13.05.2011

“BEYNƏLMİLƏL”

Mirmehdi Ağaoğlu                 Azad Yazarlar Ocağı

                               Həm güldürən, həm ağladan film

İlk dəfə türk filminə “Şəfəq” kinoteatrında baxmışam. Yeddi yaşım olarkən bibim aparmışdı. “Mərhəmət”. Filmin adı belə idi.
Baş rolda onda hələ küçük olan Əmrah oynayırdı. Zalım balası bir filmdə o qədər ağlamışdı ki, yığsan heç mən uşaqlığımdan bəri bu qədər ağlamamışam. Salondakılar da ondan geri qalmamışdılar.
Böyük kişi olandan sonra isə kinoteatra yalnız sevişmək üçün getmişəm. Məlum məsələ. Çoxlarının başına gəlib.
“Mərhəmət”dən sonra “Zülm” , “Arım, balım, pətəyim” gəldi. İbrahimin, Şabanın filmləri. Və bir çox başqa filmlər.
İbrahimin filmlərində qəhrəman axırda ölürdü. Tamaşaçı da ağlaşma qururdu tv-nin qarşısında. Burası aydındır. Lakin başqa filmlər də ağlamadan keçmirdi.
Tük filmləri yaddaşımda ağlamaqla, kədərlə qalıb. Ağlamaq, fəğan qoparmaq istəyirsənsə götür bir ağ-qara türk filmi bax və yaxının ölmüş kimi hönkürtüylə ağla. Xəyallarda uçmaq üçünsə hind filmi gərək.
Bu səbəbdən içimdə bir antipatiya var idi türk filmlərinə qarşı. Ta ki, son dönəm türk filmlərini izləyənə kimi.
Onlardan biri “Beynəlmiləl”. Baş rolda “Kurdlar vadisi”ndəki Elif çəkilib – bunu reklam üçün dedim.
Filmin rejissoru Sırrı Süreyya Önder və Müherrem Gülmezdir. Onun haqqında deyirlər ki, həm güldürür həm ağladır. Elmi dildə desək tragikomik janrda bir film.
Adıyaman. 1980 –ci il 12 sentyabr hərbi çevrilişindən 2 il keçir. Şəhərdə hərbi vəziyyət elan olunub. Komendantın əmri ilə gəzərgi musiqiçilər gəvəndələrə – biz manıs deyirik -  toyda çalmaq qadağan edilir və onlardan bir hərbi orkestr təşkil olunur. Orkestrə hərbi forma tapılmadığı üçün anbardan fransız ordusunun hərbi formalarını çıxarıb geyindirirlər. Orkestr hazırlaşıb konsey şəhərə gələrkən qarşılama marşı səsləndirməlilər.
Solçular isə ölkədəki proseslərə protest olaraq aksiya hazırlamağı planlaşdırılar. İlk əvvəl konseyi qarşılarkən “İnternasional”ı səsləndirməyə çalışırlar. Lakin bu planları sonrakılar kimi alt – üst olur. Amma heç onların özlərinin belə xəbərləri olmadan konsey qarşılanarkən “İnternasional” səslənir.
Rejissor filmdə kiçik məişət problemlərindən tutmuş, solçuların əlacsızlığı, dövlətin başında oturmuş zabitlərin savadsızlığı, sevgi və başqa münasibətlərə toxunur. Ölümünü gözləyən qocanın fəxrlə amerikan bezidir deyib aldığı kəfən isə sonda inqilabçı Haydara qismət olur. Üstündə də bu sözlər yazılı: “XUNTA OLMASIN!”
Rejissorun filmdə sarkazmını, ironiyasını görüb acı – acı gülürsən. Yeri gələndə ağlayırsan da. Amma bu ağlamaq İbrahim Tatlısəsin sonunda öldüyü filmlərin gətirdiyi ağlamağa heç bənzəməz.
Filmi diqqətlə izlədikcə oynanılanlardan başqa sanki filmin arxa tərəfində də oyunların getdiyini duyursan. Rejissor hamısını yarımfabrikat formasında hazırlayıb təqdim edib. İstədiyin mənanı özün çıxart artıq.
Filmin sonunda Rus hərbi xorunun “İnternasional”ı oxumasında da, Güləndamın bu mahnını atam bəstələyib deməsində də bir mənə var mütləqa. Bu mənaları isə filmə baxmadan bilmək olmaz.
Bu filmə baxın.

Комментариев нет:

Отправить комментарий