Sabunçu Rayon Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarov və onunla birlikdə həbs edilən üç MTN əməkdaşının məhkəmə baxışı davam etdirilib.
“Cümhuriyət” qəzeti xəbər verir ki, təqsirləndirilən şəxs Akif Çovdarov məhkəmə qarşısında çıxışında ilginc məqamlara toxunub. O, ilk növbədə məhkəmədə baş verənlərin mətbuatda yayılmasına etiraz edib: “Mənə bir şey çatmır ki, qapalı keçirilən iclaslarda baş verənlər mətbuatda necə dərc olunur. Bu necə qapalı iclasdır? Mən burada adlar çəkəcəyəm, əgər onlardan biri mətbuatda dərc olunsa, aləm bir-birinə dəyər. Son günlər mətbuatda adlar çəkilir. İstintaq işi necə qurubsa, bütün gizli qalmalı işlər ortaya çıxıb”.
MTN generalının əvvəlki məhkəmə çıxışlarından yaranan ehtimallar barədə yazanda qeyd etmişdik ki, bu ləğv edilmiş qurumun keçmiş başçısı Eldar Mahmudovun həbs olunmamasının səbəbi əlində olan məxfi məlumatlar və hakimiyyətdə təmsil olunan dəstəkçiləridir. Akif Çovdarov isə son fikirləri ilə buna qismən və dolayı yolla haqq qazandırdı. Məhz generalın adlarını çəkmək istəmədiyi həmin naməlum şəxslər Eldar Mahmudovdan daha nüfuzlu və hakimiyyətin özəyini təşkil edəcək güclər ola bilərlər. Şübhəsiz ki, Çovdarov vəzifədə olduğu dönəmlərdə Eldar Mahmudovun kimlərlə əlaqə saxladığı və işlədiyi barədə məlumatlıydı. Əgər müxalifət düşərgəsində keçmiş MTN şefinin agentlərinin olması faktı açılıbsa, bu o deməkdir ki, hakimiyyət daxilində də belə agentlərin olmasına şübhə yoxdur. İnandırıcıdır ki, istər maliyyə, istərsə də digər geniş imkanlara malik olan bu şəxslərin icazəsi olmadan Eldar Mahmudov özünə geniş manevr meydanı əldə edə bilməzdi.
Hesab etmək olar ki, həmin şəxslər Eldar Mahmudovun onlara ötürdüyü şantaj xarakterli məxfi məlumatlarla hakimiyyətin özünə qarşı istifadə edə bilərlər. Buna görə də siyasi elita məsələyə bir qədər həssas yanaşır və ehtiyatlı addımlar atır. Ən az Mahmudov və şəbəkəsi ölümcül formada zərərsizləşdirilməyəcəyi vaxta qədər onun həbs olunmayacağını bəri başdan demək olar. Çünki Mahmudov həbs olunsa, proseslərin biri ucu hakimiyyətin öz daxilinədək inkişaf edəcək ki, bu zaman bu adamların sistemdən kənarlaşdırılmasından başqa çıxış yolu qalmayacaq. Belə olan halda da Mahmudovun dəstəkçiləri əvvəldən əldə etdiyi məxfi informasiyalar vasitəsilə sabotaja əl ata bilərlər. İnandırıcıdır ki, həmin şəxslərin siyasi böhranı genişləndirəcək qədər maliyyə resurslarına və texniki imkanlara sahibdirlər.
Başqa sözlə, Eldar Mahmudov məhkəmə qarşısına çıxarılmadan odioz generalın dəstəkçiləri hakimiyyətin öz daxilində real müxalifətdə yer alacaqlar. Çünki əgər Mahmudov həbs olunsa, bu o demək olacaq ki, bu şəxslər keçmiş MTN şefinin ya qələmini “qırıblar”, ya da ondan imtina ediblər. Bu halda Mahmudov üzərinə düşəcək məsuliyyəti azaltmaq üçün danışmaq məcburiyyətində qalacaq. Ehtimal oluna bilər ki, bu günədək açılan cinayət faktları onun həbsi üçün yetərli olduğu halda, azadlıqda qalmasının səbəbi də bunlarla bağlıdır. Keçiriləcək ciddi islahatların onu vuracağını bilən bu zümrə “Mahmudov kartı”nı ortaya ataraq, öz mövqelərində güclənir.
Hesab edilir ki, Eldar Mahmudovun özünə də vaxtilə geniş əl-qolu onlar vermişdilər. Başqa sözlə, hakimiyyətin islahatlara gedən yolunu Mahmudovla işbirliyində olan bu şəxslər kəsirlər. Yəqin ki, elə keçmiş MTN şefini hələlik azadlıqda saxlayan bu səbəblər aradan qaldırılmadan- dəstəkçiləri zərərsizləşdirilmədən onu həbs etməyin ortaya çıxaracağı ağır nəticələr əvvəldən nəzərə alınır.
Mənsur
Комментариев нет:
Отправить комментарий