06.05.2011

"İNSANLAR YUXUDADIR, ÖLDÜKLƏRİ VAXT AYILIRLAR"


Əslində, çoxdan zehnimin müxtəlif köşələrində dağınıq, bir yerə toplaya bilmədiyim yetim-yesir fikirlər, düşüncələr, müqəddimələr, nəticələr toplanıb qalmışdı. Bir sözlə bir "Qavroş" gərəkirdi ki, bu yetim-yesirləri bir çatının altına yığsın. Bir qığılcım gərəkirdi isitsin bu məni üşüdən soyuq düşüncələri. 
Dostlardan birinin statusuna rastladım bu yaxınlarda: "İnsanlar yuxudadır, öldükləri vaxt ayılırlar".

Qığılcım idi, əslində, bu status. Bəzən bir qığılcım insanın həyat yolunu müəyyən edir. Bir qığılcım partlayışa səsəb olur. Bir baxış, bir söz, bir köks, bir damla mərhəmət, nələr yaradır, nələr...

Bir dünya zülm yatırdır insanı. Bir axur göy ot kəsir tövlədəki inəyin səsini, bu azmış kimi süddə verir sənə. İnsanlar da belədir, içindəki heyvanı çölə təzahür etməsindən asılı olmayaraq, heyvandır insan. Qoşquya qoşulub, gecə-gündüz kotan çəkir, dünyanın yükü belini əyib insanın, çəkir dünyanın yükünü hanbal kimi, qoşquya qoşulan heyvan kimi. "Sabahım nə olar görəsən, sonrakı günüm nə olar, görəsən?" Sabahı naminə bu gününü yaşamayan biridir, bədbaxtdır insan.

Yorğundu millət bu tünlüyün içində, çənəsi sallanır millətin, qara bazarda hamballıqdan gəlir millət, əldən düşüb millət. Qış gəlmədən yatır, istidə də yatır, soyuqda da yatır. Tələbəsi dərsdə yatır, vəkili parlamentdə yatır, fəhləsi metroda yatır, marşrutda yatır, əsgəri səngərdə yatır, postda yatır, növbədə yatır.

Adam olmaq istəyir, dinmir amma. Kişi öz dilində yatır. Adam olmaq istəyir, gözlərindən oxunur; istəyi gözündə yatır. Yumur tez öz gözlərini, qorxur ölkəmin kişisi, qorxur ölkəmin qadını, qorxur anam, qorxur atam, arzusu qəlbində yatır. Qəlbi isə meydandadır, qəlbi yerindən oynnayır, qoşmaq istəyir meydana, çünki oğlu orda yatır, döyülür, söyülür, sonra aparılır zonda yatır. Getmir amma...

Beləcə, yaşantısı, ömrü idraka deyil, yalnız iyrənc mənfəətə, mənəmliyə söykənən qorxaqlar kimi tapmacaya dönür millət. Yatır millət, yatır... Amma bir qığılcım oyadır milləti, mütləq oyadır. Millət öləndə mütləq oyanır, ölüm oyadır milləti. Öldürməmək lazım bu milləti...

Azər Nəsirov            deyerler.org

Комментариев нет:

Отправить комментарий