16.01.2013

SİYAVUŞUN HİRSİ

Bəxtiyar Hidayət

Arvadı heç belə tez gələcəyini düşünməmişdi Siyavuşun. Axı hər seçkidən sonra özü demiş məntəqədə vur-çatlasın olardı, dəm-dəstgah qurulardı, gətir-götür baş verərdi. Siyavuş da səhərəcən  döşəyərdi kababdan, dolmadan, gillədərdi araqdan.  Evə səhər elə kökdə gələrdi ki üç gün özünə gələ bilməzdi. Gah qaytarardı, gah da yatardı. Hələ belə vaxtlarda qonşu Müxalifət Səməd ona deyərdi ki “ey türk oğlu türk, qaytar, özünə dön. Sən qaytaranda  böyük olursan”
Əlbətttə ki Müxalifət Səməd kənddə yeganə müxalifətçi idi ki bu ləqəbi almışdı. Və Siyavuşun seçkidən qazandıqlarını az qalırdı burnunun iki deşiyindən bəri gətirsin. Siyavuş da “paxıllıqdan edir kopolu” deyirdi.

Bəs indi nə olmuşdu- Sanki Siyavuşun sol əlini baş barmağına vurulan gözəgörünməz mürəkkəb hər yerinə vurulmuşdu. Siyavuş da o mürəkkəb kimi gözə görünmürdü əslində. Bu başqa bir Siyavuş idi. Daim şən, gülərüz olan Siyavuş indi hirsindən göm-göy olmuşdu. Gözləri sanki çaş idi-hərəsi bir tərəfə baxırdı. Alt dodağı ümummilli liderin parkını, üst dodağı  ən çox sevdiyi müğənni olan Ədalət Şükürovun Ayda aldığı torpağı süpürürdü.
-Axı noolub ay bədbəxt oğlu bədbəxt, kim dəyib xətrinə? Gedib küməsini başına uçuraram. Bir sakitləş.
-Az kiri görüm, sən kişi işinə qarışma.
-Dərdiş de noolub, deməsən dərdin yüngülləşməz, ürəyinə ziyan edər.
_ _ _ _
Siyavuş danışdı hər şeyi. Arvad da ona haqq qazandırdı ki, cavabını yaxşı vermisən o oğraşın, o nə kişidi, tayfaliqnan gədə gəlib gədə də gedirlər. Sənə demişəm ki öz işini gör seçkidə. Savadlı adamsan, pratakol yaza bilirsən, seçkini nizama sala bilirsən. Səndən əvvəl daim üzütüpürcəkli olardı hamısı. Əsəd çağırıb it kimi çırpardı ki bu nə səsdi gətirmisiniz? Müxalifətin səsini niyə bu qədər yazıbsınız? Sən saldın orda hər şeyi nizama. Bu da qədrini bilməkləri.
-Gədədi də, gədə. Elə bilir hamı gədədi. Dedim əə, mən hələ bu kəndin bir xeyirindən, bir şərindən qalmamışam. Oğlum tərbiyəli, qızım tərbiyəli. Mənim dədəm süfrə açıb camaat yola salanda sizinkilər toylarda qazan dibi qazıtlamaqla dolanırdılar
-Hələ az demisən
_ _ _ _
Indi gəlin görək Siyavuş arvada nələr anlatdı.
Bütün günü  müxalifətin rayondan gəlmiş müşahidəçisini aldadan Siyavuş olmuşdu. Daşınan qutunu yanına təhkim etmişdi onu. Bir başqa müşahidəçi də YAP-dan öz xalası oğlu idi ki Siyavuş ona da tapşırmışdı ki təxminən belə edirsən- Əhmədgildən Məmmədgilə getmək üçün hərlənirsiniz Kəlləqaröyünü, ordan bəri gəlirsiniz.
 Bu da Qazaxdan Bakıya getmək üçün Moskvadan bəri hərlənmək kimi bir şey idi.
Müxalifətçini bu yolnan aradan çıxaran Siyavuş bütün məsuliyyətin altına girərək büllütenləri basmışdı topa-topa qutuya. Və  kənd icra nümayəndəliyindən götürdüyü pasport nömrələrinin səbəbinə seçkiyə gəlməyənləri də seçkiyə “gətirmişdi”
Bir söznən məntəqənin üzünü  dairəni yanında ağ eləmişdi. Bəs ona olan bu hörmətsizlik nə idi?
_ _ _ _ _ _
Məntəqə sədri Dursun müəllim neyləsə yaxşıdı? Axşama kimi “it yerinə də, qurd yerinə də işləyən” Siyavuşa təsir edən nə idi?
  Səslər sayılarkən rayondan iki polis zabiti də təşrif buyurdu. Və məntəqə sədrini çağırıb qulağına nəsə pıçıldadılar. Məntəqə sədri də seçkinin başını buraxıb varid oldu öz evinə. Hər şey qaldı Siyavuşun öhdəsinə. Siyavuş da Siyavuşdu haa. Öz işinin ustasıdı ( bunu polis zabitləri də təsdiq etdi)
Məlum oldu ki Dursun müəllim evə beçə qızartması bişirtdirməyə gedibmiş. Və onun gəlişi ilə Siyavuşun ağzı sulandı- günorta yeməyi də  əvvəlki seçkilərə nisbətən zəif olmuşdu.
  Və polis zabitlərini görən o biri məntəqə üzvləri bir-bir aradan çıxdılar- az aşım ağrımaz başım məntiqini üstün tutdular. Məntəqədə qaldılar Dursun müəllim, polis zabitləri, bir də Siyavuş. Siyavuş burda qalmağı ilə qürurlandı da- savadlı adamam, qanunu bilirəm, polis məni yeməyəcək ki.
Amma elə ki Dursun müəllim onu qırağa çəkib o sözləri dedi sanki dönəlgəsi döndü Siyavuşun. Heç gözünə polis zabiti zad da görünmədi.
Dursun müəllim ona demişdi:
-Sən incimə qadası, sənə indi Asim ( kənd icra nümayəndəsi) kolbasa gətirəcək. Mən bu polisləri qonaq eləmişəm. Bunnarnan ayrıca söhbətim də var. Bir də havaxt taparam ikisini bir yerdə. Həm də məktəbdə  əlli zibilimiz var. Bircəsini dalınca düşsələr hörmətimiz də zay olacaq, seçki fədakarlığımıza da xələl gələcək.
Siyavuşa sanki güllə dəydi:
-Əə tüpürüm sənin beçə qızartmana da, Asimin kolbasasına da, hələ polislərin basdırdıqları zibilə də. Əə,  mən acam-  quyruq acıyam. Sənin kimi gədənin çörəyinə qalmamışam. Indən belə bir də görərsən. Allahın pratokolunu yaza bilmirsən. Bilirəm hansı zibili basdırır bu polislər. Məktəbin zibili deyil o zibil.  Sənin o gədəçə oğlun yenə kiməsə sataşıb. Indi istəyirsiniz məni qırıb söhbətləşəsiniz. Ay gədələr, barı qoy ümummilli liderin qələbəsi aradan çıxsın, sonra bazarlaşarsınız. Sizdə heçmi vicdan yoxdu?
Səs –küyə polislər də qarışdı:
-Noolub ayə, seçki qurtardı get öz evinə dəə!
-Sizdən qorxan zad yoxdu ee. Mən qarnım üçün etmirəm, qədrim üçün edirəm. Bircə səhfimi tutsanız basın dama məni. Mənim savadım da var, qanunu da bilirəm. Mən burda prezident seçirəm siz də beçə qızartması yeyirsiniz. Barı o bayraqdan utanın, o kişidən utanın( əli ilə Heydər Əliyevin portretini göstərdi)
Polislər yumşaldı:
-Gəl otur bizimlə- bir balaca anlaşılmazlıq olub.
Sonra da Dursun müəllimə ikisi də göz vura-vura bir ağızdan dedilər:
-Heç elə şey olar, biz yeyək o baxsın? Müəllim ki müəllim.
Siyavuş dilləndi:
-Qurban olum Sovet hökumətinə bir müəllimdən vergi almırdı bir də eşşəkdən.
Dördü də gülüşdü.
Polislər bir də dil-ağız etdilər:
-Gəl qardaş, sən Allah bizi bağışla.
-Mən gədə çörəyi yeyən deyiləm. Xudahafiz.
Siyavuş əsərlənə-əsərlənə bayıra çıxdı. Sən demə kənd icra nümayəndəsi də  bayırdan söz-söhbətə qulaq asırmış. O da bayırda Siyavuşu saxlamaq istədi:
-Gəl, onu tanımırsan?
-Sən də cəhənnəm ol, bunu bil ki səndən də qorxmuram, polisdən də. Allahdan başqa heç kimdən qorxum yoxdu mənim. Hamınız qədirbilməzsiniz. Mən olmasam sabah Əsəd üzünüzə tüpürəcəkdi. Mal balası kimi çarpacaqdı hamınızı.
- Vallah xəbərim olmayıb mənim. Işin içində mən yoxam haa.
-Sənin də, onun da o birilərin də hamınızın var-yoxuna lənət. Köpəyuşağı.
Beləcə də söyə-söyə ordan uzaqlaşdı Siyavuş.
Səhər kənddə onun qəhrəmanlığından danışırdılar:
-Savadlı adam ayrı şeydi, polislərə bilirsən nələr deyib?
-Vaxtında yiyəsi olub qabağa çəkən olsaydı indi özü də deputat olmuşdu. Zarafat deyil, o boyda məntəqənin işi düşür onun öhdəsinə.
Yalnız Müxalifət Səməd belə dedi-ancaq nə bir olub? Ona hələ bu da azdı. Bu savadnan müxalifətçilik eləsə indi respublika tanıyırdı onu.

Комментариев нет:

Отправить комментарий