07.02.2013

“Mirrafiq Quliyev Torpaq və Xəritəçəkmə Komitəsinin boz kardinalıdır”

Redaksiyanın poçtundan

“Mirrafiq Quliyev, Torpaq Komitəsi sənə ehsan malı deyil!”

Dövlət orqanlarına
Surəti: Media nümayəndələrinə

   Yazıb sizdən xahiş edirəm ki, Torpaq və Xəritəçəkmə Komitəsində baş idarə rəisi Mirrafiq Quliyevin korrupsiya oyunlarına son qoyun! Bu adama heç kimin gücü çatmır, öz əlaqələrindən istifadə edərək Torpaq Komitəsində boz kardinallıq edir. Bu adam ortalıqda pul məsələsi olmasa stolunun üstünə gələn heç bir sənədi normal həll etmir.
   Evimin sənədlərini düzəltdirmək üçün bu idarəyə müraciət etmişəm. Respublikada 2002-ci ilin torpaq şəhadətləndirilməsi prosesi səhv aparılmamış, Sovet vaxtı əhaliyə verilmiş torpaqlar tam sənəddə göstərilməmişdir. 1956-cı ildən mənim 0,62 hektar torpağım olmuşdur, o vaxtdan setka çəkilmiş və bu uzun illər ərzində ailəmlə həmin torpağı əkib becərmişəm.
Hal-hazırda həmin torpaq məndədir, həyətimdir, əkib becərirəm, evim var. Lakin 2002-ci ildə sənədləşmə zamanı düzgün ölçmə işləri aparılmadığından və ölçü işlərində xaotiklik olduğundan evimin yarısı şəhadətnaməyə salınmayıb. Yaşadığımız kənd camaatının hamısının evini bu günə qoyublar, faktiki olaraq doğma torpağını əlindən alıb bələdiyyənin fonduna keçiriblər.
   Uzun müddətdir ki, yaxın qonşum Həsənov Marifə ilə dövlət orqanlarına məktublar yazıb bu problemin həllini istəyirik. Bizim savadsızlığımızdan istifadə edərək torpaqlarımızı pərakəndə sənədləşdiriblər. Bütün lazımi sənədləri toplayıb Torpaq və Xəritəçəkmə Komitəsinə göndərmişik. Qərib Məmmədov bizə ünvanladığı məktublarda işin müsbət həll olunması göstərilir. Amma Yerquruluşu və torpaq islahatı baş idarəsinin rəisi Quliyev Mirrafiq Mirmahmud oğlu işi rüşvət verilmədiyinə görə geri qaytarır, indi də ləğv olunmasını istəyir. Torpaq Komitəsinin Aparat rəhbəri Rafiq Süleymanov da işimizi müsbət həll etmək istəyir, deyir ki, icraata yönəldəcək. Lakin Mirrafiq Quliyev ona da imkan vermir. O mənim balalarımla telefon söhbətində bildirir ki, buranın ağası mənəm, haqq-hesab çatmasa sənədlər icraata göndərilməyəcək. Xahiş edirəm, Mirrafiq Quliyevin bu idarədə yaratdığı korrupsiya sistemini araşdırın və tədbir görün. 2 dəfə Torpaq Komitəsinin nümayəndələri gəlib yerində yoxlayıb, hətta akt tərtib olunub ki, dediyimiz uyğunsuzluqlar var, yoluna qoyulmalıdır. Amma Mirrafiq Quliyevi pul düşündürür, bilmirik nə edək. İmkan varsa, ona öz cibiniz o dediyi məbləği verin, qoy işimizi yoluna qoysun. Onun Torpaq Komitəsində hansı oyunlardan çıxdığını həmin komitənin işçiləri, o cümlədən yerli şöbə nümayəndələri çox gözəl bilirlər. Mirrafiq bu idarənin adını biabır eləyir, vəzifə səlahiyyətlərindən istifadə edərək var-dövlət yığmağa can atır. Mən artıq get-gəllərdən bezmişəm, son telefon danışıqlarından sonra infarkt keçirmişəm. Sənədlərimi hazırlayıb bu adamı məhkəməyə verməyə hazırlaşıram. Daha bəsdir, bu qədər ağçılıq olmaz. Televiziyada dövlət məmurları gecə-gündüz bar-bar bağırırlar ki korrupsiyaya son verilməlidir. Ziyalılarımız Gürcüstanı bizə örnək göstərirlər. Bu yandan isə Mirrafiq Quliyev Torpaq və Xəritəçəkmə Komitəsində yeni korrupsiya şəbəkəsi yaradaraq insanların əsəbləri ilə oynayır. Bu adam məni də, ailəmi də məhv edib, uzun müddətdir ki, bizi əsəb xəstəsinə çevirib. 3 ildir ki, Mirrafiq Quliyevə rüşvət vermədiyimə görə bu yollarda süründürülürəm. Sənədlərimi dəfələrlə Mirrafiq geri qaytarıb. Mirrafiq Quliyev Torpaq və Xəritəçəkmə Komitəsinin boz kardinalıdır. Bu adamı yaxşı tanıyın. Rüşvət verilməsə onun stolunun üstündən heç bir sənəd keçməz. Öz maddi marağı təmin olunmasa heç biri işi həll etməz. Torpaq Komitəsinin öz işçiləri də bu adamın əməllərindən beziblər. Bütün torpaq satışı, kadastr məsələləri Mirrafiqin əlində cəmləşib. Nəyə görə? Onun səlahiyyətləri bölüşdürülüb başqa şöbələri verilməlidir. Mirrafiq tipli ünsürlərə taleyüklü məsələləri etibat etmək olmaz. Ondan yaxşı dəllal, ya da qapıçı olar, idarə rəisi yox! Ayıbdır, dövləti hörmətdən salmayın, onu tanıyın və yerini göstərin. İş elə bir yerə çatıb gəlib ki, bütün Azərbaycan bu adamın əlindən zinhara gəlib, rayonlardakı yerli şöbələrdən soruşun, onlar Mirrafiqin nə oyunlardan çıxdığını sizə danışacaqlar. Xahiş edirik ki, tədbir görün. O cür məsul vəzifəyə layiqli adam qoyun. Qərib Məmmədova deyin ki, Qərib müəllim, adınız-sanınız var, bu cür aşağılanmaq olmaz. Hər şeyin bir həddi var, amma bu formada olmaz. Mirrafiq Quliyevi bütün Cəlilabad, o cümlədən onun doğulduğu Göytəpə camaatı yaxşı tanıyır. Hamı təəccüb edir ki, bu cür məsul vəzifəyə o necə gedib çıxıb və niyə ona xalqın başına yenidən müsibətləri gətirməyə imkan verilib? Mənim infarkt olmağım da Mirrafiqlə konkret bir söhbətin üstündə olub. Əgər məktublarıma cavab verilməsə, həmin söhbəti beynəlxalq səviyyəyə çıxardacam, səfirliklərə yazacam, QHT-lərə müraciət edəcəm. Siz hələ bu insanın kim olduğunu bilmirsiniz. Mirrafiq Quliyev kimi adamlar Azərbaycan dövlətçiliyinə böyük bir zərbədir. Antikorrupsiya İdarəsindən xahiş edirəm ki, Torpaq Komitəsində Mirrafiq Quliyevin rəis olduğu Yerquruluşu və torpaq islahatı baş idarəsinin fəaliyyəti tam yoxlanılsın.

Bayramov Ağalar, Cəlilabad rayon sakini

Комментариев нет:

Отправить комментарий