17.05.2017

Xosrov Barışan - Məktub bayatısı

Küçədə gəliş ayaqsız, saatda zaman donub!
Bu qanadsız baxışım yollara həsrətlə qonub!

Onda birdən-birə, qartal xəyalin yüksələrək
Görürəm; güz nəfəsim göy üzünə ahı yonub!
***
Axtarıram, özüm özümdə itmişəm!
Noqta kimi başlanışımda bitmişəm.
Təkliyimi neçələrdən qopardaraq,
Mənliyimi bizlər içrə əritmişəm.
***
Gül olub açırdın qonça-qonça sözlərimdə.
Yaş olub axırdın damla-damla gözlərimdə.

O günlərdən illər ötdü, amma indi də bax;
Yaşayırlar səni sözlərim də, gözlərim də!..
***
Bu gecə həsrətivi dırnağımda törətmişəm.
Dırnağın cırmağını duvarlara yönətmişəm.
Yumuruqla sorğuya hey çəkərək duvarları,
Ayrılıq göyündə bax; əllərimi göyətmişəm.
***
Sən əsmə səba, söylə o yarin özü gəlsin...
Qonça dodağı, sərv boyu, qaş-gözü gəlsin.
Qeyr-i mey-ü məşuqəni saqi eşiyə at,
Qoy mahnı, qəzəl məhfilimizdə sözü gəlsin.
***
Göz tikmişəm gözə, baxışlar qoşa...
Eşq şeirin gərək baxışlar qoşa.
Sevgililər baxışmasında gərək;
Əylənə duyğular, oynaya, qoşa...
***
Od məndədir, odda yanan odun da.
Heç od belə yanqı doğmaz odunda.
Şêrim nədən sızlar sorma həmişə!?
Gərək yana yaş da quru odunda!!!
***
Mən görəni ey qələmim durma, yaz.
Dərd olmazsa, gözlərdə yaş doğanmaz.
Bax; duyuram sənfonisin ahların,
İldırımsız göydən yağış yağanmaz.
***
Xəyalın gəlibdir, buraxmır yaxa!!!
Qorxuram; həsrətin dünyamı yaxa...
Səslirəm gecədə gəl dahı ışıq,
bəlkə bu daxmama çıxıb ay axa...
***
Sən getmişsən bu il, giyib il qara!
Tüm fəsillər qışdır, batıb il qara!!
Yar diyərək mənə, qoyub getmişsən;
Çaşqınam o sözə, belə ilqara!!!
***
Zaman yenə atın sürür tak-tik ilən...
Gözləyişin yollarına göz tikilən...
Bir zamanlar gözləməyi bilməz idim,
Fələk bizə oynur oyun taktik ilən.
***
Qovuşmaq,çin məktub yazdım o yara,
Hicran şərhi bəlkə onu uyara...
Qəlbim deşir, gözümdən qan tökdürür,
Xəncər kimi yara-yara o yara...
***
Al eşqivin odunda mən yanırdım.
Kül olaraq önündə calanırdım.
Həp acı söz qılıcsız etdin qını.
Sevgi səpib söndürmədin yanqını.
Ayrılıqla yaxdın məni, qovurdun.
Küllərimi püfləyərək sovurdun!!!
***
Sözün mənə ulaşdı.
Dağları çıxıb aşdı.
Məktubuvu oxurkən,
Gözlərim doldu, daşdı...
***
Axşam üstü günəş yeri al masa...
Dənizdə su bənzir qızıl almasa.
Yar da gəlir, gözəllik təkmilləşir...
Gözəlliyə tamaşaya al masa.
Mən vurğunam yara qurban
Öz yanına məni də yar almasa.
***
Baxışıvın haləsində,
  Yanağıvın çaləsində,
      Dodağıvın laləsində,
        Duyğuların baləsində,
              Gözyaşı şəlaləsində,
                Sevdamın məqaləsində
                   Mən sənə aşiq sevgilim,
                      Hüsnüvə natiq sevgilim.

Комментариев нет:

Отправить комментарий