10.05.2011

Azadlıq meydançası

PƏRVIZ



“Azadlıq” qəzetində Natiqin Bakı şəhər Icra Hakimiyyətinin Bibiheybətdə təklif etdiyi meydançanı təsvir eləyən yazısı çap olunub. Yazıya meydançadan çəkilmiş bir şəkil də əlavə edilib. Şəkildə yan-yanaşı saz vəziyyətdə olan iki azbes truba görünür. Ilk təəssüratdaca durbini xatırladır. Sanki azadlığın, demokratiyanın, sosial ədalətin bizdən hansı məsafədə olduğunu görmək üçün qoyulub meydançaya.
Durbin optik yollarla uzağı yaxınlaşdırıb görmək üçündü. Deməli, azadlıq bizdən çox uzaqdadı. YAP hakimiyyətində biz onu yalnız optikanın yardımı ilə görə bilərik. Meydançanın ətrafı isə iri təpələrlə əhatə olunub. Bilmirəm, onlar dağ sayılır, yoxsa yox. Hər bir halda bu dağ-təpə göz ala biləcək hüduddadı və o hüdudda azadlıq-demokratiya adında gözə dəyən heç nə yoxdu - görünən yenə də iri məmur qəsrləridi. Yox, əgər axtardıqlarımız o dağların arxasındadısa, onda durbindən kar aşmaz. Qısacası, demək istəyirlər ki, a balam, gedin aşığınızı atın, azadlıq-mazadlıq yoxdu.
Əslində isə bu durbin baş aldatmaq üçündü. Hansısa mücərrəd, dağlar arxasında yerləşən azadlıq-filan yoxdu. Əsl azadlıq elə o meydançanın özüdü. Indi deyəcəm necə.
Natiq meydançanı çox gözəl təsvir eləyib: “Meydançaya getmək üçün gərək ”20-ci sahə" dairəsində düşüb, piyada 2 kilometrədək yol gedəsən. Meydana aparan yolun bərbadlığı isə ayrı bir mövzudur - küçə başdan-başa çala-çuxur, gölməçələrdir" (Iki kilometr piyada, hə... Azadlığın da yolu həmişə belə uzun olur da - özü də piyada).
Natiq bəy daha sonra belə təsvir eləyir:
“Meydançanın dördüncü tərəfi isə qurudulmaqda olan neft gölməçələridir. Həmin tərəfdə iri torpaq təpələri var. Onları, yeri qazıb bura yığıblar.
Nəzəri olaraq, qəbul etsək ki, müxalifət burada aksiyaya “hə” deyib, o halda oradakı mitinqi dağıtmaq üçün polisə-filana ehtiyac qalmayacaq. Xəfif külək kifayətdir ki, qalaqlanan torpaqla aksiyaçıları dağıtsın.
Meydança avtomobil təlimləri üçündür. Onun asfalt örtüyü baxımsızlıqdan və istidən artıq mazut halını alıb. Ümumiyyətlə, ərazini kəskin üfunət sarıb. Bu üfunət yaxında qurudulmamış mazut gölməçələrindən və ya açıq kanalizasiya axarından yayılır".
Bu sözlərə xüsusi diqqət verin: - “kəskin üfunət, mazut, torpaq təpələri, neft gölməçələri...”. Bunlar boşuna deyil. Əksinə, tam anlam daşıyan işarələrdi. Işarələr çox vaxt insan və hadisələrin iradəsindən kənar olaraq onların içini açır, mahiyyətini ortaya qoyur, dünyabaxışını, əxlaqını sərgiləyir, nişan verir, qandırmağa çalışır. Əsl azadlıq elə bu meydançanın özüdü, dedim. Bu bizim “Azadlıq” meydanımız deyil, bu, hakimiyyətin təsəvvür elədiyi və ya mövcudluğunu isbat eləməyə çalışdığı azadlığın, insan haqlarının, demokratiyanın, söz azadlığının özüdü. Bu ölkədə var olan azadlıq budu - dağların, yamaclarda ucaldılmış qəsr və villaların mühasirəsində, çirkli gölməçələrdə, neft-mazut yığnaqlarında, üfunətdə, kanalizasiya çıxanlarında, toz-torpaq altında boğulmuş, alçaldılmış, təhqir edilmiş azadlıq.
Onların Azərbaycan insanına bundan artıq verə biləcəyi bir azadlıq yoxdu zatən. Insanımızın öz imkanlarını gerçəkləşdirməsi üçün də bundan böyük, bundan uyarlı meydan verməyəcəklər. Onların təklif elədiyi azbes durbinlər belə, üfüqdə heç bir parıltı göstərmir.
Sürücülük peşə məktəbi də elə-belə deyil. Onların gözündə azadlıq da sürücülük vəsiqəsi kimi rüşvətlə başa gələn şeydi. Biz isə öz azadlığımızı sürməyi çoxdan öyrənmişik - öz qanımız, öz canımız bahasına. Bizim azadlığımızı sürmək üçün öz meydanımız var - AZADLIQ MEYDANI. O Meydana çatmağımıza lap az qalıb, qardaşlar!

Комментариев нет:

Отправить комментарий