17.05.2011

“Bəziləri musiqiyə, incəsənətə pul qazanmaq üçün gəlirlər”



image
İlqar Muradov: «Düşünürəm ki, mən şou-biznesdə deyiləm və sırf Azərbaycan musiqisi ilə məşğulam»


Heç kəsə sirr deyil ki, bu gün Azərbaycan musiqisi şou-biznes adlı məfhumun qurbanı olub. İfaçılıq sənətinə kütləvi surətdə axın bu sənətin ancaq gəlir mənbəyinə çevrildiyindən xəbər verir. Amma nə yaxşı ki, heç olmasa musiqimizi yaşadan bir neçə, yəni barmaqla sayıla biləcək qədər sənətçilərimiz var. Bugünkü müsahibimiz də belə ifaçılardan biri İlqar Muradovdur.


- İlqar müəllim, bugünkü ifaçılar arasında üslubunuz da, dəst-xəttiniz də fərqlənir. Sənətə gəlişiniz də səssiz və sakit oldu. Niyə İlqar Muradov bu səpkili mahnılara müraciət edir?
- 1981-ci ildə rəhmətlik Rafiq Babayev məni Bakıya dəvət etdi. Qəlbimdəki musiqilərin çoxunu lirika təşkil edir. Xarakterimdə də mülayimlik var.
- Rafiq müəllim sizi Bakıya dəvət etməmişdən əvvəl harada yaşayırdınız və necə oldu ki, o sizə bu təklifi etdi?
- Mən əslində kiçik yaşlarımdan musiqi ilə məşğul olmuşam. Naxçıvanda dünyaya gəlib orada yaşamışam. Rafiq müəllim məni Naxçıvanda  dövlət konsertində görmüşdü. Bundan sonra Bakıya dəvət etdi. Bakıya gələndən sonra isə səsimi lentə yazdı. O vaxtdan da Rafiq Babayevin studiyasında işləmişəm.  O, dünyasını dəyişəndən sonra Siyavuş Kərimi ilə çalışmağa  başladım. İndi də dostuq, müəyyən proyektlər üzərində işləyirik.
- Bu gün sənət şou-biznesə çevrilib…
- Düşünürəm ki, mən şou-biznesdə deyiləm və sırf Azərbaycan musiqisi ilə məşğulam. Həm düzgün, həm də gələcək nəslə tərbiyəvi bir musiqi ilə. Şou-biznesə baş vuranlar  pul qazanmağı  qarşılarına məqsəd qoyublar.
- Bu gün şou-biznesdəki, efirlərimizdəki vəziyyət sizə necə təsir bağışlayır?
- Bəziləri musiqiyə, incəsənətə pul qazanmaq üçün gəlirlər. Orda da, təbii ki, əsl musiqidən söz gedə bilməz. Bunlar gündəlik tələbat üçün işlənən musiqilərdir.
- Demək istəyirsiz ki, sənəti kommersiyanın qurbanı ediblər?
- Bəli, belə çıxır.
- Sizcə, bunun üçün nə etmək lazımdır? Dediklərinizin həqiqət olduğunu nəzərə alsaq, Azərbaycan  musiqisinin iflic olmaq təhlükəsi altında olması qənaətinə gələrik…
- Bu istiqamətdə mən öz öhdəmə düşəni görürəm. Çalışıram mənim musiqim düzgün musiqi olsun. Yəni əsl Azərbaycan musiqisi. Elə bir vəziyyət yaranıb ki, bu özbaşınalığın qarşısını almaq çox çətindir. Kimin imkanı, köməyi varsa, bir mahnı yazdırıb klip çəkdirir və olur dırnaqarası populyar ulduz. Amma onu da qeyd edim ki, həmkarlarımın arasında gözəl musiqiçilər də var. Ümid edirəm ki, yaxın gələcəkdə sənətçilər ələkdən keçiriləcək.
- Artıq on ilə yaxındır ki, əsl sənətkarlar bu fikirləri ümidlə söyləyirlər. Amma heç bir nəticə yoxdur.
- Nə etməli, ümid etməkdən başqa çarə yoxdur.
- Sizcə, həmkarlarınız qalmaqal yaratmaqda özləri maraqlıdırlar?
- Bəli, müəyyən müğənnilər, bəlkə də, buna görə  reytinq qazanmağı düşünürlər. Mənim fikrimcə,  antireklam müğənnini tanıtsa da, onu sevdirmir. 
- Yuxarıda «ulduzlar»dan danışdınız. Ümumiyyətlə, bu sözə sizin münasibətiniz necədir?
-Ulduz sözünü o qədər ucuzlaşdırıblar ki, bunu mənim üçün deyəndə özümə yaraşdırmıram. Ulduz sözünü nəinki Azərbaycanda, başqa ölkələrdə də çox tanınmış insanlara demək olar.  Bir telekanala çıxmaqla, bir kliplə ulduz olmaq mümkün deyil.
- Dünya səhnəsinə çıxmaq fikriniz var?
- Azərbaycan musiqisinin başqa dövlətlərdə tanınmasına çox sevinirəm. Xarici ölkələrdə nəinki xalq musiqilərimizi, hətta klassik musiqilərimizi də bəyənirlər. Dünya miqyaslı proyektlərdə mən də iştirak etmişəm.
- «Bu dünyanı nağıl bilək» deyirsiz. Özünüz necə, dünyanı nağıl bilirsiz?
- Bəlkə də bu dünya elə nağıldır. Nağıl olmasa belə, biz onu nağıl bilək. Nağıl təkcə gördüyün yuxular deyil, yaşadığın xoşbəxt günlər də gerçəklikdir və illər ötəndən sonra xatirəndə nağıla dönür. Mən bu mahnını ifa edərkən yaşamışam.

Şahzadə Gül                                salaminfo.az

Комментариев нет:

Отправить комментарий