13.02.2013

Hərdən xətrimə dəy...

Xuraman Hüseynzadə

Əllərimi sevirsən
incəliyi xoşuna gəlir
bu dəqiqə baxışların
oğrun-oğrun üstünü örtmür deyə
elə soyuqdur əllərim
bir bilsən...

gözlərimi sevirsən
isti sözlərinin içərisində
ürəyimi əridən
bir də
"ceyran gözlüm" deməyindi
ceyranın gözlərindəki kədəri görməni
istərdim

kədərli olanda da 
bənzəyərmi gözlərimə

saçıma
zakiranə
təriflər deyirsən
bəlkə qısaldam
ahım yerdə qalsın qoy...

hərdən xətrimə dəy
küsməyi öyrənim
ara ver təriflərə
özümdən
bezməyi öyrənim
bunun yaşlaşmağı
qocalmağı var
təriflərin təsəlliyə dönməsin
sonra...

***
saman çöpü
səni sular
məndən əvvəl apardı...

Siqaret

o gedən qatarın son vaqonu
sənin ürəyindi
bomboş
soyuq...
arada ürəyindən xəbər tut
hörümçək tor qurar
mənsizlikdən...

yazdığın şeirin
son misrası mənəm
nöqtə qoya bilmirsən-
birdən ardını yazarsan deyə
bir zərrə ümidin qalıb-
bəlkə işığı geri qayıtmam üçün
yollarımı aydınladar deyə...

ürəyindəki son sözünəm-
vəsiyyət edəcəksən öləndə
kimsəsizliyə tapşıracaqsan məni...

qutudakı son siqaretinəm
ciyərinə çək məni...

Təkliyin qonağı
(Cəlil Cavanşirə)


qaçıb bu buz şəhərdən
atıb soyuq küçəni...
yazırsan yenə təklik
qonaq çağırıb səni

görən olmayıb yenə-
hansı yolla getmisən
hansı ürəkdən keçib
hansı gözdə itmisən

orda yola verirsən
zamanı-ayı, ili
yenə də tənha qalıb
gözlərinin sahili

yediyin öz içindi
içdiyin də göz yaşın
yazırsan ki göyərir
öz içində baş daşın

bir də içki, siqaret-
təkliyin süfrəsi bol...
təklik udacaq səni
deyəmmirəm: yaxşı yol!

oralar elə uzaq-
yazanda yaz bunu da
kaş nə vaxtsa təkliyin
özü sənu unuda...

***
Dunyanın
dord yol ayrıcındayam
bütün yollar ürəyinə aparır...
Hara gedim?

Cənnət adamı...

Bezmişəm
üzümə gülə-gülə
arxamca kölgə salıb məni güdən günəşin
ikiüzlülüyündən,
bezmişəm hər şeydən
hamıdan
bezmişəm ayrılıqların danlağından...
göz yaşlarım belə yarı yolda
tərk edir yanaqlarımı
sən boyda
sən biçimdə
günahımı yuyub
təmizə çıxara bilmir...

yağmurun gözəlliyinə pəncərədən
baxar oldum
sənə baxdığım kimi
özümü bayıra atdımmı
soyuqlamalıyam
ya da yağmur
palçığa döndərməlidi
torpağı ayaqlarım altda
sən də beləsən-
sevginin işığına gəldim
atəşində yandım.
elə bir atəş ki...
offf...

cəhənnəmi bu dünyada görmüşəm mən.
Kaş cənnət ayaqlarımın altında olanda
cənnətə düşəydin-
Həmişə səndən ucada olmuşam-
sevgimlə
qürurumla
sevgini sevgimin bətninə sığdırmışam
ürəyimin küncünə
gözlərimin didəsinə...
həyata səninlə baxdım və
həyatı cəhənnəm kimi gördüm...
İndisə get.
Yaxşı yol...
Mən cənnət adamıyam,
bilirsənmi?!

Комментариев нет:

Отправить комментарий