06.08.2012

İşıqda yanan keçmiş

Aydın Yenilməz

Ər kişi gecə qaranlığında ormandan sallana-sallana gəlirdi.
Lap bərdoşlar kimi yeriyirdi, bir ayağın sağa, bir ayağın sola atırdı. Hərdən də nə düşünürdüsə, öz-özünə qəh-qəhə çəkib gülürdü. Gah da addımını saxlayıb, əlindəki içkidən bir qurtum içib, sonra yoluna davam edirdi.
--Dünya mənimdir, hamısını aradan apardım, məndən güclüsü yoxdur ! – kiminləsə danışırmış kimi uca səslə deyirdi.
Ormandakı ağacların birinin dibində bir qara baş böcək yerini rahatlayıb yatmışdı. Yemək üçün bir yemiş belə tapmadığına görə, acından qarnı gur-gur guruldayırdı. Ər kişinin qəfildən qəh-qəh çəkib gülərək danışması, qara başı yerindən oynatdı. O, ər kişini görüncə, qaçıb yaxınlıqdakı bir otun dibində gizləndi.

Ər kişi isə bu minvalla danışmağına bir xeyli davam etdi. Öz-özünə qürrələnir, bütün dünyanı özününkü bilib, geçmişinin xoş xatirələrini adda-budda xatırlayıb səsini daha da ucaldırdı. Qara başsa uzaqdan ər kişini seyr edirdi. O, ağaca doğru bir neçə addım da atıb, birdən üzü üstə şappıltı ilə yerə düşdü. Başı qara bunların hamısını uzaqdan müşahidə edirdi, lakin qorxusundan yaxına gedə bilmirdi və beləcə bir az dayanıb baxdı. Sonra onun əvvəlki yerini tutmuş bu adamın kimliyini öyrənməyə onda maraq doğdu.
-- Bu kimdir? Bu niyə bura düşüb? Buna nə olub?
Gözlənilmədən ər kişi başını qaldırdı, ürəyi bulanırmış kimi qaytarmaq istədi. Çox keçmədi ki, bütün yeyib-içdiyini yerə endirdi və əlindəki içkini yerə salıb, ölü tək uzandı. Nəfəsi çıxmırdı. Gecənin qaranlığında ormanın ortasında beləcə uzanıb qaldı. Nə gözündə görməyə güc, nə də əl-ayağında qalxıb getməyə qüvvət vardı. O, ər kişini ölmüş zənn etdi. Öyümə iyi qara başa nəşə verdiyindən, o kefləndi.
Qara baş onun tərpənmədiyini görüb, öldüyünə tam əmin olduğu üçün otun altından çıxıb ona sarı getdi. Bir az da yaxından durub ər kişiyə baxdı. Ər kişinin hərəkətsizliyindən ürəklənən qara baş onun lap yaxınına gedib, onu təpədən dirnağa qədər ziyarət etdi. Sonra dərindən nəfəs alıb, nəhayət:
-- Mən acam, amma bu məndən ötəri çox nəhəng tikədir. Bunu təkbaşına yiyə bilmərəm. Gedim ormanın o üzündə yaşayan ağ baş dostuma da deyim, o da gəlsin birlikdə yiyək. Həm də diyərəm, bunu mən öldürmüşəm. Onda hünərimi görüb, mənə heyrət edər və beləliklə də onların sülaləsinə başçı ola bilərəm. Bu nəhəngsə bizi uzun zaman aclıqdan qoruyar. Onda hamı məni güclü bir qara baş böcək tanıyacaq, hər nə istəsəm edəcəm...
Onun ağ baş dostu qollu-budaqlı yaşıl şalğam bitkisinin gövdəsinə sığınıb yatmışdı. Qara baş onu görərcək bağırdı:
-- Hey, ağ baş!.. Məni eşidirsən?
Ağ baş bir gözünü açıb, altdan-altdan qara başa baxdı:
-- Nə istəyirsən? Mən yemək tapsam, elə ozüm yiyərəm də! Latda nə var, lütə də nə versin?
O, bağırıb:
-- Mənə bax, mən sənin yanına yem üçün gəlməmişəm. Mən indicə bir ər kişini öldürmüşəm... Bundan belə onu yiyəcəm. Heç yüz il də yesəm, qurtarmaz. Lap nəvə-nəticəmə də bəsdir. Amma mən tək yemək istəməyib, səni çağırmağa gəldim.
Ağbaş güldü:
-- Sən a ... Qoy, oturmuşuq. Get, öz işinə baş qoş! Sən nə cür bir ər kişini öldürə bildin? Məgər mən səni birinci dəfədir görmürəm ki, yeddi nəsil arxanı tanıyıram. Get-get, səndə o çıxar yoxdur...
Qara baş bir az da hən-hün eləyib dedi:
-- Bax, sən düz düyirsən, mən öldürmədim, amma biz ikimiz eləyə bilərik bu ormanın bütün böcəklərini qandırıb, onlarla hər necə istəsək davranaq. Onlar mənim böyüklüyümü qəbul edəndən sonra, mən böcəklər kralı olaram, sən də mənim himayəmdə firavan yaşarsan.
Ağ baş bir qədər fikrə gedib, dilləndi:
-- Ağlabatandır! Yaxşı düşünmüsən. – Ona baxıb, bic-bic qımışan ağ baş əlavə etdi ki: -- Yaman kələkbazsan, dostum.
Ağ başın ona belə asanlıqla təslim olmasını görüb, cəld ilk əmrini verdi:
-- Onda ləngimə, vaxtı uzatmaq ömrü azaltmaq deməkdir. Yüyür get, o birilərini çağır gəlsinlər! Amma onlara diyərsən, mən bu adamı öldürmüşəm və onların beyninə yerit ki, mən tanrı göndərmiş əlihəzrət böcəyəm!
Kralın ilk tapşırığını göydə qapan qoltuq yetimliyini öz üzərinə götürmüş ağ baş vıyıltı ilə qaçıb özünü kol-kosa vurub gözdən itdi. Qara baş isə yenə ər kişinin yanına qayıtdı. Bir yandan ay ışığı, bir yandan da ağacların kölgəsi onun üzünə düşürdü. Qara baş qorxa-qorxa onun üzünə çıxıb bir diş vurdu. Ər kişi tərpənmədi. Bundan ürəklənən böcək ikinci dişi vurdu. Yenə bir səs çıxmadığını görəndə, o, oturub dolu qarın yedi. Ər kişinin üzündən qan axırdı. Birdən ağ başın səsi gəldi. Onun dalınca isə ağ başlar sülaləsinin yenilməz böcəklərindən təşkil tapmış böyük qoşun sürünürdü. Onlar ər kişinin yanına çatarkən, qara baş ağzını silib, həm əl, həm ayaq rolunu oynayan başına yaxın uzun yumuşaq bığcığını yuxarı qaldırıb, onlara hökmlə əmr etdi:
-- Dur!
Hamısı bir nəfər kimi cınqırını çıxarmayıb, durdu. Ağ baş iməkləyib ər kişinin üzünə çıxıb, böcəklər kralının yanına iməkləyə-iməkləyə gedib çatdı.
-- Bunlara demişəm ki, bu adamı sən öldürmüsən. Bunlar hamısı səndən qorxur, sənə itaət edir. Sən hər nə desən, təzim edərək, can-başla yerinə yetirəcəklər. Səni tanrı göndərən qeyri-adi bir qara baş böcək bilirlər.
Onu diqqətlə dinləyən qara baş gülüb:
-- Gərək də, o cur olsun. İndi qulaq ver, gör, mən nə diyirəm.
Qara baş ər kişinin başındaca quyruğu üstə durub özünə təkan verdi:
-- Susun!
Onu eşidən böcəklər nəfəs çəkməyə belə cəsarət etmədilər. Qara baş o yan – bu yanaına baxıb, ağzını açdı:
--Bu gündən bəri mənim sözümdən çıxan olarsa, öldürüləcək. Mən tanrının yolladığı böcəyəm, sizə verəcəyim əmrlər onun özü tərəfindən mənə ismariş kimi göndərilir. Elə ona görə də, mənə qarşı gələn, tanrıya qarşı gəlmiş sayılıb, öldürüləcəkdir. Mənim hökmüm qeyri-şərtsiz icra olunacaq. – Susmuş ağ başlar sülaləsin dörd gözlə süzüb, sözünə davam etdi: -- Bu adamı, -- deyib, barmağını ayağının altındakı ər kişiyə işarə etdi, -- mən öldürmüşəm. Ona görə də bunun başını mən yeyəcəm. – Ağ başın ona zəndlə baxdığını görüb, sözünə bir balaca düzəliş etdi, -- əlbəttə, dostum ağ başla. Kimsənin yuxarı gəlməyə haqqı yoxdur. Hər kim sözümə baxmazsa, öz əli ilə öz kələfini kəsmiş olur. – Böcəklərin bir nəfər kimi susub, ona heyrətlə baxmasından ilhamlanan kral səsini qaldırıb: -- Mən tanrının özüyəm! Mən tanrıyam! — Onun səsi gecə qaranlığında ormanın dərinliyində əks-səda verdi. -- Bu adamı mən öldürmüşəm! Sizcə, belə bir nəhəngi öldürən üçün sizi öldürmək çətinmi olacaq?
Bir-birinin üzünə mənalı-mənalı baxan böcəklər, yalnız:
-- Yox! – deyə bildilər.
-- Elə isə indi isə siz ayaqdan yeməyə başlayın, amma dediklərimi unutmayın.
İtaət durumunda olan ağ başlar qara başın hədə dolu monoloqun qurtarıb adamı acgözlüklə gəmirdiyini görüb, onlar da qarınlarının buyruğu ilə nəhəng yemə daraşdılar. Kral və qoltuq yetimi ər kişinin üzünü deşik-deşik etdilər. Qara baş ər kişinin qulağından girib, beynini yemək istədi. Elə ona görə də ağ başa dedi:
-- Sülalənə de, yerə düşüb adamı sağ yan üstə çevirsinlər.
Ağ baş cəld bağırıb, əmri unvanına çatdırdı. Bütün böcəklər yerə endilər. Hamı birdən kral buyurduğu tək ər kişini sağ yan üstə çevirib, özləri də yumurlanmış qarınlarını güclə sürüyərək yenidən onun üstünə çıxıb qanını sümürməyə başladılar.
Ər kişi isə keçmişini öyə-öyə necə meyid kimi düşmüşdüsə, eləcə əlindəki içki şüşəsi də yanında yatmışdı. Qara baş adamın beynini eşirdi. Bir azdan yenə dedi:
-- Hamı yerə enib ər kişini sol yanı üstə çevirsin.
Ölümdən qorxan canların yenə hamısı bir nəfər kimi yerə düşdü. Böcəklərin biri acıqlanıb yanındakına dedi:
-- Mən daha yoruldum bu adamı sağ-sol etməkdən. Yediyim lap zəhərə döndü! Nədən qara baş özü yerə düşüb, bizə yardım etmir? Nədən, o, gərək beynini yiyə, bizsə yalnız qol-qıçını? -- Ağ başlar sülaləsinin sıravi üzvü beləcə yanındakı yoldaşına kralın qarasınca narazı-narazı donquldandı.
Yoldaşı tez qaçıb bu sözləri qara başa çatdırdı. Böcəklər kralı barmağının bir işarəsi ilə onu adamın bağına dırmaşmağa vadar etdi. Dikbaş böcək onun yanına çatan kimi qoltuq yetimi onun boynunu vurdu. Ağ başlar sülaləsi hamısı yerbəyerdən onun bu amansız hökmünü alqışladı. O da bu alqış sədası altında qürrələnib, sinəsini qabartdı. Bundan sonra doğrudan da yerin-göyün tanrısı olduğuna onda şübhə qalmadı. Öz yalanına özü də istər-istəməz inanmalı oldu.
Ər kişi hələ də yatmışdı, lakin gahdan böcəklərin sancmasını hiss edirdi, amma yuxudan doymadığı üçün onlara baş qoşa bilmirdi.
Yavaş-yavaş gün çıxırdı, qara baş isə ışıqdan qorxurdu. Ona görə də günün doğmasını heç sevməzdi. Belə olan halda daha da tez-tez yeməyə başladı. Gün isə öz işində idi, gecə yatağından qalxıb, üfüqdə boylanandan sonra, ağır addımlarla göy üzündə yeriməyə başladı. Ər kişinin gözünə gün dəydi. Günün istisi ər kişinin beynini qızdırıb qıcıqlandırırdı. O, tənbəl-tənbəl yerindən tərpənməyə başladı. Ağ başlar sülaləsi onu çoxdan qoyub qaçmışdılar. Qara başdan qeyri burda kimsə qalmamışdı. Onun da gözü hələ doymamışdı deyə, yemək üzərində o yan-bu yana vurnuxurdu. O, var səsi ilə bağırıb, ağ başları daldan çağırdı. Lakin aclıqdan çıxdıqları üçün heç biri qara başı saymırdı.
Gün çıxdıqca ər kişinin başından keflilik uçurdu. Indi isə gün bütünlüklə səmanın ortsaında durmuşdu. Ər kişi bütün gücünü toplayıb, durub yerində oturdu. Başı hələ də boynu üstə rahat durmayıb dönürdü. Üzündə gəzişib, əsəblərinə toxunan böcəyi tutub yerə atandan sonra əlini düyünləyib üstündən zərblə bir yumruq vurdu. Onun ağır zərbəsinə tab gətirməyən böcəklər kralı yerin altına girdi. Ər kişi üst-başına əl gəzdirdi, hər yerini böcəklər yemişdi. Hər yerindən qan axırdı, amma buna baxmayaraq, yenə də özünü toplayıb ayağa qalxmağı bacardı. Dünənki xatirələrini ormanda qoyub, yavaş-yavaş evinə doğru addımladı.

Комментариев нет:

Отправить комментарий