21.02.2013

HƏMRƏYLİK GÜNÜNÜN DÜŞÜNDÜRDÜKLƏRİ -2

Seyfəddin Altaylı
Ankara

Azərbaycan əqidəsinə könül verən əziz və mehriban dostlar, müqəddəs Azərbaycan davası həddən başladığı gündən bəri mürəkkəb bir əqidədir. Bu yolda qalib gəlməyin yolu, elmi əsaslara söykənmək, ağıl və məntiq yolunu izləməkdir deyə düşünürəm. Əgər bunlara əməl etməsək irəliki nəsillərimizin böyük problemlərlə üzləşəcəyi fikrindəyəm.
Ötən həftəki yazımda Qüzey Azərbaycanın xaricdə ehtiyac duyduğu diaspor məsələsinə toxunmuşdum. Bugünkü yazımda da Güney məsələsinin bir hissəsinə toxunmaq istəyirəm.
Güney Azərbaycan məsələsi birinci olaraq güneyli bacı-qardaşlarımızın yeritmək məcburiyyətində olduqları və yeritdiyi bir məsələdir. Güneyin xaricində yaşayan bizlər onlara ancaq mənəvi yöndən dayaq, mədəni sahədə dəstək ola bilərik.
Əlbəttə biz, Güney Azərbaycanlı 35 milyon insanın öz ana dilində təhsil almasını, öz mədəni hüquqlarını əldə etməsini, dilini və mədəniyyətini inkişaf etdirməsini ürəkdən arzulayırıq və bu yolda onları indiyə kimi dəstəkləmişik axıra kimi də dəstəkləyəcəyik. Onların dərdini uluslar arası sahədə dilə gətirəcəyik, gətirməliyik də. Ancaq Güneyli qardaşlarımızın siyasi və təşkilatçılıq işlərində iştirak etmək, onları yeritdiyi mübarizədə öz fikrimizi onlara diktə etdirmək kimi məsələlər bizim işimiz deyildir, olmamalıdır da.
Sözün burasında Güney Azərbaycanlı bacı-qardaşlarımıza da deyəcəyim bir-iki sözüm var. Dediklərim inşallah onları incitməz, ancaq həqiqətləri dilə gətirməliyik, çünki onları dilə gətirməsək nöqsanlarımızı görə bilmərik və yolumuzu düzgün tuta bilmərik.
Xüsusilə Güney Azərbaycanlı olub İran xaricindəki universitetlərdə oxuyan bacı-qardaşlarımızın əksəriyəti təəssüflər olsun ki, həddən artıq cılız bir düşüncənin əsiri olmaqdan yaxalarını xilas edə bilməyiblər. Onlar, Türkiyə, Azərbaycan Cümhuriyyəti də daxil olmaqla, qərbli ölkələrdə oxuyub müəyyən məktəblərin diplomunu aldıqdan sonra öz xalqlarının içinə qayıdıb bildiklərini, gördüklərini, mənimsədiklərini oralardakı insanlarımıza çatdırmaq, onları ziyalılandırmaq, oralarda milli mübarizəni yeridənlərin səfini möhkəmləndirmək, saylarını çoxaltmaq əvəzinə yalnızca öz qarınlarını doyurmaq və asudə bir ömür sürmək məsələsinə üstünlük verib İrana qayıtmırlar. Bu şəxslər xaricdə bəzi hərəkətlərə qoşularaq, məsələn İran səfirlikləri və konsulluqları qarşısında guya ki, özünü öz millətinin mənafeyindən müdafiə edirmiş kimi göstərərək bir-iki dənə şüar deyib atılıb-düşür və ya təşkil edilən toplantılarda kürsüyə çıxıb alovlu millətçi nitq irad edib özlərini nahaq yerə ifşa edərək ölkələrinə qayıtmırlar. Bunlar İrana qayıtdıqda da sərhəddə tutulub xüsusi xidmət orqanları tərəfindən sorğu-suala çəkilirlər. Belə bir vəziyyət yarandıqda da xaricdə olan və eynilə onlar kimi fikirləşən guya millətçi güneylilər tərəfindən dünyanın nə bilim harasındasa qəhrəman kimi nümayiş etdirilirlər. Bu bacı-qardaşlarımız daha sonra Birləşmiş Millətlər Təşkilatına gedib üzləşdikləri vəziyyəti əllərində tutalğa eləyib müraciət edərək; "Mən İrana qarşı fəaliyyət yeridən siyasi bir şəxsəm, İrana qayıtsam başıma olmazın işlər gələcək, bu səbəblə qərb ölkələrindən sığınacaq hüququ istəyirəm" - deyir, bir müddət sonra da sığınacaq hüququ əldə edərək mübarizədən qaçıb qərb ölkələrinə üz tuturlar, yəni gedirlər oralarda kef çəkməyə. Üstəlik bunlar müxtəlif Avropa dövlətləri, Amerika, Kanada kimi ölkələrdə şah oğlu şah Abbas kimi firavan yaşayırlar və üzləri qızarmadan da özlərini guya ki, Güney Azərbaycan davasının öncülləri, ideoloqları, aktivistləri kimi qələmə verirlər. Məcbur olub İranı tərk etməkdən savayı çıxar yolu olmayan bacı-qardaşlarımız bu dediklərimdən istisnadır. Məcburiyyət qarşısında İranı tərk edən Güneyli bacı-qardaşlarımın mənim bu tənqidlərimdən qəti şəkildə inciməmələrini xüsusilə xahiş edirəm və onların qərib-qürbət ellərdə nə cür bir ömür sürdüklərini, elin qoltuğunda, yad torpağında yaşamağın onlara nə cür mənfi təsir bağışladığını, iztirab verdiyini də bilən, görən, duyan biriyəm. Ürəyim və varlığım onlarladır. Təkrar xahiş edirəm, bu bacı-qardaşlarım məndən inciməsinlər. Mən şəxsən İranın xaricindəki ölkələrin universitetlərində və ali məktəblərində oxuyub öz doğma xalqının içinə qayıtmayanların (dediyim kimi məcbur qalıb dönməyənlər istisnadır) müqəddəs Azərbaycan davasına çəp baxdıqlarını, hətta bu davaya xəyanət etdiklərini yüksək səslə demək məcburiyyətindəyəm. Güneyli bacı-qardaşlarımız bu problemə mütləq çarə tapmalıdır, onlar buna məcburdular. Xaricdə oxuyanlar xalqımızın içinə qayıtmasa, oradakı insanlarımızı kim ziyalılandıracaq, ordakı aktivistlərimizin cərgəsini kim sıxlaşdıracaq?
Hüquq, itirildiyi yerdə axtarılar və ələ keçirilər, xaricdə yox. Xaricdən biri gəlib sizin haqqınızı alıb sizə verərsə onun verdiyi haqq deyil, boynunuza saldığı əsarət zəncirinin özgə bir varyantıdır. İraqda, Livyada olanlar buna ən gözəl nümunə deyildir?!. "Sizə demokratiya və azadlıq gətirəcəyik" deyənlər oralara qırğın, qan və göz yaşı apardılar. O ölkələrə, oralardakı neft və təbii qazı caynaqlarına keçirtmək üçün getdiklərini hamımız gördük, görürük. İmperialistlərlə əl-ələ vermək ac ayı ilə xarala girmək kimidir, özünüzü onun mərhəmətinə və insafına təhvil verə bilməzsiniz. Güneydəki ən sadə insan hüquqları və mədəni hüquqlar, Güneyi buraxıb Avropada, Amerikada, Türkiyədə, Azərbaycanda daha yaxşı bir ömür sürmək fikriylə Güneyi tərk edərək əldə edilə bilməz.
Davaların, məsləklərin ömrü insanlarla, təşkilatlarla və partiyalarla ölçülə bilməz. O uğurda işləyən hər kəs öz üstünə düşən məsuliyyəti yaşadığı müddət ərzində yerinə yetirər və özündən sonra gələnə təhvil verərsə, ondan sonra gələn də o əqidəni təhvil aldığı yerdən daha yüksəklərə çıxararsa, fürsət düşdüyündə və arzulanan zaman çatdığında o məsləkin əsgərləri tərəfindən istənən hədəfə çatdırılar. Bu iş tələm-tələsik görülə bilməz. Bu yolda tələsik iş görmək məqsədiylə ayağa duranlar ya bilərək və ya bilməyərək imperialistlərə xidmət ediblər, edirlər. Unutmayaq ki, vaxtı gəlmədən atılan addımlar qazanc əvəzinə xalqımıza həmişə ziyan gətirib, iztirab mənbəyi olub. Atalar deyib, "vaxtsız banlayan xoruzun başını üzərlər".
İçimizdəki bəzi şəxslər "Yəhudi" deyəndə dodaq büzür. Yəhudilərin tarixinə nəzər salsaq görərik ki, onlar iki min il dövlətsiz yaşadılar. Dünyanın hər bir küncünə səpələndilər, Hitler Almaniyasında soyqırımla üzləşdilər, başlarına olmazın oyunlar açıldı; ancaq onlar heç vaxt dillərini, dinlərini, mədəniyyətlərini unutmadılar, bir-birlərinin ayağından dartıb aşağı salmadılar, həmişə bir-birlərinə dayaq-dəstək oldular və qırılmaz, dağılmaz təşkilatlar yaratdılar, hamı öz dövlətlərini yaratmaq uğrunda mübarizə yeritdi və axırda dövlətlərini yaratdılar. Yaratdıqları o balaca dövlətin iki yüz milyonluq ərəb dünyasının başına nə oyunlar açdığı göz qabağındadır. Yəhudilərin tarix boyu yeritdiyi fəaliyyət, Güneyli bacı-qardaşlarımıza nümunə olmalıdır.
Dövlətçilik siyasəti şəxslərin, xanədanların, təşkilatların ömrü ilə ölçülə bilməz, ölçülməməlidir.
Bu gün Yaxın Şərq, Orta Şərq və Qafqazda, Birinci və İkinci Dünya Müharibələrini çıxaran, milyonlarla insanın ölümünə, milyonlarla ocağın sönməsinə səbəb olan işğalçı, müstəmləkəçi, imperialist ölkələrin mənfəət toqquşmasının mübarizəsi gedir. Bizlər də Güney və Qüzey Azərbaycan barədəki fəaliyyətlərimizi bu imperialistlərin oyuncağı olmadan yeritməliyik. Tərtəmiz duyğularla hərəkət edərək strateji səhvlərə yol verməməli, imperialistlərin çörəyinə yağ sürtəcək addımlar götürməməliyik.
Səlib Yürüşlərinin, bizi Anadoludan və Qafqazdan söküb atmaq üçün həyata keçirildiyini və xaçlı ruhunun ölmədiyini unuda bilmərik. Yaranmış o tarixi hadisələrə baxıb hələ də oyana bilmiriksə vay halımıza!.. Unutmayaq ki, xüsusilə avropalılar qəddar, işğalçı, imperialist və mənfəətpərəstdir... Onlara alət olmaq, millətimizə və davamıza xəyanət anlamına gələr.
İran xaricində yaşayan bacı-qardaşlarımızın yaratdığı DAK niyə darmadağın oldu? Axı DAK Azərbaycan davasına inananları bir bayraq altında cəmləşdirmək məqsədiylə yaradılmışdı. Səbəbi nə olarsa olsun, bizi həddən artıq narahat etsə də bölündü. Onun birləşdirilməsinə çalışılmalı və ya hamını bir bayraq altında cəmləşdirən ayrı bir yol izlənməlidir. Təşkilatları parçalayacaq, böləcək fikirləri daşıyanlar təşkilatlardan çıxarılmalı və ayrı-seçkilik yaradan, təfriqə salan fikirlər, təşkilatın astanasından içəri soxulmamalıdır.
Bir digər məsələ isə Güney məsələsinin haralarda yeridilməsidir. İran daxilində yeridilən marifçilik və təşkilatlanma hərəkatı daxildəkilər tərəfindən yeridilməlidir və xaricdən onların işinə barmaq uzadılmamalıdır. Xaricdə yaşayan Güneylilər isə bu məsələni Azərbaycanda və ya Türkiyədə, ya da ayrı bir Türk Cümhuriyyətində yeritməməlidir. Onsuz da bu dövlətlərin siyasətçilərinin, ziyalılarının əksəriyyəti Güney Azərbaycanın üzləşdiyi problemdən xəbərdardır. Bu məsələnin yeridiləcəyi məkanlar qərb dünyası olmalıdır. Bu məsələnin Azərbaycanda və ya Türkiyədə yeridilməsi, bu cümhuriyyətlərin siyasi çətinliklə üzləşməsinə amil olar, qərbin də istədiyi bu tələyə düşməməliyik. Özümüz çalıb özümüz oynamaqla Güneyin problemini həll edə bilmərik. Avropalılar müəyyən vaxtlarda ayağa durub, "Biz insan hüquqlarından, haqdan, hüquqdan müdafiə edirik", - deyir. Əslində onlar bu cür sözləri yalnızca imperialist əməllərinə xidmet edir deyə söyləyirlər. Ancaq biz də bundan istifadə edərək bu məsələni onların ətəyinə tökməli, onlardan yalnızca mənəvi dəstək almalıyıq. Qərb xalqlarına bu məsələni qəbul etdirə bilsək onlar vasitəsilə dövlət xadimlərinə təzyiq edə bilər və az da olsa bu problemə dayaq tapa bilərik. İşğala məruz qalan Azərbaycan torpaqları məsələsi, qaçqınlar və kökçünlər problemi, Xocalı Soyqırımı və 35 milyonluq Güney Azərbaycan Türkünün qəsb edilən ən sadə mədəni hüquqları bu gün Türk dünyasının mənim fikrimcə ən başda dayanan problemidir. Azərbaycan, Güneyli-Qüzeyli Türk dünyasının ortasında yerləşmiş təbii bir körpüdür. Bu bölgənin azadlığı, malik olacağı qüdrət və qüvvət, şanlı tariximizdə qızıl səhifələrin açılacağı günün carçısı olacaqdır.

altaylı_s@yahoo.com

Комментариев нет:

Отправить комментарий