08.12.2010

Gün çıxdı qəfildən

XƏYALƏ SEVİL


Gün çıxdı qəfildən
Gözlərimi əritdi,
Gözlərim yaşa çıxdı.
Hanı dünyanın adamı?!
Ha uzatdım əllərimi
Əllərim boşa çıxdı.


Allahın fağır taleyi
Mən yazığa yiyələndi…
Ürəyimdə yer verdiyim
Ürəyimi bəyənmədi,
Başa çıxdı.


Elə bağlanıb ki, bu bəxt,
Çətin bir də açıla.
Qara günün əlindən
Axır qapqara olacam.
Bir də baxıb görəcəklər
Qaranlıqda yoxa çıxdım.


                            Atamın cavanlığı 


“Atam hələ cavandı,
Bir az saçları qocalıb.
Çiynində yük daşımaqdan
Boyu-buxunu alçalıb.
Atam hələ cavandı “
Desəm, inanmayın siz.
Atam daha cavan deyil,
Üzünün qırışları
Hörümçək toru kimi,
Baxıram gözüm torlanır,
Cavanca üzüm arlanır.
O adam, bu adamdımı?!
O atam, bu atamdımı?!
Doğdu, törədi illər,
Yurd deyil kirədi illər,
Bir küncə dirədi illər
Atamın cavanlığını.
Ömrün-günün
Qayğısına büründü,
Qayğıları saçındakı
Dənə düşdü.
Balaları arasıda bölündü,
Bir azı qardaşıma,
Bir azı da mənə düşdü
Atamın cavanlığının.

Комментариев нет:

Отправить комментарий