23.05.2011

Biz bunu demişdik

İlkin Ağalı                       Millətim qəzeti

Sözdə Azərbaycanı özünün strateji müttəfiqi kimi təqdim edən ABŞ son dönəmdə Azərbaycana iki ilə yaxın bir müddətdə səfir göndərmədikdə, nədənsə ABŞ qınağa çəkilməkdənsə görüntülər tama başqa istiqamətdə cərəyan etməyə başladı.
Azərbaycanın əksər kütləvi informasiya vasitələri az qala müəmma doğuracaq bir formada ABŞ-ın Azərbaycana göndərmək istədiyi bu günkü səfir Metyu Brayza ətrafında sensasiya xarakterli məlumatları  gündəmdə saxladı. Özü də bu məlumatlar o şəkildə təqdim olunurdu ki, guya Brayzanın Azərbaycana səfir təyin olunmasına beynəlxalq erməni lobbisi bütün vasitələrlə mane olmağa çalışır. Əslində bu məlamatın sətiraltı ifadəsi Azərbaycan xalqına onu təlqin etməyə çalışırdı ki, Brayza Azərbaycanın mövqeyinə hörmətlə yanaşdığından dünya erməniləri Qarabağ probleminin sonrakı taleyi ilə bağlı ciddi narahatçılıq keçirirlər.
Bu səpkidə informasiya alan xalq da müəyyən mənada çaş-baş qalmışdı. Əcəba, bu hər kəsin ATƏT-in Minsk qrupunun həmsədrliyindən tanıdığı Brayze deyilmi? Axı həmin fəaliyyəti dövründə hər kəs onu nəinki qeyri-ciddi bir siyasətçi, hətta qeyri-ciddi bir şəxs kimi tanıya bilmişdi. Belə olan halda onun belə hay-küylə gündəmdə saxlanılması hansı zərurətdən doğurdu?
Digər kütləvi informasiya vasitələrindən fərqli olaraq “Millətim” qəzeti bu məsələyə münasibətdə yalnız reallıqlara söykənməklə, bu gün çoxlarının sürpriz kimi qarşıladıqlarını irəlicədən söyləmişdi. Biz fikrimizi onunla əsaslandırmışdıq ki, ABŞ kimi bir dövlətin xarici siyasəti ayrı-ayrı fərdlərin iradəsi ilə dəyişə bilməz. Elə bu mənada da səfirin kim olmasının Azərbaycan üçün heç bir fərqi olmayacaqdır. Hətta bu prizmadan yanaşmaqla Minsk qrupundakı fəaliyyəti ilə kifayət qədər yaxından tanıya bildiyimiz Brayzeni bir səfir kimi arzulamadığımızı da yazmışdıq.
Hətta bu məsələ ətrafında gündəmdən düşməyən məlumatları da, Azərbaycanı uzun müddətə səfirsiz qoyan ABŞ-ın mövqeyinin pərdələnməsi kimi dəyərləndirmişdik. Çünki hər şeyi bir tərəfə qoyan bir çox informasiya vasitələri hər gün Brayzanın səfir göndərilməsi ilə bağlı konqres müzakirələri və səsvermələri ilə bağlı məlumatı ötürməklə sanki unudurdular ki, ABŞ-ın daxili işi olan bu prosedur məsələlərin Azərbaycana heç bir dəxli yoxdur. Əvəzində ABŞ-ın biganəliyə son qoyub, Azərbaycana səfir göndərilməsi daha maraqlıdır.
Brayzanın Azərbaycana səfir olaraq ABŞ prezidentinin fərmanı ilə göndərilməsini az qala Azərbaycan diplomatiyasının qələbəsi hesab edənlərə sadəcə olaraq yazığımız gəlirdi. Sanki güc mərkələrinin və beynəlxalq qurumların həll edə bilməyəcəyi problemi Brayza çözə biləcəkdir. Az qala sindroma çevrilmiş Brayza qalmaqalını biz Azərbaycan xalqının istəklərinin ələ salınması kimi dəyərləndirmişdik.
Bu gün artıq Brayzanın bir səfir olaraq Azərbaycanda fəaliyyətə başlamasından bir müddət keçəndən sonra bizim nə qədər haqlı olduğumuz bütün qabarıqlığı ilə ortaya çıxdı. Hətta bir vaxtlar Brayzanın züyçüləri kimi aləmə səs salanlar belə bizim bir vaxt söylədiklərimizi bu gün təkrar eləməyə başlayıblar.
Əslində Brayzanın fəaliyyəti ilə ortaya çıxan detallara fəəccüblənmək yersiz görünə bilər. Axı, ABŞ-ın Azərbaycana münasibəti necədirsə, səfiri də həmin mövqeyi sərgiləməlidir. Brayza ABŞ-ı Azərbaycanda təmsil etsə də belə, ermənipərəst mövqeyini gizlədə bilmirsə bunu bir fərd olaraq yalnız onun günahı kimi görmək düz deyil. Hətta 9 yaşlı Azərbaycan türkünün erməni snayperi ilə vurulmasına da ikibaşlı bəyanatla münasibət bildirirsə, bunu da normal qəbul eləmək lazımdır. Çünki o həm də bir fərd olaraq qeyri ciddi mövqeyə sahib olduğundan etik çərçivələri aşa bilər. Yaxud ermənilərin Xankəndində açmaq istədiyi aeroport ətrafındakı qalmaqala münasibətdə Bakıdan Naxçıvana uçan təyyarələrnən, İrəvandan Xankəndinə uçması nəzərdə tutulan təyyarələr arasında paralellik aparması da gözlənilən idi. Bu gözlənilənlər bizim üçün o qədər adi idi ki, bunu görərkən tamamilə təbii qəbul etdik. Axı hər kəsin bu gün dediklərini biz çoxdan demişdik! 

Комментариев нет:

Отправить комментарий