13.04.2012

ANADAN ŞAİR DOĞULAN MÜŞFİQ...


Şirinxanım Kərimbəyli ŞADİMAN 


MİKAYIL MÜŞFİQİN ƏZİZ XATİRƏSİNƏ...

Neft  Daşlarında – Geofizikada  işlədiyim  vaxtlarda  hər  dəfə  Böyük  Zirə (Nargin)  adasının  yanından  sərnişin  gəmimiz  keçərkən  istər-istəməz, özümdən  asılı  olmayaraq  qəhər  məni boğurdu... O  ada  tərəfə  baxa  bilmirdim. Mənə  elə  gəlirdi  ki, o  adada  bir  zaman  dəhşətlər  içində  haqsızcasına  güllə-boran  edilmiş  insanların  bədbəxt  ruhları  dolaşır. Sanki  bu  ruhlar  bütün  günü  bir-birlərinə  iblislər  əlində  qırılmış  ömürlərinin  şirinliklərindən  bəhs  edə-edə,  acı  qəh-qəhələr  çəkə-çəkə  o  yan, bu  yana  vurnuxa-vurnuxa  sarı  tüstü  dumanda  bozaran  Bakıya  sarı  boylanırlar...


Böyük  Zirə  adasına  yetişəndə, hətta  gəminin  göyərtəsində  bərkdən  səs  çıxardan  adamlara, üzdə  büruzə  verməsəm  də  ürəyimdə  acığım  tuturdu. Çünki  istəyirdim  ki,  onlar da  mənim  kimi  Böyük  Zirə  adasına  baxanda  orda  şəhid  olanların  əziz  xatirəsinə  hörmət  əlaməti  olaraq  bir  anlıq  da  olsa  sükuta  dalsınlar. Elə  zənn  edirdim  ki,  əgər  belə  etsək, orada  sərgərdan  dolaşan  ruhlar  da  toxtaqlıq  tapar...
Çünki  orada  məhv  olan  insanların  çox  qismi  aylıq  qazanc  haqqı  üçün  gəmidə  gedən  adi  insanlar  kimi  deyildi. Onların  əksəriyyəti  milli  mənsubiyyətinə  görə, milli  dəyərinə  görə,  xalqın  arasından  çıxmış  sayılıb-seçilən  şəxsiyyətlər  idi. Onları  zamanın  acı  fırtınası  şeytanların  ağız-ağıza  verib  ulaşdığı  bir  dövürdə  haqsızcasına, imansızcasına  tarimar  etdi. Bütün  arzularını, istəklərini heçə-puça endirdi. Evlərini  xaraba  qoydu, ailələrini  zorla zindanlara  atdı, sürgünə  yolladı, boş  qalmış  xanimanlarında  bayaquşlar  uladı...
Bu  yaxınlarda  televiziya  kanalarının  birindən  deyirdilər  ki, bəs  oranı  turist  məskəni  etmək  istəyirlər. Doğrusu  bu  xəbəri  eşidəndə  çox  pis  olmuşdum. Çox  zaman  şayələr  həqiqətə  çevrilir...
Yaxşı  olardı  ki, hökümətimizin  başında  duranlar  nakam  ruhların  qaynaşdığı  bu  adanı  qoruğ  etsin. O  ada  açıq  muzey   kimi  fəaliyyət  göstərsin. Yerli  əhali  və  ölkəmizə  qonaq  qismində  gələnlər  üçün  Böyük Zirə  adasıyla  tanış  olmaq  üçün  gediş-gəliş  gəmiləri  fəaliyyət  göstərsin. Ən  nəhayət  orada  faciəli  şəkildə  öldürülənlərin  ruhuna  hörmət  əlaməti  olaraq  abidə  ucaldılsın... Çünki  hələ  də  həmin  adada  dustaqların  vaxtı  ikən  yaşadağı  uçuq-sökük  daxmalar  qalmaqdadır...
Hələ  məktəb  zamanından  şeirlərini  sevə-sevə  oxuyub  bir  nəfəsə  əzbərlədiyimiz  Mikayıl  Müşfiq  də  belə  bir  bədbəxt  tale  yaşadı. Bəxtinə  iyirmi  doqquz  il  ömür  düşən  Müşfiq  anadan  şair  doğulmuşdu. Bunu  onun  məhəbbət  dolu, eşq  dolu  şeirlərinin  axıcılığı  da  bizlərə  diqqtə  edir. Cəsədləri  Xəzərin  qorxulu  fırtınalarına  yem  olan  faciə  qəhrəmanlarından  biri  də  yəqin  ki, Müşfiqdir... Həyatının  baharında, ömrünün  bar-bəhər  verdiyi  zamanlarda  cismi  yox  edilib,  ruhu  incidilən  Müşfiq!... Nə  idi  bu  böyük, bu istedadlı  şairimizin  günahı?!..  Hətta  ona  qəbiri  də  çox  gördülər...Bugün  müşfiqsevərlər,  onun  xatirəsini  əziz  tutanlar Xızı  bölgəsinə, onun  doğulduğu  ata  evinə  üz  tutmalı  olurlar. Ona  yadigar  məzarda  qoymamaq  üçün  çox  guman  ki, cismini  Xəzərin  sularına  qərq  etdilər!..  
Bu  yaxınlarda  internet  portallarında  Müşfiqlə  bağlı  səhvələri  aramağa  başladım. Bu  böyük  şairə  saytlarda  bir  sevgi,  bir  istək,  bir  məhəbbət  gördüm. Bəlkə  o,  birinci  şairdirki  onun  haqqında  vikipediyadan, vikimənbədən  tutmuş  facebook  da  daxil  olmaqla  nə  qədər  istəyirsən  gen-bol  məlumatlar  var. Şeirləri  internet  çatlarında  çinar  kimi  sıralanıb. Ürəyim  qürur  hissi ilə  doldu, sağ  olsun  bu  portalları  qurub-yaradan  və  insanlarımızın  istifadəsinə  verən  kəslər! O kəslər  ki,  bizim  çoxlarımızın  bəyənmədiyimiz,  ürəyi  Vətən  eşqiylə  yanan  qeyrətli,  həqiqi  mənada  qürur  doğuracaq  gənc  insanlarımızdır. Belə  gənclərin  şəninə  nə  qədər  qürurverici  sözlər  desək  azdır. Necə  deyərlər, ömürləri  ləyaqət  çərçivəsində  uzun, bəxtləri  ağ  olsun! Bu  gənclər  Azərbaycanımız  üçün  çox  böyük  işlər  görürlər  internet  çatlarında. Onların  özləri  də  elə  Müşfiq  qədər  əzizdirlər  bizlərə.
İnternet  nədir? İnternet  Yer  kürəsini  öz  cibində  gəzdirmək  deməkdir. Dünyada  baş  verən  bütün  hadisələrdən  gün  ərzində  xəbərdar  olursan. Hətta  imkansızlıq  ucbatından  xarici  ölkələrə  ayaq  basa  bilməyən  insanlarımız  internet  vasitəsi  ilə  bütün  dünyanı  səyahət  edə  bilir.  Keçən  əsrin  90-cı  illərdə  səsimizi  içimizdə  batıranlar, bugün  sürətli  internet  bazarında  öz  səsləri  dərin  quyunun  dibindən  gəlir.
Beləliklə  mətləbdən  qaçmayaq.  Yazacağımız  mövzunun  üzərinə  qayıdaq. Hətta  vikimənbədə  Müşfiqin  dillər  əzbəri  olan   «Yenə o  bağ  olaydı», «Oxu  tar», «Maralım»,  «Yaşa könül», «Sənə  qurban», «Küləklər» kimi eşqi-məhəbbətdən  bəhs  edən  50 –yə yaxın  həyati  şeirləri  ilə  bahəm  bolşevik  abi-havasını  tərənnüm  edən «28 aprel», «Zəfər səsləri», «Əmək», «İrəli» kimi  şeirləri  də  yer  alıb. Bəs  sovet  dövrünün  yaranışını  böyük  bir  şövqilə  nəzmə  çəkən  şairi  kimlər  ölüm  girdabına  sürükləmişdi?  Hansı  qara  əllər  iyrənc  caynaqlarını  onun  yaxasına  keçirmişdi? Axı  o  hələ  çox  gənc  idi,  amma  gənc  olmasına  baxmayaraq 70  il, 80 il  qələmi  kağızlarda  ah-vay  edən  şairlərin    yaza  bilmədiklərini  o  cəmi-cümlətanı  iyirmi  doqquz  ilin  içində  yaza  bilmişdi. Əgər  Allah  verən  ömrü  qoysaydılar  yaşamağa  hələ  neçə-neçə  dastanların, poemaların, şeirlərin  müəllifi  olacaqdı.  Amma  qoymadılar. Niyə  görə?.. Ona  görə  ki, Müşfiq  anadan  şair  doğulmuşdu... Bunu  isə  o  zamanın  dırnaq  arsı  mənəviyyat  adamlarının  bir çoxu  götürə  bilmədi. Çünki  Müşfiq  cilalanmış  almaz  idi. O  öz  misra  şəfəqləri  ilə  aləmə  nur  saçırdı...
Bu  nurun  işığından  gözləri  qamaşanlar  öz  alayarımçıq  bacarıqlarından  qorxdular, qorxdular  ki, Müşfiq  sağ  olsa  onlar  Müşfiqin  yanında  çox  solğun,  üzgün, cılız, aciz  görünəcəklər. Elə  ona  görə  də  şeirləri  ilə  könülləri  ovsunlayan,  ürəkləri  riqqətə  gətirən  şairi  susdurdular. Susdurdular  ki, bülbül  kimi  cəh-cəh  vuran  misraları, bəndləri  bir  də  şair  qəlbindən  doğulmasın. Onlar  təkcə  Müşfiqin  özünə  yox,  həyat  işığı  görməmiş  neçə-neçə  şeirlərinin  də  qətlinə  fərman  verdilər. Onlar  ədəbiyyatımızı,  kitab  rəfini  bəzəyəcək  Müşfiqin  doğulmamış  əsərlərinə  həsrət  qoydular. Onlar  ən  nəhayət  mənəviyyatımıza  zərbə  vurdular  Mikayıl  Müşfiq, Hüseyn Cavid, Əhməd Cavad  kimi  şairləri  məhv  etməklə... Özləri  nə  qazandılar, nəyi  qazandılar  bilmirəm,  amma  biz  belə  mənəviyyat  adamlarını  itirməklə  çox  şeyləri  bada  verdik. «Kommunist»  qəzetinin 20 iyun  1937-ci  il  sayında  Ə. Əkbər  adlı  müəllif  «Musavatçıların  tulası  Müşfiq» adlı  bir  məqalə  çap  etdirib. Məqalənin  kiçik  bir  parçasını  istəkli  oxuculara  diqqətinə  təqdim  etmək  istəyirəm: -« İkiüzlü  Əhməd  Cavad, Hüseyn  Cavid, Sanılı  və  onların  ayrılmaz  quyruğu  olan  Mikayıl  Müşfiq  uzun  illər  boyu  sosializm  quruculuğumuza  istər  açıq,  istərsə  də  gizli  surətdə  zidd  olmuş  və  murdar  işlərini  davam  etdirmişlər» Adından  da  göründüyü  kimi  məqalə  başdan-başa  təhqir, böhtan,  kinayə  ilə  doludur.  5  yanvar 1938-ci  ildə  isə  Müşfiqi  güllələyiblər.  Bu  məqaləni  nə  erməni,  nə  rus,  nə  yəhudi  yazıb.  Bu  məqaləni  adından  göründüyü  kimi  Ə. Əkbər  yazıb, necə  deyərlər  kökü  özümüzdən  olan  baltalar... Bu  gün  də  Ə. Əkbərlərin  xələfləri  mövcudur,  amma  dövür  o  dövür  deyil, ona  görə  də  Ə. Əkbərlər  o  qədər  əl-qol  ata  bilmirlər...

Lakin  çox  illər  ağlımızın  gerçəkliyindən  qorxaqlıq  boylandı, içimiz  ağrılar  içində  alışıb  yandı. Öz  ahımızın  fəryadına  xəlvəti  hıçqırdıq,  bu  hıçqırtılar  kirpiklər  üstündə  şəbnəmlər  təki  parladı  gecəbəgündüz... Biz  uzun  illər  özümüzə  gələ  bilmədik. Bu  gün  də  hələ  yaşlı  nəsilimiz  o  qorxuların  xofu  altından  titrək  baxışlarla  ətrafa  boylanmaqdadır. O  illərin  qanlı  havasını  udanlar,  zəhər  kimi  ciyərlərinə  çəkənlər  öz  küskün  mənləri  ilə  başa-başa  inləməkdədirlər. Elə  bu  sətirləri  yaza-yaza  Müşfiqin  ürəyindən  qopub  qələminə  süzülən  ağ  vərəqlər  üstündə  göyərçin  tək  qanad  açan  «Yenə  o  bağ  olaydı»  şeiri  qulaqlarımda  səslənir:

                  Yenə o bağ olaydı,
                   yenə yığışaraq siz,
                   O bağa köçəydiniz,
Bizdə muradımızca 
fələkdən kam alaydıq
Sizə qonşu olaydıq
                   Arzuya bax, sevgilim,
                   tellərindən incəmi?
                   Söylə ürəyincəmi?

O,  gözə  görünməz, odu  ürək  yandıran  sirli  ilhamın  gücü  misralardan  boy  göstərir. İnsanın  ruhuyla  dildarlıq  edir. Bax  budur  Müşfiq  şeirinin  sehiri! Ürəklərdə  məbəd  tikən, odu  keçməz  məşəl  yandıran  ilahi  ovsunu. Onu  aradan  götürənlər  də  elə  bu  ovsundan  qorxdular. Müşfiqin  ata  yurdu  uca  dağlar  qoynundan  boylanan  Xızı  bölgəsində  Sayadlı  kəndində  yerləşirdi. O  bölgənin  insanları  fars  dili  olsalar  da  Müşfiqin  dahiyanə  şeirləri  təmiz  Azərbaycan  türkcəsinin  axarı-buxarı  ilə  cilalanıb. Onun  şeirlərini  oxuyanda  Azərbaycan  türkəsinə  heyran  olmaya  bilmirsən. Onun  hər  şeiri  çeşmə  kimi  çağlayır,  bulaq  kimi  gözündən  qanayır. İlahi  bir  pıçıltı  duyursan  bu  nəğməkar  şairin  şeirlərində...
Bugün  özlərinə  nəğməkar  şair  adı  qoyub  yazdıqları  cızma-qaralara  yüzlərlə  mahnılar  bəstələdənlərin  nə  şeirlərinin  sözləri,  nə  musiqisi  yadda  qalmır. Çünki  ilhamsız  yazılan  şeirlərdir. İlhamla  yazılan  şerin  musiqisi  də  elə  onun  özüylə  birgə  doğulur. İstedadlı  şairimiz  Mikayıl  Müşfiqin  şeirlərində  olduğu  kimi...    
Onun  «Maralım»  şeirində  istəkli  sevgilinin  surəti  canlanır. Sən  onun  gözəlliyindən  vəcdə  gəlirsən,  ruhun  içində  həyat  eşqi  çağlayır,  sevdanın  əli  ömür  dəftərini  varaqlayır,  könülü  haldan-hala  salır, bu  şeir  qəlbə  munis  olub  ürəyində  qalır:

                           Dolaşma  sıldırım  sal  qayalıqda,
                           Daşlar ayağını əzər, maralım!
                           Gəl səni bəsləyim gözümün üstdə,
                           Etmə aşiqindən həzər, maralım!..

Və  yaxud «Sənə qurban» şerində  istəkli  sevgilisinə  hər  misradan  bir  uca  söz  sarayı  yapır:
          
                        Deyirsən  yanında  qalacağam mən,
                        Çox gözəl fikirdir qal sənə qurban.
                        Nə zaman istəsən əziz canımı
                        Qumral gözlərinlə al sənə qurban.
  
Bu  gün  pula-vara  hərislər, beşgünlük  ailə  həyatı  quranlar, doğulan  uşaqların  həyatını  faciə  dolu  ömürlə  qol  boyun  edənlər  Mikayıl  Müşfiq  şeirlərindən  bəhrələnsəydilər  mənə  elə  gəlir  ki, pis  olmazdı. Onlar  sevginin  ucalığını,  həyatın  şirin  olduğu  qədər,  acı olduğunu  dərk  edərdilər  və  qurduqları  ailə  həyatının  möhkəmliyi  üçün  cani-dildən  çalışardılar. Çünki  Müşfiqin  şeirlərində  yüksək  həyat  eşqi, sevginin, məhəbbətin  yenilməzliyi, möhtəşəmliyi  insan  ürəyində  məhramanə  hisslər  bəsləyir. Onu  nəinki  öz  sevdiyinə  kəc  baxmağa, əksinə  adamı  bu  ilahi  hissə  ömrü-billah  sadiq  qalmağa  səsləyir.
 Bu  gün  yazıq  şeirin  başına  min  bir  oyun  açan, bir-birini  bəyənməyən  şairlər  ordusu  yaranıb.  Özü  də  biri-birindən  müştəbeh, biri-birindən  havalı! Şeirə  postmoderin  yarlığı  yapışdırıb, onun  halı-əhvalını  pərişan  edən  bu  dırnaq  arası  söz  bahadırları  nəinki  ədəbiyyatımızı  şeirlə  parlatmaq  istəyirlər,  hətta  onu  belə  getsə  şeirsiz  qoymaq  istəyirlər. Bu  gün  ədəbiyyat  portallarında  gen-bol  şeirləri  çap  olunan  bu  dırnaqarası  istedad  sahiblərinin  şəninə  internetdən  başı  çıxan  və  orda  bir  oxucu  kimi  sözünü  deməyi  bacaran  insanlar  həqarət  dolu  məktublar  yazılar. Hətta  şeirin  necə  yazılmasını  bu  qələm  sahiblərinə  başa  salamağa  çalışırlar. Əziz  söz  və  qələm  sahibləri,  bu  ürəkbulandırıcı,  başgicələndirici  bir  mənzərə  deyilmi?!..
Əgər  biz  ingilis  kimi  yazmaq  istəyirksə  ingilisin  Şekspri  olub  və  onun  yazdıqlarını  oxuduqca  oxumaq  itəyirsən. Hərgah  biz  rus  kimi  yazmaq  istəyiriksə  rusun  Puşkini  olub  onun  şeirlərinin  axıcılığına  heyran  olmaya  bilmirsən.
Ədəbiyyatdan  pul  çıxarmaq  istəyənlər, onu  qazanc  mənbəyinə  çevirmək  istəyənlər  bilməlidirlər  ki,  bədii  yaradıcılıq  ilahi  ruhun  məhsuludr. O  ani  fikirlə, içib  dəmlənməklə  yaranmır. Onun  yaranması  üçün  gərək  anadan  şair  doğulasan  Mikayıl  Müşfiq  kimi... Şair  ilhamın  nə  olduğunu  anlamayan, lakin  şairlik  sevdasına  düşənlərə  bir  dördlüyündə  yazırdı:
 
                      Şairə ilhamdan mayə gərəkdir,
                      Anasız çocuğa dayə gərəkdir,
                      Şairəm söyləyir yerindən duran,
                      Adamın üzündə hayə gərəkdir!...

Bu  gün  Mikayıl  Müşfiq  həyatda  yoxdur,  onu  ömrünün  iyirmi  doqquzuncu  ilində  bugünki  şair  olmaq  istəyən  və  anadan  şair  doğulmayan  həmtayların  sələfləri  susdurdular. Cismən  onu  məhv  etdilər,  həyatının  çiçəkləndiyi  vaxda  onu  sevməyə, sevilməyə  həsrət  qoydular. Onu  gülüzlü  yarından  ayırdılar,  ona  vətən  xaini,  xalq  düşməni  damğası  vurdular. Onun  şair  ruhunun  qarşısında  bir  tələ  qurdular, bir  səd  kimi  durdular. Və  qismən  də olsa  arzularına  çatdılar. Amma  bu  ilhamlı  şairi,  ilham  pərisi  anbaan  sinəsində  cövlan  edən  şairi  cismən  öldürdülər. Fəqət  mənən  onu  həyatdan  apara  bilmədilər. Çünki  bu  gün  Müşfiq  çox  mənəm-mənəm  deyən  şairləri  internet  portallarında  çoxdan  ötüb  keçib,  öz  ölməz,  əbədi yaşar  şeirləri  ilə!... Facebookda  Mikayıl  Müşfiq  səhifəsi  var. Minlərlə  oxucu  onun  şeirlərini  şəninə  xoş  sözlər  yazır,  onun  ruhuna  Allahdan  rəhmət  diləyirlər. Sonra  da  deyirik  ki, gənclik  kitab  oxumur, axı  bu  internet  portallarında  var-gəl  edən  əsasən  gənc  oxucu  ordusudur  ki,  yorulmadan  mütaliə  edirlər.  Və  yaxşını  pisdən  ayırmağı  bacarırlar. Belə  gənclərimizə  Allahdan  cansağlığı  diləyib, onlarla  qürur  hissi  keçirdiyimi  bəyan  etmək  istəyirəm.
Müşfiqin  könlündə coşub-çağlayan  məhəbbət, sanki  mavi  donlu  bir  mələk  idi. Bu  mələyin  donunun  qırçın  ətəklərini  qəlbində  baş  qaldırıb  tüğyan  edən  ilham  küləkləri  əlləri  oxşayan  yelpiklər  təki  əzizləyirdi.. O, məhəbbət  mövzulu  hər  şerində  sevgiyə  misra-misra  könül  kərpicləri  ilə  məbəd  yapırdı. Sanki  bu  məbədən  ilahi  ruhun  sədası  göylərin  bağrına  dikəlirdi. Ordan  buludların  göz  yaşına  çevrilib  yerlərə  ələnməkçin... Bu  ələnən  gurşadlardan  bağları, çəmənlikləri  bəzəyən  çiçəklər  doğulurdu, Müşfiqin  şeirlərinin  ruhunda... Amma bu  ilahi  eşqin  carçısını  susdurdular. Sanki  könül  bülbülünün  bağrına  min  bir  yerdən  ox  vurdular.
Müşfiq  daxilən  azad  idi,  onun  daxili  azadlığı  çeşmələr  təki  çağlayan  misralarından  görünür. Amma  o  da  dövrünün  şairləri  kimi  bolşeviklərin,  əli  qanlara  batmış  cəlladların  zor  gücünə  yaratdığı  başıpozuq  qurluşa  şeirlər  həsr  edirdi. Bu  şeirlər  onun  ruhundan,  canından  doğulmasa  da,  o,  bunları  yazıb  o  dövürün  mətbuat  səhfələrində  nəşr  etdirirdi. Ancaq  təəssüf  ki  bədxahlar  onun  yazdığı  bu  şeirlərə  məhəl  qoymadılar,  ürəyi  ilahi  məhəbbət  eşqiylə  döyünən  şairi  məhv  etdilər.
Müşfiq 5 iyun  1908-ci  ildə  Bakıda  rus  imperiyasının  tüğyan  etdiyi  bir  zamanda  doğuldu, onun  bayrağını, 1918-ci  ildə  on  yaşında  olarkən  səkkizaylıq  müstəqilliyimizin  şahidi  olub  üç  rəngli  istiqlal  bayrağımızı  və  ən  nəhayət  sovet  bayrağını  gördü. Onun  körpəlik  həyatı  imperiyaların  toqquşduğu  və  qanlı  müharibələrin  tüğyan  etdiyi  bir  dövürə  düşdü. 1920-ci ildə Azərbaycanda  bolşeviklər qələbə  çalanda  Müşfiqin  on  iki  yaşı  var  idi. Gəncliyə  yetdikcə bu  dəhşətli  çaxnaşmalar  onun  şair  ruhunu  öz  yolundan  döndərə  bilmədi. Onun  duyğuları  şeirə  çevrilib  vərəqlər  üstünə  axdı, eşqə  bağlı  könülləri  titrətmək  üçün... Bir-birindən  oxunaqlı,  bir-birindən  axıcı  şeirlər  ilə  cilalanmış  kitabları  çap  olundu.
Müşfiq  həyat  eşqiylə  çağlayan  könlünü  ilahi  misralarının  şirinliyində  ovudurdu. Bu  şeirlərin  hər  biri  sevgilisinə  öz  sevdalı  diliylə  şərqi  bəstələyən  bir  bəstəkar  ovsunu  ilə, könül  duyğularını  rənglər  içində  hamarlayan  və  onlardan  rəsmlər  çəkən  rəssam  işığı  ilə  sehirlənmişdi. Bu  şeirlər  müxtəlif  zamanların  sevgi  şərqiləri  idi.  Neçə-neçə  nəsilləri  yola  salacaq,  bu  Vətən  var  olduqca  Müşfiqin  şeirləri  də,  yaratdığı  əsərlər  də  Azərbaycanımızla  bahəm,  onun  dəyərli,  vətənsevər  insanlarının  dilindən  düşməyəcək...
Şeri  yaşadan  onun  müəllifi  yox,  onun  şeir  kimi  doğuluşudur. Şeiri  yaşadan  nə  müəllifə  verilən  ödüllər, nə  təmtəraqlı  təriflərdir. Şeiri  ilham  yaşadır. İnsan  bədənində  can  olduğu  kimi,  əsil  şerin  də  bədənində  ilham  var. Həm  müəllifi, həm  şeiri  əbədi yaşar  ilham  edir. Onu  da  böyük   Yaradan  hər  kəsə  vermir. Əgər  şeir  şeir  kimi  doğulubsa,  onu  nə  zaman  qadağaları, nə  qara  fikirli  insanlar  əbəbiyyatdan,  insanların  qəlbindən,  düşüncəsindən  silə  bilməz. Bir  el  məsəlində  deyildiyi  kimi: «Su  axar, çuxurun  tapar». Müşfiqin  şeirlərinin  qarşısına  keçilməz  sədlər  çəkib,  onu  yağı  damğasıyla  susduranlar,  burnundan  uzağı  görməyən  adamlar  idi. Onlar  ədəbiyyatımızı  Müşfiqin  şeirlərindən  təmizləmək  istədilər. Əksinə  Mikayıl  Müşfiq  xalqın  qəlbində  bir  əfsanəvi  qəhrəmana  çevrildi, onun  sevda  dolu  şeirləri  el-el, oba-oba  dolaşdı,  xalqın  könlündə  istəkli  bir  yer  tutdu. Onu  susduranlar  xalqın  gözündə  kiçilib  yox  oldular, Müşfiq  isə  xalqın  qəlbində  yenidən  doğuldu  öz  ruhu  oxşar  bir-birindən  şahanə, gözəl  misraları  ilə... Şair  «Oxu» şeirində  təkcə  öz  sevgilisinin  yox, həyatı cani-dildən  sevən insanların  ruhunu  dinlədir:

                             Oxu, sevdiciyim, öz həvəsinlə!
                             İlham qanadlanır sənin səsinlə.
                             Nəğməndə oynasın sellərin səsi,
                             Dan yerindən əsən yellərin səsi!

Bakı  ərazisi, ümumilikdə  Abşeron bölgəsi muğamın, qəzəlin  beşiyidir. Burda  tar  hər  insan  qəlbinin  istəkli  qonağıdır. Onun  telindən  qopan  sədaları  burda  uşaqdan  böyüyə  hamı  sevir. Çünki  tarın  əsrarəngiz  tellərindən  muğamın  şöbələri  yaranıb  bəmdə-zildə  muğam  xıridarlarının  nəfəslərində  pərvəriş  tapıb.  Elə  Müşfiq  də  dağlı  ailəsində  böyüb  boya-başa  çatmışdı, o, muğamı  da, qəzəli  də  çox  sevirdi. Elə  o  sevgidən  yana  onun  «Oxu tar»  şeiri  yaranıb. Dünən  olduğu  kimi  bu  gün  də, sabah  da  xalqın  könlündə  bu  şeir  zaman-zaman  yaşayacaqdır. İstedadı  sellər  təki  aşıb-daşmış  şair  «Oxu  tar»  şeiri  ilə  tara  əbədi  bir  heykəl  yonub. Nə  qədər  ki,  vətən  insanı  durur, bu  şeirdə  onunla  bahəm  yaşayacaqdır:

                                 Oxu, tar, oxu, tar!
                                 Səsindən ən lətif şeirlər dinləyim.
                                 Oxu, tar, bir qadar!
                                 Nəğməni su kimi alışan ruhuma çiləyim,
                                 Oxu, tar!
                                 Səni kim unutar?
                                 Ey geniş kütlənin, şirini, şərbəti-
                                 Alovlu sənəti!...

Tarın qəlb  titrədən  sehrinə  düşmüş  şair  onun  tellərinin  fəğanını  misralarının  dili  ilə  oxucunun  ürəyinə  bir  şərbət  kimi  səpir. Tarın  mizrabının  tellərə  haray  salan  sədaları  altında  qulaqlarında  bağırı  yandıran «Segah», «Çahargah», «Humayın», «Şahnaz», «Şüştər»» səslənir. Budur,  Müşfiqin  bulaq  kimi  çağlamış  istedadının  bəhrəsi!...
İlhamı sellər  təki  aşıb-daşan  Müşfiqin «Həyat sevgisi» şeiri/,  sanki öz  dostu-yarı  ilə, doğmaları  ilə  vida  şeridir. Bədbəxt  taleli  şair, elə  bil  başına  gələcək  fəlakətin  acı  yellərinin  qoxusunu  qabaqcadan  duyubmuş, ona  görə  insan  ruhunu  qəmləndirən, onu  qəhər  yaşları  ilə  boğan  bu  şeir  yaranıb:

Ah, mən gündən-günə bu gözəlləşən
İşıqlı dünyadan necə əl çəkim?
Bu yerlə çarpışan, göylə əlləşən
Dostdan, aşinadan necə əl çəkim?
Həyat dedikləri bu keşməkeşdən,
Qəlbimdə, qanımda yanan atəşdən,
Gecədən, gündüzdən, aydan, günəşdən,
Bu əngin fəzadan necə əl çəkim?

Özünə  Müşfiq  adını  təxəllüs  götürən  şair,  yəqin  ki, bu  adın  ərəbcədən  tərcüməsini  bilməmiş  deyildi. Müşfiq – şəfaqətli, mərhəmətli, ürəyi yumşaq, mehriban  deməkdir. Amma çox  təəssüf  ki,  dövür  onunla  mərhəmətli, şəfaqətli, mehriban  olmadı. Bir  el  bayatısında  deyildiyi  kimi:

                                Fələyin qəhri mənə,
                                Gəlmədi rəhmi mənə.
                                Doldurub qəm piyaləsin
                                İçirtdi zəhri mənə...
   
Onun  ilhamla  çağlayan  ürəyini  susdurdular, hətta  bir  quru  məzarı  da  ona  çox  gördülər. Hələ  uşaq  vaxtlarımda  Siyəzən  rayonunun  girəcəyində  Mikayıl  Müşfiqin  büstü  küskün  görkəmi  ilə  rayona  gəlib-gedənlərin  nəzərini  cəlb  edərdi. Bizi  də  ədəbiyyat  müəllimlərimiz  həmin  büstün  önünə  gətirər  və  biz  də onun  şeirlərini  əzbərdən  deyərdik... Bu  gün  də  o  büst  Siyəzənin  girəcəyini  bəzəməkdədir. Müşfiq  öz  küskün  və  yaraşıqlı  görkəmi  ilə  üzü  Xıdırzindəyə –Beşbarmağa, Xızı  dağlarına  sarı  boylanmaqdadır...Amma  onun  məhvinə  fərman  verənlər  isə  nə  özləri, nə  izləri,  nə  də  sözləri  xalqın  qəlbində  yoxdur!...Çünki  gec-tez  zaman  öz  sözünü  deyir,  bu  ikiayaqlı  bəndələr  hansı  imansızlıqları, haqsızlıqları  etsələr  də, fələk  hər  kəsin  əməlini  öz  qarşısına  çıxarır. İstər  yaxşı  mənada, istər  pis  mənada. Müşfiqin  də  qətlinə  fərman verənlər  yəqin  ki,  Yaradanın  qəzəbinə  gəlməmiş  deyillər. Arxivlər  açılır, hər  kəsin  əməlləri  yavaş-yavaş  üzə  çıxır  və  çıxacaq... Onsuz  da  dünyaya  gələn  istədi-istəmədi  bir  gün  bu  dünyadan  yığışıb  getməlidir. Mikayıl  Müşfiq  iyirmi  doqquz  illik  ömrü  ilə  ədəbiyyatımızda  öz  nəhəng  və  möhtəşəm  şeir  heykəlini  yondu, bu  heykəli  nə  zamanın  qasırğaları, nə  tufanları  yox  edə  bilməz. Çünki  o  heykəl  xalqın  ürəyində  ucalıb  qeyri-adi istedad  sahibi  olan  dahi  şairin  özü  tərəfindən. Ruhun  şad  olsun,  ey  qəlbimizdə  iyirmi  doqquz  yaşlı  qalan  şair!... Allah  sənə  qəni-qəni  rəhmət  etsin...

Комментариев нет:

Отправить комментарий