09.05.2011

Qaranlıq mətləblər

Ülvi Məmmədli                                  Azad Yazarlar Ocağı

 Siyasi partiyaların şanlı hökumətimizdən tələblərindən biri də budur ki, onlara qərargah, bina verilsin. Hökumətimiz də sağ olsun, heç bir müraciəti boş buraxmır, hamısına cavab verir. "Yığışıb özünüz özünüzə bina tikin!" YAP özü tikib bəyəm?
 Anlaya bilmədiyim zadlardan biri də bu batmış əmanətlər məsələsidir. Əslində hökumətimiz bu söhbətin lap əvvəlində "mən sizin pulunuzu qaytaran deyiləm, gedin kimə vermisiniz ondan da istəyin" deyib yaxasını bu məsələdən kənara çəkə bilərdi. Heç kim də ona heç nə deyə bilməzdi. Amma özünü ədalətli göstərmək istədi, dedi qaytaracam. İndi aylar ötür, illər keçir, heç cür qaytara bilmir. Neft baha olanda ehtiyaclarımız çox idi, körpü, yol, bayraq, fontan, daha nələr. Neftin qiymətinin düşən vaxtı da oldu. Bu pensiyaçılar da bir tərəfdən dirəyib ki, bəs nə oldu, nə vaxt qaytarırsınız? Gah dedilər qaçqınların sənədləri qaydasında deyil, aydınlaşdırmaq lazımdır, gah indeksasiya məsələsində çətinliklər ortaya çıxdı, gah pul olmadı. İndi deyəsən, tamam başqa bir səbəb tapıblar. Deyirlər ki, bu qədər pulu birdən qaytarsalar inflyasiya kükrəyib qalxar, camaat pis vəziyyətə düşər. Sovet dağılan vaxt başbilənlər deyirdilər ki, rusları çıxarmayın. Çıxarsanız, bunlar başınızda turp əkəcəklər. Elə də oldu. Bu da müstəqilliyimizin acı sonu! Bizə də o gözəl keçmiş günlərin xiffətini çəkmək qaldı.
 O dəfə də dünyada neftin qiyməti düşdüyü üçün Amerikada, Avropada, hətta Rusiyada da benzinin qiyməti düşəndə, bizimkilər dedilər ki, bizdə benzinin qiymətinin neftin qiymətinə dəxli yoxdur. Biz oyuncaq deyilik ki, nə isə qalxanda qaldıraq, nə isə düşəndə düşürək. Bizdə stabillikdir. Özü də bizdə bir kərə qalxanın bir də düşməsi "zapadlo" sayılır...
 Bir müddət də dedilər ki, dünya bazarı cəhənnəm, Azərbaycan bazarında da buğdanın qiyməti düşüb, həm öz buğdamızın, həm də Rusiyadan, Qazaxıstandan alınanın qiyməti 20-25 faiz düşüb. Unun da qiyməti müvafiq olaraq düşüb. Amma çörəyin qiyməti düşmədi ki, düşmədi. Niyə, apo? Bəhanələri isə həmişə olduğu kimi gülməli idi: deyir, biz taxılın baha vaxtında ehtiyatımızı almışıq, ona görə çörəyi ucuz sata bilmərik, həm də bilmək olmaz, birdən sabah taxılın qiyməti qalxdı, onda yenidən çörəyin qiymətini qaldıra bilməyəcəyik axı. Niyə bilmirsiniz, bunun nəyi çətindir ki? Bir dənə müraciət eləyirsiniz Tarif Şurasına, o dəqiqə qərar qəbul eləyirlər, qaldırırlar kəlləçarxa vəssəlam, burada nə çətin iş var ki?.. Çörəkbişirənlər deyirlər ki, qiyməti salmasaq da çəkini artırmışıq. Yalançını çörək gözünü tutsun! O vaxt qiyməti də qaldırdınız, çəkini də saldınız. Elə indi də. Guya camaatın qarğışından, nifrinindən başqa sizə bir kimsə bir söz dedi? 
 Nəyinsə qiymətini qaldırmaq lazım gələndə Tarif Şurası elan verir ki, bu məsələ ilə bağlı müraciət olunub, baxırıq, qaldıracağıq. Elə ki söhbət endirimdən gedir, heç bir çörəkbişirən müraciət eləməyəcək ki, çörəyin qiymətini endirin. Bunlar da müzakirə eləməyəcəklər, olmayan müraciətin nəyini müzakirə eləsinlər ki? Əgər bəhanə müraciətdirsə, elə mən müraciət eləyirəm, buyurun, müzakirə eləyin, çörəyin qiymətini endirin. Amma yox, qorxurlar ki, onda yanacağın da, yaşayışın da, havanın da qiymətini endirmək üçün müraciətlər olacaq axı. Bizim Tarif Şurası da o qədər vicdanlı, diqqətcil, ürəyiyumşaq və rəhimlidir ki, müraciət olsa lap çörəyi pulsuz da eləyər. Özü də deyər ki, Türkmənistan heç inkişafda lider döyül, analoqu olan işləri var, onlar çörəyi, suyu pulsuz eləyir, bizim nəyimiz əskikdir ki?
Amma eləmir. Niyə eləmir, anlamıram. 

Комментариев нет:

Отправить комментарий