13.04.2012

Səlim Babullaoğlu: “Peşəkarlarımız üçün bu ayıbdır, yerlibazlığın inikasıdır”

"Dünya ədəbiyyatı" dərgisinin baş redaktoru, şair, tərcüməçi, publisist Səlim Babullaoğlu ilə müsahibə

- Yaradıcılığınızda nə kimi yeniliklər var?
- Biz adətən yenilik deyəndə planlarımızı nəzərdə tuturuq. Əgər elədirsə elə bir yenilik yoxdur. Bəlkə də bu mənada yenilik sözü şair həyatı üçün bir qədər yerinə düşmür. Poeziya sporadik fenomendir. Ola bilsin ki, ilk mərhələsində. Onu sistemləşdirmək, planlaşdırmaq olmur... Təzə nə var,nə yazmışam? Bunu soruşursuzsa, təzə şeir yazmamışam, fraqmentlər, bəndlər, misraları çıxmaq şərtilə. Yalnız “ədəbi yuxular”ımı yazmağa başlamışam. Nizamini, Xaqaninı, Nazim Hikməti, Brodskini, Şibmborskanı və Orxan Pamuku görmüşəm yuxularımda. Bir də bir neçə iri həcmli tərcümə əsərləri var əlimdə...


- Səlim müəllim, ədəbiyyat və müasir dünya bir-birini nə dərəcədə tamamlaya bilir? 
- Bilmirəm. Bunu birmənalı demək üçün özümə haqq vermirəm. Amma son vaxtlar düşünməyə başlamışam ki, həyatdakı pozitivlər ədəbiyyatdakından daha çoxdur. Bəlkə bu, ədəbiyyat daha çox problemləri yazır deyə belədir. Ümumiyyətlə, ədəbiyyat insan günahları və səhvlərini tədqiq edir, qeydə alır. Şeirin vəziyyəti bu mənada nəsrdən daha yaxşıdır. Elə imkanları da.


- Sizin fikrinzcə biz dünya ədəbiyyatından ya dünya bizim ədəbiyyatdan uzaq durur?
- Məsafə eyni qədərdir yəqin. Bizim ədəbi proses, əgər bir bütöv kimi baxıla bilərsə, hərçənd bunu təsəvvür eləməyə çətinlik çəkirəm, dünya ədəbi prosesinə qoşula bilməyib... Bilirsiz, gəlin belə baxaq. Dünya ədəbi prosesini bir insan orqanizminin qan dövranı kimi götürək. Eyni bir qan molekulu bu dövri prosesdə zamanın bir anında yalnız bir orqanda, bədənin bir nöqtəsində ola bilər. Deməyim budur, əgər biz ədəbi proses deyibən ədəbi-estetik və ya nəzəri yeniliyi nəzərdə tuturuqsa, bu mənada bizdə yenilik yoxdur. Biz hələ yetkin ədəbi mühitlərin həzme-rabedən keçirdiyi şeyləri yenicə əxz eləməyə başlamışıq. Başqa bilmirəm nə deyim...


- Tərcümələr sayəsində biz dünya ədəbiyyatından kifayət qədər xəbərdar oluruq. Bəs dünya bizim ədəbiyyatı hansı dərəcədə tanıyır? 
- Dünya bizi tanımır. Bizim ədəbiyyatı bilmir. Mən bunu ümumilikdə deyirəm. Bütövlükdə. Hətta qürur keçirdiyimiz klassiklərin, deyək ki, Nizaminin, Nəsiminin, Füzulinin bizə məxsus olduğunu belə sual altına alır. Görməli olduğumuz işlər çoxdur. Bəlkə də sıfırdan başlamalıyıq...

- Dünyaya çıxış üçün hansı ədəbiyyat nümunələrinin tərcümə olunması səmərəli olardı? 
- Yaxşı ədəbiyyatın. Miqyaslı, ideyalı, üslubca kamil, qışqırmayan, pafossuz. Mən Azərbaycan ədəbiyyatşünaslarının, tənqidçilərinin böyük əksəriyyətinin zövqünə inanmıram. Oxucularımızın zövqünü, bədii qavrama vərdişlərini aşağı salan ədəbiyyatçılara da həmçinin. Bizim peşəkarlarımız belə bədii mətnləri qiymətləndirəndə dili, əsərin, bədii mətnin dilini və üslubunu deyil, Azərbaycan dilini, özü də vərdiş etdikləri lokal, məhəlli Azərbaycan dilini qiymətləndirməyə çalışırlar. Bu ayıbdır. Yerlibazlığın bədii fəaliyyətdə inikasıdır. Tragikomikdir.

- Eşitdim ki, bu yaxınlarda “Dünya ədəbiyyatı” dərgisinin fəaliyyəti yenidən başlayacaq. Bununla bağlı nə deyə bilərsiz? 
- Düz eşitmisiz. Bu istiqamətdə konkret işlər görülür. İnşallah, yaşayarıq, görərik.

- Müasir dövr internet və sosial şəbəkələr dövrüdür. Hər birimiz günümüzün müəyyən saatlarını bu sosial şəbəkələrə həsr edirik. Yaradıcı insanlar ilk şeirlərini də bu şəbəkə vasitəsi ilə paylaşır. Siz necə düşünürsüz, bu sosial şəbəkələr, xüsusən də Facebook yaradıcı insanların fəaliyyətinin və yaratdıqlarının keyfiyyətini aşağı sala bilərmi?
- Həm hə, həm yox. Facebook-a aludəçilik böyük vaxt itkisidir, bu mənada sosial şəbəkələr hamıya mane ola bilər. Digər tərəfdən, rus yazıçısı Yuri Polyakovun sözləri ilə desək, sosial şəbəkələr qaralamaları o dəqiqə üzə çıxartmaq imkanı verdiyinə görə ciddi ziyanlar da verir. Bu səbədən, hətta bir seteliteratura, azərbaycancası bəlkə də “şədəbiyyat” olardı, şəbəkə ədəbiyyatı sözü də yarandı.



- Sosial şəbəkələr sizin yaradıcılığınıza nə kimi təsir edir?
- O məni hər gün bir cümlə yazmağa, bir səhifə ititməyə məcbur edir. 

- Son dövrlərin bədii tərcümələrinə münasibəniz? Müsbət və mənfi tərəflərdən yanaşardınız...
- Mən tərcümə işi il bağlı 160.000 işarəlik bir məruzə hazırlamışdım. Əgər kimsə bu sual ətrafında peşəkar düşünürsə, o məruzəni tapıb oxuyar.

- Bu işin ağırlığı sizi sıxırmı, yoxsa “mən ədəbiyyatla nəfəs alıram” deyənlərdənsiniz? 
- Yumorsuz deyirəm, mən ədəbiyyatla yaşamıram. Havayla yaşayıram. Həyat mənim üçün istənilən ədəbiyyatdan qiymətlidir. Bütövlükdə əlbəttə. Odur ki, işim hərdən çox sıxır. Ümumən, zövq alıram.

- Ədəbi tənqid və siz? Mövqeyiniz necədir? 
- Nə tənqid sözünü, nə tənqidçiləri sevirəm. 

- Bəs AYB-nin bu yaxınlarda gözlənilən qurultayiında sizin nə kimi yeni təklifləriniz olacaq?
- 8 ildi gördüyüm işlər elə təkliflərdi də. Məndən soruşsalar, deməyə sözüm olacaq. Soruşmasalar, baxarıq.


Könül Səid              modern.az

Комментариев нет:

Отправить комментарий