14.08.2012

Uşaq payı yeyən müdirələrimiz

Raminə Eyvazqızı 

Bağçaya gedən azyaşlı uşaqlarımızın çoxunun mətbəxdə ən çox tanıdığı qida məhsulu makaron və ya vermeşildir. Hətta meyvələri bəzən ayırd etməyən uşaqlar belə bu məhsulun adını əzbər bilirlər. Gör nə vəziyyətdir ki, uşağa bağçada nə yedin sualını verməmişdən qabaq adam var-gəl edir. Fikirləşirsən, keşkə dəyişik bir cavab verərdi. Mümkün deyil, uşaq neyləsin gördüyünü, yediyini deyir.
Bu dəfə bağçalara verilən qida rasionu və ya onun tərkibi, keyfiyyəti barədə təzə nəsə tapdığımı deməyəcəyəm. Çünki bir vaxtlar Təhsil Nazirliyi ixtiyarında olan məktəbəqədər müəssisələrə meyvə-tərəvəzinə qədər verdiyini bar-bar bağırırdı. Uşaqlara verilən “xala xətrin qalmasın” yeməkləri barədə sübut, dəlil də göstərirdinsə, yenə də boynuna qoymaq olmurdu ki, olmurdu. “Biz hər nə desən veririk, bağçaları təmin edirik.” Zəhmət çəkib iddiaları nəzərə alıb yoxlayan da yox idi. Ora gələn və it - bat olan yemək-içməyin əslində kimin mədəsinə getdiyini bir Allah bilirdi, bir də oğurluq, əliuzunluq edən müdirələr. Vəziyyət indi də davam edir.

Yadıma gəlir, Sovet vaxtında uşaq bağçası süfrələrindən yeməkdən əlavə kompot və kiseli əksik olmazdı. Meyvəsi də olardı. Ah bu nostalji hisslər...
Vaxtıylə Təhsil Nazirliyi uşaq bağçalarını abıra salmaq üçün beynəlxalq banklardan kredit (Asiya İnkişaf Bankı, Dünya Bankının kreditləri haradasınız?) götürsə də, bir əncam çəkə bilmədi, əlindən alıb verdilər Bakı Meriyasına. Deyilənə görə, Bakı Şəhər İcra Hakimiyyətinin himayəsinə keçəndən bəri dəyişikliklər var. Həm qida, həm də bağçalara verilən yataq, oyuncaqlarına kimi bir qismi dəyişdirilib. Amma nə fayda, təzələnən yemək, maddiyyət yenə də bir qisim müdirələrin səyi və siyasəti nəticəsində “yeyilir.” Çox cüzi hissəsi bağçaya verilir, qalanı isə...
Bağça müdirəsi olmaq asan iş deyil. O, boyda uşaqların yeməyi, içməyi, məsuliyyəti, tərbiyyəsi... Amma niyə hər yerindən qalxan evində oturmaqdan bezən, hətta ən sadə təhsili olmayan müdirəliyə can atır? Bəli, bizdə müdirə olan hər kəsin bir məqsədi var basıb, qarət edib “yemək”. Birinci qazanca uşaq bağçasına təzə uşaqların götürülməsindən başlanılır. Bu gün bir nəfər gəlib deyə bilməz ki, uşağımı pulsuz bağçaya qoydum. “Yerimiz yoxdur” deyən özəl, dövlət bağçaları naz edir. Bir uşaq, qəbulu üçün 150-300 manata gədər pul verildiyi təqdirdə “bağça uşağı” statusunu alır.
Gələk əsas məsələyə. Gündə üç dəfə verilməli yeməyə. Bir bağça var. Ora gözümlə də şahidi olmuşam, hər ərzaq gətirilir. Təsdiq olunmuş gündəlik qida rasionunadək olmasa da, təmin olunur. Amma uşaqların mədəsinin həcmi nəzərə alınmadan səhər yeməyinə gülməli çörək yaxmacları verilir. Çörək o qədər nazik kəsilir ki, ələ götürən kimi qırılır. Üzərinə də yaxanın kefinin vəziyyətinə uyğun səliqəylə ya şor, ya cem, ya da yağ (yalnız biri a) çəkilir. Hələ çayın rəngi o qədər açıq olur ki, yenə də çarəsiz uşaqlar onu mədəsinə boşaldırlar. Yumurta və sıyıq bağçanın ən delikates menyusunda yer alır. Bir müdirə var, ən maraqlı reseptə görə ona “mükafat” (beləsini saatla sürümək lazımdır) da vermək olar. Qazana qoyulan düyü ( bəzən un da olur) o qədər qaynadılır ki, sonunda ortaya çıxan 150-200 uşaq üçün nəzərdə tutulan sıyığa vur-tut bir qutu süd əlavə olunur. Qalan qutular da gedir müdirənin marketinə satışa. Bağçalara uşaqların yataq üstlükləri verilir, amma nədənsə valideynlər özləri almalı olurlar. Oyuncaqlar, maraqlı uşaq vəsaitlərinin bir neçəsi bağçaya, qalanı evə yollanılır. Müdirələr meyvə, tərəvəzlərin özünü yox, yalnız şəklini uşaqlara verdiyi jurnallarda göstərirlər. Elə buna görə də bağça uşaqların çoxu anemiyadan əziyyət çəkir. Makaron, vermeşil də ki, öz yerində. Ət, toyuq məsələsi də yenə də müdirənin qalır vicdanının boynuna. Həftədə bir neçə dəfə nəzərdə tutulan ətli yemək, yalnız bayramdan-bayrama ya da uşaqlar müdirənin yuxusuna girəndə verilir. Hələ 25 uşaq üçün balaca yemək qazançasından nə çatacaq? Kim doyacaq, kim dadacaq? Günün yekununda uşaqlar evdən gətirdikləri yeməyin ümidinə qalırlar. Bax, sevmədiyim, heç doğru olmayan məqam yetişir. Burada uşaqlar istəməsələr də, azuqəsinin qiyməti, tutumu, ləzzətinə görə bir neçə hissəyə bölünürlər. Çünki, sabahısı gün, həmin uşaq artıq valideyninə nə olursa olsun, başqasında olan yeməli nəisə aldırmağa çalışır. Burada ya uşaq “sındırılır”, ya da valideyn...
Bizim zəmanədə müdirələr yalnız qadınlar ola bilər. Özü də dietada oturmayan, xasiyyəti bənzər olan müdirələr. Belələrinin vəzifədən sonra sifəti də, özü də girdələşir.
Bizim uşaq bağçasına kişi rəhbərlik edə bilməz çünki, müdirələr vaxtının çoxunu mətbəxdə keçirirlər. Ona görə də çoxundan xörək qoxusu gəlir. “Baş aşpaz” haqq –hesab edir, yeni “əkişdirmə” planlarını cızır, həyata keçirir. Orada işləyənlərə güvənmir, çünki oradakılarının da ona “atmasından” qorxur. Hətta belə müdirələr uşaq payı ilə də doymur, hərdən işçilərinin maaşlarından da özünə pay tuturlar. Xüsusən, bayram, ad günündə öz –özünə haramzadalıq edir. Ardınca ştatda xadimənin pulunu özü “yeyib”, hətta müəllimələri növbətçi cədvəli üzrə təmizlik işlərinə göndərir. İşçiləriylə firon kimi davranır. İtaət gözləyir. İşçisinə evinin də işini gördürən həddini aşmış müdirələr də var. Çox müdirəni danışdırmağa adam utanır. Çünki danışdıqca, daxili aləminin “zənginlikləri” adamı bihuş edir. Hər ayın sonu saatla anbarda oturub baş sındıran müdirələrin vəziyyəti isə lap gülməlidir. Yeyib, gözü doymayan belələri bu hesabda yaman “əziyyət” çəkirlər.
Deyirlər, başqasının payını basıb yeyəndə nə vaxtsa “gözündən gəlir”, “burnundan tökülür”, “haramı olur”, ya da sağalmaz xəstəlik tapır. Ya da payını yediyi uşaqlar yuxusuna girib onu dəliyə döndərirlər. Pay oğurlamaq, pay qopartmaq adətli insanımız da çoxdur, maşallah. Uşağın payını yeməyin də yəqin daha ağır cəzası olur. Aqibətin geci-tezi var. Konkret bir qisim bağça müdirəsindən söhbət gedirsə, deyilən və deyilməyən hoqqabazlıqlar tanış gəlirsə, onlar da pay götürə bilərlər. Nə yeməli, nə də içməli olmayan paydan. İnanan daşa dönsün...

Комментариев нет:

Отправить комментарий