08.08.2012

Nə yaxşı bəxtimə Vətən düşübdü

Sabir Yusifli

ŞAİR DOSTUM İBRAHİM İLYASLIYA

Dərinə çox getdik deyə,
Elə də üzdə olmadıq.
Görünməyə göründük ey, -
Di gəl ki, … gözdə olmadıq.

Gah əkində, gah biçində,
Oda düşdük qış keçəndə.
Bu qədər bahar içində
Bircə yol yazda olmadıq.

Çox dəftərdən silsələr də,
Bölüm-bölüm bölsələr də,
Türkün qanı axan yerdə
Türk olduq, özgə olmadıq.

Qəriblik

Dərdindən ölməyə bir xanım nədi,-
Bəxtimə bu gözəl Vətən düşübdü.
Əlimi çəkirəm xəritəsinə,
Əlimi Bakının buzu üşüdür.

Ürəkdə Vətənə yer qoymayanlar
Bu yurdun bağrında bağır çatladır.
Tərif yarışında, söz alverində
Özümü, sözümü ağır saxladım.

Qoruna-qoruna tamahdan, şərdən,
Gözləyə-gözləyə abır-həyanı,
Oğullar vurulub çıxdı qırağa.
Dərdini çəkənlər şəhid olduqca,
Kefini çəkənlər düşdü qabağa.

Bəlkə də yaşamaq ehtiyacından
Doğulur yurd-yuva, məskən sevgisi?
Məkanı itirmək qorxusundan çox,
Qana, cana hopub Vətən sevgisi.

Sümüyə dirənən bu bıçaqla da
Kəsib atmaq olmur ürəkdən, qəlbdən.
Doğma balasıtək uğrunda getdik,
Ögey ana kimi baxsa da hərdən.

...Vətən dediyimiz bu məmləkətin
Təki sığınmağa qucağı olsun.
Hamının qəlbində Vətən sevgisi,
Hamının öz evi, ocağı olsun .

Əlimi çəkirəm xəritəsinə
Əlimi dağların buzu üşüdür.
Dərdindən ölməyə bir xanım nədi,-
Nə yaxşı bəxtimə Vətən düşübdü.

Комментариев нет:

Отправить комментарий