08.05.2011

CƏLİLABAD MƏKTƏBİNDƏKİ SİYASİ-KRİMİNAL OLAYIN ŞOK MƏQAMLARI

Misir Mərdanovun məktubundan: “Təzəxan Mirələmlini dövlətçilik əleyhinə yönəlmiş qanunsuz hərəkətlərdən çəkindirin”



Cəlilabadın Fərzili kənd orta məktəbindən çıxandan sonra Təzəxan Mirələmlinin əleyhinə ərizə yazan şəxslərlə görüşüb bunun səbəblərinə aydınlıq gətirmək istədik. Lakin sakinlərdən bir neçəsi buna lüzum olmadığını dedi. Fikirlərini də belə əsaslandırdılar: Təzəxan müəllimin əleyhinə ərizəyə imza atanların əksəriyyəti direktor əvəzi olmuş Maya Kərimovanın qohumlarıdır.
Onları da rayon təhsil şöbəsinə (RTŞ) çağırıb deyiblər ki, T.Mirələmli M.Kərimovanın videosunu internetdə yayıb. Kənd yerində internetdə yayılan videoların yaxşı bir iş olmadığını düşünürlər. Bundan istifadə edib M.Kərimovanın qohumlarını Təzəxan müəllimin üstünə qaldırıblar ki, guya o, videonu yaymaqla onları biabır edib. Bundan sonra Maya müəllimənin qayınatası Təzəxan müəllimin yaxınlarının üstünə gedib, müəllim məktəbə gəlsə, onu öldürəcəklərini deyib. Bütün bu işlərin arxasında RTŞ-nin müdiri Ədalət Əsgərov dayanır.
Kənd sakinlərinin israrını nəzərə alıb fikrimizdən daşınıb RTŞ-yə yollandıq. Şöbə müdiri Ədalət Əsgərovla aramızda maraqlı dialoq alındı. Ə.Əsgərov dedi ki, T.Mirələmli Fərzili kənd orta məktəbində riyaziyyat müəllimi işləyir:

- Aprelin 2-dən bu günə kimi işə çıxmayıb. Bununla bağlı aktlar tərtib olunub. Aktları keçmiş direktor Hümbət Paşayev, Maya Kərimova, Qoşqar Hüseynov və digərləri imzalayıblar.
- Hümbət Paşayevin vəzifəsindən uzaqlaşdırılmasının səbəbi nədir?
- Paşayevin işdən çıxması üçün əlimizdə son üç ildə məktəbdə aparılmış müxtəlif monitorinqlərin - həm davamiyyət, həm keyfiyyətlə bağlı... Son 2 ayda 76 məktəbdə 200 dəfədən çox monitorinq aparılıb. O cümlədən Fərzili kənd məktəbində. O məktəbdə aparılan monitorinq zamanı davamiyyətin çox aşağı səviyyədə olması üzə çıxıb. Xüsusən Təzəxan müəllimin yazı işlərini yazmamasıdır. Tək o deyil. İşdən çıxarılması onun axırıncı mərhələsi idi. Hümbət Paşayev işdən çıxan tarixə qədər (19 aprel, 2011-ci il) aktlarda imzası var.
- Paşayevin işdən çıxarılmasının əsas səbəbi monitorinqlərin nəticələrində üzə çıxan nöqsanlardır?
- Bəli, bunun üçün bizdə ayrıca “papka” var. Təhsil Şurasında onun məsələsi müzakirə olunub və qərar verilib. Məktəbə müəllim təyinatına və azad olunmasına məktəb direktorları baxır.
- 76 məktəbdə monitorinqlər aparıldığını dediniz. Fərzili məktəbindən savayı həmin məktəblərdən hansının direktoru vəzifəsindən uzaqlaşdırılıb?
- Yox, biz monitorinqi məktəb direktorunu işdən azad etmək üçün aparmırıq. Onu əvvəlki cəzalardan nəticə çıxarmadığından, işdə dönüş yarada bilmədiyindən vəzifəsindən çıxarıblar.
- Təzəxan Mirələmli deyir ki, dərs keçmədiyim günlərdə xəstəxanada yatmışam, sonra isə ev şəraitində müalicə olunmuşam. Bunu təsdiq edən bülletenləri də məktəbə təqdim etmişəm. Sizsə Təhsil Nazirliyinə məlumat vermisiniz ki, o bülletenlər saxtadır. Bunu nəyə əsasən demisiz?
- Deməli, belədir. Mənə rəsmi bülleten verilməyib. Mən eşitdim ki, Mirələmliyə saxta bülleten açırlar. Baş həkim olmadığından müavininə dedim ki, Mirələmli rayonda gəzir. Bu xəstədirsə necə bülleten açılıb? Rəsmi ərizə də yazdım ki, belə halların qarşısı alınmasa Səhiyyə Nazirliyinə müraciət edəcəyəm.
Bayram Hüseynzadə- Bayram Hüseynzadə sizin verdiyiniz məlumata əsaslanıb mətbuata açıqlama verir ki, Mirələmlinin bülleteni saxtadır. Sizsə deyirsiniz ki...
- Mən özüm də nə vaxtsa xəstə yatmışam. Stasionardırsa xəstəxanada yatmalısan, ambulatordursa, ev şəraitində. Məsələ burasındadır ki, Mirələmli müəyyən günlər rayonda olmayıb. Dəfələrlə Bakıda olub. Mənə “Azadlıq” radiosundan zəng ediblər sual ediblər. Ona görə deyirəm saxtadı.
- Konkret hansısa sənədə istinad edib demisiniz ki, Mirələmliyə verilən bülleten saxtadır?
- Əlimdə bülleten yoxdur. Əlimə gəlib çıxsa həmin bülleteni Səhiyyə Nazirliyinə göndərəcəyəm araşdırsınlar. Əgər qanunidirsə mək məcəlləsi, dövlətin qayda-qanuni var. Heç kimin hüququnu pozmaq olmaz.
- Deməli, bülletenin saxta olub-olmamasını dəqiq bilmirsiniz. Amma deyirsiniz saxtadır. Düz anladım?
- Hələ bülleten yoxdur.
- Amma məlumat vermisiniz ki, saxtadır...
- Sizə deyim. Məktəbdə nümayəndəmiz olanda ona deyiblər ki, Mirələmli aprelin 29-na kimi bülletendədir və bülleteni də gətirəcək.
- Məktəbdə olduğum vaxt müəllimlərdən Mirələmlinin əleyhinə ərizə-şikayət yazıldığı barədə söhbətlər oldu. Həm də sizin göstərişinizlə. Bununla bağlı nə deyə bilərsiniz?
- İndi demokratik, qorxusuz yaşadığımız bir dövrdür. Siz məni nəyəsə məcbur edə bilərsiniz? Mən sizi nəyəsə məcbur edə bilərəm? Yox yəqin ki. İşlədiyim dövrdə bir müəllim deyə bilməz ki, Ədalət müəllim məni nəyəsə sövq elədi. Tutaq ki, kimisə sövq eləmişəm, müəllim də yazıb. Bundan sonra müəllim necə bundan imtina edə bilər ki, bunu mənə yazdırıblar? O adamlar ki, belə sözləri deyirlər, danışırlar... Onlar yazmasaydılar, Ədalət müəllim onlara nə edə bilərdi? Tutaq ki, demişəm ki, yaz, müəllim də deyib yazmıram. Sual edirəm: mən o müəllimə nə edə bilərəm? Təhsil şöbəsinin müdiri müəllimin dərs saatını kəsən deyil, əmək haqqını saxlayan deyil. Bizim əlimizdə bir rıçaq yoxdur ki, deyək yaz, yazmasa nəsə edək.
- Dediniz ki, Hümbət Paşayev aprelin 19-da işdən çıxarılıb. Paşayevin özü isə deyir ki, onu aprelin 15-də çağırıb demisiniz ki, Təzəxan Mirələmlini işdən çıxar. Bununla razılaşmadıqda isə səhhəti ilə əlaqədar ərizə yazmasını tələb etmisiniz?
Təzəxan Mirələmli- Hümbət müəllim Cəlilabaddan deyil. Onu məktəb direktoru mən qoymuşam. Onu da, yoldaşını da, qızını da mərkəzi məktəblərə yerləşdirmişəm. Fərzili məktəbinə də onu mən göndərmişəm. Hümbət müəllimi, şuranın qərarı çıxandan sonra... onun borcu-filanı da var. Bunu nəzərə aldım, oturdu sənin oturduğun yerdə, diktə elədim, dedim ki yaz, hörmətli müdir, səhhətimlə bağlı problemlər yaranıb, gedib-gəlmək problemdir, məktəbdə kifayət qədər riyaziyyat dərsi var, xahiş edirəm, bunu nəzərə alıb məni direktorluqdan çıxarıb ixtisasım üzrə müəllim saxlayasınız. Ərizənin yarısını yazıb əlini saxladı, dedi məni tutdurmaq istəyirsən. Ərizəni yazmadığına görə mən qərarı qüvvəsində saxladım.
- Maya Kərimova vəzifəsindən uzaqlaşdırılıb?
- Burada siyasi motiv yoxdur. Məktəb direktorunun müavini xəstəliklə əlaqədar 5 aydan çoxdur ki, işə çıxmır. Paşayevi uzaqlaşdırandan sonra məsləhət elədik ki, məktəbdə ədəbiyyatdan dərs deyən Qoşqar müəllim direktor əvəzi təyin olunsun. Razılaşdı, amma 1 həftə işlədi. Gəldi dedi ki, Bakıda orqanlara işə düzələcək. Maya müəllimə özü gəldi dedi ki, mən məktəbi idarə edə bilərəm. Mən onu qayınatası ilə qəbul elədim, dedim ki, indi məktəbin çətin dövrüdür. İdarə edə biləcəyini dedi. Məktəbi təhvil-təslim etdik Maya müəlliməyə. Sonra ürəyim yumşaldı, Sərxan müəllimə dedim ki, Hümbət Paşayevdən ərizə al, qoy qalıb müəllim kimi işləsin.
- Hazırda məktəbə kim rəhbərlik edir?
- Maya müəllimə. Bir dəfə Təzəxan gəlib jurnalları korlayıb. Ona görə hər gün məsləhətçi Sərxan Həsənovu göndərirəm məktəbə işlərə nəzarət eləsin. O da Maya müəlliməyə kömək eləyir.
- Dediniz ki, biz demokratik dövlətdə yaşayırıq. Necə hesab edirsiniz, Cəlilabadın hansısa kəndinin müəllimi gedib mitinqdə sözünü deyə bilər?
- Qanunla heç nə qadağa olunmayıb. Əgər müəllimin həmin gün dərsi yoxdursa, gününü istədiyi kimi keçirə bilər.
- Həmçinin mitinqə də gedə bilər...
- Ümumiyyətlə deyim ki, nə vaxtsa adamları... istəsə gedib seçkilərdə iştirak edə bilər. Ancaq müəllim öz tərbiyə, təlim funksiyalarını yerinə yetirmirsə, şübhəsiz ki, o işlərinə görə cəza veririk. Baxın, bu qədər sənəddə bir yerdə mitinq adı çəkilir?
- Təzəxan Mirələmlinin övladı ilə başqa bir şagird arasında xoşagəlməz insident baş verdi. Necə hesab edirsiniz, hadisə baş verən məktəbin müəllimləri insidentin qarşısını ala bilərdilərmi?
- O hadisədən xəbərim yoxdur. Mən namaz qılan adamam. Yalan deyə bilmərəm. Qəfil xəbər gəldi ki, bir şagirdi bıçaqlayıblar. Dərhal nümayəndəmi xəstəxanaya göndərdim. O da zəng edib dedi ki, xəstəxanada qırğındı. Ürəyim zəif olduğundan heç ora gedə bilmədim. Mən Mirələmlinin oğlunun 7 nömrəlidə oxuduğunu bilməmişəm.
- Hadisədən sonra Mirələmlinin evinin qarşısında aksiya keçirildi. Dövlət televiziyasının yaydığı kadrlarda siz də varsınız. Ora niyə getmişdiniz?
- Ora müəllimlər evidir. Mənə dedilər ki, ora sakinlər yığışıb. Fikirləşdim ki, ikinci bir hadisə ola bilər. Təhsil şöbəsinin müdiri kimi özümə borc bildim ki, gedim görüm orda nə baş verib. Orada mikrofona bir kəlmə söz də deməmişəm.
- Orada çıxış edənlərin fikirlərinə şəriksiniz?
- Təzəxan Mirələmlini çoxdan tanıyıram. Həmişə çalışmışam müəllim şərəfimi qoruyum. Müəllim tərbiyəli olmalıdır. Təzəxan müəllim binəva, kasıb biri olub. Ona dəfələrlə dedim ki, cavan uşaqları yığ başına, onlara məşğələ keç. Bu sənə həm də maddi kömək olar. Fərzilidə onun çox kasıb evi olub. Sonra bura gəlib kirayədə yaşadı. İndiki zamanda hər bir adam öz işi ilə məşğul olmalıdır.
- Həmin aksiyanın təşkilatçısı kimi sizin adınız hallanır. Bu düzdür?
- Ümumiyyətlə, Hümbət Paşayev deyir ki, Ədalət müəllim, Təzəxan deyir ki, Ədalət müəllim. Bir direktoru azad edirəm, o da mənim adımı çəkir. Mən də kimdənsə narazı qalıram. Mən hardasa 2 min adamı onun evinin qabağına yığa bilərəm? Bu nə dərəcədə realdı? Təzəxan müəllim nə etdisə, özünə elədi. Yəni mən övladlarım evə gec gələndə onlarla maraqlanıram. Valideyn övladının tərbiyəsi ilə məşğul olmalıdır. Övladla bağlı nə baş verirsə, valideyn birinci özünü günahkar saymalıdır. Təzəxan müəllim övladlarının tərbiyəsi ilə məşğul olsaydı, bu hadisə baş verməzdi.
- Cəlilabad Rayon Təhsil Şöbəsində bir qohumunuz işləyib - Rəşad Salmanov. Onu narkotik istifadəsinə görə həbs edib 8 ay...
- O, mənim bacım oğludur. İstedadlı, bacarıqlıdır. Cavandır, səhv edib. O, birbaşa mənim tərbiyəmi görməyib. Səhvlərini etiraf edib, indi yenə işlə məşğuldur. İndinin özündə Cəlilabadda kimsə ondan şikayət edə bilməz.
- Mirələmli deyir ki, bülletenimin surəti təhsil şöbəsində var.
- Yoxdur. Onun işdə olmaması barədə aktlar var. Baxın, bu da Misir Mərdanovun bizə məktubudur.
2011-ci il, aprelin 6-da təhsil naziri Misir Mərdanov Cəlilabad RTŞ-yə 46252419/16 saylı, aşağıdakı məzmunda məktub göndərib. Məktubu olduğu kimi təqdim edirik:
“Nəzərinizə çatdırırıq ki, 1970-ci ildə Cəlilabad rayonunda anadan olmuş, Fərzili kənd tam orta məktəbinin müəllimi, Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü Mirələmli Təzəxan Məhərrəm oğlu 2 aprel 2011-ci ildə müxalifət qüvvələrinin Bakı şəhərində təşkil olunmuş icazəsiz mitinqində iştirak etdiyinə görə hüquq-mühafizə orqanları tərəfindən saxlanılmışdır. Bununla əlaqədar həmin müəllimin dövlətçilik əleyhinə yönəlmiş qanunsuz hərəkətlərdən çəkindirilməsi məqsədilə onun ailəsi və özü ilə müvafiq söhbətlərin aparılması, gələcəkdə belə halların, adıçəkilənlərin və digərlərinin, eləcə də təkrarlamaması üçün lazımi tədbirlərin həyata keçirilməsi, görülmüş və görüləcək işlər barədə 2 gün ərzində nazirliyin rəhbərliyinə məlumat verilməsi sizə tapşırılır”.
- Ədalət müəllim, nazirin bu məktubunu alandan sonra Təzəxan Mirələmlini çağırıb söhbət apardınız?
- Tapmadıq onu. Ona görə söhbət edə bilmədik. Qonşular da aktla təsdiq edirlər ki, onu bizim nümayəndələr axtarıb, amma tapmayıblar.
- Təhsil şöbəsində də, poliklinikada da dedilər ki, icra başçısı bir qədər əvvəl burada olub, tapşırıqlar verib. Həmin tapşırıqlar bu işlə əlaqədardır?
- Yox, icra başçısı burada olmayıb. O, 5 ildir ki, bu rayonun başçısıdır. Bu dövrdə cəmi 2 dəfə bura gəlib.
- Mirələmlinin təqdim etdiyi bülletenlər yoxlanıldıqdan sonra onun işə bərpa olunmasına problem yaradılacaqmı?
- Şübhəsiz ki, məhkəməyə müraciət edəcək. Əgər problem yaransa. Problem olmasa, işinə davam edəcək.

E.MƏMMƏDƏLİYEV, Bakı-Cəlilabad-Bakı                       "Yeni müsavat"

Комментариев нет:

Отправить комментарий