09.02.2013

Qrantyeyənlər, qrantsöyənlər və xaricilər

Аватара пользователяÜlkər Abdullayeva

Azərbaycan gözəl ideyaların qəbiristanlığıdır. Bu ona görə belədir ki, bizdə adamlar ideyaları irəli sürməyi xoşlayırlar, reallaşdırmağı yox. Yaxud da çox gözəl bəşəri ideyalar gəlib Azərbaycana çatanda o qədər əcaib formaya salınır, o qədər imitasiya edilir ki, ümumilikdə gözdən düşür. Burada adamlar çox maddiləşiblər, ideyalar, dəyərlər sadəcə bir alver predmetidir. Çəkinmədən özümüzə “alverçi xalq” deyirik və təəssüf ki, zaman keçdikcə, öz əməllərimizlə bu ada daha çox uyğunlaşırıq. Hər şeyin alınıb satıldığı bir məmləkətdə yüksək ideyalar necə bərqərar ola, dözüm gətirə, reallaşa, inkişaf edə bilər ki?
Bəzən fərdlərin işə qeyri-peşəkar yanaşmasını, dəyərlərin ucuzlaşmasını, adamların hərisləşməsini hakim rejimin ayağına yazırlar.
Elə təsəvvür var ki, əgər bir usta işığı işıq dirəyinə düzgün bağlamayıbsa, burada hakimiyyət hansısa fövqəladə maraq güdüb. Bir sözlə, bizdə işə qeyri-peşəkarcasına yanaşmalar insan amilindən daha çox hakimiyyət amilindən asılı bir şey kimi yozulur. Əlbəttə hansısa məntiq zənciri düzəldib bir ustanın uğursuzluğunu hakimiyyətin ayağına bağlamaq mümkündür. Burada elektrik dirəyinə ayrılan vəsaitin yeyilməsindən başlayıb peşə təhsili sisteminin iflic olmasına qədər hər şeyi əsas gətirib hakimiyyəti ittiham etmək olar. Amma nədənsə adamlar özlərinə bu sualı verməyi xoşlamırlar – axı kimdir bu hakimiyyət?
Onu təmsil edən adamlar harada doğulub, böyüyüb, tərbiyə alıblar? Yaxud da, adam necə sadəlövhcəsinə düşünə bilər ki, İlham Əliyev gedib yerinə İsa Qəmbər gəlsə, o naşı usta elektrik dirəyində yeyintiyə yol verən, yaxud da təhsili bərbad edən adamlar olmayacaq? Bu girişi əslində son günlərdə QHT Forumunun 8-ci qurultayının keçirilməsi ilə aktuallaşan 3-cü sektordakı imitativ problemlərə toxunmaq üçün verdik. Məsələ ondadır ki, Azərbaycandakı problemlərin əksəriyyətinin kökündə dayanan insan amili problemi QHT sektorundan da yan keçməməkdədir.
Əvvəlcə ondan başlayaq ki, bir ölkədə vətəndaş cəmiyyəti institutlarının mövcud olması, fəal şəkildə ictimai proseslərə müdaxilə etməsi, hakimiyyətin qolları üzərində ictimai nəzarəti həyata keçirməsi olduqca vacibdir. Çünki inkişaf etmiş qeyri-hökumət sektoru olmadan, heç bir inkişaf etmiş cəmiyyətdən söhbət gedə bilməz. Cəmiyyətdə elə ictimai vəzifələr vardır ki, dövlətin bu vəzifələri öz üzərinə götürməsi qeyri-mümkündür. Kobud şəkildə desək, qeyri-hökumət təşkilatları tərəzinin digər gözündə – hökumətin qarşısında yer tutaraq, orada balansı yaratmağa xidmət edir. Əbəs yerə deyil ki, müasir dünyada 3-cü sektor və azad media demokratik sistemlərin başlıca atributlarından sayılır. QHT-lər bir növ yardımçı, tənzimləyici funksiyaları
yerinə yetirərək cəmiyyətdəki boşluqların qapanmasında iştirak edirlər.
Statistik məlumatlara görə Azərbaycanda rəsmi fəaliyyət göstərən 6 minə qədər QHT var. Hər ildə Azərbaycanın dövlət büdcəsindən və xarici donorlardan bu QHT-lərin müxtəlif layihələri həyata keçirməsi üçün milyonlarla vəsait ayrılır. Bu vəsaitlər bəxşişlər şəklində təşkilatlara təqdim olunur və əvəzində onlardan ictimai sektorun inkişafı üçün önəmli sayılan layihələrin uğurlu icrası tələb olunur. Amma Azərbaycanda bu layihələrin nə qədər uğurla icra edildiyi barədə xəbərlər o qədər də ürəkaçan deyil.
Son illərdə başda Açıq Cəmiyyət İnstitutu – Yardım Fondu olmaqla bir neçə beynəlxalq donor təşkilatı Azərbaycanda layihələrin icrası üçün qrant proqramlarını dayandırıb. Buna əsas səbəb kimi isə layihələrin uğurla icra olunmaması və qrantların aidiyyatı üzrə xərclənməməsi göstərilib. Təsadüfi deyil ki, Azərbaycanda QHT-lərin mənfi imicinin formalaşmasında və “qrantyeyənlər” adlandırılmasında bu neqativ fəaliyyətin öz payı var.
Bəs ümumiyyətlə baxaq görək ayrılan vəsaitlərin fonunda 3-cü sektorda nə baş verir?
Biz davamlı olaraq  eşidirik ki, QHT-lər qrantları yumaqla məşğuldurlar. Məsələn, filankəs son günlərə qədər işsiz idi, ictimai nəqliyyatda gəzirdi, amma indi maşını var. Filankəs 5-10 adamı bir yerə yığıb şəkil çəkdirdi, guya layihə icra edib, əvəzində ayrılan qrantla özünə ev tikdirir. Filankəs 800 manata başa gələn reklam roliki üçün 10 min manat qrant alıb və s. Bu cür söhbətlər bəzən şayiə xarakterli olsa da, təəssüflə deməliyik ki, bir çox hallarda reallıqları əks etdirir. Bu cür halların baş verməsi əsasən layihələrin monitorinqinin qənaətbəxş olmaması ilə əlaqədardır.
Amma bir çox hallarda da donor təşkilatın nümayəndələri ilə QHT rəhbərliyinin qrant sövdələşməsinin nəticəsidir. Ad çəkmədən deyə bilərik ki, ötən il ölkəmizdə ofisi olan nüfuzlu beynəlxalq təşkilatın proqram rəhbərlərindən biri qadın təşkilatların nümayəndələrinə dedi ki, onlar qadın liderliyi ilə bağlı layihələr üçün tender elan etsələr də, Azərbaycanda heç kəsin buna maraq göstərməməsi nəticəsində tenderi məcbur olub bağlayıblar.
Biz qadın təşkilatlar arasında kiçik araşdırma apardıq. Məlum oldu ki, həmin təşkilat tenderi gizli keçirib, heç yerdə heç kəsə məlumat verilməyib. Sadəcə proses başa çatandan sonra qurumun saytında bu barədə elan köhnə tarixlə arxiv bölümünə yerləşdirilib. Amma sonra müşahidə etdik ki, həmin təşkilat sözügedən layihəni rəhbərliklə yaxın şəxsi əlaqələri olan birisi ilə icra etməkdədir və icra zamanı çəkilən fotoları həvəslə yaymaqdadır.      
Eyni zamanda diqqət yetirildikdə məlum olur ki, bəzi təşkilatlar hesabatlar zamanı müxtəlif vaxtlarda və mətləbə daxil olmayan tədbirlərdən çəkilmiş fotoları guya layihənin icrası zamanı çəkilibmiş kimi təqdim edirlər. Yaxud da, qısametrajlı filmlər, reklam çarxları çəkdirmək adı ilə aldıqların qrantın kiçik hissəsini hazır materiala ödəməklə, yalançı görüntü yaradırlar.
Bu tip misalları çox sadalamaq olar. Bəs bütün bunlar niyə baş verir?
Yazının girişində azərbaycanlıların gözəl ideyalara yanaşma tərzindən, maddiyyata aludəçiliyindən danışdıq. Bizdə QHT-lərin çoxu profilləri istiqamətində fəaliyyət göstərib vətəndaş cəmiyyətinə töhfələr vermək üçün deyil, qrant yemək üçün yaradılır. Biz bəzən kütləvi tədbirlərdə QHT rəhbərlərinin çıxışlarını, məsələlərə baxışlarını dinləyirik.
Məsələn, Forumun son qurultayında QHT sədrlərindən biri dedi ki, o QHT-lərin maaşlarının artırılmasını təklif edir. Yəqin adama indiyə qədər xəbər verməyiblər ki, QHT-lər dövlət büdcə təşkilatları deyil ki, onlara maaş verilə, bu maaş da artırıla, azaldıla. Belə savadla, belə dünyagörüşü ilə, məsələlərə  növbətçi yanaşmayla, birtərəfli tərif, ya tənqid ifadə etməklə, qeyri-peşəkarlıqla sözügedən sektorun uğurlarını necə artırmaq olar ki? Arxasında intellekt, sivil münasibətlərə meyillilik, humanist məqsədlərə xidmət etmə, ən əsası isə vicdanlı insan ürəyinin və peşəkarların dayanmadığı bir təşkilat cəmiyyətə heç bir fayda verə bilməz. Olsa-olsa o qeyri-hökumət sektorunda tıxac yaratmağa xidmət edəcək.
Mövzuya aid olduğu üçün Forumun qurultayında səslənən üç fikri birlikdə dəyərləndirmək niyyətindəyik.
Millət vəkili Hadı Rəcəbli bildirdi ki, 1993-94-cü illərdə ölkəmizdə cəmi 4 QHT fəaliyyət göstərib ki, onların da fəaliyyətinə az qala hər ay keçirilən frontal yoxlamalar mane olub. Azərbaycanın dövlət qurumları xaricdən qrant alan bu təşkilatların maliyyə fəaliyyətini yoxlayıb. Baxmayaraq ki, dövlət qurumlarının QHT-lərə ayrılan qrantların necə xərclənməsinə nəzarət etmək ixtiyarı yoxdur. Həmin dövrlərdə qeyri-hökumət təşkilatlarına dövlət əleyhinə qurumlar kimi baxılıb.
Beynəlxalq təşkilatların bu məsələ ilə bağlı o vaxtkı Azərbaycan prezidenti Heydər Əliyevə müraciətindən sonra, tədricən dövlət orqanlarının QHT-lərin fəaliyyətinə kobud müdaxiləsinə son qoyulmağa başlayıb. Bundan əlavə QHT-lərin qeydiyyatı sahəsindəki bürokratik əngəllər də qismən sadələşdirilib. Nəticədə QHT-lərin sayı son 18 ildə 4-dən 6 minə çatıb.
Qurultaydakı 2-ci cazib fikir AR Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyevə məxsus idi. O qeyd etdi ki, Azərbaycan QHT-lərinin beynəlxalq qurumlarla, xaricdəki həmkar təşkilatlarla əməkdaşlıq etməsi, müvafiq qrant layihələri həyata keçirməsi olduqca vacibdir. Bu həm Azərbaycanda QHT sektorunun, ictimai institutların inkişafına, həm də xarici əlaqələrin möhkəmlənməsinə xidmət edərdi.
Azay Quliyevin bu sahənin peşəkarı olmasına qətiyyən şübhəmiz yoxdur. O dövlət qurumunu təmsil etməmişdən illər əvvəl 3-cü sektora öz möhürünü vurmuşdu. Müxtəlif layihələrdə öz gücünü nümayiş etdirib, ölkədəki ən böyük QHT koalisiyasının (QHT Forumu) yaradılmasına nail olub. Təbii olaraq, o başa düşür ki, Azərbaycanın dövlət büdcəsindən ayrılan vəsaitlər vətəndaş cəmiyyətinin uğurlu inkişafı üçün kifayət deyil. Bura xaricdən müvafiq qrant axınına, bu sahə üzrə xarici mütəxəssislərin təlimlərinə, maarifləndirmə fəaliyyətlərinə ehtiyac böyükdür.
Eyni zamanda yerli təşkilatların xarici aləmə çıxması, həm Azərbaycanın təbliği, həm də mübadilə nəticəsində inkişafa töhfələrin verilməsi üçün vacibdir. Amma nə qədər qəribə görünsə də, A.Quliyevin xaricdəki təşkilatlarla (o cümlədən donor  təşkilatları ilə) əlaqələrə üstünlük vermək çağırışlarına elə PA-nın özündən bir qədər qeyri-peşəkar və siyasi reaksiya gəldi. Əslində bu reaksiya xaricdən qrant axınının gətirə biləcəyi dividentlərin əleyhinə yönəlmişdi. PA-nın ictimai-siyasi şöbəsinin müdir müavinin Tahir Süleymanov öz çıxışında QHT-ləri xaricdən aldıqları qrant müqabilində ölkəmizin maraqlarını satmaqda günahlandırdı.
“Pulu kim verirsə, mahnını da o sifariş edir” prizmasından yanaşan cənab Süleymanov nədənsə, dünyada təmənnasız humanitar yardımlar, sülhün, demokratiyanın, sabitliyin bərqərar olmasına yönəldilən layihələr barədə bir qədər statik düşüncə sərgilədi. Onun düşüncəsinə görə, xaricdən qrant axını yalnız bir məqsədə – ölkəmizin milli maraqlarına zərbə vurulmasına xidmət edir. Maraqlıdır ki, cənab Süleymanov “niyə xarici təşkilatlar Azərbaycanın milli maraqlarına belə qənim kəsiliblər?” sualına necə cavab verərdi? T. Süleymanovun yanaşması daha çox dünyada baş verən hər şeyə görə masonları günahlandırmağa bənzədi. İndi sanki Azərbaycanda da bütün pisliklərin başında xarici donor təşkilatlar durur.
QHT sahəsinə bu üç yanaşma bəzi nəticələri ortaya qoydu. Hadı Rəcəblinin dediyindən belə çıxdı ki, QHT sektorunun inkişafında, xaricdən qrant axınının baş verməsində hazırkı hakimiyyətin qurucusu H.Əliyevin müstəsna xidməti olub. H.Əliyev özü QHT-lərə qarşı maneələrin əngəllənməsinə şərait yaradıb. O da razılaşıb ki, qrant layihələri olmadan bəzi demokratik institutları, vətəndaş cəmiyyətinin qurulmasına yönəlmiş təsisatları inkişaf etdirmək mümkün olmayacaq. Həmçinin 3-cü sektor bəzi vaxtlarda özünün xilasedici funksiyası ilə meydana çıxaraq hökumətin əlindən tutacaq və ona yardım edəcək.
Necə ki, son illərdə Azərbaycan hakimiyyətinin qanının arasına bəzən QHT-lər girir və onlar demokratik ab-havanın yaranmasında, ölkənin beynəlxalq imicinin xilas edilməsində iştirak edirlər. Həm də xarici qrantlar bizim ölkəyə müəyyən miqdarda maliyyə axınını təmin edir və bunların hesabına nə qədər adam işlə təmin olunur, öz maddi tələbatlarını ödəyir, müxtəlif sahələr üzrə maariflənir, problemlərin həllində yardımçı olur. Azay Quliyev bir dövlət məmurudur. Amma başa düşür ki, təkcə daxili qrantlar hesabına çoxşaxəli vətəndaş cəmiyyəti layihələrini həyata keçirmək qeyri-mümkündür.
Hətta inkişaf etmiş qərb cəmiyyətlərində, dövlət büdcəsi Azərbaycanın büdcəsindən yüz dəfələrlə çox olan ölkələrdə belə xarici qrantlara ehtiyac duyurlar və heç də həmişə bunu “milli mənafelərin satılması” halı kimi qələmə vermirlər. İndi T.Süleymanovun yanaşması (qeyd edək ki, o, hakimiyyətdə bu cür düşünən yeganə məmur deyil) həm H.Əliyevin, həm də A.Quliyevin yanaşması ilə kontrast təşkil edir. Bizə isə konkretləşdirmək qalır: biz ya xaricdən qrant alırıq, ya da almırıq.
Əlbəttə, bu başqa məsələdir ki, bizim ölkədə müxtəlif qurumlarda oturub xarici ölkələrin siyasi və iqtisadi maraqlarını müdafiə edən insanlar var. Bir çox hallarda onlar ölkədəki bütün proseslərə qərəzli yanaşırlar, obyektiv qiymətləndirmirlər. Amma bu o demək deyil ki, xaricdən qrant alanlar ucdantutma vətən xainidirlər. Çox pisdir ki, hakimiyyətdəki bəzi məmurların əcaib təbliğatı nəticəsində hətta qeyri-siyasi məsələlərə də fərqli münasibət nümayiş etdirəndə, sadə insanlar belə düşünürlər ki, onlar xaricdən qrant alıb milli-mənəvi dəyərlərimizi aşındırmaqla məşğuldurlar.
Əfəndilər! İnanın ki, bir amerikalıya, bir avropalıya, bir rusiyalıya Azərbaycanın milli mənəvi dəyərlərini aşındırmaq qətiyyən lazım deyil. Axı onların nəyinə lazımdır Azərbaycandakı toy adətlərini dəyişsinlər, oğlanların saçlarını uzadıb sırğa taxmasına nail olsunlar?! Onların nəyinə lazımdır ki, Novruzəli Fatmanisəni döyüb öldürdü, ya sinəsinin üstündə gəzdirdi?! Cəmiyyətdə problemlər varsa, onu həll etmək lazımdır, buna görə başqalarını günahlandırmaq yox. Bu ölkədə vətəndaş cəmiyyəti nə qədər çox inkişaf etsə, inanın ki, problemlər də bir o qədər azalacaq və siyasi hakimiyyət daha az ittiham hədəfinə çevriləcək...

publika.az

Комментариев нет:

Отправить комментарий