “Siyasətnamə” kimi sanballı əsərin müəllifi olan məşhir siyasətçi Nizamülmülkün ismaililər tərəfindən sui-qəsdə məruz qalması səhnəsi də təsvir olunmuşdur.
Əsərin əvvəlində Ömər Xəyyam, Nizamülmülk və Həssan Sabbah bir-birlərinə arxa olacaqlarına and içirlər. Lakin Nizamülmülkün təkidi ilə içilən bu anda Həssan Sabbah sadiq qalmır və əhdinə xilaf çıxaraq Əbu Tahirin vasitəsi ilə Nizamülmülkü qətlə yetirdir. Nizamülmülk özü kimi müdrik olan Ömər Xəyyamın zəkasına pərəstiş edir, vəzir cəhalət çənbərində çabalayan insanların içərisində, qaranlıq və zillətdə olan dünyada şairi parlaq günəşə bənzədir və onu aşağıdakı sözlərələ mədh edir:
X ə y y a m
Varlığım bir hiçə bənzər mübhəm,
“Hiç var olmaz, buna yoqdur şübhəm”.
Bana yan baqsa əgər anlamayan,
Sanma eylər buna ruhum isyan.
Anlayanlar belə yan gözlə süzər,
O baqışlar bəni üzdükcə üzər.
X a c ə N i z a m
Saqın, aldırma kor olsun da cihan,
Günəşin nuruna gəlməz nöqsan.
Sən küçülsən də böyüksün, hətta
Qopsa zülmət, yenə parlar o zəka!.. (6, səh.41)
Ümumiyyətlə, zəngin və rəngarəng məzmuna malik olan Hüseyn Cavidin yaradıcılığında tarixi və mifoloji personajlar üstünlük təşkil edir. Ədibin yaradıcılığında mühüm yer tutan tarixi və mifoloji obrazlar əsasən romantizm cərəyanı fövqündə əks olunmuşdur. Cavidin tarixi hadisələri öz ədəbi-bədii əsərlərində düzgün şəkildə realizə etməsi onun dünyagörüşünün zənginliyindən, bilikli və məlumatlı olmasından da xəbər verir.
Dini-mifoloji spektrdə də kamil və sanballı əsərlər ərsəyə gətirməsi onun zəngin Şərq bədii-fəlsəfi mühitindən xəbərdar olmasına əyani sübutdur, həmçinin onu da vurğulamaq yerinə düşərdi ki, Cavid yaradıcılığında mistisizm və sufizm elementləri də öz əksini tapmışdır. Bu baxımdan Cavid yaradıcılığının ədəbi-bədii, tarixi, dini, fəlsəfi spektrdən də araşdırılması məqsədə müvafiqdir. Müasir dövrdə dahi ədibin 135 illiyinin qeyd edilməsi heç də təsadüfi bir hərəkət deyil, dövrün, zamanın tələbidir. Biz inanırıq ki, bütün dövrlər üçün aktual olan Cavid yaradıcılığı gələcəkdə də öz layiqli qiymətini alacaqdır.
İSTİFADƏ OLUNAN ƏDƏBİYYAT:
1. Vəli Osmanlı. Azərbaycan romantizmi. I cild, Bakı, “Elm”, 2010
2. Hüseyn Cavid. Əsərləri. Beş cilddə. I cild. Bakı, “Lider nəşriyyat”, 2005
3. Hüseyn Cavid. Əsərləri. Beş cilddə. III cild. Bakı, “Lider nəşriyyat”, 2005
4. Türk dünyasını işıqlandıranlar: M. Akif Ersoy, Hüseyn Cavid. Beynəlxalq konfransın materilları. Bakı, 2013
5. Şəmil Kamil oğlu Sadıqov. Hüseyn Cavid yaradıcılığında qəhrəman konsepsiyası. Bakı, 2011
6. Hüseyn Cavid. Əsərləri. Beş cilddə. V cild. Bakı, “Lider nəşriyyat”, 2005
7. Gülşən Əliyeva-Kəngərli. Şeirlə yazılmış türk tarixi:“Səyavuş”. 525-ci qəzet.- 2015.- 10 yanvar.
Комментариев нет:
Отправить комментарий