Azərbaycan oğullarını güllələtdirənləri, ədəbiyyatımızı süquta sürükləyənləri siz də tanıyın!
1936; Yazıçılar İttifaqının iclası
Repressiya dövründən söz düşəndə göz önünə Stalinlə Mircəfər Bağırovun simalarını gətiririk. Düz edirik... Amma bəzi detalları yaddan çıxarırıq. Və məncə, yanlışlığa yol veririk. Necə düşünürsünüz, sifarişlə və yaxud öz təşəbbüsü ilə kimlərisə hədəfə çevirənlər azmı günahkardır?
1936-ci ilin mart ayı... 1937-ci il repressiyalarına aylar qalır. “Pravda” qəzetində “ “Formalizm və naturalizm əleyhinə” sərlövhəli yazı dərc olunur. Martın 24-də isə Azərbaycanda bu məqalə ilə bağlı böyük bir müzakirə keçirilir. Müzakirələrdə geniş məruzə ilə çıxış edənlərdən Səməd Vurğunun, Mehdi Hüseynin, Məmməd Rahimin, Seyid Hüseynin, Tağı Şahbazinin (Simurğ), Mir Cəlalın çıxışları “Ədəbiyyat” qəzetinin 14 aprel 1936-ci il nömrəsində çap edilib.
Bu çıxışlardakı bəzi məqamlar çox mətləblərdən xəbər verir.
Çıxışların mətnindən görünür ki, hədəfdə əsasən dörd nəfərdir: Hüseyn Cavid, Yusif Vəzir Çəmənzəminli, Mikayıl Rəfili, Mikayıl Müşfiq.
Məsələn, xalq şairi Səməd Vurğun öz çıxışında daha çox Hüseyn Cavidi tənqid edib: “...mən çox hörmət bəslədiyimiz və şəxsən mənim çox hörmət bəslədiyim bizim hörmətli sənətkarımız Hüseyn Cavid yoldaşdan başlamaq istəyirəm. Mən Hüseyn Cavidə bir yoldaş kimi öz fikrimi söyləmək istəyirəm. Ümidvaram ki, o, mənim sözlərimdən qəti surətdə inciməyəcəkdir. Biz Hüseyn Cavidin yaradıcılığından istifadə etmiş və edəcəyik. Cavidin yaradıcılığından biz şairlər üçün öyrənməli şeylər çoxdur. Lakin Hüseyn Cavidin yaradıcılığı bizim Azərbaycan xalqilə, onun tarixilə, onun taleyilə bağlı deyildir. Mənsub olduğu xalqın həyatı ilə bağlanmamaq, onun keçmişinə və hal-hazırına aid əsər yazmamaq, bu gün yeni dünya quruluşu işində öndə gedən xalqımızın varlığını əsərlərində əks etdirməmək böyük, olduqca böyük bir nöqsandır. Məncə, bu tarixi bir nöqsandır. Hamınız bilirsiniz ki, Cavidin yaradıcılığında oxucular üçün çox dərd var. Ona görə ki, onun yaradıcılığının mündərəcəsində xalqımızın həyatı yoxdur”.
Səməd Vurğun Mikayıl Rəfilini də yaddan çıxarmayıb: “Süni axtarış yolları ancaq formalizmə aparıb çıxararaq, yazıçının yaradıcılığını xəstələndirərər, onu ölkəmiz üçün nəinki xeyirsiz, hətta zərərli bir şəklə sala bilər. Bunu biz Rəsul Rzanın, xüsusilə Rəfilinin yaradıcılığında aydın görürük. Rəfiliyə deyəndə ki, sən nə üçün belə yazırsan, o deyir ki, mən mədəni yazıçıyam. Bu iddianın nə qədər qaba səhv olduğunu sübut etməyə ehtiyac varmı?”
Xalq yazıçısı Mehdi Hüseynin də əsas hədəfi Hüseyn Cavid və Yusif Vəzir Çəmənzəminlidir: “Qoy, şura ədəbi gəncliyinin böyük hörmət bəslədiyi Hüseyn Cavid kimi həqiqətən istedadlı sənətkarlar bu məsələlər üzərində bir daha dərindən düşünsünlər. Qoy, Yusif kimi görkəmli yazıçılarımız öz son əsərlərinin siyasi mündərəcəsini, konsepsiyasını dərindən təftiş etsinlər. Belə olsa, onların bu günkü quruluşumuza münasibəti artıq nitqlərdə deyil, əvvəlcə ürəkdə, sonra isə bədii əsərlərdə ifadə olunacaqdır.
Əcəba, Hüseyn Cavid inqilab epoxasının şairi hesab oluna bilərmi? Daha doğrusu, Cavid bir sənətkar olaraq öz əsrinin irəlidə gedən, proqressə-bizim zamanımızın proqresinə (yəni inqilaba) yardım edən bir sənətkarmıdır?
Bu suala qəti və aydın cavab veririk (qoy bizim aramızda liberal əlaqə olmasın). Biz açıq deyirik: Cavid, bütün ədəbi çəkisinə, böyük istedadına baxmayaraq inqilab epoxasının sənətkarı deyildir. Çünki, əvvəla, Cavid hələ əski bədii yaradıcılığını- əski məfkurəvi tendensiyalarını üzvü olaraq özündən rədd etməmişdir. İkincisi, o, üzvü olaraq (səmimi olaraq) yeni quruluşu, proletar inqilabını anlaya bilməmişdir. Ümumiyyətlə, Cavid bütün ədəbi yaradıcılığı boyu öz ölkəsinin (Azərbaycanın) yavrusu deyildir. O, tarixi əfsanələrə, mistik burjua romantizminə qaçdığı üçün, canlı həyatı görmək qabiliyyətindən məhrum olduğu üçün bu vaxta qədər şura varlığını, bütün dünyanı məşğul edən sosializm ölkəsini, onun mahiyyətini düşünüb, heç olmasa, tarixi əsərlərində bu varlıq nöqteyi nəzərindən, bu varlıq səviyyəsindən həll etmək istədiyi problemlərə yanaşmağı bacarmamışdır. Bəlkə də istəməmişdir. Əcəba o, bu gün xaricdə, faşizm ölkələrində, burjua reaksiyası şəraitində mübarizə edən böyük yazıçılarla maraqlanırmı?
Əcəba, o, burjua mədəniyyətinin məhsulu olan, lakin faşizmə qarşı cəsarətlə mübarizə edən və eyni zamanda proletar inqilabının həqiqi müttəfiqləri olan böyük yazıçıları (Romen Rollanları, Andre Moruaları, Andre Zidleri və başqalarını) görməyirmi? Heyhat! Cavid onlardan çox şey öyrənə biləcəyi halda, yenə də əfsanələrə qaçmağı zəruri hesab edir. Böyük sənət yaratmaq eşqilə çırpınaraq, əsl qəhrəmanlar ölkəsini- böyük Şuralar İttifaqını- qiymətləndirməyi bacarmır. Əcəba, belə sənətkarın celyuskinçilərə yazdığı parçanı bədii məhsul hesab etmək olarmı? Belə əsərlərlə Hüseyn Cavid yalnız fikir yoxsulluğunu deyil, bəlkə eyni zamanda bədii- ədəbi zəifliyini sübut etmirmi? Qoy Hüseyn Cavid bu cür parçalarla, ən tələbkar tənqidçidən də çox tələbkar olan şura oxucuları qarşısında çıxış yapmasın. Çünki bu gün inqilabi gənclik geniş inqilabi mündərəcəyə malik olmayan əsərləri, müəllifin böyüklüyünə, kiçikliyinə baxmayaraq inadla rədd edir. Cavidin son əsərləri- xüsusilə “Səyavuş” onun tarixi materiallar sahəsindəki son təcrübəsi olmalı idi. Lakin yox, Cavid yenə də tarixə qaçdı, indi də Xəyyamdan bəhs etməyə başladı. Biz iddia edirik ki, Cavidin dili təsadüfən osmanlı təsirində deyil, Cavidin təfəkkür sistemi də, üslubu da milli zəmindən olub, üslubunda- Azərbaycan varlığını ifadə edə biləcək ünsür yox dərəcəsindədir. Onun yaradıcılıq metodu belə öz əski çərçivəsini dağıda bilməyib. Bu səbəbə görə də Cavidin üslubunda yeni ünsür yoxdur. Onun dramları forma etibarilə yeni bir ünsür qazana bilməmişdir”.
Rəsul Rza və Mikayıl Rəfili Mayakovskinin meymunçuluğa nifrət etdiyini bilmirmi?
Mehdi Hüseyn çıxışının sonrakı hissəsində Yusif Vəzir Çəmənzəminlini tənqid atəşinə tutur: “Yusif Vəzirə gəlincə, burada məsələ daha da mürəkkəbləşir. Onun son əsərləri, xüsusilə də “Qızlar bulağı” və “Studentlər” romanı, şura ədəbiyyatının fikri yüksəlişini ifadə etməyir.
Bütün səmimiyyəti və qətiyyətilə göstərməliyik ki, Yusif Vəzir, inqilabın ən qəti momentlərindən birini-1917-ci ili, yəni bizim ədəbiyyatımızda ən aktual dövrlərdən birini götürməsinə baxmayaraq, yenə də yeni sənət cəbhəsinə, sosialist realizmi cəhbəsinə keçməyib”.
Mehdi Hüseyn Mikayıl Rəfilini və Rəsul Rzanı təhqir etməkdən də çəkinməyib: “Rza, rəsmən əsərlərində Mayakovski yolu ilə getdiyini iddia edir. Bu, heç də belə deyildir. Rza Mayakovskinin formasını yaxşı anlaya bilməmişdir. Rza və Rəfili kimi şairlər Mayakovskinin təqlidçiliyə, meymunçuluğa nifrət etdiyini bilmirlərmi? Daha doğrusu, onlar Mayakovskidən öyrənmək məsələsini tam mənasilə ciddi və markistcəsinə irəli aparmaq əvəzinə, nə üçün onun yaradıcılığı ilə öz zəifliklərini pərdələyirlər”.
Xalq şairi Süleyman Rüstəm qeyd edir ki, Mikayıl Rəfili klassik ədəbiyyatı öyrənmək istəyir, ancaq düzgün yolla getmir.
Xalq şairi Məmməd Rahim isə vurğulayır ki, Mikayıl Rəfili klassik ədəbiyyatı öyrənmək istəmir və ədəbi mirası inkar edir.
Tənqidçi Cəfər Xəndan Rəfilini yaddan çıxarmayıb: “...Rəfili iddia edir ki, məni bu günkü cəmiyyət anlamayır, məni gələcək cəmiyyətin “ağ saçlı kommunistləri anlayacaqdırlar. Lakin mən elə bilirəm ki, belə söz qətiyyən doğru olmaz. Bizim bu günki cəmiyyətimizdə anlaşılmayan adam gələcək cəmiyyətdə anlaşılmaz”.
Müzakirələrdə Mikayıl Müşfiqin yaradıcılığına da toxunulur. Müşfiqin Stalinə həsr etdiyi şeir tənqid atəşinə tutulur. Vurğulanır ki, şeirdə əmtəə cəmiyyəti nöqteyi-nəzəri gözə çarpır.
Müzakirələr zamanı iki nəfər loyal mövqeyi ilə seçilir: Seyid Hüseyn və Tağı Şahbazi (Simurğ).
***
Müzakirələrdə hədəf seçilən Hüseyn Cavid, Yusif Vəzir Çəmənzəminli, Mikayıl Müşfiq 1937-ci il repressiyalarının qurbanı oldu. Mikayıl Rəfili repressiya qurbanı olmadı, amma həmişə hədəf olaraq qaldı. İşdən çıxarıldı, “Kirpi” jurnalında karikaturası dərc olundu. Müzakirələr zamanı loyal mövqe nümayiş etdirən Tağı Şahbazi və Seyid Hüseyn də repressiyaya məruz qaldı. Belə görünür ki, bu müzakirələr 1937-ci il repressiyaları üçün hazırlıq imiş. Mən isə əvvəldə verdiyim suala qayıtmaq istəyirəm: Necə düşünürsünüz, sifarişlə və yaxud öz təşəbbüsü ilə kimlərisə hədəfə çevirənlər azmı günahkardır?
Ağa Cəfərli kulis.az
Комментариев нет:
Отправить комментарий