15.05.2011

Nərmin Kamal, şeirlər

                                    SƏKKİZİNCİ MÖCÜZƏ

Qocalar evi
köhnə radioda «Amerikanın səsi»ni dinləyirdi qocalar
radio dünyanın yeni yeddi möcüzəsini sayırdı:
internet
Şərqi Afrikadakı Serengeti Plain
Maya piramidaları,
Quzey və Güney qütbləri
Yerusəlim,
Tibetdəki Lhasa din mərkəzi,
Havaydakı Marine abidəsi
səkkizinci möcüzə də var,
bunu da siz tapın, nədir– dedi
və yayımını bitirdi.

xəbərləri dinləyən qocalar
heç düşünmədən
«insanların ölümə çarə tapmamasıdır» dedilər
və sinələrini arıtlaylb öskürdülər
bir də öskürdülər
revmatizm ağrılarından keyimiş dizlərini
yorğan altına çəkib yuxuya getdilər...

yuxuda səkkizinci möcüzəni gördülər
gördülər ki çarə tapılıb ölümə
daha ölməyəcək, bir də heç vaxt ölməyəcəklər
inanılası deyil
fəqət tapılıb çarəsi ölümün
çiynimə pencək sal üşüdüm...

elə bu vaxt
yuxunun bu cazib yerində
gör nə etdi
yandırdı qocalar evini gənc üsyankarlar
əllərində qocalara ölüm şüarı vardı
yuxuya çin olmaq imkanı qıyılmadı
qocalar yandı

yanmış xarabalıq ortasında
anteni ərimiş, qutusu qaralmış
markası pozulmuş radio
artıq soruşmayacaqdı
«səkkizinci mocüzə də var,
bunu da siz tapın, nədir»– deyə
bu suala dəqiq cavablar verilən yerdə…

                                  ALLAHI BAĞIŞLAMA

Bir gün
Allah bizdən üzr istəyəcək
Bir gün
həyatın gətirdiyi oyunlar,
hər gün yeni düyünü açmaq çabası
keçidlər
yeni sevgilər
üsyanlar
göz yaşları
çörək savaşları
batmayıb ayaqda qalmaq,
yaşamaq və yaşatmaq qovğası
intiqam almaq ehtirası
ala bilməməyin yası
artıq dözülməz olanda
tək və gücsüz uzananda qəsəbə səkilərində
Allah üzr istəyəcək bizdən
Bağışla
-deyəcək, qızım
bağışla ki,
sənə yaxşı tale vermədim
təəssüflər içində keçir ömrün
bağışla, mənim balam
-deyib hönkürəcək
Mən onu başa düşəcəyəm,
qolumu qaldırıb sarılacağam boynuna
üç dəfə yüngülcə
kürəyinə vuracağam əlimlə
eybi yox, deyəcəyəm,
Eybi yoxdur
Əlini saçlarımın arasına salıb dolacaq,
bunu belə sarışın etmədim,
bunu belə qıymadım sənə- deyəcək,
Yaxşı, belə də sevənlər oldu mənim
qara saç da pis deyil- deyəcəyəm
-Peşman olmuşam,
sevdiyin pişik balalarını belə yaşatmadım
üçünü bir gecədə öldürdüm,
-Bəsdir, deyəcəyəm, üzmə özünü
başqalarının da pişikləri ölür,
hətta uşaqları ölür
Allahın boğazı qəhərlə dolacaq
daha möhkəm hönkürməyə başlayacaq
acizəm, bağışla
-təkrar-təkrar bunu hıçqıracaq
mən də ona qoşulacağam
-yaraşmaz sənə kiçilmək
bəsdir, onu sakitləşdirməyə çalışacağam,
bundan daha pis həyatlar var
narahat olma, yaxşıdır hər şey- deyib
gözlərini siləcəyəm
allahı əfv edəcəyəm

Комментариев нет:

Отправить комментарий