13.12.2010

Arxasında müxtəlif niyyətlər gizlənən “ədəbi şou

Rövşən Yerfi
r.yerfi@gmail.com

Nazirliyin işçisi Şərif Ağayar qəti etiraz edərək münsiflərin adlarını çəkməyimi tələb etdi

Milli kitab mükafatı müsabiqəsinə qatılmaq, yoxsa boykotçulara qoşulmaq?.. Düzü hələ özlüyümdə bir qəti qərara gəlməmişəm. Mətbuatda müsabiqə barəsində gedən müzakirələri maraqla izləyirəm.Boykot edənlərin əksər tənqidi iradları ilə razıyam. Xüsusilə də müsabiqəyə təqdim edilən əsərlərin çoxusunun oxunmadan kənara qoyulması iradı ilə.Bu danılmaz haldır, şəxsən özüm də belə vəziyyətlə rastlaşmışam. Sözümün məğzini açmamışdan əvvəl bildirim ki, son illər mən bu sayaq müsabiqələrdə (o cümlədən keçən ilki MKM müsabiqəsində) bir-neçə dəfə iştirak etmişəm. Belə müsabiqələrdə iştirak etməkdə həmişə mükafat qazanmaqdan çox, iki məqsədim olub. Birincisi ən azından yaradıcı həmkarlarım arasında tanınmağım.Çünki, ədəbi aləmdən kənarda, dövlət işində çalışdığıma görə vaxt azlığından və müəyyən səbəblər üzündən bu insanlar arasında barmaqla sayılacaq qədər dost-tanışım var. Hər bir sahədə olduğu kimi ədəbiyyat sahəsində də tanınmanın rolu inkar edilməzdir. İkincisi isə ümid edirdim ki, heç olmasa yazdığım əsəri ekspertlər və ya münsiflər oxuyacaq.Bir misal çəkəcəyəm: ötən ilin başlangıcında Mədəniyyət və Turizm nazirliyinin təşkil etdiyi “Qızıl kəlmə” müsabiqəsinə də elə bu məqsədlərlə qoşuldum. Mükafatlar təqdim olunan günü mərasimdən sonra salam-əleykkümüm olan iki münsif üzvünə yanaşıb müsabiqəyə göndərdiyim kitabım barədə rəyini öyrənmək istədim.Onlar açıq səmimiyyətlə o kitabı görmədiklərini, oxumadiqlarını dedilər.Səhəri gün mən kitabımın oxunulmamasını nazirliyin işçisi Şərif Ağayara bildirəndə o, qəti etiraz edərək, etiraf edən münsiflərin adlarını çəkməyimi tələb etdi. Şübhəsiz, adları açıqlamağımın vəziyyəti dəyişdirəcək bir xeyri olmayacaqdı, ara yerdə həmin adamlarla xoş münasibətimi itirəcəkdim, ona görə də susdum.
Mən inanıram ki, Azadlıq radiosunun hekayə müsabiqəsində də əgər ekspertlərdən müəlliflərin adı gizlədilməsəydi, mənim hekayəm əlli seçmə hekayə sırasına da düşməyəcəkdi, elə oxunmadan kənara atılacaqdı. Həmin müsabiqənin ekspertlərindən birinin söylədiyi kimi həqiqətən müəllifin kimliyi əsəri oxumadan, əvvəlcədən əlli faiz müsbət və ya mənfi rəyin yaranmasına kömək edir.
Sözümün sonunda Milli kitab mükafatı müsabiqəsinin təşkilatçılarına verəcəyim iki təklifdən birini seçməyi məsləhət görərdim: Azadlıq radiosunun hekayə müsabiqəsindəki metoddan – ekspertlərə müəlliflərin adını gizli saxlamaqdan istifadə etmək, ya da saytda iyirmiliyə düşə bilməyən əsərlərin hər biri barədə iki-üç cümləlik də olsa rəy bildirmək.Belə olarsa qalib gəlməyən müəllifdə doğruluqla bağlı əminlik, günahı özündə axtarmaq hissi yaranar.Əks halda keçən ilki qaydaların davam etdirilməsi, əlbəttə ki, oyunbazlıqdan başqa bir iş deyildir.Sadəcə, arxasında müxtəlif niyyətlər gizlənən “ədəbi şou”.

Комментариев нет:

Отправить комментарий