23.05.2011

İcra başçısının mülkləri açıqlandı

Masallının «xanı», Kəmaləddin Heydərovun yaxın adamı  Qəzənfər Ağayev rayonu zəbt edib
Masallının icra başçısı Qəzənfər Ağayevin qanunsuz əməlləri rayon sakinlərinin səbr kasasını daşırıb. Fövqəladə hallar naziri Kəmaləddin Heydərova yaxınlığı ilə seçilən icra başçısının Masallıda sahibkarlığın inkişafına mane olması, sakinlərin problemlərini həll etməkdənsə, daha da dərinləşdirməsi, tabeliyində olan şəxslərin özbaşınalığına yaşıl işıq yandırması rayonda sosial partlayış üçün zəmin yaradıb. Qəzənfər Ağayevin rəqibləri də sakinlərin narazılığından yararlanaraq icra başçısına qarşı genişmiqyaslı hücuma keçiblər. Lakin bu da icra başçısını kaprizlərindən çəkindirə bilməyib. Qəzənfər Ağayev hesab edir ki, əgər o, Kəmaləddin Heydərovun himayəsindədirsə, deməli, heç bir qüvvə onu postundan aşıra bilməz.
Yeri gəlmişkən, bir neçə gün əvvəl Masallının bir qrup ziyalısı Qəzənfər Ağayevin qanunsuz əməlləri ilə bağlı mətbuat konfransı keçirib. Onlar mətbuat konfransında icra başçısının Masallıdakı obyektlərinin siyahısını da jurnalistlərə təqdim ediblər. Həmin siyahını oxucuların diqqətinə çatdırırıq.    
1. Sahibkar Çingiz Həşimovdan zorla alınan Tərəvəz bazarı.
2. Masallının “Qala bazarı” deyilən hissəsində tikilən 40-dan çox obyekt.
3. Olimpiya kompleksi deyilən idman mərkəzi ilə üzbə-üz 3 hektarlıq sahə. Həmin ərazidə bir inzibati bina, bir restoran və istirahət üçün 9 “domik” var.
4. Qəriblər kəndi ilə Ərkivan kənd ərazisinin sərhəd hissəsində yarım hektar torpaq sahəsi.
5. Boradigah qəsəbəsində sahəsi 30 hektar olan balıqçılıq təsərrüfatı.
6. Heydər Əliyev parkının ərazisində sahəsi 250 kvadrat metr olan “Gənclik” çay evi.
7. Masallı-Bakı magistral yolunun sağ hissəsində sahəsi 12 hektar olan inşaat materialları bazarı.
8. Xallıcalı kəndində sahəsi 130 hektar olan balıqçılıq təsərrüfatı.
9. Masallı-Lənkəran magistralı yolunun sol tərəfində “Cənnət bağı” restoranı. Həmin ərazidə çəpərlənmiş 5 hektar meşə zolağı və 10 hektar müxtəlif ağac yetişdirmək üçün sahə.
Ziyalılar deyir ki, Qəzənfər Ağayev bu obyektlərin bəziləri “Caspian Fruit Co” MMC-nin, bəzilərini isə ayrı-ayrı şəxslərin adına özəlləşdirib.
Oxucuların diqqətinə çatdıraq ki, “Azadlıq” ötən sayında  ziyalıların sabiq deputat, hazırda Daşkəsənin icra başçısı olan Əhəd Abıyevə yaxın şəxslər olduğunu yazmışdı. Lakin ziyalılar qəzetimizlə əlaqə saxlayaraq Əhəd Abıyevə heç bir aidiyyətləri olmadıqlarını bildiriblər: “Bizim Əhəd Abıyevə ehtiyacımız yoxdur. Və onun adamı da deyilik. Biz kimlərinsə sifarişini yerinə yetirmirik. Qəzənfər Ağayev Masallını monopoliyaya alıb, rayonu xüsusi mülkiyyətinə çevirib, biz də bu qanunsuzluqları ictimaiyyətinə diqqətinə çatdırırıq. Rayonumuzu bir şəxsin monopoliyasından çıxarmağa çalışırıq. Buna başqa don vermək lazım deyil”.
Bu məsələdə “Azadlıq”ın qərəzli olmadığını isbat etmək üçün ziyalıların mövqeyini dərc etməyi qərara aldıq. Lakin maraqlıdır ki, Qəzənfər Ağayevin qanunsuzluqlarından danışan, onun obyektlərinin siyahısını tərtib edən hörmətli ziyalılar nədənsə Abıyevlərin Masallıdakı qanunsuzluqları barədə susurlar. Əhəd Abıyevin qardaşı Nadir Abıyev icra başçısının birinci müavinidir. Və Qəzənfər Ağayevlə yanaşı o da rayonda çoxsaylı qanunsuz addımlar atıb. Eyni zamanda onun obyektlərinin sayı heç də Qəzənfər Ağayevin obyektlərinin sayından az deyil. Ümid edirik ki, Masallı ziyalıları Qəzənfər Ağayevlə yanaşı Abıyevlərin də qanunsuz əməllərinə diqqət çəkəcək və onların da mülklərini ictimaiyyətə açıqlayacaqlar.
azadliqqazeti.com                                     Vidadi

Комментариев нет:

Отправить комментарий