10.05.2011

Astara Gömrük İdarəsi - “Quantanamo” həbsxanası

Buranın «generalnı qapı»sı və dəmir barmaqlıları var, ancaq rəisi yoxdur
Abıyevlər camaata qan uddurur; 10 kq-dan artıq yükə haqq ödəməlisən; üç mərhələyə dözüb rüşvət verməmək isə hər oğulun işi deyil...
“Bu günü heç düşmənimə də arzulamıram”. Astara Gömrük Idarəsində bu deyimin nə qədər dəqiq yerində işləndiyini anladım. Cənubda idarə “Quantanamo” həbsxanası adlandırılır. Biz də orada olanda bir idarənin həbsxanaya necə bənzədiyinin şahidi olduq. Artıq bir aydır ki, Irana adlamaq istəyənlər gərək dəmir barmaqlılar arasından keçsin. Kənardan müşayiət edən şəxs “Quantanamo”dan xilas olanların sifətində sevincini, hələ də qurtuluş növbəsini gözləyənlərin üzündəki iztirabı aydın sezə bilər. Dəhşətdir, oralar...
Əl cibə girməyəndə
Bilmirəm yazını necə başlayım ki, sizə də xoş olsun. “Bizim Quantanamo” haqda o qədər informasiya əldə etdik ki, sil-süpür etmək çox çətindir...
Astara Gömrük Idarəsinin qarşısına hər gün toplaşıb Irana gedənlər artıq həyatlarından, yaşayış tərzlərindən beziblər. Hətta bəziləri bu cür yaşamağın mümkünsüz olduğunu dilə gətirirlər, ancaq razılaşmaya da bilmirlər. Çünki başqa yerdə iş təminatı yoxdur ki, ora üz tutsunlar. “Quantanamo” başdan-ayağa korrupsiya ocağıdır. Girişdən-çıxışa qədər ortada pul söhbəti var. Günü-gündən də həbsxananın vəziyyəti bilərəkdən ağırlaşdırılır ki, insanlar əzaba dözməyib “kisə”lərinin ağızını açsınlar. Təsadüfi deyil ki, artıq dəmir barmaqlıqlar bir aydır idarənin qarşısında “peyda” olub. Və bu barmaqlıqlar üç mərhələlidir. Çox nadir hallarda adam tapılar ki, hər üç mərhələyə dözüb Iran sərhədinə rüşvətsiz yaxınlaşsın. Bunu bacaran adam da gərək səhər saat 6-da idarənin qarşısında olsun və axşam 16-17-dən sonra tikanlı məftilləri adlaya bilər. Çoxları da bu ağrıya dözə bilmir. Nəticədə qəpik-qəpik yığılan ciblərə axıdılır. Idarədə “Generalnı hesab” deyilən bir “qurum” var. Bir qism adam oranı “General qapısı” da adlandırır. Yəni 20 manat ödəməklə bir anın içərisində o üzə keçə bilərsən. Bu məbləğdən bir az ödəyənlər isə bir neçə saat yubadılır. Ümumiyyətlə, əllərini ciblərinə salmayanlar Allahın ümidinə qalır. Allahın ümidinə qalanlara həmin gün sərhədi adlamaq nəsib ola da bilər, olmaya da...
Səsini çıxarda bilməzsən. Tanımadığın “mühafizə xidməti”nin əməkdaşları başının üstünü kəsdirir.
Barmaqlıqlar arasında növbə gözləyənlərin ah-vayı, qışqırığı, naləsi, ən sonda etiraz səsini yüksəltməsi belə heç nəyi dəyişmir. Ürəyi gedən kim, təzyiqi qalxan kim. Bütün bunlar kimsəni narahat belə etmir. Cənubluların öz dili ilə desək “demaqoq” olmasan, vay halına. Gərək bir az hayqırasan ki, sənə hansısa formada şərait yaradılsın. Işi asayişi qorumaq olan, ancaq qoçu yığnağı olan bir qrup şəxs Astaranın ucqar kəndlərində yaşayan, xüsusi seçilmiş enlikürək gənclərdir. Üzərində “mühafizə xidməti” yazılmış gödəkçələr geyinərək insanlara hədə-qorxu gəlirlər. Lap kasıbı, fağırı ayaqlarının altına salıb döyür, gətirdiyi malın hamısını ələ keçirirlər. Yaxınlıqdakı polis idarəsi isə heç nə olmamış kimi hər gün fəaliyyətini davam etdirir...
Hər bir ərzağın özünün “rüsumu” var
Elə gün olur ki, heç 200 nəfər cənublu Irana keçə bilmir (Hər 10 dəqiqədən bir iki-üç nəfər xilas olur). Daimi gediş-gəliş edənlər deyirlər ki, bunu bilərəkdən edirlər: “Bu cür olanda insanlar məcbur olub pul verir. Iran gömrüyü bizə çox şərait yaradır. Düzdür, məhsullarını gətirib onlara xeyir veririk. Ancaq yoxlama zamanı bizi o qədər də incitmirlər. Yubatma çox nadir hallarda olur. Ərzaq alıb Astara tərəfə keçəndə isə ”rüsum" tələb edirlər. Adi bir kağız parçası da vermirlər ki, ödədiyimiz pulun miqdarı ora yazılsın. 10 kiloqrama qədər ərzaqdan “rüsum” almırlar. 10 kq-dan artıq oldu ki, başlamalısan pul paylamağa. Bir ərzaqdan çox gətirsən artıq səndən şübhələnirlər. Hər bir alınan malın özünün “rüsum” qiyməti var. Qiyməti bir az baha olan ərzağa görə çox pul verməlisən. Bildiyimizə görə, Nazirlər Kabinetinin qərarı var ki, 50 kq-a qədər yükü pulsuz gətirə bilərik. Ancaq imkan vermirlər. Addımbaşı pul tələb edilir. Ərzaq sonda elə bir qiymətə sənə başa gəlir ki, onu Astaranın dükanlarından almaq daha sərfəlidir".
Bilərəkdən belə şərait yaradıldığını deyən alverçilər deyirlər ki, bəzi məmurlar hər bir ərzağın Astara gömrük məntəqəsindən buraxılmasında maraqlı deyillər: “Pendir alanda gərək ailə üçün aldığını sübut edəsən. Əgər beş kilodan artıq alsan, deməli, satmağa alırsan və çox vaxt onu əlindən alıb anbara atırlar”.
Gestapo rejimi
Biz idarənin qarşısında olanda o yandan Azərbaycana gələn, dəmir barmaqlıqları görən, iniltini eşidən, ah-vaya qulaq kəsilən iranlılar dəhşətə gəldilər. Onlar belə mənzərə ilə qarşılaşacaqlarını ağıllarına gətirmirdilər. Bizimkilər rüşvət tələb edəndə isə qeyd-şərtsiz verirlər. Ancaq minnət vura-vura təxminən belə deyirlər: “Neyniyək day, nöyütünüz yoxdur. Məcburuq ki, sizləri biz dolandıraq da”.
Irana getməyin ən rahat yolu taksidir. Maşında üç sərnişin götürən sürücü adamına baxıb pul alır. Məsələn, bizim jurnalist olduğumuzu bilməyən, Irana gəzməyə çıxdığımızı eşidən şəxs 100 manata apara biləcəyini dedi. Sonradan öyrəndik ki, 90-a, hətta 75-ə getmək mümkündür. Məlum oldu ki, üç sərnişindən alınan pulun 60 manatı Iran gömrüyünə verilir. Sürücülərdən hələ ki, bizim tərəf ciddi şəkildə pul almır. Ancaq yaxın zamanlarda bu işə də qol qoyulacaq. Belə ki, sığortası olmayan maşınlar hər “reys” üçün 10 manat ödəməli olacaqlar.
“Astara Gömrük Idarəsi əsl gestapodur. Burada insanlarla vəhşicəsinə davranırlar. Söyən kim, döyən kim... Istəkləri odur ki, biz bezək o tərəfə keçməyək. Kimə şikayət edirsən et, heç bir köməyi yoxdur. Əksinə daha çox incidilirsən. Var qüvvələri ilə çalışırlar ki, bizə mane olsunlar. Oradan çox mal keçirə bilməyək” - bu sözlərin müəllifi Bəhram adlı tacirdir.
İdarənin rəisini görmək mümkün deyil
Idarənin rəisinin üzünü indiyə qədər heç bir sadə astaralı görə bilməyib. Qəbul günləri olsa da, kiminsə ora ayaq basması hansısa möcüzə sayəsində bəlkə mümkün oldu. Rəisin müavini isə Daşkəsənin icra başçısı Əhəd Abıyevin qardaşı, polkovnik Qadir Abıyevdir. Ə.Abıyevin başqa bir qardaşı Vaqif Abıyev də idarədə mühüm vəzifələrdən birində çalışır. Şikayətlərin də ən çoxu məhz Abıyevlərdəndir. Camaat deyir ki, bu iki şəxs onlara qan uddurur.
Başqa vəzifəlilər də insanlarla yola getmir, ancaq...
Astaralıların sözlərinə görə, idarədə işləyən kiçik məmur belə ayda bir maşın dəyişdirir: “Ayda 200-300 manatlıq evdə kirayə qalan, hər gün bahalı restoranlarda şam edən şəxs hökumətin pulu ilə necə dolana bilər?”.
Sual olduqca maraqlıdır və cavabı bizə bəlli olmadığı üçün aydınlıq gətirməyi aidiyyəti qurumların öhdəsinə buraxırıq...
Kiçik sözardı...
“Quantanamo”dan reportaj hazırlayarkən mülki geyimlilər şəkil çəkməyimizə mane olmağa çalışdı. Fikirlərini “əgər şəkil çəksəniz, gəlib sizi aparacaqlar. Üzərinizə çəkdiyiniz şəkilləri başqa ölkəyə satmaq damğası qoyacaqlar” kimi izah etdilər.
Biz isə bütün bunları başqa ölkəyə satmaq yox, qəzetdə işıqlandırmaq üçün lentə aldığımızı bəyan etdik. Və budur, baxın, oxuyun!..
Ramin DEKO,
Bakı-Astara-Bakı

Комментариев нет:

Отправить комментарий