08.05.2011

“ŞAP ELƏ BİLİR ŞUPDADI, ŞUP ELƏ BİLİR ŞAPDADI...”

“Yeni Müsavat”ın fotoaparatı iki nazirlik arasında it-bata düşüb



Dindarların mayın 6-da Təhsil Nazirliyinin qarşısında keçirdiyi “Hicaba azadlıq” aksiyasının dağıdılması zamanı bir neçə jurnalistə təzyiq göstərilməsi barədə məlumat vermişdik. Onlardan biri də “Yeni Müsavat”ın əməkdaşı Zülfiyyə Sakitqızıdır. Onun sözlərinə görə, polislərə jurnalist olduğunu desə də buna məhəl qoyulmayıb və o, təzyiqə məruz qalıb. Polislərdən biri isə onun əlindəki fotoaparatı alıb. Əməkdaşımız redaksiyanın inventarını qaytarmağı tələb etsə də fotoaparat qaytarılmayıb.
Redaksiya rəhbərliyinin DİN-ə müraciətindən və bu işin araşdırılması Nərimanov Rayon Polis İdarəsinə həvalə olunduqdan sonra “Yeni Müsavat” qəzeti baş redaktorunun I müavini Azər Ayxan mayın 6-da polis idarəsində olub. A.Ayxan özü ilə fotoaparatı müsadirə edənlərdən birinin aksiya zamanı çəkilmiş şəklini də aparıb. Nərimanov RPİ-nin rəis müavini Seyfulla müəllim isə jurnalistə təzyiq göstərən polis əməkdaşını şəkildən tanıyıb. Məlum olub ki, bu şəxs sahə müvəkkilidir. Rəis müavini telefonla sahə müvəkkili ilə danışıb. O isə jurnalistin fotoaparatını alan şəxslərin Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşları olduğunu vurğulayıb və qeyd edib ki, polislər onların hərəkətlərinə müdaxilə edə bilməyiblər.
Dünən redaksiyanın əmlakının taleyi ilə maraqlanıb MTN-lə əlaqə saxlasaq da fotoaparatdan xəbər verən olmadı. MTN-in mətbuat xidmətinin rəhbəri Arif Babayev sualımızı eşidər-eşitməz “biz heç kəsin diktofonunu götürməmişik” deyərək fotoaparatın MTN-də olmasını təkzib etdi. O, bununla bağlı daxili işlər orqanlarına müraciət etməyimizi də məsləhət gördü. Daxili İşlər Nazirliyi (DİN) mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov isə dedi ki, fotoaparat onlarda da deyil: “Biz araşdırdıq, fotoaparatı polis almayıb. Bu, polislik deyil. Siz də araşdırın, biz də öz növbəmizdə yenə araşdırırıq”.
Necə deyərlər, şap elə bilir şupdadı, şup elə bilir şapdadı...

R.RƏFİYEVA

Комментариев нет:

Отправить комментарий