04.05.2011

PARLAMENT MÜXALİFƏTİ QRUPU HAKİMİYYƏTƏ TƏLƏBLƏR QOYDU

Bu gün Vətəndaş Həmrəyliyi Partiyasının qərargahında Milli Məclisdə təmsil olunan müxalifət partiyaları rəhbərlərinin görüşü keçirilib



FaktXeber.com-un verdiyi məlumata görə, bu gün Vətəndaş Həmrəyliyi Partiyasının qərargahında Milli Məclisdə təmsil olunan müxalifət partiyaları rəhbərlərinin görüşü keçirilib. Görüşdə birgə fəaliyyət və əlaqələrin koordinasiya edilməsi üçün Parlament Müxalifəti Qrupunun yaradılması barədə razılıq əldə olunub.

Vətəndaş Həmrəyliyi, Böyük Quruluş, Ədalət, Bütöv Azərbaycan Xalq Cəbhəsi partiyalarının yaratdığı qrup Azərbaycandakı son ictimai-siyasi proseslərlə bağlı bəyanat qəbul edib. Bəyanatda deyilir: “Azərbaycanın cəlb edildiyi müharibə, Qarabağ probleminin 20 ildən artıq müddətdə həll edilməməsi, torpaqlarımızın işğaldan dərhal və qeyd-şərtsiz azad edilməsi ilə bağlı BMT qətnamələrinin həyata keçirilməməsi ölkədə bütün siyasi qüvvələrin birliyini zərurətə çevirib və bu vəziyyətdə hər hansı qarşıdurma, inqilab və vətəndaş itaətsizliyi cəhdləri ölkəni son dərəcə çətin vəziyyətə sala və əldə olunmuş iqtisadi uğurların nəticələrini heçə endirə bilər.

Biz, Azərbaycan parlamentində təmsil olunan müxalifət partiyaları bu reallığı dəfələrlə diqqətə çatdırmış və ərəb inqilablarının ölkəmizə süni yollarla gətirilməsi təşəbbüslərinin fəsadları barədə xəbərdarlıqlar etmiş, bu cəhdləri pisləmişik. Həmçinin qeyd etməyi zəruri sayırıq ki, Azərbaycan hakimiyyəti vətəndaşlalarının sərbəst toplaşma azadlığına hörmət etməli, səmimi islahatlar həyata keçirməli, qeyri-qanuni və zorakı həbslərdən çəkinməlidir.

Biz mövcud ictimai-siyasi şəraiti və ölkənin beynəlxalq nüfuzunun qorunması zərurətini nəzərə alaraq Azərbaycan hakimiyyətindən tələb edirik:

- Vətəndaşların sərbəst toplaşma azadlığı təmin edilsin;

- Ölkədə iqtisadi və siyasi islahatlar reallaşdırılsın;

- Jurnalist və ictimai fəalların müxtəlif bəhanələrlə həbs edilməsi ənənəsinə son qoyulsun və həbsdəkilər dərhal azad edilsin”.

Bəyanat müəllifləri qarşıdurma və ictimai gərginliyin artmasında hakimiyyətin də məsuliyyət daşıdığını nəzərə çatdıraraq iqtisadi-siyasi islahatların həyata keçirilməsi üçün qarşılıqlı dialoqu və fikir müxtəlifliyinin dəyirmi masada çözülməsinin vacibliyini diqqətə çatdırıblar.

Комментариев нет:

Отправить комментарий