19.02.2013

"Heydər Əliyeviç, mən səhv etmişəm, bağışlayın"


Elmira Axundova
Yazıçı, publisist, millət vəkili

Əkrəm Əyilsli Naxçıvanda Heydər Əliyevin qəbuluna gəlib peşman olduğunu demişdi

Dərhal qeyd edim ki, heç kəs məni bu məqaləni yazmağa təhrik etməyib və heç kəs mənə təzyiq də göstərməyib.
Lakin həyatda elə anlar olur ki, insan danışmaya bilməz. Öz ölkəsində baş verənlərlə bağlı fikrini və düşüncəsini mütləq söyləməlidir. Mən Əkrəm Əylislinin bədnam "Daş yuxular”, həmçinin digər fitnəkar romanı "Möhtəşəm tıxac”ı nəzərdə tuturam. Yazar öz ünvanına olan kritik hücumlardan qorunaraq tənqidləri təhqir, təqib və fiziki hədələrlə əvəz etməmə şərtilə opponentlərini sivil müzakirəyə səsləyir. Razıyam!
Bir zamanlar mən Əkrəm Əylisli ilə müsahibəmi Rusiyanın məşhur "Literaturnaya Qazeta”sında dərc etmişəm, 2004-cü ildə isə Anar, Çingiz Abdullayev və digər Azərbaycan yazıçılarının ünvanına olan təhqiramiz və ədalətsiz fikirlərinə görə onu "Exo” qəzetində kəskin şəkildə tənqid etmişəm. Odur ki, bu mənim qocaman yazıçı ilə ilk şifahi mübahisəm deyildir, tənqidi fikirlərimə baxmayaraq biz yaxın zamanlara qədər onunla səmimi münasibətdə olmuşuq və hətta bir parlamentin divarları arasında fəaliyyət göstərmişik (bu barədə az sonra).
Yeri gəlmişkən, özünün bəyan etdiyi "sivil müzakirə” çağırışlarının ziddinə olaraq müəllif Məmməd Səid Ordubadidən tutmuş Səməd Vurğuna qədər bir çox tanınmış və məşhur yaradıcı ziyalılarımızı alçaltmaqla özü tamamilə qeyri-sivillik və hətta ədəbsizlik nümayiş etdirir.
Zənnimcə, mətbuat səhifələrində və internet saytlarda gedən müzakirələr məhz sivil yolla aparılır (forumlarda anonim şəxslərin çağırışları istisna olmaqla), həm də sözsüz üstünlük siyasi və ədəbi ictimaiyyətin o nümayəndələrinin tərəfindədir ki, onlar "Daş yuxular” romanını qətiyyən qəbul etmirlər. Yazıçı Musa Urudun, Milli Məclisin deputatı Zahid Orucun məqalələri, xalq yazıçısı Elçinin fikirləri, Yazıçılar Birliyi katibliyinin bəyanatı, siyasi-müxalifət Sərdar Cəlaloğlunun, hüquqşünas-vəkil Aslan İsmayılovun və digərlərinin rəyləri tam əsaslandırılmış görünür. Hətta hazırkı iqtidara qatı-müxalifət olan və okeanın o tayında məskunlaşan Rəsul Quliyev də "Daş yuxular” kitabını kəskin şəkildə pisləmiş və bildirmişdir ki, erməni separatçılarına bundan daha yaxşı hədiyyə düşünmək olmazdı. Özü də romanı tənqid edənlər rəqəmləri, faktları, qonşularımızla olan ümumi keçmişimizin tarixi həqiqətləri ilə bağlı əsaslı dəlilləri misal gətirir, mənəvi-əxlaqi normalar prizmasından çıxış edirlər. Bunlarla müqayisədə Əylislinin romanı sifarişli və saxta məlumatlara söykənən yazı təəssüratı bağışlayır.
Eyni zamanda müxalif cəbhənin böyük hissəsi sövdələşmə və hətta "öz” yazıçısını dəstəkləmək taktikasını seçmişdir. Bizim yerli müxalifətin məntiqi isə sadə və çox primitivdir: əgər bu kitabı hökumət cəbhəsində mühakimə etdilərsə, əgər mühakiməedici bəyanatlar hakim partiyanın funksionerlərinin və parlament rəhbərliyinin dilindən səsləndisə, deməli biz bu insanı istənilən yolla müdafiə etməliyik. Amma artıq romanda bir dənə də olsun təriflənəcək sətir olmadığını görən bizim qoçaq radikallar "kitabı oxumamışam”, amma "müəllifin yaradıcılıq azadlığı vardır” kimi fikirlərin arxasına fərasətlə gizlənməyə başlayıblar. Və ümumiyyətlə «ola bilər ki, o köpək oğludur, amma bizim köpək oğludur» (Teodor Ruzvelt Nikaraqua diktatoru Samosa haqqında belə deyib).
Hüdudsuz yaradıcılıq azadlığı barədə mən mübahisə aparardım. Çox hallarda bu azadlıq xoşagəlməz tərs üzünə çevrilməklə milliyyətçiliyi, irqçiliyi və dini dözümsüzlüyü təşviq edir (Məhəmməd peyğəmbərin karikaturasını və ya amerikalı keşiş Terri Consun antimüsəlman moizəsini xatırlayaq). Odur ki, yaradıcılıq azadlığının da özünün məntiqi sərhəddi var. Ən əsası, söz və fikir azadlığı bütöv bir millətə qarşı saxtakarlıq, böhtan və həqarətlə müşayiət olunmamalıdır. Bundan əlavə, yaradıcılıq azadlığı tənqid azadlığını da nəzərdə tutur. Romanla bağlı fikirlərin əsasən ciddi-tənqidi olacağını proqnozlaşdırmaq elə də çətin deyildi. XX əsrdə erməni daşnakları sayəsində bu qədər zülm və məhrumiyyətlərə məruz qalmış bir millətin nümayəndələrindən romana necə münasibət gözləmək lazım idi? Əylisli öz qəhrəmanı doktor Abasəliyevin dili ilə bildirir ki, "əgər öldürülən ermənilərin hərəsinə görə bircə şam yandırılsaydı, onda bu şamların işığı aydan daha parlaq olardı”. Məsələn, mənsə bildirirəm ki, "əgər erməni daşnaklarının əli ilə öldürülən müsəlmanların-türklərin hərəsinin adına bircə şam yandırılsaydı, onda yer günəş işığından daha çox işığa qərq olardı”.
Bizim görkəmli nasir Elçin ədalətli olaraq qeyd etmişdir ki, bir tərəfli həqiqət olmur, həqiqət hər zaman ikiölçülü olur.
"Daş yuxular” romanına Azərbaycan müxalifətinin və radikal medianın mülayim və dözümlü münasibəti hətta indiki hökumətə xoş münasibət bəsləməyən türk diplomatı Turqut Əri də (vaxtilə mən onun özü və qərəzli kitabı haqqında yazmışam) özündən çıxartdı. Belə ki, bu məsələdə Turqut Ər birmənalı mövqe tutdu və bildirdi ki, kitab sanki türk dünyasının düşmənlərinin sifarişi ilə yazılıb. "Yeni Müsavat” qəzetinə müsahibəsində türk diplomat xüsusilə bildirdi: "Azərbaycan torpaqlarına erməni təcavüzünün hələ də başa çatmadığı bugünlərdə belə bir roman yazmaq öz xalqına xəyanətdən başqa bir şey deyil. Orxan Pamuk xalqına qarşı cəmi bir cümlə yazmışdı – Türkiyədə insanların üzünə baxa bilmədi, baş götürüb getməyə məcbur oldu. Əkrəm Əylisli isə öz xalqına qarşı böyük bir roman yazıb. Anlaya bilmirəm, ağlı başında bir insan yaşadığı, çörəyini yediyi torpaqlara, o torpaqlarda yaşayan insanlara necə saxtakarlıq edə bilər? Orxan Pamuk o əsərdən sonra Türkiyə üçün bitdi. Çünki o, şöhrəti öz xalqına qarşı olan qüvvələrin felinə satdı. Nobel aldı, ancaq vətənini, dəyərlərini, həyatının qalan hissəsini itirdi. Heç şübhə etmirəm - Əkrəm Əylisliyə belə bir romanı türk düşmənləri sifariş veriblər.
Ancaq mən dərk edə bilmirəm, Əkrəm Əylisli türk dünyasına qarşı erməni vəhşiliyinin simvoluna çevrilən Xocalı soyqırımını, yüz minlərlə Azərbaycan türkünün min illik yurdundan necə bir vəhşiliklə qovulması faktlarını görə-görə necə belə bir əsər yaza bilər? O, Azərbaycanın, Bakının küçələrində o faciə qurbanlarının övladları, ataları, anaları, qohumları ilə necə bərabər addımlaya biləcək? O, Bakının hər qəbiristanında uyuyan şəhid məzarlarına necə baxa biləcək? Əkrəmin açıqlamaları ilə tanışam, deyir, mən ermənilərə mesaj vermişəm ki, biz suçumuzu etiraf edirik, siz də edin. Axı, Əkrəm Əylisliyə türk xalqının adından danışmaq haqqını kim verib?
Daha sonra Turqut Ər deyir ki, özünü milli düşüncənin daşıyıcıları hesab edən Azərbaycanın müxalifət liderlərinin və bir sıra medianın sükutu onu təəccübləndirir. "Günlərdir Türkiyədən bütün prosesi izləyirəm. Açığı, müxalifət liderlərinin, eləcə də özünü milli düşüncənin daşıyıcısı sayan bir sıra media orqanlarının bu məsələdə tutduğu mövqe anlaşılan deyil. Belə məsələlərə mütləq fikir bildirilməlidir. Bir sıra nüfuzlu media orqanlarının tarixi roman yazmamasını əsas gətirərək Əkrəm Əylisliyə yandaşlıq etməsinə isə təəssüflənirəm. Düşünün, mən günlərdir erməni saytlarını da təqib etməkdəyəm. Əkrəm Əylisli və onun romanı Ermənistanda da təriflənir, Azərbaycanda özünü demokratik düşüncə tərzinin aparıcısı sayan media orqanlarında da. Bu, necə baş verə bilər? Axı bu dünyada insanlar öz dəyərləri ilə qiymətlidir. Özünü demokratiya ilə pərdələyənlər ermənilərin onların mənsub olduğu xalqa qarşı indiyə qədər etdiklərini necə unuda bilər? İndi dünyadakı erməni diasporunun üzvləri çırtıq çalıb oynayır. Türk dünyası Xocalı soyqırımı məsələsini ABŞ Dövlət Departamentinə daşımaq planları qurarkən belə bir romanın işıq üzü görməsi sübut edir ki, bu əsərin ortaya çıxmasında müəyyən dairələrin marağı olub. Məni bunun əksinə heç kim inandıra bilməz”.
Türk diplomata məntiqi baxımdan qatılmamaq mümkün deyil. Etiraf etməliyəm ki, əgər "milli maraqlara xəyanət”, "vətənə, millətə xəyanət” kimi ifadələr xüsusilə ədəbi əsərlərə aiddirsə, mən bu tip qiymətləndirməni o qədər də qəbul etmirəm. Amma elə bir an gəlir ki, başqa ifadə tapmaq sadəcə mümkünsüz olur. Çünki yazıçının bu davranışını başqa cür necə adlandırmaq olar, əgər hətta bədii formada da olsa o, ermənilərin torpaqlarımıza, Naxçıvana olan ərazi iddialarını əsaslandırmağa təşəbbüs edir?
Müxalifət liderlərinə gəldikdə isə onlar millətin ağır taleyi barədə bütün ah-zarlarının, milli maraqlar haqqında boşboğazlıqlarının hamısının boş səsdən başqa bir şey olmadığını bir daha ortaya qoydular. Tarixin həlledici vaxtlarında milli maraqların həqiqətən də qorunmalı olduğu anlarda bizim müxalifət bu maraqlara arxasını çevirir. Və bu ilk dəfə baş vermir.
***
"Daş yuxular” adlı fitnəkar romanla əlaqədar hər şey aydın olduğu halda yazıçı və ictimai xadimin (Əylisli 5 il Azərbaycanın ali qanunverici orqanının deputatı olduğu üçün bu ada iddia edir) vətəndaş mövqeyi isə bir sıra ciddi suallar doğurur. Əylislinin respublikada baş verən hadisələrə, həmçinin sənət yoldaşlarına olan münasibəti kimi onun vətəndaşlıq mövqeyi də həmişə iki başlı olmuşdur.
Hələ sovetlər vaxtında Əkrəm Əylisli özünü axının əksinə üzərək bütün həqiqətləri dünyanın gözünün içinə deyə bilən, rəsmi hakimiyyətdən tamamilə müstəqil olan yazıçı kimi təqdim etməyə çalışmışdır. Gəlin araşdıraq görək bu həqiqətən də belədirmi?
Bir neçə il əvvəl "Heydər Əliyev. Şəxsiyyət və zaman” kitabı üçün Əkrəm Əylislidən müsahibə aldım və söhbət zamanı o, "Azərbaycan” jurnalının baş redaktoru olduğu vaxtlarda gənc şair-dissidentlərin yazılarını, həmçinin gənclərin nonkonformist nəsrlərini, məsələn, Mövlud Süleymanlının "Dəyirman” və s. dərc etdiyi ilə lovğalanırdı. Tanınmış yazıçımız Elçin mənimlə söhbət edərkən bu barədə dedi:
"Əgər bilmək istəyirsinizsə, Azərbaycanın "altmışıncılar”ının ən birinci və əsasən də kölgədə qalan müdafiəçisi, himayədarı Heydər Əliyev olmuşdur. 60-70-ci illərdə ən çox oxunan məşhur "Üçlüyün” – Anar, Elçin və Əkrəm Əylisli – arxasında Əliyev dayanırdı. Əylisli indi qürurla bəyan edir: "Mən öz yazımda azad idim, mən "Azərbaycan” jurnalında əvvəllər qadağan olunmuş yazıların nəşr olunmasına icazə verirdim” və s. Soruşmaq lazımdır: sən özbaşına idin? İmran Qasımov, onun da arxasında Heydər Əliyev olmasaydı, sən özün bunları edə bilərdinmi?”
Yeri gəlmişkən, Mövlud Süleymanlını divan tutulmasından Əylisli yox, Heydər Əliyev xilas etmişdi. Bu barədə Mövlud dəfələrlə bildirib, həmçinin mənim kitabımın səhifələrində.
Və budur, "qarışıqlıq dövrü” gəldi, Dağlıq Qarabağa iddialarla bağlı erməni-azərbaycan qarşıdurması başladı, Ermənistandan qovulmuş və Əylislinin "yeraz” adlandırdığı (bu sözdən zəhləm gedir) qaçqın izdihamı Bakını bürüdü. Belə bir vəziyyətdə ustad yazar özünü necə apardı? Həmin vaxtlar Azərbaycanın yaradıcı ziyalılarının ən məşhur nümayəndələri Moskvaya göndərdikləri məktub və müraciətlərində milli zəmində qətl və zorakılığı ittiham edərək Qorbaçovdan tələb edirdilər ki, Ermənistanın Azərbaycana qarşı olan torpaq iddialarının kökünü kəssin, təcavüzkar separatizm dalğasını dayandırsın, Əkrəm Əylisli isə susurdu. Və anidən 1989-cu ildə "Drujba narodov” jurnalının 3-cü sayında (diqqət edin, eyni adlı jurnaldır) Əkrəm Əylisli və baş redaktor Sergey Baruzdinin yazışması peyda olur.
Əylislinin Baruzdinə göndərdiyi məktubdan aydın olur ki, o, "çoxluq içində ağır tənhalıq hissi keçirir” və indiki vaxta qədər özünə "çox yaxın qan həmfikri hesab etdiyi bir çox insanlarla” münasibətlərində çətinlik çəkir. Daha sonra Əylisli bildirir ki, "uşaqlıqdan istənilən milliyyətçilik zehniyyəti ona yaddır” və açıq-aşkar etiraf edir: "hələ erkən uşaq yaşlarımdan öz millətimdən daha çox digər millətlərə etibar etmişəm”, görünür ətrafımda yüksək təxəyyülümə uyğun insan axtarıb tapa bilmədiyim üçün”. Sergey Baruzdin isə özünün fitnəkar cavabında yazıçı üçün milli məhdudiyyətin olmamasını onun qarışıq azərbaycan-belarus ailə tərkibi ilə izah edirdi.
80-ci illərin qızğın abuhavasında bu cür bəyanatların necə səsləndiyini təsəvvür etmək çətin deyil! Yazıçılar Birliyinin ünvanına həmçinin Əylislinin də doğulduğu kənddən qalaq-qalaq məktublar göndərildi. Məktub müəllifləri tələb edirdilər ki, Əylisli təşkilatdan uzaqlaşdırılsın, Yazıçılar Birliyinin katibi vəzifəsindən çıxarılsın. Bayram Bayramovun rəhbərliyi ilə bir qrup yazıçı Anarın yanına getdi və Əylisliyə qarşı "ciddi tədbirlər” görülməsini tələb etdilər. Məsələ Əylislinin məqaləsinin sədrin otağında müzakirə olunması ilə məhdudlaşdı (daha sonra Əylislinin bildirdiyi kimi bununla bağlı heç bir plenum da keçirilmədi). Əylislinin ünvanına çox sərt çıxışlar səsləndirilirdi. Hətta onu Yazıçılar Birliyinin üzvlüyündən çıxartmaq, yazıçılar təşkilatının rəhbərliyindən kənarlaşdırmaq və s. Ancaq Anar "biz Əylislinin şəxsiyyətini yox, məqaləsini müzakirə edirik” deyə bu cür cəhdlərin qarşısını aldı. Özünə haqq qazandırmaq üçün Əylisli bəyan etdi ki, onun fikirləri "Drujba narodov” jurnalında təhrif edilib və əgər o, bu materialla əvvəlcədən tanış olsaydı, Baruzdinlə yazışmanın dərc edilməsinin əleyhinə çıxardı. Yeri gəlmişkən, bu cür uğursuz özünümüdafiə vasitəsindən o, bu gün də istifadə edir. Məsələn, ANS telekanalında efir vaxtı o, bəyan etdi ki, tərcümə və redaktə zamanı onun romandakı bəzi fikirləri təhrif edilib.
Daha sonralar Əylisli bildirdi ki, Anar onu satdı və bu müzakirənin keçirilməsinə görə o, Anarı və Yazıçılar Birliyini bağışlamayacaq. Düşünmək olardı ki, əsl jest zamanıdır: Anar sənə "xəyanət” etdi və deməli istefa verdiyini bildirərək qapını çırpıb getmək lazım idi. Ancaq bizim "qəhrəman” belə etmədi: o, daha iki il sanballı maaş almaqla Yazıçılar Birliyinin katibi vəzifəsində qaldı. Və yalnızca 1991-ci ildə yazıçıların IX qurultayında özünün də daxil olduğu Yazıçılar Birliyinin rəhbərliyinə qarşı qəflətən sərt ittihamlarla çıxış etdi. Ancaq bundan sonra da vəzifəsiz qalmadı. "Yazıçı” nəşriyyatının direktoru təyin edildi (yenə də Anarın təqdimatı əsasında), hansını ki bir neçə il sonra oranı tamamilə məhv etdi və axırına çıxdı.
Mən onun ikiüzlülüyü ilə bağlı çoxlu misallar gətirə bilərəm. Məsələn, Heydər Əliyevlə münasibətlərində. Ayaz Mütəllibovun dövründə Əkrəm Əylisli Heydər Əliyevi və onun sovet Azərbaycanındakı idarəçilik metodunu tənqid edən yeganə tanınmış yazıçı oldu. Amma Heydər Əliyevin siyasi səhnədə ulduzu yenidən parlamağa başlayanda Əylisli "valı dəyişdirdi”, "mən həmişə demişəm ki, bu cür təcrübəli siyasətçi ölkənin rəhbərliyinə qayıtmalıdır”. "Heydər Əliyev. Şəxsiyyət və zaman” çoxcildlik romanımın 5-ci cildində Heydər Əliyevə qarşı bu ikiüzlü münasibəti göstərmişəm. Naxçıvan Ali Məclis sədrinin birinci müavini işləmiş Rəşid Həsənov çox maraqlı epizodu xatırlayır. Heydər Əliyev bir müddət öncə onun haqqında mətbuatda mənfi məqalə dərc edən yazıçını bir dəfə qəbul etdi. Heydər Əliyev məqaləni incələməyə başladı və faktlarla onu təkzib etdi, Əylisli isə peşman olmuş şəkildə etiraf edirdi: "Heydər Əliyeviç, mən səhv etmişəm, bağışlayın, mən səhvə yol vermişəm”.
Heydər Əliyev prezident olduqdan sonra keçmişi xatırlamamağı üstün tutdu, Əylislini bir dəfə də olsun ünvanına dediyi sərt sözlərə görə məzəmmət etmədi, əksinə hər cür nəvaziş göstərdi və onu ucaltdı: orden, fəxri ad, mənzil, prezident təqaüdü və s. Fikir verin, bizim yazıçı-"dissident” nifrət etdiyi hökumət tərəfindən göstərilən xeyirxahlıqları böyük məmnunluq hissi ilə qəbul edirdi. Bundan əlavə, Heydər Əliyev ikinci dəfə hakimiyyətə gəldikdən sonra Əkrəm müəllim onu "həyatımızın bütün qaranlıq nöqtələrini işıqlandırmağa çalışan sevimli, əziz prezidentimiz” adlandırdı, Heydər Əliyevin əlindən növbəti mükafatını alarkən Əylisli prezidentə olan yüksək sədaqətlilik hisslərini pafosla bildirdi.
Təəssüflər olsun ki, Əkrəm Əylisli həyatda olduğu kimi ədəbiyyatda da dönük çıxdı. Tezliklə ümummilli liderin vəfatından sonra Əylisli onu oxuyan hər bir azərbaycanlıda haqlı qəzəb oyadan, milli hissləri aşağılayan "Daş yuxular” romanını yazdı. Bu romanda olduğu kimi "Möhtəşəm tıxac” romanında da Əylisliyə etibar edən və onu həmvətənlərinin gözündə ucaldan insanı tünd mənfi boyalarla təsvir etdi. Yaradıcılıq bioqrafiyasındakı bu ləkə həmişəlik Əkrəm Əylislinin vicdanına yazılmalıdır.
Özünün ikiüzlü təbiətində yazıçı heç bir dəyişiklik etməyib. 2005-ci ildə o, Milli Məclisin deputatı seçildi. Bir-iki ildən sonra Əylisli jurnalistlərə müsahibələrində və həmkarları ilə şəxsi söhbətlərində bildirirdi ki, Milli Məclis ona sıxıcı gəlir. Və yenə də sağlam məntiqə görə ərizə yazmaq və öz mandatını MSK-ya qaytarmaq lazım idi: ruhən mənə yaxın olmayan insanların arasında işləyə bilmədiyim üçün xahiş edirəm məni tutduğum vəzifədən azad edəsiniz. Amma hara! Bu bizim "müxalifətçi”nin xarakterinə uyğun deyil. Bundan əlavə, bəs deputat pensiyası necə olsun? Axı o, 5 illik müddəti başa vurmasa, deputat pensiyasını ala bilməyəcək. Ətrafındakı hər kəsə sakitcə nifrət edə-edə bu insan axıra kimi Milli Məclisdə "əziyyət çəkdi”. Cənab müxalifətçilər, siz bunu mərdlik və prinsipiallıq adlandırırsınız? Amma mənim zənnimcə bu açıq-aşkar ikiüzlülükdür.
***
Əkrəm müəllim Azərbaycanın Platonovu, Bulqakovu və ya Soljenitsını adına qətiyyən layiq deyil. Məsələn, Soljenitsın sistemlə mübarizə aparırdı, minlərlə günahsız insanı sovet konslaqerlərində məhv edən Stalin rejiminin cinayətlərinə etiraz edirdi. Ə.Əylisli isə ən ülvi hissləri aşağılanmış və təhqir olunmuş öz xalqı və onun tarixi ilə mübarizə aparır.
İkincisi, Platonov, Axmatova, Bulqakov və s. kimi yazıçı-dissidentlər həmişə hakimiyyətdən uzaq yaşayıb, ondan heç bir yardım almayıb. Platonov süpürgəçi işləyib, Pasternak ailəsini saxlamaq üçün bədii tərcümə ilə məşğul olub. Soljenitsına isə Rostropoviç cütlüyü maddi kömək edirdi və hətta öz bağında ona sığınacaq vermişdi. Bulqakovu, Soljenitsını Yazıçılar İttifaqının katibi və ya Parlamentin üzvü belə təsəvvür etmək çətindir. Əylisli isə hökumətin səxavətliliyi ilə dolanırdı, sovetlər vaxtında böyük qonorarlar alırdı (onun heç bir yazısı qadağan olunmamışdı), müstəqillik dövründə isə Xalq yazıçısı adı ilə ədəbi "general” statusu aldı.
"Daş yuxular” romanını geniş auditoriyaya çıxartmamağı məsləhət görən həmfikirlərinin reaksiyalarına baxmayaraq Əylisli Moskvaya gedir və əlyazmaları paytaxt jurnallarına verir. Amma hər yerdə rədd cavabı alır və yekunda ancaq "Drujba narodov” jurnalı romanı dərc etməyə qərar verir. Qeyd edim ki, bu jurnalın rəhbəri Bakıdakı hər növ forumlarda və humanitar toplantılarda görünən "lənətli dostumuz” Aleksandr Ebanoidzedir. Burada bir ata sözünü xatırlamamaq mümkün deyil: "Allah, məni dostlarımdan qoru, düşmənlərlə özüm də bacararam!”.
Bununla bağlı mənim bəzi suallarım ortaya çıxır: Əkrəm müəllim "Daş yuxular” və ya "Möhtəşəm tıxac” romanlarını nə üçün əvvəlcə Azərbaycan dilində dərc etməyib? Məsələn, nə üçün özünün üçüncü romanını – "Möhtəşəm tıxac”ı – Bakı mətbəələrinin birində cəmi 50 nüsxə ilə nəşr edib? Nə üçün yüz yox, iki yüz yox? Yoxsa pulu çatmayıb? Bu gün o "Möhtəşəm tıxac” adlı romanının yayılmasının və ictimai müzakirəsinin əleyhinə çıxır. Nə üçün? Əkrəm müəllim, əvvəllər sizin çox sevdiyiniz yazıçı-dissidentlərin əsərləri papiros vərəqlərində bütün SSRİ ərazisində qeyri-qanuni yolla yayılırdı. Həmin yazıçılar başlarına nələr gələcəyini bildikləri halda bunun əleyhinə çıxmırdılar. Bundan əlavə, axı siz artıq "Möhtəşəm tıxac”ı "Drujba narodov” jurnalının redaksiyasına təqdim etmisiniz və o, dərc olunmaq üçün öz növbəsini gözləyir. Deməli, siz onun ictimai müzakirəsini istəyirdiniz. Bəs indi nə baş verdi? Qəzəbin yeni dalğasından qorxdunuz və əsəri geri götürmək qərarına gəldiniz? Müsahibələrin birində dediniz ki, bu romanı prezident seçkilərindən sonra çap edəcəksiniz. Bunun "prezident seçkiləri” ilə nə əlaqəsi var? Ən əsası – hanı sizin yazıçı prinsipiallığınız? Öz prinsiplərinizin müdafiə olunmasındakı cəsarətiniz hardadı? Bütün bu suallar heç də səbəbsiz deyil, söhbət yazıçının, vətəndaşın, insanın mənəvi-etik normalarından gedir.
***
Bir neçə kəlimə də "Daş yuxular” romanı barədə. Əsər Əylislinin biblioqrafiyasında elə də güclü əsər deyildir. Obrazlar süni və uydurulmuş-sxematikdir. Boyalar ağ-qaradır (ermənilər yaxşı, sivil, məzlum, türk və müsəlmanlar isə qəddar, psixi cəhətdən natamam, kinli, dağıdıcı və s.). Romanın xarici dilli kütlənin xoşuna gəlmə istəyi və arzusu göz qabağındadır. Açıq-aşkar görünür ki, roman yerli auditoriya üçün yazılmayıb və heç də azərbaycanlılarla ermənilərin barışdırılması üçün nəzərdə tutulmayıb.
Əsərin tarixi yox, guya bədii olması barədə Əylislinin fikirləri isə primitiv müdafiə üsulundan başqa bir şey deyil. Əvvəla hər bir yazıçı öz əsərinə görə məsuliyyət daşıyır. İkincisi də "Daş yuxular” romanı bədii-sənədli kitabdır, belə ki, orada hadisələrin vaxtı və yeri dəqiq göstərilir, uydurma personajlar real, bilinən şəraitdə fəaliyyət göstərirlər, öz mövqelərinə haqq qazandırmaq üçün real fakt və sənədli mənbə göstərirlər. Və bu mənbələr nədənsə ancaq erməni tərəfinə aiddir.
Əylislinin müdafiəsinə qalxan rus yazıçıları iddia edirlər ki, guya uzun müddətdən bəri ilk dəfə Azərbaycan yazıçısı tərəfləri sülh üçün addım atmağa səsləyib. Boris Akunin bizi qınayaraq yazır: "Sülhə doğru addım o vaxt olur ki, kimsə özündə cürət tapıb öz xalqına deyir: "dinləyin, baş verənlərdə bizim də günahımız var”. Birincisi, keçən 20 il ərzində bizim etdiklərimizin hamısı sülhə doğru atılan addımdır. Qarabağ probleminin mərhələli həllini xatırlayın: Heydər Əliyev Minsk qrupu tərəfindən təqdim edilən üç həll variantından ikisini qəbul etdi. Amma onlar erməni tərəfdən rədd edildi. Və nəhayət Levon Ter-Petrosyan mərhələli həll planına razılıq verdikdə onu istefa verməyə məcbur etdilər. Kövrək razılaşmanı pozmaq üçün İstanbul sammiti ərəfəsində quldurlar spiker və baş nazirin də olduğu Ermənistan parlamentinə hücum etdilər və yeddi nəfəri güllələdilər. Belə olan halda hansı barışıqdan söhbət gedə bilər? Cənab Akunin, "öz günahımıza” gəldikdə isə bu barədə əvvəllər də müxtəlif beynəlxalq strukturlardan kifayət qədər eşitmişik. Onlar da sizin kimi yezuit prinsipini – təcavüzkar və qurbanın "günahları eynidir” – təbliğ edirlər.
Əgər həqiqətən də Əkrəm Əylisli iki xalqın barışığına xidmət etmək istəyirdisə, o, geniş ictimai hərəkat yaradar, ora Ermənistandan olan dostlarını cəlb edər, sülhə doğru bir sıra möhtəşəm aksiyalar keçirdərdi və s. Bunun əvəzində o, nifrət və ehtirasları qızışdırmaqla öz xalqına roman-rekviyem ithaf etdi. Təəssüf, çox təəssüf...
Son günlər Bakıda və yazıçının "kiçik vətənində” Əylislinin kitablarının yandırılması ilə nəticələnən aksiyalar keçirildi. Onunla fiziki cəhətdən hesablaşmaqla bağlı çağırışlar da var. Mən bu çağırış və hərəkətləri qətiyyən qəbul etmirəm, pisləyirəm. Axı biz doğurdan da çox tolerant millətik. Gəlin özümüzü olduğumuzdan pis göstərməyək. Onsuz da Əylisli özünün xainliyinə görə layiq olduğunu alıb. Gəlin ondan qəhrəman, məzlum obrazı yaratmayaq. O, bu obraza heç layiq deyil.
***
Ocaqda kitablar yanır. Acınacaqlı haldır, heç kəsə bunu arzu etmirəm. Amma 20 il əvvəl "Literaturnaya qazeta” üçün Əkrəm Əylislidən müsahibə alarkən o, mistik şəkildə öz taleyini sezmişdi. Bu da bizim keçmiş söhbətimizdən bir parça:
"- Sizdə elə bir hiss varmı ki, həyatınızı boş-boşuna yaşamamısınız?
- Əgər bu barədə məndən Bakı küçələri günahsız insanların qanları ilə yuyulduğu 13 və ya 20 yanvar günü soruşsaydılar, mən deyərdim – yox. Mən deyərdim: mənim kitablarımı cırın və yandırın, çünki onlar heç kəsi xilas etmədi və heç kəsi dayandırmadı”.
Sanki gələcəyi görürdü.
Prinsip etibarilə, Əkrəm Əylisli yaradıcılığının üstündən qalın xətt çəkməklə öz keçmişi ilə bütün körpüləri özü yandırdı. Nə üçün? Çünki gözəl insanların məskunlaşdığı sevimli Buzbulağı rəvayət etdiyi kitabları oxuyanlardan kim bundan sonra ona inanacaq? 20 il keçdikdən sonra onun kitablarında Buzbulağın, daha doğrusu Əylisin (romanda Əylisli öz kəndini Aqulis adlandırır) qüsurlu, qəddar və primitiv insanlarla dolu digər obrazı peyda oldu. Bu obraz onun cavanlıqda yaratdığı Buzbulaq obrazının üstündən xətt çəkdi. Buna görə yazıçı kimi o, öz xalqı üçün bitdi. Ola bilər ki, mən yanılıram. Kimsə məni bunun əksinə inandırsa, çox şad olardım.

kaspi.az

Комментариев нет:

Отправить комментарий