20.01.2013

20 Yanvar qırğınından qaça bilərdikmi?

Babək Göyüş

Daha çox canfəşanlıq edənlər Etibar Məmmədovla Nemət Pənahlı oldu. Onlar xalqı geri çəkilməməyə çağırırdılar. Hətta, deyirdilər ki, Türkiyə və İrandan bizə kömək gələcək.

20 Yanvar gecəsi niyə Xalq Cəbhəsi liderlərindən heç kəs şəhid olmadı, çünki onlar həmin gün kütlənin önündə deyildilər. 

Hadisələrin şahidi kimi deyə bilərəm. Bilərdik. 
Ancaq qaçsaq da yenə də rus ordusu şəhərə girib boş küçələrdə heç kəsi tapmadığından evlərin eyvan və pəncərələrinə atəş açacaqdı. Necə ki, faktlar göstərir ki, onlar bunu etdilər. Yəqin Moskvada cızılan planın B variantında bu, var imiş.

20 yanvar qırğınında Qorbaçovla Vəzirovu daha çox qınayırlar. Vəzirov Bakıda Qorbaçovun tulası və həm də Moskvaya teleqram vuranı idi. Onsuz da Vəzirov teleqram vurmasaydı, DTK-nın Bakı emissarları bu işi öz öhdəsinə götürəcəkdilər. Elə Mərkəzi Komitədə çalışan ruspərəst qüvvələr də bu işin həyata keçirilməsində az rol oynamadılar.
Qorbaçov da öz hakimiyyətini qorumaq üçün təkcə Bakını deyil, Stavropolda 1976-cı ildə ölən atası Sergeyin, 1993-cı ildə ölən anası Mariyanın da qohumlarını qırmağa hazır idi…
Bəs, Xalq Cəbhəsi 20 yanvardan öncə, daha dəqiqini desək, yanvar ayının 13-də başlayan erməni qırğınlarında özünü necə apardı? Onlar elə həmin gün də ermənilərin kütləvi öldürülməsinin qarşısını ala bilmədilər, çünki bu plan 20 Yanvara aparan yolun başlanğıcı idi.
Həmin dövrdə Xalq Cəbhəsinin ən böyük uğuru milyonlarla insanı Azadlıq meydanına toplaması oldu. Ən böyük məğlubiyyəti isə Əbülfəz Elçibəyi prezident kimi önə itələməsi idi. Bu, təkcə Cəbhənin günahı deyildi, elə bütövlükdə azadlıq eşqiylə alışıb yanan xalqın günahı sayılırdı. Bəlkə də buna günah demək olmazdı, çünki xalqın yaxın tarixdə meydanlara toplaşıb hakimiyyətə və dövlətə qarşı üsyan etmək səriştəsi yox idi. Bu baxımdan onlar elə sanırdılar ki, Lenin heykəli önündə alovlu danışmaq elə dövləti idarə etməyə bərabər idi. Əslində isə hər şey Azadlıq meydanından kənarda idarə edilirdi.
19 Yanvar gününün axşamı Xalq Cəbhəsinin funksionerləri özlərini necə apardılar? Həmin gün şəhərin müxtəlif yerlərində xalqın qarşısında daha çox canfəşanlıq edənlər Etibar Məmmədovla Nemət Pənahlı oldu. Onlar xalqı geri çəkilməməyə çağırırdılar. Hətta, deyirdilər ki, Türkiyə və İrandan bizə kömək gələcək. 
Digərləri isə ara-sıra görünsələr də elə bir çıxışları ilə yadda qalmadılar.
Xalq həmin gün başsız qalmışdı. Başsız atlı kimi. Bu sözləri elə-belə, nifrət xatirinə yazmıram, çünki həmin gün bütün olayların içində olan şəxs kimi yazıram. O vaxt belə məlumat verildi ki, hücumlar əsasən dənizdən, bir də Biləcəri tərəfdən olacaq. Mən də qardaşımla birgə Prezident Aparatının qarşısındakı mtinqdən sonra metro ilə 11-ci Qızıl Ordu heykəlinin yanına getdik. Heykəlin Biləcəriyə tərəf olan hissəsində, daha doğrusu, indiki AZƏRSU binasının qarşısında xeyli sayda adam toplaşmışdı. Heç kəs nə edəcəyini bilmirdi. Söhbət zamanı deyirdilər ki, sovet ordusu hücum edib xalqı qırmaz. Çör-çöp, taxta parçaları yığıb tonqal qaladıq. Gecə saat 12-yə 20 dəqiqə qalmış qardaşım dedi ki, gəl gedək, boş yerə niyə ölməliyik ki? Mən cavab verdim ki, görürsən, heç həs metroya düşmür, yalnız çıxanlar olur, necə gedə bilərik axı?!.
Bu zaman gördük ki, bir polis əməkdaşı pilləkənlərlə metroya düşür və biz də onun arxasınca düşüb metroya mindik. Vaqonda isə bizdən savayı daha 5-6 nəfər var idi. Neftçilər metro stansiyasından çıxıb avtobusla evə getdik. Və bir az da evdə söhbət edib yatdıq. Gecə saat 2-nin yarısında çöldən gələn səs bizi oyatdı. “Millət, oyanın, niyə yatırsınız, gəlin Universamın yanına (Mehmandarov küçəsi ilə Nəsrəddin Tusi küçəsinin kəsişməsi), tanklar aşağıdan, Naxçıvanski məktəbi tərəfdən bura gələcək”.
Qardaşımla durub həyətə düşdük. Burda da yolun ortasında tonqal qalanmışdı. Bu vaxt kimsə dedi ki, şəhərdə milləti qırırlar, hamı dağılışıb şəhərə qohum və tanışlarına zəng elədi. Biz də evimizin həyətində qoyulmuş taksofondan zəng etdik. Salyan kazarması tərəfdə yaşayan iş yoldaşım dedi ki, evdə güllə səsindən oturmaq olmur. Milləti qırırlar. Sonra evə qalxıb radionun qoşduq. Mayak radio stansiyası dedi ki, Bakı Sovet Ordusu tərəfindən tutulub. Yenidən həyətə düşüb tonqalın ətrafında səhər saat altıya kimi gözlədik. Naxçıvanski tərəfdən heç bir tank gəlmədi. Səhər saat 6-ya qalmış evə qalxdıq. Günorta saat 12-yə kimi yatdıq, sonra durub piyada Şıxlinski küçəsinə gəldik. Ordan bütün Bakını seyr etdik. Hava soyuq olmasa da havada çoxlu tüstü var idi, sanki şəhərin bütün küçələrində tonqal qalamışdılar. Sonra bunun cavabını elə özüm tapdım. Bütün bu tüstü dünən gecə qalanan tonqalların tüstüləri idi. Ordan piyada düşüb Lenin kombinatı ərazisində yaşayan qohumlarımıza baş çəkdik. Onlar da küçədə hamı ilə birgə dayanıb söhbət edirdilər. Orda xeyli dayandıqdan sonra avtobusla Azadlıq meydanına gəldik, burda adam əlindən tərpənmək olmurdu…
Şəhidlərin dəfni yanvarın 22-nə təyin edilmişdi. Bunu Azadlıq meydanında hər gün keçirilən mitinqdən bilirdik. Yenə də həmin mitinqdə daha çox gözə dəyən və çıxış edən Nemət Pənahlı, Etibar Məmmədov, Pənah Hüseynli və Tamerlan Qarayev idi. Cəbhənin digər liderləri də ara-sıra çıxış edirdilər.
Boynunda uzun, ağ şərf geyinən Tamerlan Qarayevin çıxışından sonra hamı tabutları çiyninə alıb Dağüstü parka tərəf getdi. Şəhidlərin orda dəfn olunacağını öncədən bilirdik. Çünki cəhbənin liderləri çxışları zamanı deyirdilər ki, orda 1918-ci ilin mart qırğınları zamanı ölənlərin qəbirləri var. 
Qəbirlərin qazılması prosesində mən də iştirak etdim, ancaq bu uzun sürmədi, çünki əlimdəki belin tutacağı əlimi yaraladı və çoxlu qan axdı. Həmin qan qazdığım qəbirin içinə töküldü. İndi o qəbirin yerini də, orda kimin basdırılmasını da bilmirəm. Çünki izdihamın içində səmt anlayışı yadımdan çıxmışdı…
Həmin gün evə gecə saat 4-də gəldik. Atamı qonşuda görəndə bir anlıq duruxduq. O bizi görəndə kövrəldi və xeyli ağladı. “Allaha şükür, sağ qalmısınız!” dedi. Və başına gələnləri söyləməyə başladı. Atam 1988-ci il dekbarın 4-də Qərbi Azərbaycandan köç edəndən sonra anamla Şamxor rayonunun Barsum kəndində yaşayırdı. 
Evə keçəndən sonra o, başına gələnləri bizə söylədi: “Eşidəndə ki, Bakıda milləti qırıblar. Tez Şamxora enib Bakıya gəldim, Şıxov çimərliyinə çatanda rus əsgərləri bizim hamımızı avtobusdan düşürüb üstümüzü yoxlamağa başladılar və sorğu-sual etdilər ki, şəhərə niyə gedirsiniz? Dedik ki, övladlarımızın yanına gedirik. Hamının əlini başına qaldırıb tərpənməmək əmrini verdilər. Mən bir az keçmiş yorulduğundan əlimi aşağı saldım, bu zaman əsgərlərin biri ayağımın altına güllə atdı. Qorxumdan əlimi göyə qaldırdım. Ayaq üstə durduğumdan hiss etdim ki, güllə mənə dəyməyib, yoxsa yıxılardım. İki-üç saat bizi gözlətdiklərindən sonra avtobusun Bakıya girişinə icazə verdilər. Bura evə gələnə kimi elə bilirdim ki, nəsə olub. Hətta, evin bağlı olduğunu görəndə ürəyim sancdı ki, nəsə baş verib, ancaq qonşudan sizi soruşanda dedi ki, sağ-salamatçılıqdır, şəhərdədirlər, mütləq gələcəklər…”.
Atam o gündən Sovetlərin məşhur kinosunda olduğu kimi bizim üçün “Əsgər atası” oldu. Bütün cəbhə boyu oğlunu axtaran Əsgər atası kimi…
Əsgər Atamız indi bü dünyada yoxdur. 2007-ci ildə gedib o dünyaya və orda nə iş gördüyünü bilmirəm. Mobil telefonunun batareyası qurtardığından ona zəng də edə bilmirəm…
Eynən 20 yanvarda ölənlərin də heç birinə yaxınları zəng edə bilmir. Ancaq bunlar mobil telefonun varlığından xəbərləri olmadığından heç kəsdən mobil zəngi gözləmirlər…
Və son olaraq, 20 Yanvar gecəsi niyə Xalq Cəbhəsi liderlərindən heç kəs şəhid olmadı, çünki onlar həmin gün kütlənin önündə deyildilər. Həmin gün kütlə özünü kütlə kimi apardı və öldü. Xalq Cəbhəsinə də yəqin bu, lazım imiş.
Xalqın isə Azadlıq hərəkətinə inamı ölmədi, həm də bu qətliam onların ürəyində Sovetlərə olan nifrəti daha da artırdı…
Və belə baxanda 20 yanvar Xalq Cəbhəsi ilə Moskvanın bir oyunu idi. Bu oyunda isə onların hər ikisi uduzdu. Xalq Cəbhəsini Xalq Cəbhəsini kənardan idarə edənlər uduzdurdu. Sovetlərinsə sonuna Qorbaçovun köməyilə Amerika çatdı. Və Qorbaçov özü də dərk etmədən qırdığı Bakının müstəqilliyinə imza atdı…
Azərbaycanın müstəqil olmasında hər kəs Qorbaçova borcludur, desək, yanılmarıq, elə Amerikaya da…
20 Yanvar gələndə ağlamayın…
Şuşa geri alınanda ağlayın, Şuşa itkisinin günahını isə nə Qorbaçovda, nə də ki, Amerikada axtarın.
Vəzirovu devirənlərdir, Mütəllibovu istefaya göndərənlərdir, Xalq Cəbhəsini diz çökdürənlərdir və indiki hakimiyyətə yaltaqlananlardır Şuşa işğalının günahkarları…
Və gəlib gedənlərin heç biri Azərbaycanın dərdinə şərik olmadı, yalançı qəhrəman oldu…
Azərbaycanın dərdinə şərik olan doğruçu qəhrəman isə gələcək, mütləq Gələcək. Buna varlığım kimi inanıram…
20 Yanvarın da varlığı Azərbaycan tarixində əbədi qalacaq, çünki ən azından onun adını daşıyan metro stansiyası var…

Комментариев нет:

Отправить комментарий