08.05.2011

MUMİYALANMIŞ MƏMURLAR

Murad KOHNƏQALA



Deyir, rəhmətlik bin Ladenin vəsiyyətnaməsi tapılıb. Sən demə, terrorist bu vəsiyyətnaməni 2001-ci ilin 14 dekabrında yazıbmış. O, həmişə öz arvadına ən yaxın adamları tərəfindən xaincəsinə öldürüləcəyini deyirmiş. Terrorçu ər həyat yoldaşına öz ölümündən sonra ərə getməməyi tövsiyə edib. Onun yazdığı bu vəsiyyətnamə Küveytin “əl-Ahba” qəzetinin əlinə keçib.
Yadıma Səddam Hüseynin istintaq zamanı təcridxanada yatdığı zamanlar düşdü. O, üstündə nəzarət eləyən əsgərlərlə daima qadınlar haqda danışırmış. Hətta subay əsgərlərə hansı formada və məzmunda olan qadınla evlənməyi tövsiyə edirmiş. Səddam kişi deyirmiş, mən beli incə, sarışın qadınları çox sevirəm. Belə bir zərif duyğusu olan adamı niyə asdılar, hələ də anlaya bilmirəm. Əsgərlərə deyirmiş, çalışın aldığınız arvadların dişləri sağlam (qədimdə qul alarkən əsasən dişlərinə baxırlarmış), beli incə, arxası yumru olsun. Kifir qadınla evlənməyin. Daim gülən qadınları ailə qurmaq üçün daha məqsədəuyğun sayırmış. Özü də əsgərlərə deyirmiş, bax, mənim dediklərimi eləməsəniz, sizdən ömürlük küsərəm.
Səddam Hüseyn alt tumanında olduğu vaxt əsgərlər onun şəklini çəkib satırdılar. Bu alverdən kalan pul qazanmışdılar. Lakin insanları diri-diri divara hördürən Səddam kişi əsgərlərin bu hərəkətini eşidən kimi onları məhkəməyə vermişdi. Şikayət ərizəsində yazmışdı ki, əsgərlər tumançaq şəkillərimi yayaraq mənim şərəf və ləyaqətimi alçaldıblar.
Əlbəttə, əsgərlər düzgün iş görməmişdilər, kişinin o boyda şərəf və ləyaqətini biabır eləmişdilər. Xoşu gəlməyən gəncləri öz şirlərinə yedizdirən Uday kimi bir oğulun atasının tumançaq şəklini yaymaq doğrudan da güzgün deyildi. Səddam Hüseyn öz şərəf və ləyaqətinin müdafiəsinə qalxan vaxtlar bu məsələ Azərbaycanda da dəbə mindi. Məmurlar jurnalistləri məhkəməyə verirdi ki, qəzetdə mənim şərəf və ləyaqətimə toxunub. Tutatut başlamışdı.
Bir məmurun adını çəkəsi deyildin, o saat şərəf və ləyaqətdən danışırdı. Jurnalist məmurun oğurluğundan yazırdı, məmur da şərəfdən dəm vururdu. Hakimiyyət də həmin oğru məmuru müdafiə eləyirdi. Azərbaycanda ayaq açıb yeriyən bu şərəf və ləyaqət bumu, nəhayət ki, Səddam Hüseyn asılandan sonra səngidi.
Məşhur qaniçən Beriyanı güllələməyə aparanda qışqırırmış ki, mənə bir qadın verin. Çin diktatoru Mao Tsze Dun sarayda özü üçün yüzlərlə azyaşlı qız saxlayırmış. İndi də bu bin Laden! Öləndən sonra da arvadı idarə eləmək istəyib. Bu da qədim ərəb təfəkkürüdür. Fironlar özlərini elə ona görə mumiyalatdırırmış ki, öləndən sonra da qulları idarə eləyə bilsinlər. Onlar mumiyanın içində guya sağ qalırdılar. Tarixdə bu təfəkkürdə olan hökmdarlar öləndə arvadlarını da diri-diri yanlarında basdırmağı bir zamanlar yaman mod salmışdılar. Hökmdar öldümü, onun vəsiyyətinə uyğun olaraq arvadlarını bağırda-bağırda yanına gömürlərmiş. Bəziləri bu işdə bir az korrekt olub yalnız ən sevimli qadınının basdırılmasını vəsiyyət eləyirmiş. Ərəb qaydalarının şəxsən mənə sərf eləyən bir yaxşı cəhəti də o idi ki, arvad öləndə heç vaxt kişini onunla basdırmazdılar.
Yaxşı ki, ərəblər bu arvad basdırma məsələsini yığışdırıblar. Bizdə hazırda da ərəb təfəkkürü hökm sürür. Adını demokratiya qoyduğumuza baxma, qurduğumuz ərəb təfəkkürünə söykənmiş bir şeydi. Bu saat bizimkilər Qəzzafiyə azarkeşlik eləyir. Məmurlarımızın hamısı ya Səddam Hüseyndi, ya da Bəşər Əsəd. Bunların arasında bir dənə Steynar Gil tapa bilməzsən. Bu ərəb təfəkküründə torpaq, düzgünlük, xalq heç vaxt namus-qeyrətdən sayılmır. Namus-qeyrət deyən kimi bu təfəkkürün yadına yalnız qadın düşür. Bin Laden də əlinə qələm alıb vəsiyyət eləyəndə yadına birinci arvadı düşmüşdü.
Yaxşı ki, ərəblər ölənin arvadını yanında basdırmaq mərəzindən əl çəkdilər, yoxsa indi bizdə qəbir yerinin biri 2 min manata qalxmışdı.


Комментариев нет:

Отправить комментарий