“Palmali” şirkətlər qrupunun rəhbəri Mübariz Mənsimovun SOCAR-la işbirliyindən imtina etməsi ilə bağlı bu günlərdə Türkiyə mediasına verdiyi açıqlama Azərbaycan cəmiyyətində ciddi rezonansa səbəb olub. Belə ki, Mübariz Mənsimovla SOCAR-ın prezidenti Rövnəq Abdullayev arasında sıx dostluq əlaqələrinin birdən-birə pozulması və bu iki dost arasından hansı “qara pişiyin” keçdiyi çoxlarında təəccüb doğurub.
Baxmayaraq ki, bu dostluq münasibətləri nəticəsində “Palmali” SOCAR neftinin Qara dəniz üzərindən dünyaya çıxarılmasında müstəsna paya malikdir. Bununla yanaşı, “Palmali”nin SOCAR-ın bir sıra layihələrində iştirakı danışıqlar masasında olub. Misal olaraq bu gün iki dost arasındakı münasibətlərin pozulmasında əsas rol oynayan layihədən söhbət açacağıq. Belə ki, 2015-ci ildə SOCAR Türkiyədə müəyyən paya sahib olmaq üçün danışıqlara başladı. Ancaq bəlli olmayan səbəblərdən “Palmali” şirkəti danışıqlardan imtina etdi və səbəbi də açıqlanmadı.
Gununsesi.info olaraq Mübariz Mənsimovla Rövnəq Abdullayev arasında yaranmış soyuqluğun və “Palmali”nin SOCAR-ın layihələrindən imtina etməsinin səbəblərini, eyni zamanda bu dostluğun pozulmasına kimlərin və necə nail olunduğunu araşdırmağa çalışmışıq.
Münasibətlərin pozulması haqda elə Mübariz Mənsimov Türkiyə mediasına verdiyi son müsahibəsində üstüörtülü olsa da, necə və kimlərin pozması barədə mesajlar verib. Belə ki, Mübariz Mənsimov ötən həftə Türkiyə mətbuatına verdiyi açıqlamasında bu məsələyə aydınlıq gətirib. O, “Palmali”nin “SOCAR Türkiyə”də paya sahib olmaq üçün SOCAR və Amerikanın “Goldman Sachs International” şirkəti ilə birgə əməkdaşlıq istiqamətində aparılan danışıqlardan imtina edilməsinin səbəbləri barədə sualını cavablandırarkən deyib ki, “Palmali” SOCAR və ya “Goldman Sachs” ilə ortaq olmayacaq: “Bir dövlət şirkəti ilə ortaq olmaq istəmirəm. O fikrin sahibini də (Alaattin Aykaç) uzaqlaşdırdım. Şirkətdə daxili təmizləmə işi apardıq. “Palmali”nin sahibi həmişə Mənsimov olacaq. “Goldman Sachs” mövzusunda isə “öz yağımızla qovrulacağıq” deyirəm”.
SOCAR-a niyə ortaq olmaq istəməməsinə gəldikdə isə Mənsimov təəssüflə qeyd edib ki, SOCAR-la iş tərzimiz bir-birinə uyğun gəlmədi: “Baxışlarımız fərqli olduğu üçün o vaxt gündəmdə olan iqtisadi vəziyyəti dəyərləndirərkən fikir ayrılıqları oldu. Bildiyiniz kimi, “Palmali” 20 ildir ki, fəaliyyət göstərən şirkətdir və açıldığı gündən beynəlxalq iş təcrübəsinə sahibdir. Sektorda əldə etdiyi məlumat və təcrübə sayəsində bu il “Clarkson” şirkətinin keçirdiyi araşdırmalara görə, dünya dənizçilik şirkətləri arasında 7-ci yeri tutub. Həmişə olduğu kimi bundan sonra da daha peşəkar, dünya səviyyəli böyük şirkətlərlə əməkdaşlıq etməyə hazırıq. İllərin verdiyi təcrübəyə və komandama güvənirəm”.
Bu arada, qeyd etmək yerinə düşərdi ki, 2015-ci ildə SOCAR-la Amerikanın “Goldman Sachs International” və “Palmali” şirkətlər qrupu arasında “SOCAR Türkiyə”də payçılıq istiqamətində danışıqlar başlanıldı. Ancaq danışıqların yekunu olaraq 14 avqust 2015-ci ildən etibarən “Goldman Sachs” və “JP Morgan” bankları (“Goldman Sachs International”) 1,3 mlrd. dollara “SOCAR Turkey”in 13%-lik hissəsinə ortaq olub və bununla bağlı müqavilə imzalanıb. Lakin 270 gəmilik bir donanmaya sahib və gəmi daşımaçılığı sahəsində dünyanın aparıcı şirkətlərindən olan “Palmali”nin “SOCAR Türkiyə”dən pay ala bilməməsi hamıda təəccüb doğurur. Çünki danışıqlar zamanı əksər ekspertlər “Palmali”nin “SOCAR Türkiyə”dən ən çox pay alacaq şirkət olacağı qənaətində idilər.
Onu da nəzərinizə çatdıraq ki, danışıqlara əsasən “Palmali”nin liman tikməsi nəzərdə tutulurdu. Bu işdə Mənsimova hətta bir sıra xarici şirkətlər də dəstək verirdi. Bu şirkətlər içərisində rusiyalı milyarder Roman Abramoviçin və Bill Gatesin də şirkətləri olub. Danışıqlar 2016-cı ilin avqustunda bitməli və “Palmali” “SOCAR Türkiyə”yə payçı olmalı idi. İlkin mərhələlərdə danışıqlar çox uğurla getsə də, yekun mərhələlərdə danışıqlar “axsamağa” başladı və ilkin mərhələlərdəki müzakirələr tamamilə başqa səmtə yönəldi.
Mübariz Mənsimova əvvəlcədən verilən vədlərin heç biri yerinə yetirilmədi. Danışıqların həlledici məqamlarında onu prosesdən uzaqlaşdırmaq üçün çox sərfəsiz təkliflər və şərtlə irəli sürüldü. Nəticədə Mübariz Mənsimov uğyun olmayan şərtlərlə danışıqlardan “oyundankənar” vəziyyətə salındı. Danışıqlar prosesinin birdən-birə bu istiqamətə yön alması və həlledici məqamda belə problemlərin ortaya çıxması Mənsimovu çox təəccübləndirdi. Necə deyərlər, “sən saydığını say, gör fələk nə sayır”.
Məsələyə aydınlıq gətirməsini istədikdə, ona bu layihədə iştirakını əngəlləmək üçün həm Türkiyə, həm də Azərbaycanda müəyyən qrupların ortaya çıxdığı və bu işdə Mübariz Mənsimovun ən yaxın, etibar etdiyi adamlarından istifadə olunduğu bəlli olub. Araşdırma nəticəsində məlum olub ki, bu şəxslərdən biri Mübariz Mənsimovu adıçəkilən layihədə iştirak etməyə şirnikləndirənlərdən olub. Bu şəxs uzun müddət Mübariz Mənsimovun yanında çalışaraq, onun etimadını qazanaraq yüksək məqam sahibi, 8 il “Palmali” dənizçiliyin baş direktoru vəzifəsində çalışan Alaattin Aykaç olub. Aykaç müəyyən təkliflər və şərtlər əsasında Türkiyədəki və Azərbaycandakı bəzi qruplarla əlaqəyə girərək “Palmali” adından iştirak etdiyi tenderlərdə şirkətə zərər verəcək addımlar atıb, bunun nəticəsində tenderlər rəqib şirkətlərin xeyrinə iş görüb. Bunun müqabilində isə bəzi qüvvələr Aykaça “Palmali”də çevriliş edib, şirkəti ələ keçriməkdə ona dəstək verəcəklərini bəyan ediblər. Məhz bu şərtlər daxilində Aykaç “Palmali”nin “SOCAR Türkiyə”dən pay almasını əngəlləyir. Bununla da danışıqlarda “Palmali” deyil, Amerikanın “Goldman Sachs International” şirkəti qalib olaraq “SOCAR Türkiyə”də 13 faizlik paya sahib çıxır.
Araşdırmalar nəticəsində Mübariz Mənsimovun etibarından istifadə edən Aykaçın “Palmali”nin maliyyə əməliyyatları zamanı külli miqdarda vəsaiti mənimsədiyi ortaya çıxır. İşini bununla bitirməyən Aykaç daha yüksək iddialara düşüb. Belə ki, o, ona dəstək verən qruplar vasitəsi ilə “Palmali”ni ələ keçirmək planını qarşıya məqsəd qoyub. O, bunun üçün ilk olaraq “Palmali”ni çökdürmək üçün planlar cızıb. Bunun üçün Aykaç “Palmali”ni beynəlxalq və Türkiyə daxilində nüfuzdan salmağa çalışıb. Ona görə də “Palmali”ni digər şirkətlərlə birgə iştirak etdiyi tenderlərdə etibarsız və öhdəlikləri yerinə yetirə bilməyəcək tərzdə təqdim edib, onun rəhbəri Mübariz Mənsimov haqqında isə xoşa gəlməyən ifadələr işlədib. Hətta onu fırıldaqçılıqda ittiham etməkdən belə çəkinməyib. Digər plana əsasən, Aykaç “Palmali”dən daha çox səhm əldə etmək, payçı olmaq üçün bir sıra planlar qurub. O, bu işdə tək olmayıb. Ona bu işdə hərtərəfli dəstək verənlər də olub. Əldə etdiyimiz məlumata görə, bu işdə Aykaça Fətullah Gülən camaatı və onun Türkiyə bazarından sıxışdırılıb çıxarılmasında maraqlı olan qüvvələr dəstək veriblər. Bütün bu məsələlərin üstü açıldıqdan və təsdiqini tapdıqdan sonra Mübariz Mənsimov Aykaçı etdiyi xəyanətinə görə şirkətdən qovub və onun şirkətə vurduğu ziyanla bağlı hüquq-mühafizə orqanlarına şikayət edi.
Bundan sonra Mübariz Mənsimov yaranmış vəziyyəti Rövnəq Abdullayevlə ciddi müzakirə etməli olur və SOCAR prezidentinə ciddi iradını bildirir. Rövnəq Abdullayev bu məsələlərdən xəbərsiz olduğunu bildirsə də, Mübariz Mənsimov onun dediklərinə inanmır. “Necə ola bilər ki, belə işlər baş versin, oyunlar baş versin və sən xəbərsiz olasan?”- deyə, Mənsimov iradını bildirir. Rövnəq Abdullayev Mübariz Mənsimovu deyilən şərtlərə razı salmağa və gələcəkdə vəziyyətin onun dediyi şərtlərə uyğun formada reallaşdıracağına dair söz versə də, “Palmali”nin rəhbəri ümumiyyətlə layihədə iştirakdan birdəfəlik imtina edib. Bundan sonra iki dost arasında münasibətlər pozulub. Düzdür, hazırkı məqamda iki köhnə dost arasında münasibətlər mövcuddur. Ancaq bu münasibət rəsmiyyət xatirinə “Palmali” ilə SOCAR arasında daşımaçılıq sahəsindəki əməkdaşlıqdan irəli gələn zərurətdən doğur.
Əldə etdiyimiz digər məlumata görə, məhz barəsində söz açdığımız hadisədən sonra “Palmali” daxilində ciddi təmizləmə işlərini həyata keçirilib. Şirkət daxilində aparılan ciddi araşdırmalar nəticəsində Alaattin Aykaça dəstək verən böyük bir şəbəkə aşkarlanır və həmin şəbəkə şirkətdən uzaqlaşdırılır. Bu şəbəkə üzvlərinin sayının hətta min nəfərdən yuxarı olduğu bildirilir. Şəbəkə üzvləri arasında “Palmali”nin yüksək vəzifə tutan əməkdaşlarının və mütəxəssislərin də olduğu bildirilir. Araşdırmalar nəticəsində bu şəbəkə üzvlərinə verilən dəstəyin bir ucunun Bakıya uzandığı da bəlli olur. Bundan sonra Mübariz Mənsimov “SOCAR Türkiyə” layihəsində limançılıq sahəsində pay iştirakçılığından imtina edir.
Mürtəza Bünyadlı gununsesi.info
Комментариев нет:
Отправить комментарий