13.08.2012

Saxta qızıl bazarı

Ekspert: “Alıcıların çoxu saxta qızılı həqiqidən seçə bilmir və bundan istifadə edən dəllallar onlara bir az ucuz qiymətə saxta məhsul sırıyırlar”

“Saxta qızıl ucuz olduğundan yaxşı satılır”

Dünya qızıl bazarında gedən bahalaşmanın Azərbaycanda bir o qədər də qabarıq hiss edilməməsini ekspertlər daha çox subyektiv amillərlə əlaqələndirirlər. İqtisadçı ekspert Vüqar Abbasov dünya bazarında ümumi bahalaşmadan istifadə edən yerli işbazların satışa saxta qızıl çıxarmağa cəhd etdiklərini bildirir: “Qara bazar”da saxta qızılın satışı adi hal alıb. Bu da qiymətlərin elə də çox yüksəlməməsinə təsir göstərir. Alıcıların çoxu saxta qızılı həqiqidən seçə bilmir və bundan istifadə edən dəllallar onlara saxta məhsul sırıyırlar. Belə məhsulun qiyməti ucuz olduğundan yaxşı satılır”.

Ekspertin sözlərinə görə, mağazalardakı qiymətlərə nəzər salanda məlum olur ki, qızılın dünya bazarındakı qiymət artımının Azərbaycana heç bir dəxli yoxdur: “Bu gün bir çox mağazalarda qızılın 1 qramı ortalama 45-50 dollara satılır. Çox qəribədir, belə çıxır ki, bizim qızıl alverçiləri çox humanistdirlər və Molla Nəsrəddinsayağı alver edirlər. Yəni xaricdən qramını 55 dollara aldıqları, üzərinə də müxtəlif vergi və gömrük rüsumlarını, nəqliyyat, xidmət və s. xərcləri də gəldikdə qiyməti ən azı 60 dollara çıxan qızılı 10-15 dollar zərərinə sadəlövh xalqımıza sırıyırlar. Bu sahəyə ciddi nəzarət edilməlidir, istehlakçının hüquqları qorunmalıdır”.

“Məmulatın üzərindəki rəqəmləri düz anlamırlar”

Zərgər Natiq Paşayevin sözlərinə görə, sifarişlər verilərkən tələbat, əsasən də dəb nəzərə alınır: “Alıcılardan lom kimi ucuz qiymətə qəbul edilən qızıllar da daxil olmaqla metallar istənilən formada hazırlanır və baha qiymətə satılır. Damğalanma prosesi də belə sexlərdə aparılır.
Artıq demək olar ki, bütün zərgərlər bir-birinin əl işlərini tanıdığından alıcı məmulatı başqa yerdə yoxlatdırmaq istəsə belə, aldadılır. Bəzən məmulatın üzərində göstərilən naməlum rəqəmlər alıcı tərəfindən firmanın kodu və ya damğası kimi qəbul edilir. Həmin rəqəmlər əslində, malın hansı sexə məxsus olduğunu göstərir”.
Məlumat üçün deyək ki, ölkədə qızıldan istehsal olunan bəzək əşyalarının çox cüzi hissəsi Dövlət Zərgərlik Zavodunun payına düşür. Belə ki, zavod cəmi 10-15 faiz məhsuldarlıqla işləyir və hər il bu zavodda xammal kimi bir neçə kiloqram qızıl istifadə edilir. Ölkədə qızıl istehsal edən 170-dən artıq müəssisə qeydiyyatdan keçib, yüzlərlə belə sex isə qeyri-rəsmi fəaliyyət göstərir.

Alınan mallar geri qaytarılmır

Qeyd edək ki, Nazirlər Kabinetinin 2008-ci ildə təsdiqlədiyi qızıl və digər qiymətli əşyaların istehsalı və satışı ilə bağlı yeni qaydalara görə, ölkədə qızıl və digər qiymətli məişət əşyaları istehsal edən fiziki və hüquqi şəxslərdə istehsal edilən əşyalar satışa çıxarmamışdan əvvəl Dövlət Əyar Palatası (DƏP) tərəfindən damğalanmalıdır.
Nazirlər Kabinetinin qərarıyla qızıl alındıqdan sonra geri qaytarıla bilməz. Buna görə də aldanmamağın ən yaxşı variantı məmulatın üzərində DƏP-in damğasının olub-olmadığını yoxlamaqdır.
Lakin onu da qeyd etmək lazımdır ki, Əyar Palatası ölkədə faktiki satılan zərgərlik məmulatının hamısını əyar yoxlamasından keçirə bilmir. Nəticədə minlərlə alıcı aldadılır və sonra dəyən zərəri onlara heç kim ödəmir.
Sosial şəbəkələrin birində apardığımız mini-sorğudan bəlli olur ki, əhali qızılın keyfiyyəti haqda o qədər də məlumatlı deyil. Qızıl alarkən üzərindəki kağıza və satıcının “imamı-peyğəmbəri bir araya gətirməsinə” inanırlar.
Zinət əşyaları üçün əyar damğaları 375, 500, 583, 585, 750 və 958-dir. Ancaq sorğumuzda iştirak edən insanlar daha çox 750 və 585 əyarlı qızıl məmulatlarını aldıqlarını bildirirlər. Ümumi fikrə görə, Azərbaycanda qızılı tanışdan almaq daha düzgündür.

Dövlət Əyar Palatası yoxlama zamanı nə aşkar edib?

Qeyd edək ki, Palata bu ilin fevralından Bakıda qızıl satışı ilə məşğul olan ticarət məntəqələrinin yoxlamasına başlayıb. DƏP sədri Adil Əhmədovun sözlərinə görə, yoxlamalarda məqsəd saxta və keyfiyyətsiz qızıl satışının qarşısını almaq olub: “Yoxlama zamanı həm yerli istehsal, həm də xarici ölkələrdən gətirilən məhsulların keyfiyyətsiz olduğu aşkar olunub. Məsələn, italyan qızılı adı ilə yerli zərgərlərin məmulatlarını satan obyekt aşkar etdik”.
Palata sədrinin dediyinə görə, yoxlamalar zamanı qızıl zərgərlik məmulatlarının üzərində DƏP-in damğasının olmasına xüsusi diqqət yetirilib. A.Əhmədov bildirir ki, bu damğa yoxdursa, qızılın keyfiyyəti şübhəlidir.
Onun sözlərinə görə, yoxlamalar qızıl satışıyla məşğul olan ticarətçilərin qanunlara əməl edəcəyinə qədər davam edəcək.
DƏP-in damğaladığı zinət əşyalarının üzərində aypara və səkkizguşəli ulduz həkk olunur. Belə əyarla damğalanan qızıl məmulatlarının saxta olmadığına inanmaq olar. Amma bir daha qeyd etmək istəyirik ki, Palata ölkə qızıl bazarının hamısına nəzarət edə bilmir. Belə də, hər il xeyli istehlakçının qızıl quldurları tərəfindən aldadıldığı məlum olur.

Elçin Bayramlı                                        teleqraf.com

Комментариев нет:

Отправить комментарий