15.05.2011

Həqiqi ədəbiyyat yaşayacaq

               Yazıçı-publisist, AYB üzvü Bilal Alarlı ilə müsahibə

Ədəbi çaxnaşmalar cəmiyyətdəki siyasi çaxnaşmaların, yaşayış uğrunda mübarizənin inikasıdır

-Ədəbiyyatla bağlı ilk uğurunuzun tarixi nə vaxta gedib çıxır?
-İlk poetik fikirlərimi şeirlə ifadə etməmişəm. Orta məktəbdə oxuyanda folklor nümunələrini toplayıb rayon qəzetinə göndərirdim. Sonra publisistika ilə məşğul oldum. Jurnalist olmaq istəyirdim, hətta jurnalist təhsili almağım barədə sənədim də var. Tələbə vaxtlarımda Universitet qəzetində satirik şeirlərim və ilk elmi araşdırmalarım çap olunub. Ancaq bu hələ ədəbi uğur deyildi. 1997-ci ildə “Nöqtələr” ədəbi qrupunu yaratdım və 1998-ci ildə “Quş dili” adlı ilk poetik toplum işıq üzü gördü. Bu artıq ədəbi uğur idi. Həm  də təkcə mənim uğurum deyildi. “Nöqtələr” tez bir zamanda öz sözünü dedi və populyalıq qazandı. Yazıçılar Birliyinin ədəbi orqanı olan “Azərbaycan” jurnalı 2000-ci ilin iyun sayında “Nöqtələr” ədəbi qrupuna 20 səhifə yer ayırmışdı. Halbuki jurnal bölgələrə 10-12 səhifədən çox yer vermirdi. “Ədəbiyyat qəzeti” və “Ulduz” jurnalı ədəbi qrupumuz haqqında tənqidi yazılar verdi. Vaqif Yusiflinin, Nəzif Ələkbərlinin, Tehran Əlişanoğlunun, Nəriman Əbdülrəhmanlının, Bəybala Ələsgərovun ədəbi təhlili özümüzə inamı artırdı. Elə bu vaxtdan başlayaraq “Nöqtələr”in üzvlərinin bir-birinin ardınca bir neçə kitabı çap olundu. Bu kitablar da ədəbi qrupumuzun seriyası kimi işıq üzü görürdü. Bunların içərisində Hacıbala Əmir, Muxtar Əhməd İsmayıloğlu, Şakir Xanhüseyn, Faiq Hüseynbəyli, Əlizadə Sərdaroğlu və başqalarının kitabı daha uğurlu alinmışdı. Sonra “Biləsuvar töhfələri” və “Səməndər” ədəbi birlikləri yarandı. Biz “Səməndər”lə birlikdə şərik toplu da çap etdik. “Sözün işığı” adlı qəzet, sonra eyniadlı jurnal, daha sonra isə eyniadlı mətbəə fəaliyyətə başladı. “Münasibət” qəzeti də ədəbi yazılara geniş yer verir. AYB İmişli bölməsi açıldı və Biləsuvar yazarlarını öz qanadının altına aldı. Bölgədə ədəbi mühit formalaşandan sonra “Nöqtələrə” ehtiyac qalmadı. Bir az da pul vasaitim olmadı, nəşri dayandırdım.   
-Sizə ədəbiyyatda ən çox kim kömək eləyib? Yüksək qiymətləndirdiyiniz və önəm verdiyiniz ədəbi hadisələr, istiqamətlər və imzalar hansılardır?
-Kömək bir qədər qəribə səslənir, ancaq yazılarımızın çapına qayğı göstərənlər olub. Rayon qəzetində Böyükxan Bağırlının və mərhum Qasid Nağıoğlunun qayğısını görmüşəm. Sonra Vəli Xramçaylı həm yazılarımın çapına, həm də Yazıçılar Birliyinə üzv qəbul edilməyimə yardımçı olub. Ələkbər Salahzadə “Ulduz” jurnalında baş redaktor olarkən demək olar, hər sayda mənim təqdim etdiyim yazıları verirdi. İndi də “Qobustan”in qapılarını üzümə taybatay açıb. Burada folklorla bağlı maraqlı yazılarım işıq üzü görür. Fikrət Sadığın da qayğısını görmüşəm. İsgəndər Etibar, İbrahim Quliyev, Faiq Balabəyli, İlqar Salman, Əlirza Sayılov və Əvəz Zeynallı yazılarımın oxuculara yetişməsini yubatmayıb. Yüksək qiymətləndirdiyim və önəm verdiyim ədəbi hadisə “Yol” qəzetinin fərqli baxışları ədəbiyyata gətirməsi ilə bağlıdır. “Yol”dan başlanan yol ədəbiyyatı qruplara, cərəyanlara gətirib çıxardı ki, bu da axtarışda olan çağdaş ədəbi prosesin formalaşmasına kömək etdi. Ədəbi çaxnaşmalar cəmiyyətdəki siyasi çaxnaşmaların, kəsəsi, yaşayış uğrunda mübarizənin inikasıdır. Mən belə düşünürəm ki, ədəbiyyat da yaşayış uğrunda mübarizə aparır. Modernizm, postmodernizm və müxtəlif ön şəkilçisi olan relizm cərəyanları ötüb keçən bir şeydir. Bunların içərisində həqiqi ədəbiyyat yaşayacaq. İndi sual oluna bilər: həqiqi ədəbiyyat hansı məkanda yaranır? Ədəbi cərəyanların kluarlarında, yoxsa vahid virtual aləmdə? Məncə, qəzetin, jurnalın, kitabın oynadığı rolu indi teleməkan, radio dalğaları və internet əvəzləyir. Televizora hamı baxır, qəzeti isə hamı oxumur. Televiziyaya çıxan şairi tanıyırlar, iki yüz-üç yüz nüsxə sayla çıxmış kitabın müəllifini isə həmin kitabın bağışlandığı adamlar tanıyır. Fərq böyükdü, amma kimin yaşayacağı hələ məlum deyil. Mənim yaşadığım Cəlilabad rayonunun “İran bazarı” deyilən yerində şor iki manat əlli qəpiyədi, elə yağ da təxminən bu qiymətədi. Şorla yağın eyni qiymətə olduğu cəmiyyətdə ədəbi şorla ədəbi qaymaq eyni cür dəyərləndirilir. Bir iş də var axı: yazarlar özləri yaxşı bilirlər ki, həqiqi ədəbiyyat hansı məkanda yaranır. İndi nəinki Ramiz Rövşən, hətta Salam da ədəbi proses üçün deyil, ədəbiyyat tarixi üçün maraqlıdır. Çağdaş ədəbiyyat tarixinin isə redaktəyə ehtiyacı var. Ötən yüzilliyin doxsanıncı illərində yaranmış ədəbi qruplar və birliklər, bacaçılar, EQOçular, nöqtəçilər, daha sonra “YeniSi” tərəfdatları, alatorançılar, doqquziqlimçilər, yenisənətçilər, kultazçılar, adyazarçılar və sair təşkilati və virtual ədəbi qurumlar ədəbiyyat tarixində öz layiqli yerini almalıdır. Dərsliklərdə azad yazarların xatırlanmaması çağdaş ədəbiyyat tariximizin böyük bir səhifəsinə göz yummaq deməkdir. Orta məktəbin on birinci sinif “Ədəbiyyat” dərsliyində Hüseynbala Mirələmov kimi ədəbiyyata dəxli olmayan bir adama ayrılmış abzası çağdaş ədəbi prosesi formalaşdıran ədəbi istiqamətlər və imzalarla əvəzləmək olar. Önəm verdiyim imzalar haqqında isə ayrıca məqalələr yazmışam. Bunlardan Rafiq Tağı, Rövşən Novruzoğlu, Mirzə Sakit, Şəmsi Vəfadar, Samir Sədaqətoğlu, Faiq Balabəyli və başqalarını göstərə bilərəm. Onlar həbsdə olarkən müdafiələrinə qalxmışam. “Modernistlər və abstraktlar” adlı məqaləm isə iyirmibirinci yüzilliyin gənc ədəbi simaları haqqında vaxtında yazılmış bir yazıdır.     
-Neçə kitabınız var? Sizcə yaxşı şair kitablarının keyfiyyəti, yoxsa kəmiyyəti ilə öyünməlidir?
-Kitaba müqəddəs bir şey kimi baxıram. Belə bir hədis var ki, Allah öz sözünü bəşəriyyətə kitabla deyib və kitab gələn dinlər üstün tutulur. Bəşəriyyət kitabı kəşf etdiyi gündən mənəviyyatının yüksək mərtəbəsinə qalxib. Mənəvi dəyərlər kitabla nəsildən-nəslə ötürülür. Çox istəyirəm ki, yazdıqlarımın hamısı kitab şəklində olsun. Qəzet-jurnal yazıları it-bata düşür. Bəzən öz yazımı axtarıb tapa bilmirəm. Kitabım çoxdu. Etnoqrafiyaya, tarixə, folklora dair kitablarım çıxıb. Müəllifi olduğum “İnsan inciləri” publisistik toplunun ikinci kitabı bu il işıq üzü görəcək. Ədəbi prosesə, folklorşünaslığın problemlərinə dair kitablarımın bir neçəsi çap olunub, bir neçəsi də nəşr üçün yığılmaqdadır. Poetik toplum isə azdı, 2003-cü ildən bu yana şeir kitabım çıxmayıb. Bu müddətdə yazdıqlarım beş-altı kitab həddini aşıb. Sponsorum-zadım da olmayıb. Mən oxucuya hörmətsizlik etməyi xoşlamıram. Elə şeirlərim var ki, müəyyən dövrün ovqatını əks etdirir və onları kitablarıma salmaq fikrim yoxdur. Bir tənqidçinin bu fikri ilə şərikəm ki, balaca ədəbiyyatçılar yetişdirmək böyük ədəbiyyatçıların əl-ayağına dolaşmaq kimi bir şeydir. Bəzən yaxşı oxucu pis şair olur və yaxşı şeiri qiymətləndirmə qabiliyyətini də itirir. Mən özümü böyük şair saymasam da, balacası da deyiləm və kitablarımın keyfiyyətli alınmasına çalışıram.  
-“Nöqtələr” dərgisi buraxmaq ideyası hardan ağlınıza gəldi? Müntəzəm çıxmağınıza mane olan amillər hansılar idi?
-Doxsanıncı illərdə qəzetlər oxunsun deyə krassvord çap edirdilər, hətta redaksiyalara pulla krassvord tərtib edən peşəkarlar meydana çıxmışdı. Sonra ulduz falı dəbə mindi. Şeir-zad oxuyan yox idi, çapına da maraq göstərilmirdi. Biz “Nöqtələr”ə yeni imzalarla gəldik. Hamısını demirəm, bir qismini ədəbi aləmdə tanıda bildik. Səkkiz il ardıcıl çap olunduq. Sonra kitab çapı bahalaşdı, mənim əmək haqqım buna bəs etmədi. “Nöqtələr”in yazarları da qıtlıq keçirirdi, dəstək görmədim. İmkanı olan öz kitabını ayrıca çıxardı. 2009-cu ildə “Nöqtələr” seriyası ilə Taleh Əzimlinin, Hacıbala Əmirin və mənim kitabım çap olunub. “Nöqtələr”in və “Cəlilabad töhfələri”nin birgə layihəsi kimi Böyükxan Bağırlı, Qasid Nağıoğlu, Hacıbala Əmir və Faiq Hüseynbəylinin, həmçinin mənim öz kitabım nəşrə hazırlanır. Bu kitablar “Cənub bölgəsinin ədəbi inciləri” seriyası ilə çıxacaq. Gələcəkdə bu seriyanın əhatə dairəsini genişləndirmək fikrim var.
-Sizcə, müasir şeirimizdə nə çatmır? Ən uğurlu saydığınız şeirinizdən bir parça deyə bilərsinizmi?
-Mənim bir şerim var, məhəbbət mövzusundadı. Elə qoy bismillahı bu şeirlə edim:

Səndə daha
söz qоşmalı yer qalmayıb-
ayağının tоzunacan
sözün içindəsən.
Bilirsən, hansı sözün acısıyam?
Оnu hələ deməmişəm.

Bu şeirlə nə demək istəyirəm? Eyni mövzuda nə qədər şeir yazılsa da, təzə söz deməyə bir ehtiyac hiss edirsən. Bu bir başqa söhbətin ətək yazısıdı. Bəs görəsən çağdaş şeirimizdə hər şey yerindədirmi? Lap elə Füzuli səviyyəsində qəzəl yazmaq bu gün kimə və nəyə lazımdı? Yeni deyim yeni deyim tərzi tələb edir. Xəlil Rza şeirlərində məsnəvi və qəzəl elementlərindən istifadə edirdi. Lakin bu, o deyildi, yəni bizim anladığımız məcnəviyə və qəzələ bənzəmirdi. Şeirdəki reçitativliyi etirazedici, üsyankar misralar o qədər dəqiq tamamlayır ki, ondan bircə misra üzdürmək olmur. Yaxud Mehman Qaraxanoğlunun nəğmələri orta yüzilliklərin nəzm əsərlərindəki dibaçələrə bənzər nəsr parçaları ilə başlayır. Mehmanın üslubu xoşuma gəldi. Bu iki misalda nəyi görmək mümkündür? Ənənədən gələn novatorluğu! Bu həqiqətdir ki, dilin ruhunu oxşamayan yazı uğur qazanmır. Frazeologiya da, idiomlar da folklordu. Dilin şirinliyi, ruha yaxınlığı vacibdən vacibdir. Çağdaş şeirimizdə iki meyil məni razı salmır. Bunlardan biri traferetivizm, digəri neoimportivasiyadır. Traferetivistlər ənənəvi formalarda ənənəvi ideyalar və deyimlərin arasında vurnuxurlar. Onlar üçün yenilik qəbuledilməzdir. Qoşma və gəraylı Vaqif həddini aşmır. Neoimportivator yenilik aludəçisidir, həm də bu yenilik hardasa başqa xalqdan, guya inkişaf etmiş Avropadan qaynaqlanır. Belə əsərləri oxuyarkən adama elə gəlir ki, Zeydulla Ağayevin ingilis dilindən yenicə tərcümə etdiyi kitabı varaqlayırsan, tərcümə kimi gözəldir, ancaq adamın ruhunu oxşamır, yəni o kitabdan “oğurlamağa” bir şey tapmırsan. Bu əsərlərin milli ədəbiyyatı xaricdə təmsil etməsi də gülünc alınır. Bu, ermənilərin bizim “Köçəri” havası üstündə nəğmə oxuduğu “Eurovision”də Azərbaycan müğənnisinin ingilis mahnısına milli elementlər əlavə edib oxumasına bənzəyir. Burada bu şəkildə nə vaxtsa qazanılacaq ən böyük uğur Azərbaycan musiqisinin uğuru olmayacaq. Rayonumuza Amerikadan Lyüdmila Birts adlı ingilis dili müəllimi gəlmişdi, ona “Nöqtələr”in yeddinci kitabını verdim ki, oxuyub rəyini bildirsin. O, kitabdakı hər yazını başa düşmüş, lakin Böyükxan Bağırlının hekayəsini oxumaqda çətinlik çəkmişdi. Soruşdum ki, bu hekayədə çətinlik nədədir? Dedi ki, hekayənin dili kaloritlidi, folklor dilidi. Bizim çağdaş nəsrimizdə və şeirimizdə həmin kolorit çatışmır. Qaldı şeirlərimdən uğurlusunu söyləmək! Mənim ədəbi uğurlarım bir şeir üzərində qurulmayıb. Ancaq birini deyəcəyəm:

Bu yazı səninlə çətin danışır,
Dilini bilmirsən-günahım nədir?
Öldür məni, Allah, necə ağırdır,
Ölməmiş bu adam məni dəfn edir.

Bu adam dəfn edir məni sözümdə,
Öldürüb leş kimi sürüyür məni.
Qolumu, qıçımı, başımı kəsir,
Qırmızı kəfənə bürüyür məni.

Onun əllərində qəbir dar düşür,
Üstündə bir qarış ot bitməyəcək.
Öldür məni, Allah, bu cəllad adam
Məni öldürməyi tərgitməyəcək.

İndi qırx gün-qırx gecəyə söylənilən nağılları dinləməyə kimsənin həvəsi yoxdur

Mənim gözəl nəsr əsərlərim də var. Düzdür, nəsr əsərlərim iri həcmli deyil, onlarda qoyduğum mövzular bir neçə romana sığar. Bunların içərisində ən böyüyü “Zülmə şərik olanlar” hekayəsidir. “Xalturaçı” hekayəsində isə əyalət mənəviyyatını və əyalət ziyalılarının taleyini qələmə almışam. Həcmi A4-lə bir səhifə olan hekaylərim var ki, çox uğurlu alınıb. “İmperator”, “İnşa”, “On iki nömrə”, “Daş”, “Baş”  və başqa hekayələrimi bəzi qəzet-jurnal redaktorları çap etməkdən boyun qaçırırdılar. Elə hekayələrim də var ki, onları oxuyub əti çimçəşənlər olur. Çox istərdim ki, hekayələrimlə də kimsə maraqlansın. Belə pritçavari hekayələr çox az yazılır. Zamanı və oxucu səbrinin darlığını nəzərə almaq lazımdır. İndi qırx gün-qırx gecəyə söylənilən nağılları dinləməyə kimsənin həvəsi yoxdur. Oxunmayan yazının siqləti məlum olmaz.
-Bu gün çap olunan ədəbi məhsulların böyük bir hissəsinin maklaturaya çevrilməsi faktdır. Sizcə, burada ədəbi tənqidin zəif olması, əsərlərin yetərincə təbliğ edilməməsi nə dərəcədə rol oynayır?
-Bu fikirlə razıyam ki, ədəbi tənqid susmaq azadlığı mərhələsindədir. Hətta bir tənqidçi yazmışdi ki, tənqid edib tənə eşidincə, susub bu mərhələnin ötüb keçməsini gözləmək lazımdır. Düzgün fikir deyil. Tənqid susanda liberallıq edir. Mətbuatda ədəbiyyat adına cəfəngiyyat baş alıb gedir, ədəbi mükafatlar ədəbiyyata dəxli olmayan cızmaqaraçılara verilir, tənqidçi isə susur. Bu, düzgün yoldumu? Rus mətbuatında tənqidçi anlayışı alim anlayışı ilə eyniləşdirilmir. Tənqidçilər bir qayda olaraq mətbuatda çalışır. Bizdə tərsinədir. Tənqid (tərif) edənin elmi dərəcəsi onun yazdıqlarının kəsərli olub-olmamasını təyin edir. Sovet dönəmində Moskvada tənqidçilərin yığıncağı keçirilir, buraya keçmiş müttəfiq respublikalardan gənc tənqidçilər gəlir, Azərbaycandan isə akademiklər və professorlar göndərilir. Biz hələ də bu təsəvvürdəyik ki, tənqidçinin mütləq elmi dərəcəsi olmalı və o, AMEA-da işləməlidir. AMEA-da isə tənqid yazılmır, elmi araşdırma aparılır. Mehdi Hüseyn tənqidçi olmasa da, Səməd Vurğunun şeirlərini alt-üst edirdi. Əlbəttə, bundan Səməd Vurğun çox şey qazandı, ən azından, məşhurlaşandan sonra bizim indiki xalq şairləri kimi ağzına gələni yazmadı. Yaxud Rəhim Əliyevin tənqid etdikləri sonradan ona görə yaxşı yazdılar ki, öz səhvlərini görə bildilər. Asif Əfəndiyevi ittiham edənlər əslində öz eyiblərini ört-basdır edirdilər. Bu gün özünü və karyerasını qurban verib ədəbiyyatı xilas edə biləcək güclü tənqidçiyə, həm də bir neçə tənqidçiyə ehtiyac var.  
-Tənqidə münasibətiniz? Sizi tənqid etsəm, kin saxlayarsınızmı?
-Mən hər yerdən tənqid olunmuşam və haqqımda ən yaxşı yazılardan biri AMEA-dan gəlib. Bu, Nəzif Ələkbərlinin “Nöqtələr” ədəbi topluları haqqında “Ulduz”da gedən yazısıdır. Tehran Əlişanoğlu isə “Nöqtələr”i ədəbi proses rəmzi adlandırmışdır. Özüm də ədəbi tənqidlə məşğul oluram. Bu sahədə bir boşluq hiss etdiyim üçün ürəyimə yatan  və yatmayan əsərlərə münasibətimi bildirirəm. Böyükxan Bağırlı, Vəli Xramçaylı, Ədalət Əsgəroğlu, Ədalət Salman, Ağamir Cavad, Əlirza Həsrət, Hacıbala Əmir, Kənan Hacı və başqaları haqqında məqalələrim ancaq tərif xatirinə yazılmayıb ki! Təzyiqlərə məruz qalan qələm adamları haqqında çoxları susanda  mən öz münasibətimi bildirməkdən çəkinməmişəm. Ədəbi tənqidin ədəbi proses haqqında susmasını yolverilməz sayıram. Uzun müddət tənqid yükünü Vaqif Yusifli təkbaşına öz çiyinlərində saxlayıb. Son vaxtlar Əsəd Cahangir cəsarətli tənqidi yazılar yazır. İlqar Fəhminin çağdaş nəsr haqqında yazısı da xoşuma gəldi. Ədəbi gənclik haqqında gənclərin özlərinin fikir söyləməsi də yaxşıdır, ancaq tənqidi təfəkkür zəif olduğundan birtərəflilik hiss olunur. Gənclərdə “bizimkilər və başqaları” ayrı-seçkiliyinin formalaşdırılması xoşuma gəlmir. Bu, gələcəkdə yaxşı nəticələr verməyəcək. Söhbət gənc şair və yazıçılardan gedirsə, kimsəyə fərq qoyulmamalıdır. Qan Turalı, Faiqdən söhbət açanda məni də “oyuna” qatırdı, ancaq mən onun yazılarını soyuqqanlıqla izləyirəm, hətta “Azadlıq”dakı köşə yazılarını keçirmirəm. Sabutay yaradıcılığımı qoyub, şəxsiyyətim haqqında xoşagəlməz fikirlər yazmışdı. Mən onun qələmindən çıxan bütün yazıları oxuyuram və dəfələrlə münasibətimi bildirmişəm. Rastlaşanda çayxanada oturub bir yerdə çay içə-içə söhbət də edirik. Mən tənqidə görə kin saxlamıram. Heç kinin nə olduğunu da bilmirəm. Amma dəvə kimi kinli “dostlarım” var ki, sözün içindən söz çıxarıb, ağıllı-başlı ədavət aparırlar.      
-AYO-AYB qarşıdurması. Ədəbiyyatımızın aktual problemi. AYB üzvü olaraq, bu barədə siz nə düşünürsünüz?
-Adamlara ədəbi qurumlara mənsubiyyətinə görə qiymət vermək mənlik deyil. Nə Azad Yazarlar Ocağı, nə də Yazıçılar Birliyi kimsəyə şeir yazmağı öyrətmir. Bu təşkilatların özlərində də dəmir sədd yoxdur. AYB orqanlarında azad yazarların çox yazısını oxumuşam. Bu yaxınlarda Anar telemüsahibələrinin birində Rafiq Tağının yaradıcılığını yüksək qiymətləndirdiyini bildirdi. “Alatoran” jurnalının titul vərəqində AYB üzvlərinin çap üçün müraçiət etməmələri haqqında xəbərdarlığa baxmayaraq, burada həmin təşkilatın bir neçə üzvünə səxavətlə yer verilirdi. Haqqında yazdığım şair və yazıçıların çoxu azad yazarlarda təmsil olunublar. Mənim üçün ədəbiyyat nümunəsi əsasdır, onun harada yaranması bir o qədər də önəm daşımır. Lakin çoxları bunu anlamır. Yanlış bir fikir yaranıb: ya iqtidarçı, ya da müxalifətçi olmalısan. Ədəbiyyatçının nə iqtidarı, nə müxalifəti! Sən azad yazarlarda təmsil olunubsan, mən isə AYB üzvüyəm. Sənin mənimlə həmsöhbət olmağına nə mane olur? Axı, biz ədəbi yeniliklərdən xəbər tutmaq üçün çayxanaya yığışırıq. Ədəbiyyatın ən aktual problemi bu deyil, ədəbiyyatın aktual problemi oxucunu itirmək təhlükəsidir. Əgər ədəbiyyat müəllimi ildə bir dənə bədii əsər oxumursa, onun şagirdlərindən nə ummaq olar? Sənin və mənim yaşadığım rayonda qəzet köşklərinin sayı azalırsa və biz yazımız çıxmış qəzeti özümüz oxumaq üçün Bakıdan gətirtdiririksə, burada hansı mütaliə səviyyəsindən söhbət gedə bilər. Rayondakı üç kitab mağazasından biri də qalmayıb, rayonun ziyalıları ölkədə hansı ədəbi prosesin getdiyini haradan biləcək? Nadan cəmiyyətin içərisində internetlə dünyaya çıxmaq da adama ləzzət eləmir. Çünki o dünyanın sənin əhatəndən, sənin əhatənin də o dünyadan xəbəri yoxdur. Bir qrup yazar özü-özünü oxuyur, vəssalam! Ən böyük problem budur. Hə, bir problem də var. Ədəbiyyatçı yazısı ilə dolanmır, yəni yazı yazıçı üçün hobbidən artıq şey deyil. Tənqid problemi ilə bağlı isə bir az öncə danışdım.   
-Azərbaycan yazarlarından və xarici müəlliflərdən kimləri oxuyursunuz və yüksək qiymətləndirirsiniz?
-Ədəbiyyat müəllimi olduğumdan klassik və çağdaş ədəbi prosesi müntəzəm izləyirəm. Əlbəttə, kənd müəllimi və əyalət yazarı olaraq qalmamışam. Ancaq bəzi kitabları əldə etməkdə çətinlik çəkirəm. Müəllim maaşının imkanları da buna yol vermir. Mənə elə gəlir ki, oxuduğum və yüksək qiymətləndirdiyim şair və yazıçılar haqqında kifayət qədər danışdım. Sən yəqin çağdaş yazarları soruşursan?! Qəşəm Nəcəfzadənin “Təsnifləri” xoşuma gəldi, cəsarətli şeirlərdi. Pərvizin, Sevinc Pərvanənin, Nəriman Əbdülrəhmanlının nəsr əsərləri ruhumu sakitləşdirir. Bu yaxınlarda Səlimin tərcüməsində İosif Brodskinin və Vasil Stusun şeirləri əlimə keçmişdi. Hər dəfə Yazıçılar Birliyinə gedəndə Ədalət Əsgəroğlu, Elmlər Akademiyasına gedəndə Məhərrəm Qasımlı mənə bir bağlama yeni çap olunmuş kitab verir. Bu yaxınlarda Moskvada çap olunmuş rus ədəbiyyatı klassiklərinin məktubları və xatirələrindən ibarət xeyli kitab alıb oxudum. Onların içərisində Pavel Vasilyeviç Annenkovun “Ədəbi xatirələr”i, Lyubov Yevgeniyevna Belozerskaya-Bulqakovanın “Xatirələr”i, Boris Posternakın yazışmaları, Anatoli Naymanın “Anna Axmatova haqqında hekayələr”i və Marina Vladinin Vladimir Vısotski  haqqında “Xatirələr”i mənə daha çox təsir etdi. “Sovremennik” nəşriyyatının çap etdiyi “Rus sentimentalistlərinin nəsr əsərləri” kitabı isə ədəbi cərəyan toplusu kimi marağıma səbəb oldu. Bir türkmən dostumun bağlama ilə göndərdiyi folklor kitablarını da orijinaldan oxumaq xoş idi. Təəssüf ki, ölkəmizdə tərcümə işi yüksək səviyyədə təşkil olunmayıb. Vaxtilə “Xəzər” jurnalının gördüyü iş nəyə desən dəyər. Ya bu dərginin nəşrinə qayğı artırılmalıdır, ya da onu əvəz edəcək yeni dərgi işıq üzü görməlidir. “Mütərcim” və “Dünya ədəbiyyatı” dərgiləri “Xəzər”in səviyyəsinə qalxa bilmir. Orta yüzilliklərdə qədim yunan əlyazmalarının ərəb dilinə çevrilməsi İbn-Sinalar, Əl-Fərabilər, Tusilər yetişdirdi və bütün Şərqdə, o cümlədən Azərbaycanda ərəb dilini elm dili səviyyəsinə qaldırdı. Dünya ədəbiyyatından təcrid olunub, dünyanı heyrətləndirə biləcək ədəbiyyat yaratmaq qeyri-mümkündür. Çünki bütün şair və yazıçılar poliqlot deyillər və dünya ədəbi prosesini müntəzəm izləmək imkanından məhrumdurlar. Təkcə Türkiyəyə və Rusiyaya çıxmaqla iş bitmir. 
-Ardıcıl və vaxtaşırı izlədiyiniz mətbu orqanlar hansılardır?
-Ədəbi dərgilərin hamısını əldə edirəm. Yazılarıma yer verdikləri üçün “Azərbaycan” və “Ulduz” jurnallarını keçirmirəm. “525-ci qəzet”in şənbə sayına mütləq baxıram, burada gənc ədiblər məktəbinin yetirmələri maraqlı yazılarla çıxış edirlər. Moskvanın “Literaturnaya qazeta”sını müntəzəm alıram. Kitabxanamda “Alatoran”ın bütün sayları var. Sənin özünün bağışladığın kitabları da oxuyub, bəzən onların haqqında məqalələr də yazıram. Məsələn, “DAYAQ” seriyası ilə çap olunmuş çağdaş Güney Azərbaycan ədəbiyyatı nümunələri məni tərpətdi, bu barədə söz deməyə ehtiyac hiss etdim. Sənin Sayman Aruz, Məlihə Əzizpur, Nigar Xiyavi, Səkinə Pur Həsən, Kiyan Xiyav və Uğur Olgar haqqında yazdığın silsilə məqalələrin də çağdaş Güney Azərbaycan ədəbiyyatına yeni baxış nümunəsi kimi maraqlıdır. Yeri gəlmişkən, “Adyazar”da Sayman Aruzun “Güney Azərbaycanda çağdaş ədəbi proses” adlı yazısını oxudum, bu məsələlər orada da pis qoyulmayıb. Çətinliklə də olsa, bəzi yeni kitabları əldə edə bilirəm. “Ən yeni ədəbiyyat” seriyası ilə çıxan kitabları cibimin boş vaxtında böyük qənaət hesabına əldə etdim. Məndə olmayan bəzi nəşrləri Hacıbala Əmirin kitabxanasından götürürəm. Onun şəxsi kitabxanası mənim həyətimin başında ayrıca binada yerləşir. Boş vaxtlarımızı burada keçiririk. Müstəqil mətbuata üstünlük verirəm. Bəzən yeni xəbərləri mən oxuyuram, Hacıbala müəllim qulaq asır.
-İnsanlarda qiymətləndirdiyiniz ən yüksək xüsusiyyətlər hansılardır?
-Ən çox nifrət etdiyim şey yalandır. Buna görə də, çox az olan düzgün, əqidəli, saf adamların qədrini bilirəm və rəğbətimi onlara hiss etdirirəm. Heç vaxt dünya malı yığmamışam, dünyagirlərdən də xoşum gəlmir. Pulu sevən adam imansız olar. Əslində cəmiyyət sürətlə imansızlaşmaqda davam edir. Belə suala sovet dönəmində romantik bir cavab verirdilər: Mən insanlarda dostluğu yüksək qiymətləndiririəm! İndi gərək olan adamlara baş əyirlər. Hürufilər cəmiyyəti kamil insana və heyvanata bölürdülər. Qarnını deyil, ağlını yemləyən insanlar azalır. Mən həmin azları yüksək qiymətləndirirəm. Həmin azların çoxluqda olmayan çox yaxşı xüsusiyyətləri var.
-Həyatda ən çox nədən zövq alırsınız?
-İçkiçi deyiləm, arvadbazlıq etmirəm, domino və nərd azərkeşi olmamışam, siqaret çəkmirəm. Həmişə nə isə oxumağa və yazmağa boş vaxt gəzirəm, oxuduğum ürəyimi açanda və yazdığım yaxşı alınanda ruhum təzələnir. Ancaq cavabım təkcə bundan ibarət deyil. Yaxşı oğul və yaxşı ata olmağın bir ayrı zövqü var! Həyatdan yaxşı zövq almaq üçün yaxşı övlad tərbiyə etmək lazımdır. Mən təzə işıq üzü görmüş kitabımı bir dəfə oxuyuram ki, görüm orada səhv-filan yoxdu ki?! Ancaq Faiqin kitablarına az qala hər gün baxıram. Bilirsən, niyə belə edirəm? Çünki bu kitabları oxuyanlar deyirlər ki, onu yazan Bilal Alarlının oğludur. Bu, həm adamın məsuliyyətini artırır, həm də zövq verir. Nəvələrimlə keçirdiyim vaxtı dünyanın ən yaxşı pansionatındakı istirahətə bərabər tuturam. Sonda suallarınla məni içəridən tərpətdiyinə görə sənə “Sağ ol!” deyirəm. Ola bilər ki, bəzi cavablar yerinə düşmədi. Ancaq ədəbiyyat adamının ədəbi proses haqqında nə düşündüyünü öyrənmək həmin ədəbiyyatçının bədii əsərlərini oxumaq qədər maraqlıdır.  

             İbrahim Sel, Professional Oxucu Liqası

Комментариев нет:

Отправить комментарий