09.05.2011

"MSK-da QOL ÇƏKMƏMƏK HALVA DEYİL"

Ənvər Əliyev: "Əgər ADP, AXCP, AMİP-in nümayəndələri qol çəkibsə, bunun nəyi müxalifətdir?"



"Korrupsiya ilə məşğul olmaq vətənə xəyanətin ən qısa yoludur. Oğru oğurluqla mübarizə apara bilməz"

Müsahibimiz Mərkəzi Seçki Komissiyasının sabiq üzvü Ənvər Əliyevdir.
1951-ci ildə Ağsu rayonunda anadan olub. Pedaqoji Universitetin biologiya-coğrafiya fakultəsini biti-rib. Kənd təsərrüfatı elmləri namizədidir. Milli Elmlər Akademiyasında şöbə müdiri işləyir. Ailəlidir 2 övladı, 1 nəvəsi var.
- Ənvər müəllim, nə vaxtdan siyasi fəaliyyətə başlamısınız?
- 1988-ci il 17 noyabr seçkilərinin ideyaçısı və təşkilatçısı olmuşam və buna görə həbs olunmuşam. O vaxt bizim işimizi SSRİ baş prokurorluğunun xüsusi istintaq qrupu araşdırırdı. Dekabrda həbs olun-dum. Buraxılandan sonra SSRİ prokurorluğunun xüsusi istintaq qrupu məni yenidən həbs etdi. Yan-vardan iyula qədər həbsdə oldum. 2002-ci ildə Vətəndaş Həmrəyliyi Partiyasının üzvü kimi MSK-da təmsil olunmuşam. O vaxtdan referendumda, ilk bələdiyyə seçkilərində, prezident seçkilərində, parlament seçkilərində MSK üzvü olmuşam.

- İndiyə kimi Azərbaycanda demokratik seçki keçirilibmi?
- Yox. Keçirilsəydi yəqin mənim imzam olardı. 4-5 seçkidə olmuşam, heç birində qol çəkməmişəm. Rəydə yazmışam ki, filan səbəblərə görə.

- 2010-ci il parlament seçkilərində nə üçün MSK üzvü olmadınız?
- 2003-cü il prezident seçkilərində yeganə MSK üzvü idim ki, seçki protokollarını imzalamadım. Və-təndaş Həmrəyliyi Partiyası 2005-ci il parlament seçkilərində yenidən təqdimatımı vermədi. Müsa-vat Partiyası parlamentdə ən çox səs toplamış partiya kimi MSK üzvlüyünə iki yer əldə etdi. 2005-ci ildə bu yerlərə Osman Kazımovun və mənim namizədliyim Müsavat Divanından keçdi. Lakin Müsa-vat Partiyası müxalifətin yekdil rəyini nəzərə alaraq MSK-ya nümayəndə göndərmədi. 2010-cu il parlament seçkilərində Müsavat yenidən MSK-ya mənim və Gülağa Aslanlının namizədliyini irəli sür-dü. Gülağa Aslanlı parlamentdə təsdiq olundu, məni isə MSK-ya buraxmadılar. Əvəzində Fazil Qə-zənfəroğlunun Böyük Quruluş Partiyasının nümayəndəsini MSK üzvlüyünə təsdiq etdilər.

- Bütün müxalifətçilər saxta seçkinin nəticələrini imzaladığı halda siz niyə imzalamadınız, bir nəfərin imzası ilə nə olacaqdı ki?- Bu cəmiyyətdə o qədər eybəcərliklər var ki, bir nəfər eybəcər olmasa bu onun günahı deyil. O dövrdə müxalifət güclü idi. Hətta bir dənə Komunist Partiyası qol çəkməsə idi seçkilər artıq tanınmırdı. Rəhmətlik Xanmurad müəllim qol çəkdi və seçkinin nəticələri tanındı. 15 nəfər MSK üzvü var idi. Onun üçdə biri, yəni 5 nəfər qol çəkməsə idi seçkinin nəticələri tanınmırdı.

- Belə çıxır ki, demokratik seçki keçirmək sox asandır, bir şərtlə ki, MSK  üzvləri düzgün rəy versinlər?- Əlbəttə. İndi də elədir. MSK üzvləri 18 nəfərdir. 6-sı müxalifət partiyasının nümayəndəsidir.

- Hansı müxalifətdir onlar?
- Fazil Qəzənfəroğlu, Qüdrət Həsənquluyev, İlyas İsmayılov, İqbal Ağazadə, Sabir Rüstəmxanlı.

- Onlar qol çəkməsələr nə baş verər?
- Seçkinin nəticələri tanınmayacaq, məcbur olub yenidən seçki keçirəcəklər.

- Niyə müxalifət bu yolu seçmir, mitinq yolunu seçir?
- Siz deyən müxalifət yoxdur, hamısı qol çəkir. Əgər ADP, AXCP, AMİP-in nümyəndələri qol çəkibsə, bunun nəyi müxalifətdir?

- Ola bilməz ki, çevriliş yolu ilə hakimiyyəti dəyişmək  əvəzinə MSK-da qol çəkməsinlər?
- Elə bilirsən qol çəkməmək halvadır?

- Sizə nə oldu ki?
- Diktafonu söndürəndən sonra deyərəm nə oldu.

- Demokratik seçki keçirə bilmiriksə bəs onda çıxış yolu nədədir? Ümumiyyətlə, demokratiya bizə lazımdırmı? 
- Əslinə baxsanız hər millət özünə layiq gündə yaşamalıdır.

- Müxalifət MSK-da saxta seçkiyə etiraz etmir, sonra deyir gəl mitinqə. Belə müxalifətə kim inanar?
- Qol çəkməmək çətindir.

- Qol çəkənlər özlərinə var-dövlət yığıblar?
- Mən heç nə deyə bilmərəm.

- Sizin var-dövlətdən nəyiniz var?
- Akademiyada şöbə müdiriyəm. 280 manat maaş alıram.

- Həyat yoldaşınız işləyir?
- Müəllimədir. 70 manat maaş alır.

- Eviniz var? 
- Evi mənə sovet hökuməti verib, daha doğrusu, rus verib. 6-cı mikrorayonda yaşayıram. 3 otağım var. İndi heç divar kağızını da dəyişdirə bilməmişik. Mən MSK-da qol çəksəydim, ən azı bir milyonum, istənilən yerdə istənilən qədər mənzilim, istənilən qədər inomarkam olardı.

- Əhali seçkiyə gəlsə və öz səsini qorusa, demokratik seçki mümkündürmü?
- Bəli mümkündür. Mən heç vaxt hökuməti qınamıram. Mən ona tabe olub baş əyən insanları qınayıram. Ləyaqətini, şərəfini qoruya bilməyən insanlar belə yaşamalıdır. Hətta dünyanın ən demokratik ölkəsindən almanı, fransızı gətirib bura prezident qoysan o da belə olacaq. Zalımları məzlumlar yaradır. Məşhur məsəl var, deyir qoyun olmasa qurd olmaz.

- Bunun kökündə nə dayanır?
- Millətin özünə hörmət etmək qabiliyyəti zəifdir. Mənim MSK-da olduğum dövrdə MSK üzvlərinin 30 faizi müxalifət idi.  İndi də elə həmin şeydir.

- Hakimiyyət dəyişikliyi olsa, saxta protokolları imzalayanları vətənə xəyanət ittihamı ilə cəzalandırmaq olar? 
- Sovet dövründən çıxmış insanlardır, sovet dövründən də çıxmış iqtidardır, dövlətçilik təvəkkürü nə iqtidarda var, nə müxalifətdə. Onlar bilmirlər ki, saxta seçkinin nəticələrini tanımaqla vətənlərinə xəyanət edirlər.

- Saxta seçkinin nəticələrini tanımaqdan imtina etdiyiniz üçün sizə sağ ol deyən olubmu?
- Mən onları kiminsə mükafatı üçün etməmişəm. Əxlaqım buna imkan vermir. Özümün özümə hörmətim bəs edir, hara getsəm şah kimi yaşayıram.

- Hazırda korrupsiyaya qarşı aparılan mübarizəyə münasibətiniz necədir?
- Ölkədə korrupsiya varsa, o, ölkənin dağılmasının qısa yoludur. O ölkədə heç bir mənəvi və hüquqi dəyərdən söhbət gedə bilməz. Korrupsiya ilə məşğul olmaq vətənə xəyanətin ən qısa yoludur. Qanunu pozmaq xəyanətkarlıqdan başqa bir şey deyil. Mən də istəyirəm yaşayım, borcdan, xərcdən-xəcalətdən qutarım. Ailə münasibətlərim normal olsun. Övladlarım heç olmasa minimum yaşaya bilsinlər. Ancaq bacarmıram.

- Rüşvətxor olsaydınız ailə üzvləriniz sizə daha çox hörmət edərdi?
- Onu deyə bilmərəm. Amma ehtiyacın da bir sərhədi var. Müəyyən nöqtədən sonra o ehtiyac da problem yaradır.

- Azərbaycan əhalisinin neçə faizi kasıb yaşayır?
- Azərbaycan hazırda ixtişaşlar baş verən ərəb ölkələrindən,  keçmiş SSRİ-dəki ölkələrdən ən pis ya-şayanıdır. Söhbət maddi durumdan, iqtisadi inkişafdan getmir. Söhbət insana verilən qiymət, qa-nunlara riayət olunması və sosial ədalətdən gedir. Mənəvi dəyərlərin itirilməsi, ləyaqətli insanların tapdalanması, sosial ədalətsizliyin tüğyan etməsi hazırda ölkənin ən yüksək göstəriciləridir. Mən korrupsiya ilə mübarizə aparılmasının elementlərini görmürəm. Onu elə adam aparmalıdır ki, özü o xarakterdə olmasın. Siz bilmirsiniz ki, mənə nələr təklif olunub. Akademiyanın rəhbərliyi çağırıb mə-nə nələr təklif edib. Üzümə deyirlər ki, evin yox, eşiyin yox, maşının yox, günün-güzaranın yox, nə gündəsən.

- Axı prezident deyir ölkədə korrupsiya ilə mübarizə gedir?
- Prezident çox şey deyir. Nə olsun ki vaxtı ilə keçmiş prezidentlər də deyirdilər ki, biz ömrümüz boyu korrupsiya ilə mübarizə aparmışıq. Oğru oğurluqla mübarizə apara bilməz. Ölkədə insanların bir göstəricisi var: sən qanuna necə əməl edirsən. Qanunu pozan adam kim olur-olsun, istər Həzrəti Peyğəmbərin bacısı oğlu olsun, o adam vətəninə xəyanət edir.

- Sizcə, İlham Əliyev başa düşmür ki, yaltaq məmurlar gül bayramını nə üçün keçirirlər?
- İlham Əliyevi qınamaq olmaz. O, atasından aldığı hökumətin kursunu davam etdirir.

- Kənd təsərrüfatı sahəsində ölkədə vəziyyət necədir?
- Ağla gəlməyən dərəcədə biabırçıdır. Azərbaycanın kənd təsərrüfatını sovet dövründəki səviyyəyə çatdırmaq, inkişaf etdirmək üçün proqram var. Mən MSK-da olanda o proqramı Svetlana Qasımova ilə müzakirə etmişəm. O dedi ki, mən Artur Rəsizadəyə zəng edib danışacam. Artur onun referenti olub.

- Kənd təsərrüfatının inkişafına mane olmaqda məmurların məqsədi nədir?
- Maraq odur ki, ölkəni çapıb talamaq və kasıb saxlamaq. Çünki vətəndaşın yaşamaq imkanı olsa, o belə hakimiyyətə dözməyəcək. 4-5 ilə Azərbaycanın kənd təsərrüfatını sovet dövründəki səviyyəyə çatdırmaq olar. 2003-cü ildə Belarusiya kənd təsərrüfatını sovet dövrü səviyyəsində qura bildi. Azər-baycanın torpaq potensialı ondan qat-qat yaxşıdır, amma görürsünüz də vəziyyəti. Sovet döründə Azərbaycanda 1 milyon tona yaxın üzüm istehsal olunurdu. İndi 50-60 min ton üzüm istehsal olunur. Azərbaycan üçün ölümə bərabərdir ki, biz Afrika üzümü yeyirik.

- Nə üçün siz öz rayonunuzda üzümçülüklə məşğul olmursunuz?
- 280 manat maaşla mən nə edə bilərəm?

- Kredit götürə bilməzsiniz?
- Kreditin arxasında nəsə durmalıdır. Mənim beton evimə heç nə verməzlər. İkincisi də, Azərbay-canda verilən kreditlə heç nə etmək mümkün deyil.

Cəfər Talıb            faktxeber.com

Комментариев нет:

Отправить комментарий