06.02.2013

Əsəd bəy Talışxanov

Razzaq Xansuvarov Talışxanov

Qafqazın adlı-sanlı nəsillərindən biri də, Azərbaycanın hərb məktəbi sayılan, tarixdə qorxmaz, cəsur və döyüşkən xalq kimi tanınan Talış xalqının merdlik genini daşıyan Talışxanovlar nəslidir.
Talışxanovlar nəslindən olan generallar haqqında silsilə yazılar yazmaqda qərarlıyam. Çünkü Talışxanovlar həm Azərbaycan, həm də Talış tarixinin şanlı salnaməsidirlər! Bu dəfəki yazımı Azərbaycanın və Talışın tanınmış hərbi xadimlərindən biri olan general-mayor Əsəd bəy Talışxanova həsr edirəm.
Əsəd bəy Əli bəy oğlu Talışxanov 1857-ci il dekabrın 16-da Lənkəran şəhərində anadan olmuşdur. Atası Əli bəy Mir Hüseyn Xan oğlu Talış Xanı general-leytenant Mir Mustafa Xanın nəvəsi idi.
Anası Züleyxa xanım (1833-?) Mir Mustafa Xanın oğlu Mir İsmayıl bəyin qızı, general-mayor Mir İbrahim bəyin bacısı idi. Əsəd bəy ilk təhsilini Lənkəranda fəaliyyət göstərən Müsəlman məktəbində almış, sonra isə təhsilini Bakıdakı Edadiyyə gimnaziyasında davam etdirmişdir. Əsəd bəy 1876-cı ildə Peterburq Mixaylovsk Artilleriya məktəbinə daxil olur və 1877-ci ildə, iyirmi yaşında buranı əla qiymətlərlə bitirir.
1878-ci ilin aprel ayının 16-da Praporşik rütbəsinə yüksəlir. 1878-ci ilin oktyabrında 21-ci artilleriya briqadasına göndərilir. 1880-1881-ci illərdə Türkmən-Təkinlərə qarşı hərbi ekspedisiyada (Axal-Təkin ekspedisiyasi), 1881-ci il yanvarın 12-də isə Göy Təpə qalasının alınmasında iştirak edir.
Axal-Təkin ekspedisiyasında göstərdiyi şücaətə görə 1882-ci il yanvarın 26-da 3-cü dərəcəli Müqəddəs Stanislav və 3-cü dərəcəli Müqəddəs Anna ordeni ilə təltif olunur. 1882-ci ilin sonlarında isə Poruççik rütbəsinə yüksəlir.
1884-cü ilin dekabrın 22-də Qafqaz artilleriyasının komandiri təyin olunur. Əsgərlərinə yaxşı təlim keçən, artilleriyada ciddi nizam-intizam yaradan, döyüşlərdə cəsurluq göstərən Əsəd bəyə 1888-ci il oktyabrın 6-da ştabs-kapitan, 1889-cu ilin yanvarında isə kapitan rütbəsi verilir.
1896-cı ildə mayor, 1899-cu ildə podpolkovnik rütbəsinə yüksəlir. 1902-ci ildə hərbi xidmətinin 25 illiyi münasibəti ilə, dördüncü dərəcəli bantlı "Müqəddəs Vladimir" ordeni ilə təltif olunur. 1910-cu ildə isə ona polkovnik rütbəsi verilmiş, 52-ci artilleriya briqadasının birinci diviziyasinin komandiri vəzifəsinə təyin olunmuşdur.
1916-cı ilin aprelin 22-də general-mayor rütbəsinə yüksəlir. Helə həmin ildə də 52-ci artilleriya briqadasının komandiri təyin olunur. Döyüşlərdə göstərdiyi şücaətə və ordudakı qüsursuz xidmətlərinə görə Əsəd bəy Talışxanov birinci dərəcəli qılınc və balta, "Müqəddəs Anna" və "Müqəddəs Stanislav" ordenləri ilə təltif olunur. 
Əsəd bəy Lənkəranda doğulsa da, öz ömrünün çoxunu Tiflisdə keçirtmişdir. Əsəd bəy Tiflisdə yaşayır və orada fəaliyyət göstərirdi. O, hərbici olmaqla yanaşı şərq dillərinin bilicisi, tarixçi və folklorçu kimi də tanınmışdır. Əsəd bəy öz doğma ana dili olan Talış dilindən başqa fars, ərəb, türk, azərbaycan və tat dillərini də mükəmməl bilirdi.
Uzun müddət rus dilli Qafqaz mətbuatı ilə əməkdaşlıq edən Əsəd bəy Talışxanov Tiflisdə fəaliyyət göstərən bir neçə jurnalın və toplunun redaksiya heyyətinin üzvü, talış dili üzrə redaktoru və senzoru idi. Rus alimi L. Q. Lopatinski (1840-1922) və Rusiya Bədii və Elmlər Akademiyasının fəxri üzvü K. P. Yankovskinin (1822-1902) təşəbbüsü ilə Tiflisdə nəşrə başlayan "Qafqaz xalqlarının etnoqrafiyasi və folklorunun təsviri" (SMOMPK) toplusunda talış dilində çap olunan bütün materialların senzoru və redaktoru Əsəd bəy Talışxanov olmuşdur. Bəli, Əsəd bəy Talışxanov öz xalqının tarixini, dilini və mədəniyyətini heç vaxt unutmurdu. O, Tiflisdə çap olunan jurnallarda Talışın tarixi haqqında, dili haqqında gözəl və olduqca dəyərli məqalələr yazırdı. Əsəd bəy bu məqalələri talışca və rusca qələmə alırdı. Əsəd bəyin Tiflisdə çap olunan bir çox məqalələri hələ də oxumamış, tədqiq edilməmiş qalır. Bunları gələcəkdə araşdırıb, ictimaiyyətə təqdim etmək lazımdır. 
Əsəd bəy Mir İbrahim bəyin qızı Fəxrəndə bəyimlə ailə həyatı qurmuşdu. 
Tanınmış hərbiçi, dilçi, tarixçi, folklorçu general-mayor Əsəd bəy Talışxanov 1919-cu ildə Dağıstanın Teymurxan-Şura şəhərində vəfat etmiş və oradakı müsəlman qəbristanlığında dəfn olunmuşdur.
Mən düşünürəm ki, belə bir dahi şəxsiyyətin adı əbədiləşdirilməli, Lənkəranın küçələrindən birinə onun adı verilməlidir. Biz fəxr etməliyik ki, bizim xalqımızın çoxlu generalları var... 

Mənbələr:
1. Azərbaycan Mərkəzi Arxivi
2. Rusiya Mərkəzi Arxivi
3. Gürcüstan Mərkəzi Arxivi (Qafqaz təqvimi)
4. G. Məmmədzadə "Lənkəran mahalının sərkərdələri"
5. E. İsmayılov "Geneologiya Talışinskix i Talışxanovıx"
6. SMOMPK 1894-cü il Tiflis arxivi.

"Tolışon Sədo”

Комментариев нет:

Отправить комментарий