19.01.2013

“Bakirə” məktəblilər

Elçin Bayramlı

Son vaxtlar məktəbli qızlar arasında abort və bakirəliyin tibbi bərpası hallarının artması haqda siqanallar daha bərkdən və aramsız səslənməyə başlayıb. Lakin bizim cəmiyyət olaraq bir hissəmizin başı bir tikə çörək uğrunda fasiləsiz və amansız mübarizəyə, digər hissəsimizin başı isə özəl televiziyalarda serial, kriminal, şou verilişlərə qarışdığından bu siqnalları eşidə bilmirik.
Əlaqədar orqanlar bu siqnalları eşidir, sadəcə əhəmiyyət vermirlər. Müvafiq qurumlar səbəbə qarşı mübarizə aparmaq əvəzinə nəticələri hesablamaqla məşğuldurlar.
Bu sahədə rəsmi statistika vəziyyəti heç də düzgün əks etdirə bilməz. Baxın, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2008-ci ildə 15-17 yaşı olan 131, 2009-cu ildə 15-17 yaşında 145 qız, 2010-cu ildə isə bu yaşda 158 qız abort etdirib. Halbuki il ərzində paytaxtda tək 1 xəstəxanada bu qədər həddi-buluğa çatmamış qızın abortunun aparılmasına şübhə yoxdur. Tanış bir həkimin dediyinə görə, məktəbli qızlar arasında abortların və bakirəliyin süni yolla bərpa edilməsi halları sürətlə artır.
Hətta məktəbli qızlar müxtəlif çatlarda bu mövzuda elmi müzakirələr aparır, abort və bakirəliyin bərpası əməliyyatının harda daha yaxşı və daha ucuz aparıldığı haqda bir-birini məlumatlandırırlar. 3 qadın salonunun sahibi olan bir tanışım isə deyir ki, paytaxtda bir sıra gözəllik salonlarında belə abort və bakirəliyin bərpası əməliyyatları həyata keçirilir. Daha çox məktəb yaşlı qızlar müraciət edirlər. Burda qiymətlər xəstəxanalardan ucuz olur, həm də gizliliyin qorunması imkanı daha yüksəkdir.
Görünən odur ki, əxlaqsızlığın kütləvi yayılması məktəbdən, daha doğrusu, məktəb yaşlarından başlayır. Məktəblərdə təhsil kimi, təlim-tərbiyə işinin də zəif olması buna təkan verir. Hətta deyilənə görə, orta siniflərdə oxuyan qızın “kavaler”inin olmaması ayıb sayılır. Bu dəbdən geri qalmamaq cəhdi isə hələ kifayət qədər həyat təcrübəsi, ağlı və savadı olmayan qızcığaz üçün faciə ilə bitir. Bunun sonu adətən fahişəxanada qurtarır.
Valideynlərə gəldikdə, əksər hallarda müasir texnologiyadan geri qaldıqlarından qızlarının telefon və internet vasitəsilə nə oyunlardan çıxdığını izləyə bilmirlər. Hər birimiz qonşuluqda, tanışlar arasında evdən ədəbli görkəmdə, uzun yubkada çıxıb məktəbə gedən qızın 1 tin o yanda qəfildən necə mini yubkalı, seksual görünüşlü qıza çevrildiyini müşahidə edirik.
Düzdür, tibbi olaraq süni yolla bakirəliyin bərpası ərə getmə problemini həll edə bilir. Artıq belə ailələrin sayı çoxdur. Lakin bu, böyük riskdir. Ona görə də, qızcığazlarımız heç də bu əməliyyata arxayın olmalı deyillər. Oğlan təcrübəli ola və bunu aşkar edə bilər. Bunu ayırd etmək üçün müvafiq üsullar internetdə doludur.
Üstəlik, evləndikdən sonra qızın namünasib vəziyyətlərdə çəkilmiş şəkilləri ortaya çıxa bilər və şantaj üçün istifadə olunar. Bundan başqa, ər hansısa vasitə ilə qızın əvvəllər nə oyunlardan çıxdığını öyrənə bilər. Boşanmalarda bu kimi amillərin rolu xeyli çoxdur.
Qeyd etmək lazımdır ki, bu prosesdə psixoloji zəmin hazırlayan və təhrikedici materiallar yayan özəl televiziyaların olduqca əvəzedilməz rolu var. Bu televiziyalar baxanda adama elə gəlir ki, sanki hansısa gizli qüvvə bir mərkəzdən bu prosesi idarə edir və sistemli şəkildə davam etdirir.
Xülasə, baş verənlər onu göstərir ki, nəinki əxlaq sistemimiz, eləcə də ailə institutumuz dağılmaq üzrədir. GMO və süni qidalarla bioloji genetik strukturun dağıdılması, bəzi energetik içkilərlə, dərmanlarla cinsi tələbatın qarşısıalınmaz dərəcədə şiddətləndirilməsi zorlamaların da artmasına, əxlaqsızlığın tüğyan etməsinə, boşanmaların çoxalmasına və nikahdankənar cinsi əlaqələrin adiləşməsinə səbəb olur.
Xülasə, bu vəziyyətin qarşısını almaq imkanları az qala sıfıra bərabərdir.

elçin.bayramli@hotmail.com                  gunteleqraf.az

Комментариев нет:

Отправить комментарий