15.09.2012

Həyat qəribədir. Deyilmi?

Tural Əli

Həyata öz gözümlə baxmağa başlayandan dünya həyatının tam olaraq nədən ibarət olduğunu düşünürəm
Həyatın qəribəliyidir bəlkə insanı yaşamağa həvəsləndirən, bəlkə də vadar edən.
Hər birimiz üçün həyat bir başqadır. Hərənin öz tərifi var. Biri üçün həyat düşünmək, digəri üçün düşünməmək. Biri üçün gülmək, digəri üçün güldürmək. Biri üçün təbii gül, o birisi üçün süni plastmas gül. Biri üçün həyat maraqlı, rəngarəng, bir başqası üçün həyat ancaq ağ-qara. Birisi üçün sevgi, başqası üçün yaşamaq. Birisi üçün yer üzü, digəri üçün isə buludlar...
Kim nə düşünürsə düşünsün, necə həyatı anlayırsa anlasın bunun sadəcə insanın özünə təsiri ola bilir. Hər kəs qəbul etdiyi həyatı yaşayır.

Keçmişi, keçmişdəkiləri unudur. Halbuki keçmişdə unutmaq barədə düşünəndə ürəyi lərzəyə gəlirdi. Amma unutqan olduğumuzu belə unuduruq. Sonda isə köks ötürərək: “Eh həyat,həyat...”
Yağış yağanda bir fikirdə, günəş çıxanda isə tamam başqa bir fikirdə... Gündüz bir gecə isə başqa bir fikirdə yaşamaqdırmı həyat? Yoxsa həyat başqaları üçün yaşamaqdır?
Qəmli günümüzdə ümid verən həyat, xoş günümüzdə qəfildən bizi göydən yerə çırpandırmı?
Həm sevinc, həm də kədərdirmi həyat?
Kimimiz həyatın davamı üçün dərin “ah” çəkərək səmanı ciyərimizə alırıq, digərimiz tüstü ilə təskinlik tapırıq: “Bu da keçər”
6 gün iş, bir gün istirahətdirmi həyat?
Həyatın davam etmədiyini gördükdə avtomobili, telefonu, noutbuku, paltarı yeniləməklə davam etdirik.
Bəlkə də həyat sadəcə 2 hadisədən ibarətdir: Dünyaya gəlmək və dünyanı tərk etmək.
Həyatı gözəl sananda dünyanı tərk etmək barədə düşünmürük. Bəzən isə həyat o qədər yorucu, darıxdırıcı, sıxıntılı olur ki, dünyanı çox qısa zamanda tərk etmək istəyirik.
Birimiz üçün həyat gözəl xatirələr, sevgi və şəfqətli anlardan ibarətkən, digərimiz üçün acı xatirələr, xoşagəlməz anlar, stressli hadisələrdirmi?
Bəzilərimiz həyatın qəribə olduğunu düşünürük, bəzilərimiz isə həyatın elə sadəcə reallıqda nəysə o olması ilə kifayətlənirik.
Həyat, həyat, həyat...

islamazeri.az

Комментариев нет:

Отправить комментарий