10.05.2011

Lalədi, nərgizdi... dərddi Lənkəran

Dövlət başçısı lənkəranlılardan niyə yan gəzdi?
Lənkəranda günün əsas müzakirə mövzusu ölkə başçısının cənuba səfəridir. Sadə vətəndaşlar hələ də Ilham Əliyevin onlardan niyə bu qədər gen gəzdiyini anlamırlar. Çoxu hələ də onun yaxşı padşah olduğunu, sadəcə ətrafındakı vəzir-vəkillərin onu aldatdıqlarını düşünürlər. Ancaq əksini fikirləşənlər də var. Belə ki...
“Cənab prezident, imzadan öncə oxuyun!”
Ölkə başçısının bir neçə gün öncə cənuba səfərində maraqlı məqamlar müşahidə olunub. Masallıda bir neçə yerdə xüsusi hazırlıqlı müəllimlərlə görüşdən sonra Lənkərana üz tutan Ilham Əliyev qəfildən rayonun Liman şəhərində maşını saxlatdırıb. Düşdüyü yer də Heydər Əliyevin “müstəqilliyimiz əbədidir, dönməzdir, sarsılmazdır” kəlamlı dəmir lövhənin yanı olub. Heç kəs bunu gözləmirmiş. Dili tutulan kim, ölkə başçısına mədhiyyələr qoşan kim. Bir sözlə, hərə bir avaz oxuyub. Ancaq bir nəfər irəli çıxıb dərdini anladıb. Yaşlı kişi Ilham Əliyevə xitabən bunları deyib: “Cənab prezident, Səlim Müslümov qarşınıza sənəd qoyanda, imza atmazdan öncə bir ona nəzər yetirin. Müslümov evimizi yıxıb, pensiya verilməsi üçün yaş həddini 63-ə qaldırıb. Günün bu çağında kim 63 il ömür sürə bilər?”. Ölkə başçısı da ənənəvi cavabını verib: “Biz bunları nəzərə alarıq”. Və beləcə, görüşü bitmiş hesab edərək Lənkərana üz tutub. Rayonda haralarda olduğunu, kimlərlə görüşdüyünü qeyd etməyin o qədər də əhəmiyyəti yoxdur. Bu barədə çoxlu “dastanlar” dolaşır. Keçək əsas məsələyə...
Ölü zona, barıt çəlləyi və ictimai asayiş
Lənkəran hazırda “ölü zona”nı xatırlatmaqla yanaşı, həm də barıt çəlləyi təsiri bağışlayır. Bəlkə də yazmağın və deməyin yeri deyil. Ölkənin başqa bölgələrindən fərqli heç nə yoxdur; işsizlik, sosial problemlər. Işsizlikdən əvvəllər daha çox Rusiyaya üz tuturdularsa, indi yeni iş yeri kimi Iran da var. Əksər lənkəranlıda xarici pasportun olduğunu görə bilərsən. Sanki insanlar fürsət düşən kimi ölkəni tərk edəcəklər. Ancaq bu xarici pasport ildə 4-5 dəfə ölkənin cənub sərhədlərini bir neçə saatlıq aşmaq üçün alınıb. Beş-on manat çörək pulu üçün Irana üz tutanlar Astara gömrüyündə olmazın əziyyətlərə qatlaşırlar. Saatlarla yubanma, sənədlərin yoxlanılmasında yaradılan maneələr, gətirilən 15-20 kiloluq ərzağa dəfələrlə baxış keçirilməsi insanların əsəblərini məhv edib. Hə, bir də, Irana üz tutanlar öncədən bilməlidirlər ki, ölkəyə hansı ərzağı gətirə bilərlər. Düzdür, bu barədə gömrükdə heç kim bizimkiləri təlimatlandırmır. Ancaq cənublular intuisiya hesabına anlayırlar ki, nəyi gətirmək olar, nəyi yox. Hansı ərzaq monopoliyadadır, onu sərhəddən bu yana aşırtmaqla “qayda-qanunu” pozmuş sayılır və s. Elə Bakıda mitinq keçirən müxalifət, rəsmilərin dediyi kimi, “ictimai asayişi” necə pozursa, sadə lənkəranlılar da eləcə....
“Müxalifət”ə dəstək aksiyası
Insanlarla söhbət edəndə məlum olur ki, indiki icra başçısı Tofiq Ibrahimov sələfi “Çakır” ləqəbli Süleyman Mikayılovdan o qədər də fərqlənmir. Əgər “Çakır” qolunun gücünə insanları əzişdirirdisə, hazırkı başçı bunu MTN və DIN-in yerli şöbələrinin əməkdaşlarının öhdəsinə buraxıb. Icra başçısının ictimai-siyasi fəaliyyəti yalnız 6 aydan bir hesabat oxumaqla yekunlaşır.
T.Ibrahimovun qəbuluna da düşmək çox müşkül məsələdir. Söhbətləşdiyim rayon sakinlərindən kimsə icra başçısıyla görüşə bilmədiyini deyir. Dediklərinə görə, cümə qəbul günü sayılır. Ancaq qəbul vaxtları şikayətçilər icra hakimiyyəti binasının kandarına ayaq qoya bilmirlər. Fikirlərini belə izah edirlər: “Həmin gün rayonun bütün kəndlərinin icra nümayəndəsi ilə yanaşı bələdiyyə üzvləri binanın qarşısını kəsdirirlər. Məsul olduqları ərazidən şikayətçi görən kimi tez onu kənara çəkirlər. Deyirlər ki, şikayət etməyə ehtiyac yoxdur. Gələn həftəyə problem həll olunacaq. Bununla da narazı şəxsləri ərazidən uzaqlaşdırıb bir həftə qazanmış olurlar. Növbəti bir həftə üçün həmin şəxslər artıq işlərini elə sahmana salırlar ki, sən icra hakimiyyətinə üz tutanda belə bu heç nəyə yaramır”.
Deyilənlərə aydınlıq gətirmək üçün icra hakimiyyətinə üz tutdum. Oradan bildirdilər ki, Tofiq Ibrahimov kəndlərə çəkilən yollarla əlaqədar iş başındadır. Nə vaxt gələcəyi isə dəqiq bilinmir. Günün sonuna qədər əlaqə yaradacaqlarını söylədilər. Günün sonunda isə bunun mümkün olmayacağını dedilər.
Başqa rayonlara nisbətdə ilk baxışda Lənkəranda müxalifətə yaxşı şəraitin yaradıldığını düşünmək olar. Ancaq gerçəkdə bunun belə olmadığını anlayırsan. Rayonda demək olar ki, müxalifət adıyla tanınan bütün partiyaların özəyi var. BAXCP, BQP, AVP, ASDP, AMIP, Ədalət, ADIP və.s. Siyahını uzatmaq da olar. Adları çəkilən bu partiyaların fəaliyyətinin nədəni isə rayonda siyasi plüralizmi göstərməkdir. Guya Lənkəranda hər şey öz axarındadır və bütün müxalif fikirlərə hörmət edilir. Halbuki həqiqi müxalifət partiyalarından yalnız Müsavatın kiçik bir ofisi var. Toplantıları da orada etmək müşkül məsələyə çevrilib. Orada görüş olan kimi o dəqiqə asayiş keşikçiləri qərargahın qarşısını kəsdirirlər.
Dostları da üz-üzə qoyurlar
Lənkəranda Ictimai Palatanın yerli şöbəsi də yaradılıb. AXCP, Müsavat və KXCP-dən ibarət yaradılan qurumun hazırda kəndlər üzrə bölmələrini yaratmaq istəyirlər. Müxalifət və müstəqil düşüncə sahibləri hesab edirlər ki, Ictimai Palatanın əhatə dairəsi genişlənir. Insanlar günü-gündən qurumun sıralarına qoşulurlar. Elə bunu görən aidiyyəti qurumlar hər vəchlə Ictimai Palatanın fəaliyyətinə mane olmağa çalışırlar. AXCP-nin Lənkəran təşkilatının sədri Nicat Səfəroğlu rayonda onlara mane olan işlərdən danışır: “Neçə ildir ki, AXCP-nin burada ofisi yoxdur. Dəfələrlə müraciət etsək də, heç bir cavab verilməyib. Ictimai Palatanın Lənkəranda yerli şöbəsini yaradanda bizə o qədər problemlər yaratdılar ki, kənardan baxanlar da heyrətə gəlirdi. Sağımızı, solumuzu belə nəzarətə götürüblər. Çayxanalara gedəndə o dəqiqə yan-başımızda lazımi ünvanlara söz çatdıranlar otururlar ki, nə danışdığımıza qulaq assınlar. Ancaq biz bu cür cılız hisslərlə yaşayanların hücumundan qorxmuruq. Əksinə daha da qüvvətlənirik, təşkilatlanırıq”.
N.Səfəroğlu onu da bildirdi ki, rayonda internet-klublar da nəzarət altındadır: “Işi o yerə çatdırıblar ki, dostların işlətdikləri internet-klublara da gedə bilmirik. Onlara təzyiqlər olur. Maksimum dərəcədə çalışırlar ki, internetlə işləməyimizə də maneələr olsun. Biz də dostlara zərbə gəlməsin deyə onların internet-klublarına getmirik. Ancaq bütün hallarda biz həm real, həm də virtual aləmdə öz işimizi görürük”.
Vağzal da belə getdi...
Rayonda olanda xəbər aldım ki, dəmiryol vağzalında qəzalı vəziyyət yaranıb. Hadisə yerində olanda məlum oldu ki, binanın tavanı çöl tərəfdən çöküb. Səbəb kimi vağzalın köhnə tikili olmasını və yaxınlıqdakı qatarların hərəkətindən binanın deformasiyaya uğraması göstərilir. Vağzal rəsmilərindən məlumat almaq istəsəm də, günün günorta çağı kimsəni orada tapa bilmədim. Mən danışdırmağa, sərnişinlər bilet almağa adam axtarırdı. Bir neçə saat gözləsəm də kimsənin qarşıma çıxmadığını görüb ərazidən uzaqlaşdım.
Qeyd edim ki, bina 2009-cu ildə əsaslı təmir edilib. Buna baxmayaraq, çöl tərəfdəki divarlarda çatlar aydın görünür. Rəhbərliksə hadisədən təlaşlanaraq kiçik təmir işlərinə başlayıb.
Kiçik sözardı...
Bax budur Lənkəran. Vaxt var idi, bura limonu, balığı, ləvəngisi, çayı ilə öyünürdü. Belə götürəndə indi də öyünür. Ancaq bu öyünməyin sadə lənkəranlıya heç bir aidiyyəti yoxdur. Çünki nə limon yetişdirib, nə də balıq tutub sata bilir. Ləvəngidən isə Lənkəranda kiçik bir kənd yadigar qalıb.
Lənkəranlı ya Rusiyaya, ya da Irana gedir. Getməyənlər isə gününü bazarda vaxt öldürməklə keçirir...
Ramin DEKO,
Bakı-Lənkəran-Bakı

Комментариев нет:

Отправить комментарий