08.05.2011

RÖVNƏQ ABDULLAYEV HÜSEYN ABDULLAYEVİN SÜRÜCÜSÜ OLUB

ARDNŞ prezidentinin karyerasında sabiq deputat ciddi rol oynayıb



Parlamentin son iclasında deputat Qüdrət Həsənquliyevlə həmkarı, ARDNŞ prezidenti Rövnəq Abdullayev arasında “donqili” dartışması baş verib. Bunun təfərrüatları haqqında digər yazılarda bəhs olunur. Bu səbəbdən biz mahiyyətə deyil, burada Rövnəq Abdullayevə qarşı səslənən bir ittihama dair qeydlər edəcəyik.
Çıxışında Dövlət Neft Şirkətinin ünvanına da iradlarını bildirən Q.Həsənquliyev bu qurumun sahibkarlara xeyli borcu olduğunu deyib: “...Neft şirkətinin özünün azərbaycanlı sahibkara 100 milyonlarla borcu var, vermir. Onlardan biri ilə bağlı Rövnəq müəllimə müraciət etmişəm, amma nəticəsi yoxdur, söz verdi, eləmədi. Vaxtilə mən mətbuatda oxumuşdum ki, Rövnəq müəllim özü də hansısa şirkətin prezidentinin şoferi olub. Təsəvvür edin ki, indi həmin şirkətin Neft Şirkəti ilə kontraktı var və həmin şirkətin pulunu Neft Şirkəti vermir. Axı, həmin şirkət öz işçilərinə maaş verməlidir. Biz öz vətəndaşlarımıza, sahibkarlarımıza hörmətlə yanaşmalıyıq. Ondan sonra başqa iri layihələr haqqında düşünməliyik”.
Hüseyn AbdullayevQ.Həsənquliyev ad çəkməsə də, mətbuatda dəfələrlə ARDNŞ rəhbərinin keçmiş deputat Hüseyn Abdullayevin sürücüsü işlədiyi bildirilir. Həmin vaxtlar Rusiya və Ukraynada bizneslə məşğul olan Hüseyn Abdullayev işsiz olan Rövnəq Abdullayevi işə götürüb. Mərhum Heydər Əliyev hakimiyyətə gələndən sonra isə H.Abdullayev ətrafındakı bir çox adamları, o cümlədən Rövnəq Abdullayevi vəzifəyə təyin etdirib. Sürücü R.Abdullayev Hüseyn Abdullayevin dəstəyi ilə əvvəlcə Əzizbəyov Neft-Qazçıxarma İdarəsində mühəndis, 1998-ci ildə isə trest rəisi olub. Onu sonralar “Azneftyağ”ın direktoru təyin etdilər. Oradan isə ARDNŞ prezidenti vəzifələrinə gəldi.
Ümumiyyətlə hakimiyyətdə yüksək post tutan bir neçə adam vaxtilə H.Abdullayevin əlinin altında çalışıb. Onlardan biri də nəqliyyat naziri Ziya Məmmədovdur. Z.Məmmədovun da vəzifə pillələrində yüksəlişində H.Abdullayevin danılmaz rolunun olduğu deyilir. Deyilənə görə, Z.Məmmədovun Dövlət Dəmir Yolu İdarəsinə rəis təyin olunmasını mərhum prezident Heydər Əliyevdən məhz H.Abdullayev xahiş edib. Amma dünyanın qəribə işləri var. Vaxtı ilə Hüseyn Abdullayevin böyür-başında hərlənən adamlar indi dövlətin az qala təpəsində qərar tutublar.
Bir maraqlı məqamı da qeyd etmək yerinə düşərdi: 2005-ci ildə Hüseyn Abdullayevin deputat seçildiyi dairəni hazırda Milli Məclisdə Rövnəq Abdullayevin yaxın qohumu Sədaqət Vəliyeva təmsil edir. Sədaqət xanım mandata çox ciddi saxtakarlıqlar nəticəsində sahib olub. Bu saxtakarlığın və ümumiyyətlə, onun parlamentə düşməsinin arxasında ARDNŞ prezidentinin dayandığı haqda təkzibedilməz faktlar var. Xatırladaq ki, 2010-cu ilin parlament seçkisində H.Abdullayevə heç namizədliyini irəli sürməyə imkan verilmədi. Görünür, bu da taleyin bir ironiyasıdır...

Tofiq ƏHMƏDLİ                          musavat.com

Комментариев нет:

Отправить комментарий