15.05.2011

Dünya səndən danışa, sən aqrar sektordan...

XALIQ BAHADIR

Demokratik dünya Ilham Əliyev yönətiminin yararsızlığından - çağdaş, demokratik yönətim standartlarına uyğun gəlmədiyindən danışır, Ilham Əliyev... aqrar sektordan, aqrar sektordakı problemlərdən. O, “Aqrar sahədə idarəçiliyin təkmilləşdirilməsi və aqrar elmlərdə islahatların yeni mərhələsinin həyata keçirilməsi təkliflərinin hazırlanması üçün xüsusi komissiya” da yaradıb.
I.Əliyev bundan xeyli qabaq “Antikorrupsiya komissiyası” yaratmışdı. Kimin, kimin? - Ramiz Mehdiyevin başçılığı ilə. Sonra Baş Prokurorluq yanında “korrupsiyaya qarşı mübarizə idarəsi” yaradıldı. Bir neçə gün qabaq bu idarəyə MTN-dən uzaqlaşdırılmış Əli Nağıyev başçı qoyuldu. Qoyunu qurda tapşırmaq ata-oğul Əliyevlərin yönətim siyasətininin özül prinsipidir. Buna görə Azərbaycan çax-çaxı baş ağrıdan şeytan dəyirmanına dönüb...
“Regionların sosial-iqtisadi inkişafı” Dövlət Proqramı bitmiş sayılır. Bu “proqram” xalqa yalandan savayı nə verdi? Prinsipcə, bu, gərəkli proqram idi. Ancaq... əliyevçi korrupsiya yönətimi onu da bir çox başqa proqramlar-proyektlər kimi gərəksiz nəsnəyə çevirdi. Rüşvət verib icra başçısı olmuş kimsələrin nəyinə gərəkdi “regionların sosial-iqtisadi inkişaf proqramı?”. Belə proqramlar onlara yalnız verdiyini çıxarmaq üçün gərəkdir. Bunu onlardan pul alıb icra başçısı qoymuş rejim başçıları da bilirlər. Düzünə qalsa, belə proqramlar-proyektlər ortaq mənimsəmə üçündür. Burada yuxarıdan aşağıya bir prinsip var: dövlət büdcəsindən ayrılan pulları “dövlət proqramı”, “dövlət proyekti” adı altında mənimsəmək, xalqın varlanıb dirçəlməsinə yol verməmək!
Bu gün aqrar sektorla bağlı problemləri öyrənmək yönündə yalançı bir komissiya yaradılır. Sonra aqrar sektoru “inkişaf” etdirmək adı altında yalançı proqram quraşdırılacaq. Televiziyalar bir ara bu yalançı proqramla bağlı hay-küylü kampaniya aparacaq. Əliyevlərin bütün başqa “inkişaf” şouları kimi bu şou da yalan-palan, fiksiya olaraq gözdən düşəndən, unudulandan sonra ortaya yeni şou-proqram çıxarılacaq. Əliyevlər Azərbaycanı düz 40 ildir belə yalan-palan şou-proqramlar-proyektlərlə yönətirlər. Bu yalan-palan yönətiminin sonucu olaraq, rüşvət-korrupsiya-oğurluq-soyğunçuluq yolu ilə milyardlara yiyələnən Əliyevlər Azəbaycanı bu gün Asiyanın Şri-Lanka, Afrikanın Zimbabve kimi autsayder ölkələrinə yoldaş eləyiblər. Azərbaycan indi bu ölkələrlə birgə Batının düşmənləri sırasındadır! “Gənc, ingilisdilli” lider bizi Asiya-Afrika cəngəlliklərinə gətirib çıxardı. Cəngəllik qanunları ilə yönətilən bir ölkədə bundan ayrı sonuc ola bilməzdi!
Azərbaycanın aqrar sektorundakı problemlərdən çıxış yolu olaraq, bizim dəyərli uzmanlardan biri belə yol göstərir: “Kənd Təsərrüfatı Nazirliyinin statusuna yenidən baxılmalıdır”. Indiki əliyevçi antidemokratik siyasi sistem dura-dura sözü gedən nazirliyin (eləcə də bir başqasının) statusuna bir yox, min yol yenidən baxılsa da, bundan bir iş aşmayacaq. Indiki korrupsiya rejimi qaldıqca hansısa nazirliyin, deyək elə Kənd Təsərrüfatı Nazirliyinin statusunu eləsinə, beləsinə dəyişmək xalqa nəsə qazandırmayacaq - başlıca status-kvo, başqa cür desək, əliyevçi xalqa düşmən rejim dəyişmədiyinə görə!
Aqrar sektorun problemləri ilə bağlı “hökumət özünün aqrar siyasətinə yenidən baxmalı, siyasətin hədəflərini çox dəqiq müəyyən etməlidir” istəyi problemin çözümü baxımından anlaşılandır, ancaq iş gəlib yenə korrupsioner, antidemokrarik rejim prinsiplərinə dirənir. Hər cür antihumanist, antidemokratik görsənişlər bir yana, bu rejim Azərbaycan neftindən gələn pulları 1 faizlik gəlirlə Avropa banklarına qoyub, ölkənin fermer təsərrüfatlarına 21-24 faizlə kredit verirsə, siz hansı hökumətdən, hansı hədəflərdən danışırsız?.. Burada hökumət də bəllidir, hədəf də.

Комментариев нет:

Отправить комментарий