08.05.2011

ANALOQU OLMAYAN SÜD

Zamin HACI                   zaminhaci@gmail.com



Prezident Əliyev 6 mayda Ağcabədidə olarkən “Atropatena” şirkətinin orda qurduğu Süd Kombinatının açılışını da elədi. Kombinatın adı şirkətin “yarısı” - “Atena”dır. Adı necə olur-olsun, bununla işimiz yoxdur. Ancaq prezident elə həmin gün zona üzrə müşavirə keçirəndə bu kombinatı “Şərqi Avropada analoqu olmayan müəssisə” adlandırdı, mən də bir keçmiş iqtisadçı kimi maraqlandım ki, görəsən bu zavodun analoqsuzluğu nədədir.
İlk növbədə kombinatın adından verilən məlumatdakı gopun yekəliyi məzəlidir. Sitat: “Müəssisənin fəaliyyəti ilə tanış olan dövlətimizin başçısına məlumat verildi ki, "Atena" süd emalı kombinatında Avropanın ən müasir avadanlıqları quraşdırılmışdır. Zavodda ilkin olaraq 42 çeşiddə süd məhsullarının istehsalı planlaşdırılır ki, gələcəkdə bu rəqəmi 100-ə çatdırmaq nəzərdə tutulur" (AzərTAc). Görəsən bu 42, daha sonra isə 100 çeşiddə süd məhsulu deyərkən nəyi nəzərdə tuturlar? Axı süd məhsullarının bütün dünyada məlum olan çeşidləri - ayran, qatıq, pendirdən tutmuş ta kumusa və şora qədər - 30-dan çox deyil. Bəlkə zavodda südlü heykəl, ayranlı park, yaltaqlıq yoqurtu və sairə bu kimi yeni məhsullar da buraxılacaq, dünya sənayesində yenilik olacaq? Bizdə hər şey mümkündür. Axı analoqumuz yoxdur!
Gələk elə bu analoq söhbətinə və Şərqi Avropa məsələsinə. Rəsmi məlumata görə, bu Ağcabədi süd zavodu ildə təxminən 7-8 min ton süd istehsal eləməlidir, işçilərin də sayı 100 nəfərdir. Halbuki Ukraynanın (ona görə oranı yazıram ki, Şərqi Avropadan söhbət gedir) təkcə bir süd zavodunda - Romensk kombinatında ildə 80 min tondan çox süd emal edilir, işçilərin sayı da 800 nəfərdir. Bəlkə “Şərqi Avropada analoqu olmayan” deyərkən zavodun balacalığı nəzərdə tutulurmuş? Nə biləsən...
Ancaq rəqəmlərə aludə olmuşuqsa yolumuza davam edək, səfərimiz Andorrayadır. Təəccüblənməyin, dünən APA-nın xəbərlərində gözümə gülməli biri dəydi: İspaniyadakı səfirimiz gedib Andorraya, Azərbaycanla bu cırtdan ölkənin iqtisadi əməkdaşlıq perspektivlərini müzakirə edibdir. Təsəvvür edin, bu Andorranın ərazisi cəmi 468 kvadrat kilometrdir, əhalisi isə 90 min nəfər ola ya olmaya. Orda futbol oynayanda, yalan olmasın, top gah qonşu Fransanın, gah da İspaniyanın ərazisinə düşür. Müqayisə üçün elə həmin Ağcabədinin ərazi və əhalisini yazıram: 1760 kvadrat kilometr və 109 min nəfər. Belə çıxır ki, analoqu olmayan iqtisadiyyata malik dövlətimiz Ağcabədinin yarısının yarısı boyda da olmayan bir cırtdan dövlətlə əməkdaşlığa məcburdur. Ancaq siz burda Andorraya lağ eləməmişdən öncə istərdim başqa önəmli iqtisadi rəqəmlə də tanış olaq. Bu, yapokratların həmişə boğazdan yuxarı danışdıqları Ümumi Daxili Məhsuldur. ÜDM.
Camaatın çoxu bunun mənasını heç bilmir, sadə dillə desək ÜDM - bir ölkədə il ərzində istehsal olunan bütün məhsul və xidmətlərin pulla dəyəridir. Yəni, Məmməd süd istehsal eləyir, Əhməd restoran açır pul qazanır, Səməd taksi sürür və sairə - bunların hamısının illik cəmi ÜDM-dir. İndi gəlin o cırtdan Andorranın adambaşına düşən ÜDM istehsalına baxın: 44 min 623 dollar. Sizcə Azərbaycanda bu rəqəm neçədir? Yapokratiya bizi analoqu olmayan inkişafla 18 ildə hansı rəqəmə aparıb çıxardıb? Buyurun: cəmi 3 min 235 dollar (2010-cu ilin məlumatları). Gülünc bir şey.
Andorraya ildə bilirsiniz nə qədər turist gəlir? 9 milyon! Bizim adam sayımız qədər. Yapokratlar isə hətta AZAL reysləri ilə Rusiyadan “sezondan” qayıdan vətəndaşımızı da turist siyahısına “vurmaqla”, bir növ turist “pripiskası” ilə məşğul olmaqla da keçən ilin statistikasında ölkəyə gələn turist sayını 1 milyondan yuxarı çıxarda bilməmişdi.
Molla Nəsrəddinin lətifəsi yada düşür. Bir gün Molla danışır ki, filan kənddə idim, orda çox ipə-sapa yatmaz at gördüm, heç kimi belində saxlamırdı, vururdu yerə: “Dedim çəkilin qırağa, hoppandım atın belinə...” Bu vaxt Molla görür ki, həmin kənddən kimsə içəri girdi, susur. Camaat intizarla soruşur ki, bəs axırı nə oldu. Molla deyir: “Heç mən də minə bilmədim”.
Nəzərə alın ki, burda da Şərqi Avropa “kəndlərindən gələnlər” olur.

1 комментарий:

  1. Анонимный08.09.2011, 05:42

    Sənin sərəfin var Belə yazilar yazirsan dövlətin haqqda?bilirsən niyə belə yanib tökülürsən cün ki sənə hecnə catmir beladə olmalidir vətən xaininə ancaq alninin ortasindan girəsi bir mərmi düsur

    ОтветитьУдалить